Məhkəmə qərarları › İş №2(036)-455/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-455/2021

12.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-455/2021 12.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçılar: İddiaçı1 və İddiaçı2, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh onun keçmiş gəlnidir. Belə ki, Vüsalə xanım oğlu X5 ilə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların birgə nikahından xx xxxxxxxx 2017-ci ildə “Əli” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri rəsmiləşdirilməmişdir. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. 2018-ci il tarixdən etibarən oğlu Əliaslan ilə keçmiş gəlni Vüsalə xanım ayrılmışdır. Artıq uzun müddətdir ki, onların ailə münasibətləri pozulmuş, ər-arvad kimi birgə təsərrüfat aparmır və faktiki olaraq ayrı-ayrılıqda yaşayırlar. Digər cavabdeh İddiaçı2 oğlu onun arvadıdır. Onlar oğlu X5 və onun keçmiş həyat yoldaşı Cavabdeh ilə birlikdə İmişli rayonu, Məzrəli kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Hal-hazırda yaşadıqları ev 0.15 ha. həyətyanı torpaq sahəsində yerləşir, 2 (iki) mərtəbədən, 3 (üç) otaq və 1 (bir) mətbəxdən ibarətdir. Eyni zamanda bildirir ki, mübahisə predmeti olan həmin fərdi yaşayış evinə dair heç bir hüquqi sənəd yoxdur, yəni özbaşına tikili statusu daşıyır. Lakin İmişli Rayon Aqrar İslahat Komissiyasının 11 saylı, xx xxxxxx 1998-ci il tarixli qərarı ilə 0.15 ha. həyətyanı torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair xx xxxxx 2006-cı il tarixdə JN-557 A Kod 90710005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Hal-hazırda mübahisə predmeti olan həmin torpaq sahəsi və yaşayış sahəsi onun sahibliyində və istifadəsindədir. Onu da qeyd edir ki, keçmiş gəlni Vüsalə xanım onların rahat yaşamağına da imkan vermir və hər dəfə onları evdən qovacağı ilə hədələyir. Belə ki, keçmiş gəlni Vüsalə xanım onlara yaşadıqları evdən və həyətyanı torpaq sahəsindən istifadə etməsinə müxtəlif maneələr törədir. Onu da qeyd edir ki, hal-hazırda onların mehriban ailə kimi bir evdə yaşaması mümkün deyildir. Belə ki, aralarında tez-tez dava-dalaş və münaqişə yaranır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh onun yetkinlik yaşına çatmayan azyaşlı oğlan uşağı-xx xxxxxxxx 2017-ci ildə anadan olmuş X11 ilə birlikdə İmişli rayonu, Məzrəli kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 11 saylı, xx xxxxxx 1998-ci il tarixli qərarı ilə onların xüsusi mülkiyyətinə verilmiş 0.15 ha. həyətyanı torpaq sahəsindən sahəsindən və orada inşa edilmiş sahibliyində olan fərdi yaşayış sahəsindən çıxarılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında digər İddiaçı2 iddia tələbini müdafiə edərək, İddiaçı1 izahatı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izhatında bildirmişdir ki, iddiaçılar İddiaçı1 onun keçmiş qayınatası, İddiaçı2 isə keçmiş qayınanasıdır. Belə ki, X5 ilə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri rəsmiləşdirilməmişdir. Birgə nikahlarından xx xxxxxxxx 2017-ci ildə “Əli” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamış və o, 2018-ci il tarixdə ayrılmaq məcburiyyətində qalmışdır. Artıq uzun müddətdir ki, onların ailə münasibətləri pozulmuş, ər-arvad kimi birgə təsərrüfat aparmır və faktiki olaraq ayrı-ayrılıqda yaşayırlar. Onu da qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, Əlnazim kişinin və Göyərçin arvadın qərəzli hərəkətləri ailədə tez-tez mübahisələrə səbəb olur. Onu da qeyd edir ki, hal-hazırda onların mehriban ailə kimi bir evdə yaşaması qəti mümkün deyildir. Belə ki, aralarında tez-tez dava-dalaş və münaqişə yaranır. Məhz bu səbəbdən də, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onu da qeyd edir ki, hal-hazırda mübahisə predmeti olan həmin torpaq sahəsi və yaşayış sahəsi İddiaçı1 sahibliyində və istifadəsindədir. Bundan başqa, özü mübahisə predmeti olan həmin yaşayış sahəsində deyil, digər yaşayış sahəsində, yəni İmişli rayonu, Xubyarlı kəndində yerləşən ata evində yaşayış yeri üzrə qeydiyyatdadır. Bütün bunları nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZE Seriya 0******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Əliyev X7 rayonu, Məzrəli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE Seriya 13831318 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 İmişli rayonu, Məzrəli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE Seriya 15978633 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh İmişli rayonu, Xubyarlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 310310 №-li, xx xxxxxxxx 2017-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxxx 2017-ci ildə Cavabdeh doğulmuş “X8” atasıdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 970214 №-li, xx xxxxxxxx 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 2017-ci ildə Bakı şəhərində anadan olmuş X8 atası “X5” və anası “Cavabdeh”dır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-557 A Kod 90710005 saylı, xx xxxxx 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 11 saylı, xx xxxxxx 1998ci il tarixli qərarı ilə İmişli rayonu, Məzrəli kəndində yerləşən 0.15 ha. həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, X2, X6 və X3 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” xx xxxxx 2006-cı il tarixdə 2498 № ilə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 384 saylı, xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, tərəflərin yaşadığı İmişli rayonu, Məzrəli kəndində yerləşən fərdi yaşayış evi İmişli rayonu, Məzrəli kəndində yerləşən 0.15 ha. həyətyanı torpaq sahəsində yerləşir və İddiaçı1 məxsusdur. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 11 saylı, xx xxxxxx 1998-ci il tarixli qərarına əsasən İmişli rayonu, Məzrəli kəndində yerləşən 0.15 ha. həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, X2, X6 və X3 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” xx xxxxx 2006-cı il tarixdə 2498 № ilə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmışdır. Bundan başqa, mübahisə predmeti olan fərdi yaşayış evi və evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmiş, həmin fərdi yaşayış evi “özbaşına tikinti” statusuna malikdir. Bununla yanaşı, tərəflərin deməsinə görə mübahisə predmeti olan həmin fərdi yaşayış sahəsi İddiaçı1 sahibliyində və istifadəsindədir, yəni İddiaçı1 əmlakın qanuni sahibidir. Bundan başqa, Cavabdeh qeyrirəsmi nikaha daxil olaraq, X5 ilə ailə qurmuşdur, yəni onlar “ər-arvad” statusu əldə etməmiş və o, mübahisə predmeti olan həmin yaşayış sahəsində deyil, digər yaşayış sahəsində, yəni İmişli rayonu, Xubyarlı kəndində yerləşən ata evində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması kimi hal mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülkiyyət hüququ və mülkiyyətin müdafiəsi, eləcə də, sahiblik hüququ və sahibliyin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbinin “torpaq sahəsindən çıxarılması” hissəsində hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 daşınmaz əmlaka dair (İmişli rayonu, Mərzəli kəndi ərazisində yerləşən 0.15 ha. həyətyanı torpaq sahəsi) mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı üçün, yəni daşınmaz əmlakın “mülkiyyətçisi” olduğu, eləcə də, iddiaçıların (mülkiyyətçi) xüsusi mülkiyyətində olan daşınmaz əmlakı hal-hazırda heç bir hüquqi əsas olmadan, onun iradəsi ziddinə olaraq (sahiblik hüququ olmadan) özgənin “qanunsuz” sahibliyində olduğu üçün qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində xüsusi mülkiyyət və bununla əlaqəli digər hüquqların maneəsiz həyata keçirilməsinin təmini məqsədi ilə (mülkiyyət hüququnun müdafiəsi) Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Bundan başqa, məhkəmə iddia tələbinin “yaşayış sahəsindən çıxarılması” hissəsində hesab edir ki, mübahisə predmeti olan İmişli rayonu, Məzrəli kəndində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən daşınmaz əmlak olaraq daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçmədiyi üçün “özbaşına tikinti” statusuna malik olsa da, lakin İddiaçı1 daşınmaz əmlakın (İmişli rayonu, Məzrəli kəndində yerləşən fərdi yaşayış evi) “qanuni sahibi” olduğu, eləcə də, iddiaçının qanuni sahibliyində və istifadəsində olan əmlakdan istifadə etməsinə maneələr olduğu üçün qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində sahiblik hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh qarşı “yaşayış yaşayış sahəsindən çıxarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İddia tələbinin “torpaq sahəsindən çıxarılması” hissəsi ilə bağlı hüquqi əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır... Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Marckx Belçikaya qarşı” iş üzrə xx xxxx 1979-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Sporronq və Lonnrot İsveçə qarşı” və “Papamixolopulus Yunanıstana qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu əmlakdan “de-fakto” formada məhrumetmə hesab edilir ki, formal şəkildə mülkiyyət hüququ saxlansa da, həmin hüquqların olmasının və faktiki olaraq həyata keçirilməsinin əhəmiyyəti aradan qalxmış olur. İddia tələbinin “yaşayış sahəsindən çıxarılması” hissəsi ilə bağlı hüquqi əsaslandırma hissəsi: Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər... Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibraətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də ehtiva edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsinin “mülkiyyət” hüququ ilə bağlı hüquqi mövqeyi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli və “Axverdiyev Azərbaycana qarşı” iş üzrə xx xxxxxx 2015-ci il tarixli qərarlarında öz əksini tapmışdır.) Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də ehtiva edə bilər. “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən “mənzil” termini müstəqil məna daşıyan anlayış kimi başa düşülür. Bu o deməkdir ki, konkret yaşayış sahəsinin və ya digər məkanın Konvensiyada nəzərdə tutulan mənada “mənzil” hesab edilməsinin mümkünlüyünü müəyyənləşdirmək üçün işin konkret halları araşdırılmalıdır. Ümimiyyətlə, “mənzil” anlayışı şəxsin daimi yaşadığı və ya yetərli və davamlı əlaqəsi olduğu məkanı bildirir. Mübahisənin (şikayət) Konvensiyanın 8-ci maddəsinin tətbiq dairəsinə düşməsi üçün mülkiyyət hüququnun mövcudluğu, eləcə də şəxsin yaşadığı məkanın qanun əsasında “mənzil” hesab edilməsi zəruri və ya yetərli deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı ailə münasibətləri yaranmadığı, yəni Cavabdeh “ər-arvad” statusu əldə etmədən (rəsmi nikah münasibətləri mövcüd deyil...), həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmadan, eləcə də, icarə və kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan yaşadığı üçün onun həmin yaşayış sahəsinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə eyni əsaslarla, yəni Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq birgə sərəncam və digər əqdlər bağlamaq hüququ istisna edilməklə, bərabər yaşamaq hüququ (birgə təsərrüfat aparmaq, əmlakı birgə idarə etmək, əmlaka birgə sahiblik etmək və s.) yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişlər. Ümumiyyətlə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh etirazının əsaslarını maddi hüquq normaları ilə əsaslandıra bilməmiş, iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət və sahiblik hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. İddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan daşınmaz əmlakı (İmişli rayonu, Məzrəli kəndi ərazisində yerləşən 0.15 ha. həyətyanı torpaq sahəsi) özgənin qanunsuz sahibliyində olduğu; 3. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ Cavabdeh tərəfindən məhdudlaşdırıldığı (əmlakdan “de-fakto” formada məhrumetmə); 5. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun həyata keçirilməsi imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırılmaqla, mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter daşıdığı;

6. Cavabdeh həmin yaşayış sahəsinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə eyni əsaslarla, yəni Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq birgə sərəncam və digər əqdlər bağlamaq hüququ istisna edilməklə, bərabər yaşamaq hüququ (birgə təsərrüfat aparmaq, əmlakı birgə idarə etmək, əmlaka birgə sahiblik etmək və s.) olmadığı;

7. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli və Cavabdeh yetkinlik yaşına çatmayan azyaşlı oğlan uşağı-xx xxxxxxxx 2017-ci ildə anadan olmuş X11 ilə birlikdə iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan İmişli rayonu, Məzrəli kəndində yerləşən 0.15 ha. həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində inşa edilmiş sahibliyində və istifadəsində olan 2 (iki) mərtəbədən ibarət fərdi yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan azyaşlı oğlan uşağı-xx xxxxxxxx 2017-ci ildə anadan olmuş X11 ilə birlikdə iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan İmişli rayonu, Məzrəli kəndində yerləşən 0.15 ha. həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində inşa edilmiş sahibliyində və istifadəsində olan 2 (iki) mərtəbədən ibarət fərdi yaşayış sahəsindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar