Məhkəmə qərarları › İş №2(036)-462/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-462/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-462/2025 17.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: doğum faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi maraqlı şəxs İmişli regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı ərizəçinin xx.xx.1948-ci il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulması faktının müəyyən edilməsi, doğum akt qeydində atasının X3, anasının X4 yazılması barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin xx.xx.1948-ci il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulması faktının müəyyən edilməsi, doğum akt qeydində atasının X3, anasının X4 yazılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1948-ci ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. X1, anası X2r. Ərizəçi anadan olan zaman valideyinləri savadsız olduğundan onun doğumu qeyd edilməmiş və ona doğum haqqında şəhadətnamə götürməmişlər. Ərizəçinin şəxsiyyət vəsiqəsi var və orada doğulduğu tarix xx.xx.1948-ci il yazılmışdır. Hazırda hər iki valideyini vəfat etmişdir. Hazırda vərəsəlik işi ilə əlaqədar olaraq ərizəçidən doğum haqqında şəhadətnamə tələb olunur. Ərizəçi aidiyyəti üzrə maraqlı şəxsə müraciət etmiş, oradan bildirmişlər ki, ərizəçinin doğum akt qeydi arxivdə, sistemdə yoxdur. Maraqlı şəxs 05 dekabr 2024-cü il tarixli doğumun qeydə alınmasından imtina haqqında rəyində göstərmişdir ki, bu fakt məhkəmə qaydasında müəyyən edilir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçi xx.xx.1948-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuşdur.

9. İ-ЖГseriyalı 270258 saylı Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4 arasında xx.xx.1974-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında qeyd kitabında 06 nömrəli qeyd aparılmışdır.

10. AZ-İ seriyalı 078532 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə ölmüşdür.

11. AZ seriyalı 040759 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1992-ci il tarixdə ölmüşdür.

12. İmişli Rayon İcra Hakimiyyətinin başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 58 saylı arayışdan görünür ki, mərhum X3 ərizəçinin atası və X4 isə anasıdır.

13. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Ərizəçi doğumu haqqında akt qeydi nə İmişli rayon qeydiyyat şöbəsinin arxivində, nə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.ltmiş yazının qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi tərəfindən isə İmişli rayon qeydiyyat şöbəsinə bu qeydin varlığını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Ona görə də şöbə tərəfindən Ərizəçi doğumu haqqında akt qeydinin bərpası mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a müvafiq olaraq Vət.Ərizəçi doğumu haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

15. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

16. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

17. Eyni zamanda, ərizəçi doğum haqqında şəhadətnaməsinin verilməsi üçün maraqlı şəxsə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

18. Məhkəmə hesab edir ki, ərizəçinin həqiqətən xx.xx.1948-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulması sübuta yetirilir. Həmin faktı təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir.

19. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin bibisinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ərizəçinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, ərizə təmin edilməli, ərizəçinin xx.xx.1948-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulması faktı müəyyən edilməklə doğum akt qeydində atasının X3, anasının X4 yazılmalıdır.

VI. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1948-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulması faktı müəyyən edilsin, doğum akt qeydində X1, anası X4 yazılsın. Qətnamə xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar