Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-505/2023 20.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X4 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləməsi, yəni sosial sığorta stajı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda kolxozçu işləmiş, lakin həmin dövrdə onun 16 yaşı olduğundan işlədiyi illərə dair ona əmək kitabçası verilməmişdir. Pensiya stajının hesablanması üçün lazım olan bütün sənədləri toplayıb DSMF-nin İmişli rayon şöbəsinə müraciət etmiş, lakin həmin şöbədə ona əmək kitabçası olmadığına görə əmək pensiyası təyin edilərkən iş stajını nəzərə almaq mümkün olmadığını və məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 ərizəyə qarşı etirazını məhkəməyə ünvanlayaraq göstərmişdir ki, Ərizəçi 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda kolxozçu işləməsini təsdiq edən sənədlər müvcud deyildir, ona görə də ərizəçinin həmin illər üzrə əmək fəaliyyətinin təsdiq edilməsini qanunsuz hesab edir. Odur ki, ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçini və şahidləri dinləyib işə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdə olan Azərbaycan Respublikası İmişli rayon Dövlət arxivinin 15 dekabr 2022-ci il tarixli, 224 saylı arayışından görünür ki, İmişli rayonunun M.B.Qasımov adına kolxozun 01 iyul 1979-01 iyun 1980-ci illərin sənədləri İmişli rayon Dövlət arxivinə təhvil verilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləməsi barədə ona əmək kitabçasının verilməməsi, işlədiyi kolxozun həmin illər üzrə sənədləri Dövlət arxivinə təhvil verilməməsi, həmin illər üzrə əmək fəaliyyətini təsdiq edən sənədlərin olmaması, eyni zamanda əmək fəaliyyətini təsdiq edən sənədi başqa qaydada ala bilməməsi səbəbindən onun 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləməsi iş stajı kimi nəzərə alınması mümkün olmamış və əmək fəaliyyətinin təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi ərizəçinin 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləməsi ilə bağlı əmək fəaliyyətini təsdiq edən sənəd (əmək kitabçası) ona təqdim edilməmiş və hazırda həmin kolxoz fəaliyyət göstərmədiyindən o, bu faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ hissəsinin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında dindirilmiş şahidlər ərizəçinin 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləməsini təsdiq etmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Ərizəçi həmkəndlisi və iş yoldaşı kimi tanıyır. O, özü 1979-1989-cu illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda, 1990-1996-cı illərdə isə Y.Şirinov adına kolxozlarda sürücü-çilingər işləmişdir. Ərizəçi da 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək onunla birlikdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Ərizəçi iş yoldaşı kimi tanıyır. O, özü 1977-1996-cı illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sürücü işləmişdir. Ərizəçi da 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək onunla birlikdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Ərizəçi iş yoldaşı kimi tanıyır. O, özü 1973-1996-cı illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda mühasib işləmişdir. Ərizəçi da 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək onunla birlikdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləmişdir. İşə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, şahid X5 1979-1989-cu illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləmişdir. İşə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, şahid X2 1977-1996-cı illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləmişdir. İşə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, şahid X3 1973-1996-cı illərdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda işləmişdir. Göründüyü kimi ərizəçinin 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək onunla birlikdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləməsini təsdiq edən rəsmi sənədlər olmasa da, onu birgə işdən tanıyan və ərizəmi ilə eyni dövrdə və eyni yerdə işləməsini təsdiq edən sənədləri olan şahidlər məhkəmə iclasında ərizəçinin 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək onunla birlikdə İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləməsini təsdiq etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli və Ərizəçi 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01 iyul 1979-cu ildən 01 iyun 1980-ci ilədək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda sıravi kolxozçu işləməsi faktı müəyyən olunsun və həmin illər onun sosial sığorta stajına daxil edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəmsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-505/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-505/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver