Məhkəmə qərarları › İş №2(036)-54/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-54/2025

29.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-54/2025 29.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: torpaq sahəsinin boşaldılması, özbaşına tikilinin sökülməsi, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi X4 və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İmişli Bələdiyyəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İmişli Bələdiyyəsi) Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan İmişli şəhəri, Ə.Qurbanov küçəsi, ev 5 ünvanında yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində cavabdehə məxsus özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı cavabdehin qanunsuz əməllərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehin iddiaçının mülkiyyətində olan zəbt olunmuş 150 kvadrat metr torpaq sahəsindən çıxarılması, həmin yerdə inşa edilmiş hasarın və digər qanunsuz tikililərin sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli şəhəri, Ə.Qurbanov küçəsi ev 5-də yaşayır. İmişli rayon İcraiyyə Komitəsinin 05 iyun 1965-ci il tarixli qərarı ilə mərhum atası X5 ərizəsi nəzərə alınaraq ona 6 sot həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin ayrılıb verilməsi şəhər soveti İcraiyyə komitəsinə və Kommunal-Mənzil İdarəsinə tapşırılmışdır. İmişli rayon İcraiyyə Komitəsinin həmin qərarından sonra Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən iddiaçının atası X5 və iddiaçının ögey qardaşı X13 adına 1023 nömrəli inventarla şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport yazılmış, həmin pasportda İmişli şəhəri, Kommunist küçəsi 270 nömrəli evə dair evlər idarəsi üzrə texniki inventarizasiyasının 1023 nömrəli kartoçkasında yaşayış evi, həyətyanı sahə və digər tikililərlə birlikdə 1215,0 kvadrat metr torpaq sahəsi ayrılmışdır. 30 iyun 1965-ci il tarixli müqavilənaməyə əsasən o vaxtlar mövcud olmuş İmişli şəhəri, Kommunist küçəsi 270 nömrəli ünvanda yerləşən torpaq sahəsinin fasadı 20 metr, arxa cəhəti 20 metr, sağ cəhəti 30 metr, sol cəhəti 30 metr, iddiaçının ögey qardaşına məxsus olan ümumi sahəsi 1215,0 kvadrat metr olmaqla müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində ailə üzvləri X14, X20 və Azad ilə qonşudurlar. İddiaçıya aid olan torpaq sahəsinin bir qismi əvvəllər qonşuları Azad tərəfindən zəbt edildiyinə görə İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə zəbt olunmuş torpaq sahəsi onlara qaytarılmışdır. Bundan sonra ailə üzvlərinin razılaşması ilə istifadələrində olan torpaq sahəsi və yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Həmin çıxarışa əsasən İmişli şəhəri, Ə.Qurbanov küçəsi ev 5-də olan fərdi yaşayış evi, yaşayış məntəqələrinin torpaqları və qardaşı Teyyubun da iddiaçıya bağışladığı torpaq sahəsi ilə birlikdə 7 sot torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı sonradan köhnə sənədləri əldə etmiş və müəyyənləşdirmişdir ki, qonşuları X14 həyətyanı torpaq sahələrinin 150 kvadrat metr torpaq sahəsini zəbt edərək hasar çəkdirmiş, hasara bitişik tikili tikmişdir. Rəmzi Kazımovun atası 1984-cü ildə ev almış, həmin vaxtdan Rəmzi evin tikintisini tamamlayıb orada ailəsi ilə yaşayır. Dəfələrlə iddiaçı Rəmzi Kazımova zəbt etdikləri torpaq sahəsindən çıxmasını tələb etmiş, anasından oğluna təsir göstərmək üçün xahiş etmiş, lakin nəticəsi olmadığına görə iddiaçının qardaşı Teyyub zəbt olunma ilə bağlı şikayətlər etmişdir. Rəmzi Kazımov buna baxmayaraq torpaq sahəsini zəbt etməkdə və qanunsuz tikili tikməkdə davam etmişdir. İddiaçıya məxsus zəbt etdiyi torpaq sahəsindən çıxmasını və inşa etdiyi tikililərin sökülməsini tələb etsə də, sonuncu üçün bunun heç bir nəticəsi olmamışdır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehdən qanuni şəkildə iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz inşa etdirdiyi tikililərin sökülməsini və zəbt etdiyi torpağdan çıxmasını xahiş və tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil çıxışında iddiaçının nümayəndəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı iddiaya etirazında göstərmişdir ki, sözü gedən əmlak qardaşı X10 mülkiyyətindədir. Onlar heç kimin torpağını zəbt etməmişlər. Həmin əmlakı 2003-cü ildə almışlar. Həmin torpağ sahəsində 2003-cü ildə başqa qonşu (iddia edən qonşu deyil) yaşamışdır. Həmin şəxsin, qonşunun torpağ sahəsində 1 mərtəbəli 2 otaqlı evi olmuşdur. Yəni alınan torpaq sahəsi qeyri-qonşudan alınmışdır. 2003-cü ildə 0,04 ha torpaq və içərisində kiçik bir mərtəbəli 2 otaqlı ev olmaqla qardaşı X1. Həmin qonşu ilə razılaşıb 0,04 ha torpaq sahəsini üzərindəki əmlak ilə birlikdə almışlar. Həmin torpağı, əmlakı satan qonşu vəfat etmişdir. Həyətyanı ərazinin aidiyyəti sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etməklə, 2009-cu ildə DƏDRX-dan X10 adına çıxarış və texniki pasport alınmışdır. 2012-2014-cü ildə həmin torpaq sahəsində olan köhnə tikili sökülmüş və yeni 2 otaqlı 1 mərtəbəli əmlak inşa edilmişdir. Əlavə dəmir materilallı çardağ tikintisi də aparılmışdır. Digər tərəfdən həyətyanı torpaq sahəsini alarkən əvvəl olan vəziyyəti kənardan hasarı dəmir hörüklə hazırlanmış köhnə materiallardan ibarət idi. Hasarların standart kubik daşlarla (12 daş üstə) bütün sərhədləri X15 tərəfindən inşa olunmuşdur. Daha sonra həmin həyətyanı ərazidə yaşıllaşdırma işləri aparılmışdır. Ərazidə 1 mərtəbəli bina və çardağ salınmışdır. Hətta həmin illərdə yağış olanda tikintilərin üzərindəki suyun hazırkı torpağ iddiasında olan bu qonşu həyətinə töküldüyü üçün onlara məlumat verilmiş və onlar eyni zamanda qonşunun fikirlərin nəzərə alaraq örtük hissədə su axınına dəmir materialdan kanal novlar çəkilərək və dəmir boru ilə 20 metrə yaxın boru öz həyətlərinə yönləndirilmişdir. Bu işlər 2012-2014cü illərdə olmuşdur. Tərəflərindən həmin əmlakın texniki pasportunda olan ölçüləri nəzərdən keçirilmişdir. Həmin topağ səhəsi ölçülüb və texniki ölçülərdən kənar hasarlar salınmamışdır. Hər bir ölçü texniki göstəricilərdə qeyd olunan ölçülərə müvafiq qaydada aparılmışdır. 11-12 il bundan öncə apardıqları tikinti işləri gedəndə qonşunun tikinti ilə bağlı hər-hansı şifahi və ya rəsmi etirazı olmamışdır. İddiaçı öz iddiasında qeyd etdiyi torpaq zəbt ilə bağlı heç bir şikayət və şifahi etirazını bildirməmişdir. Digər tərəfdən onlar qanundan kənar hər hansı qonşunun həyətyanı ərazisini zəbt etməmişlər. Əgər bu ərazidə çatışmazlıq olsaydı Dövlət Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidməti bu həyətyanı torpaq sahəsinə texniki pasport və çıxarış verilməsi qeyri-mümkün olardı. Həmin həyətyanı ərazi onların qanuni həyətyanı əraziləridir. Cavabdeh sonda iddiaçı X2 iddiasının qanunsuz olduğuna və onlarda olan rəsmi texniki pasport, çıxarışa əsaslanaraq iddianın tam əsassız hesab edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X16 izahatında göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçının göstərdiyi ölçüdə torpaq sahəsi zəbt edilmişdir. Belə ki, cavabdeh tərəfindən onun mülkiyyətində olmayan, iddiaçıya məxsus torpaq sahəsində hasar çəkilmiş və hin tikilmişdir. Sonda müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsi və cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

9. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası (20 mart 1952-ci il tarixli protokol): 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

11. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1, 115.0.3 və 115.0.9-cu maddələrinə müvafiq olaraq şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. İş materialında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, İddiaçı adına rəsmiləşdirilmiş İmişli şəhəri, Ə.Qurbanov küçəsi ev 5 ünvanında yerləşən 0,074 ha torpaq sahəsi və 98,3 m2 daşınmaz əmlak İddiaçı, X11, X8 və X6 ümumi birgə mülkiyyətindədir.

14. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********30-10301 reyestr nömrəli texniki pasportundan görünür ki, İddiaçı məxsus yaşayış evinin ümumi sahəsi 98,3 kvadratmetrdir. Həmin sənədin xüsusi qeydlər yazısı əks olunmuş hissəsində “0,004 ha torpaq sahəsi zəbt olunub” qeyd olunmuşdur.

15. İş materialında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MH seriyalı ******* nömrəli çıxarışından görünür ki, İmişli şəhəri, R.Məmmədov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,8 kv.m yaşayış, 60,3 kv.m köməkçi sahədən ibarət 48A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır.

16. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sabirabad Rayon Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********25-10301 reyestr nömrəli texniki pasportundan görünür ki, X12 məxsus yaşayış evinin ümumi sahəsi 35,8 kvadratmetrdir.

17. Mübahisənin həll edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-10/1672/2025 nömrəli ekspert rəyinə əsasən iddaçı X7 məxsus İmişli şəhəri, Ə.Qurbanov küçəsi, ev 5 ünvanında yerləşən 0,074 ha həyətyanı torpaq sahəsinin cavabdeh X14 tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir.

18. İddiaçının vəkili mütəxəssis tərəfindən rəy verilərkən suala tam cavab verilmədiyini, ekspertiza təyin olunması barədə qərardadda sualın konkret qoyulduğunu, lakin mütəxəssis tərəfindən zəbtin olub-olmamasının aydınlaşdırılmadığını bildirmişdir.

19. Mütəxəssis qismində məhkəməyə çağrılmış X17 izahatında bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində yerquruluşu üzrə texnik vəzifəsində işləyir və müvafiq mütəxəssis rəyinin hazırlanmasında iştirak etmişdir. Cavabdeh X14 tərəfindən iddaçı X7 məxsus həyətyanı torpaq sahəsinin istifadə olunmadığı yəni, cavabdeh tərəfindən iddaçıya məxsus həyətyanı torpaq sahəsinin zəbt olunmadığı müəyyən edilmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

23. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı və mötəbər sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməmişdir.

25. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyil.

26. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş olduğu müəyyən edilməmişdir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

28. Qərarda həmçinin göstərilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

29. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində, eyni zamanda sahibliyində olmasını təsdiq edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspert rəyinə əsasən iddiaçının hüquq müəyyənedici sənədində göstərilmiş torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmadığı, yəni həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən olunmamışdır.

30. Qeyd olunmalıdır ki, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi cavabdehin tikinti apardığı torpaq sahəsinin onun tərəfindən qanunsuz istifadə olunmasını qeyd etsələr də, onlar tərəfindən məhkəməyə cavabdehin istifadəsində olan torpaq sahəsinin onlara məxsus olmasını, həmçinin həmin torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

31. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

32. Həmçinin qeyd olunmalıdır ki, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində öz əksini tapmışdır. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlarından bəhs olunur.

33. Həmin hala uyğun olaraq məhkəmə qeyd edir ki, cavabdehin tikinti apardığı torpaq sahəsinə iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mülkiyyət hüquqlarının olmasına dair tərəflər hər hansı bir sübut təqdim etmədiklərindən mövcud tələb üzrə subyektiv hüquqları yoxdur.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

35. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

36. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

37. Mülki iş üzrə tərəflərin xəbərdar edilmələri və məhkəməyə çağırılmaları ilə əlaqədar tərəflərə ümumilikdə 13 sifarişli poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 23,4 manat təşkil edir.

38. İş materialında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu, mütəxəssis rəyinin alınması üçün isə 175 manat məbləğində xidmət haqqı ödənilmişdir.

39. Eksperiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair ekspert rəyinin alınması üçün ekspertiza xərcinin dəyəri 50 manat məbləğindədir.

40. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün 175 manat məbləğində xidmət haqqından ibarət məhkəmə xərci iddiaçının özünə aid edilməli, 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülmə, həmçinin tərəflərin xəbərdar edilmələri və məhkəməyə çağırılmaları ilə əlaqədar 23,4 manatdan ibarət məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

VI. Nəticə:

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan İmişli şəhəri, Ə.Qurbanov küçəsi ev 5 ünvanında yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində cavabdehə məxsus özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı cavabdehin qanunsuz əməllərinə son qoyulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün 175 manat məbləğində xidmət haqqından ibarət məhkəmə xərci iddiaçının özünə aid edilsin. İddiaçıdan 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. İddiaçı 23,4 manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar