Məhkəmə qərarları › İş №2(036)-544/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-544/2024

13.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-544/2024 13.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2ı qızına, Cavabdeh3, Cavabdeh4 və X4 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: mülkiyyət hüququ, torpaq sahəsindən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2ı qızına, Cavabdeh3, Cavabdeh4 və X4 qarşı cavabdehlərin Bəhrəmləpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və Ə.H.Heydərovun icarəsinə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərin Bəhrəmləpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və Ə.H.Heydərovun icarəsinə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 noyabr 2007-ci il tarixdə X10 ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən Bəhrəmtəpə qəsəbəsi ərazisində 18,0 ha (faktiki vəziyyətdə 3 ha. 2.60 ha və 6 ha cəmi 11.60 ha) torpaq sahəsi X7 99 il müddətinə icarəsinə verilmişdir. X11 icarə müqaviləsi əsasında illik icarə haqqını vaxtı- vaxtında ödəyir. Lakin cavabdehlər həmin torpaq sahəsindən istifadə etdiyindən X11 icarə müqaviləsi üzrə hüquqlarını həyata keçirə bilmir, dövlətin müəyyən eldiyi subsidiyanı ala bilmir. Onun tərəfindən cavabdehlərə torpaq sahəsindən çıxmaları barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini heç bir hüquqi əsas olmadan uzun illərdir istifadə edir, lakin Bələdiyyənin hesabına bu günədək heç bir haqq ödəməmişdir. Hazırda həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir, lakin icarə hüququ ilə X9 məxsusdur. Ona görə də cavabdehlər həmin torpaq sahəsindən çıxarımalı və X7 pozulmuş hüquqları bərpa edilməklə icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadə etməsinə şərait yaradılmalıdır. Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli. 2-1(120)-577/2022 saylı qərarı ilə X7 iddia tələbi təmin olunmuş, İddiaçı 24 noyabr 2007-ci il tarixli 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərarı alınmışdır. X7 Bəhrəmtəpə bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqavilə əsasında istifadəsində olan müvafiq olaraq 3 ha, 2.60 ha və 6 ha (cəmi 11.60 ha) torpaq sahələri üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X11 ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış 25 noyabr 2007-ci il tarixli torpaq icarə müqaviləsinin surətində görünür ki, İmişli şəhər sakini X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə Bələdiyyəsinə məxsus boş torpaqdan 18,0 ha torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə illik 126 manat haqq ödəmək şərtilə icarəsinə verilmişdir. X11 icarə müqaviləsində nəzərdə tutulmuş icarə haqlarını ödəmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə həmin torpaq sahəsində sahibkarlıq məqsədi ilə tikinti aparılmasına dair icazə verilmişdir.

3. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçının iddia ərizəsi və tələbi ilə razı deyildir. Belə ki, həmin tələblər mövcud qanunvericiiyə ziddir. Cavabdeh1 həmin torpaq sahəsini zəbt etməmiş, özbaşına tikinti işi aparmamışdır. Cavabdeh1 ailə üzvləri ilə Laçın rayonunun ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kmi gəlib İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən hazırkı torpaq sahəsində məskunlaşmışlar. Həmin vaxtlarda ailəsində üçəm oğul doğulmuşdur. İmişli rayon icra hakimiyyətinin, Kare təşkilatının köməyi ilə ailəsinə bu torpaq sahəsində 2 ev tikilib verilmişdir. Cavabdeh1 da heyvanların saxlanması üçün böyük tövlə tikmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsi istifadəyə yararsız vəziyyətdə olmuşdur. 27 il ərzində həmin torpaq sahəsinə xərc çəkib yararlı vəziyyətə gətirmiş və orada 200-ə qədər ağac əkmişdir. Bundan əlavə, 11000 ABŞ dolları məbləğində xərc çəkərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi X9 qeyri-qanuni verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsində məskunlaşdığı halda, bələdiyyə tərəfindən torpaq sahəsi ona təklif edilməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan başqa kənd sakini olan başqa şəxsə verilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsi X9 heç bir hərrac keçirilmədən qanunsuz verilmişdir. Qarşı tərəfə məskunlaşdığı torpaq sahəsi verilərkən tərəf-məcburi köçkün kimi onun hüquqları pozulmuşdur. Məcburi köçkünlərin doğma yurdlarına qayıdana kimi məskunlaşdıqları torpaq sahəsinin başqa şəxsə verilməsi və ya satılması qanunaziddir, onun və ailəsinin başqa yaşayış yeri yoxdur. Göründüyü kimi, iddiaçı Cavabdeh1 və ailəsinə qarşı əsassız iddia tələbləri irəli sürmüşdür. Əlif Heydərov eyni predmet üzrə 3 il əvvəl İmişli rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 iddiası təmin edilmiş, şikayətləri əsasnda Ali Məhkəmənin göstərişi ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)190/2024 saylı qərarı ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və Əlif Heydərovun iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Əlif Heydərov indi də bələdiyyənin əli ilə məskunlaşdığı torpaq sahəsindən çıxarmaq istəyir. Sonda Cavabdeh1 İddiaçı ona və ailə üzvlərinə qarşı iddia tələbini təmin etməməyi məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna icazələr almadan, və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

10. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. xx.xx.2007-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, iddiaçı sahəsi 18.0 ha olan torpaq sahəsini X9 99 il müddətinə icarəyə vermişdir.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarına əsasən bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 3.0 ha, 6.0 ha və 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X7 icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

13. Məhkəmə hesab edir ki, iddiaçının bu iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir.

14. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkivyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

16. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi luiquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsixası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

18. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.

19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «lnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı protokolunun l-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

20. «İnsan hüquqları haqqında Ümumi Bəyunnamə»nin 17-ci maddəsinə əsasən, hər bır insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

21. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlarda "mülkiyyət" hüquqları sayıla bilər,

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

23. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

24. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1 -ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

25. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdehlər, iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11,6 ha hissəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmiş və oradan istifadə edirlər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinin tələblərinə əsasən cavabdehlər tərəfindən qanunsuz sahibliyə keçirilmiş iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11,6 ha hissəsi iddiaçıya geri qaytarılmaqla iddia təmin edilməlidir.

26. Bundan başqa, məhkəmə hesab edir ki, zəbt edilmiş torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş tikililər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə əsasən onların hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməlidir.

27. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2ı qızı, Cavabdeh3, Cavabdeh4 və X1-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və Ə.H.Heydərovun icarəsinə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsi üzərində olan cavabdehlər Cavabdeh1, Cavabdeh2ı qızına, Cavabdeh3, Cavabdeh4 və X4 məxsus binalar, tikililər və qurğular onların öz hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar