Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-556/2024 04.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: doğumun qeyd edilməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi2, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı ərizəçilərin qızı Fidanın xx.xx.2006-cı ildə anadan olması faktının müəyyən edilməsi, doğum sənədi verilərkən doğum yeri İmişli rayonunun Boşçalılar kəndi, atası Ərizəçi2, anası Ərizəçi1 yazılması barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. Ərizəçilər maraqlı şəxsə qarşı ərizəçilərin qızı Fidanın xx.xx.2006-cı ildə anadan olması faktının müəyyən edilməsi, doğum sənədi verilərkən doğum yeri İmişli rayonunun Boşçalılar kəndi, atası Ərizəçi2, anası Ərizəçi1 yazılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər 2003-cü ildə el adəti ilə evlənib halhazıra kimi ər-arvad kimi yaşayırlar və 2 uşağı var. Birinci uşağı Tahirə xx.xx.2004-cü ildə anadan olmuşdur və doğum sənədi var. İkinci uşağı Fidan 01 yanvar 2006-cı ildə ərizəçilər kəndin kənarında ferma şəraitində yaşayarkən evdə doğulmuşdur. Səhlənkarlıqdan uşağa doğum şəhadətnaməsi götürməmişlər. İmişli rayon Qeydiyyat şöbəsinə uşağa doğum sənədi verilməsi ilə bağlı müraciət etmişlər. Qeydiyyat şöbəsində imtina rəyində göstərmişdir ki, tibb müəssisəsinin uşağın doğumu haqqında tibbi şəhadətnamə olmadığından doğum faktı məhkəmə yolu ilə müəyyən edilməlidir. Qızı Fidanın 01 yanvar 2006-cı ildə ferma şəraitində doğulmasını və ərizəçilər ilə birlikdə yaşamasını şahidlər təsdiq edə bilərlər və bu barədə akt tərtib etmişlər. Kənd ərazi nümayəndəsi də bu barədə arayış vermişdir. X3 adlı uşağın atası Ərizəçi2, anası Ərizəçi1dır. Ona görə də qızı Fidanın 01 yanvar 2006-cı ildə anadan olması faktı müəyyən edilməli, doğum sənədində atası Ərizəçi2, anası Ərizəçi1, doğum yeri yaşayış yeri üzrə İmişli rayonunun Boşçalılar kəndi yazılmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Doğumun qeydə alınmasından imtina haqqında rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş "Vətəndaşlı vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 2.5.3 maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər tərəfindən qeydiyyat orqanına doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi şəhadətnamə təqdim etməlidir. Həmin qaydaların 2.6 bəndinə əsasən doğum haqqında tibbi şəhadətnamə olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Uşağın doğulması faktını müəyyən edən tibbi şəhadətnamə olmadığına görə 01 yanvar 2006-cı ildə doğulmuş "qadın’ cinsli övladın doğumunun qeydə alınmasından imtina edilmişdir.
10. İmişli Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli 5-53-3/2-697/2024 saylı rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2024-cü il tarixində ərizəçilər Ərizəçi1 və Ərizəçi2 yaşadıqları İmişli rayon Boşçalılar kəndinə getmiş, onları tanıyanların və qonşuların iştirakı ilə akt tərtib edilmişdir. Onların dediklərinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 Həcər Yusif qızının və Ərizəçi2 övladıdır və birlikdə həmin ünvanda yaşayırlar.
11. İmişli Rayon İcra hakimiyyəti başçısının Boşçalılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X5 xx.xx.2006-cı il tarixdə İmişli rayonunun Boşçalılar kəndində doğulmuş və hal-hazırda həmin kənddə yaşayır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
13. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
14. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçilərin qızının şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin tibbi şəhadətnamə olmadığına görə imtina etməsi nəticəsində ərizəçilərin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
15. Eyni zamanda, ərizəçilər qızının doğum haqqında şəhadətnaməsinin verilməsi üçün maraqlı şəxsə müraciət etmiş, orada isə tibbi şəhadətnamə olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
16. Məhkəmə hesab edir ki, ərizəçilərin qızı X5 həqiqətən xx.xx.2006-cı il tarixdə İmişli rayonunun Boşçalılar kəndində doğulması, atasının Ərizəçi2, anasının Ərizəçi1 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir.
17. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçilərin qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Fidanın doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi, qızının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən X5 xx.xx.2006-cı il tarixdə İmişli rayonunun Boşçalılar kəndində doğulması, atasının Ərizəçi2, anasının Ərizəçi1 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. X5 xx.xx.2006-cı ildə İmişli rayonunun Boşçalılar kəndində doğulmasının qeyd edilməsi faktı, atasının Ərizəçi2, anasının Ərizəçi1 olduğu müəyyən edilsin. Qətnamə xx.xx.2006-cı il təvəllüdlü X2 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev