Məhkəmə qərarları › İş №2(036)-57/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-57/2023

22.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-57/2023 22.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 05 saylı qərarı ilə ona verilmiş 0.77 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 05 saylı qərarı ilə ona verilmiş 0.77 ha kənd təsərrüfatlı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt etmiş, dəfələrlə cavabdehlərdən qanunsuz hərəkətlərinə son qoymalarını və onun torpaq sahəsindən çıxmalarını tələb etsə də, cavabdehlər ona məhəl qoymamış, əksinə onu öz torpaq sahəsinə buraxmamışla. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddianın əsassız hesab edilməklə rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan JN466 nömrəli, kod nömrəsi 90700048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı 0.77 ha kənd təsərrüfatlı torpaq sahəsi verilmişdir. İşdə olan məhkəmə mühəndis-texniki ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 10/8561 saylı rəyindən görünür ki, JN466 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.71 ha torpaq sahəsinin 0.56 ha hissəsinin Cavabdeh1 tərəfindən, 0.15 ha hissəsi isə işdə tərəf olmayan şəxs X1 tərəfindən istifadə olunur. Məhkəmə qeyd edir ki, əvvəla heç kəs cəmiyyətin maraqları naminə öz mülkiyyətindən məhrum edilə bilməz, bunun üçün qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər mövcud olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 164.1 və 164.2-ci maddələrinə əsasən «Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır…», «Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər…». Göründüyü kimi həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan tоrpаq sаhəsinin iddiaçının mülkiyyətində olmasını, sözügedən torpaq sahəsinin 0.56 ha hissəsinin cаvаbdeh Cavabdeh1 tərəfindən zəbt edilməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cаvаbdeh Cavabdeh1 İddiaçı оğlunun mülkiyyətində olan 0.77 ha tоrpаq sаhəsinin zəbt etdiyi 0.56 ha hissəsindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cаvаbdeh Cavabdeh1 İddiaçı оğlunun mülkiyyətində olan 0.77 ha tоrpаq sаhəsinin zəbt etdiyi 0.56 ha hissəsindən çıxarılsın. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. İş üzrə çəkilmiş 95 (doxsan beş) manat məbləğində mütəxəssis xərci Cavabdeh1 alınıb İddiaçı оğluna verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar