Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-583/2021 12.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X11 və vəkili X7 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdehnа qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh şəhid X14 ölümündən sonra ondan qalacaq olan bütün miras aktivindəki əmlakdan payına münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X19 iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1993-cü ildə faktiki nikah münasibətlərinə daxil olaraq evlənmişlər, nikahlarını isə xx xxxxxxxx 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 1996-cı ildə Zeynəb, xx xxxxxxx 1999-cu ildə Rayidə və xx xxxxxxx 2001-ci ildə Əmral adlı üç uşaqları doğulmuşdur. Cavabdeh ilə sonradan münasibətləri pozulduğundan İmişli rayon Məkhəməsinin 2(036)- 47/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş uşaqlar onun himayəsində saxlanılmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay onun xeyrinə aliment tutulması qət edilmişdir. Lakin cavabdeh bu günədək ona aliment ödəməmiş, o uşaqlarını çətinlik içində təkbaşına böyütmüşdür. Cavabdeh heç vaxt ailəsinə qayğı göstərməmiş və bir ata kimi ailəsinin ehtiyaclarını qarşılamamışdır. xx xxxxxxx 2001-ci il təvəllüdlü övladı X20 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və hərbi əməliyyatlar zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə xx xxxxxxx 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən 11000 (on bir min) manat məbləğində icbari sığorta məbləği vəfat edənin vərəsələrinə verilməlidir. Hesab edir ki, uşağını təkbaşına böyüdən ana kimi həmin sığorta məbləğinə və şəhid ailəsi üçün nəzərdə tutulan digər imtiyazlara onun haqqı çatır. Belə ki, Cavabdeh 2013-cü ildən bu günədək oğlunun üzünü görməyən, onun qayğısına qalmayan ləyaqətsiz şəxs kimi şəhid üçün dövlət tərəfindən ayrılan şəhid puluna və şəhid ailəsi üçün nəzərdə tutulan digər imtiyazlara göz dikib və şəhid övladından ona miras qalan şəhidlik pulunu qanunsuz yolla onun iradəsinə zidd olaraq ələ keçirmək istəyir. Odur ki, mübahisənin obyektiv həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və əlavə olaraq iszahatında göstərdi ki, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və xx xxxxxxx 2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş uşağı xx xxxxxxx 2001-ci il təvəllüdlü övladı X14 atası Cavabdeh şəhidə övladına verilən sığorta məbləğinə və digər imtiyazlara göz dikib. Halbu ki, cavabdeh 2013-cü ildən şəhid olduğu günədək uşağının üzünü görməmiş, onunla maraqlanmamış, hətta hərbi xidmətə yola salınanda və hərbi xidmətdə olduğu dövrdə belə uşağı ilə görüşməmişdir. Uşağının sağlam canına sahib çıxmayan ata indi uşağından qalan mirasa sahib çıxmaq istəyir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X12 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə 1993-cü ildə faktiki nikah münasibətlərinə daxil olaraq evlənmişlər, nikahlarını isə xx xxxxxxxx 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 1996-cı ildə Zeynəb, xx xxxxxxx 1999-cu ildə Rayidə və xx xxxxxxx 2001-ci ildə Əmral adlı üç uşaqları doğulmuşdur. Sonradan münasibətləri pozulduğundan İmişli rayon Məkhəməsinin 2(036)-47/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay iddiaçının xeyrinə aliment tutulması qət edilmişdir. Lakin cavabdeh aliment ödəməmiş, iddiaçı isə uşaqlarını çətinlik içində təkbaşına böyütmüşdür. xx xxxxxxx 2001-ci il təvəllüdlü övladı X20 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və hərbi əməliyyatlar zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə xx xxxxxxx 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən ayırılmış 11000 manat məbləğində icbari sığorta məbləği X14 vərəsələrinə verilməlidir. Cavabdeh isə şəhidin vərəsəsi olmağa layiq deyildir. Belə ki, cavabdeh idiaçıdan sonra 3 dəfə evlənib və hazırda 4-cü qadınla ailələdir, məhkəmədə verilən suala cavab olaraq 4 uşağının olduğunu sonradan isə fikirləşib 7 uşağının olduğunu bildirir. Bu hal, yəni cavabdehin uşaqlarının sayını itirməsi onu təsdiq edir ki, cavabdeh ailə uşaqları ilə maraqlanmır. Cavabdeh şəhid oğlunun hərbi xidmətə yola salındıqda onunla görüşməmişdir, bir dəfə olsun hərbi xidmətdə olan uşağı ilə maraqlanmamışdır, uşağının hərbi xidmətə getdiyi tarixi bilməməsi də onu göstərir ki, onun uşağının hərbi xidmətə getməsindən xəbəri belə olmayıb. Lakin uşağı şəhid olduqdan sonra onun mirasına göz dikməyi yaxşı bilir. Cavabdehin ailə və uşaqları ilə maraqlanmaması, onların saxlanılmasına köməklik göstərməməsi və valideynlik vəzifələrini yerinə yetirməməsini onun digər övladarı və şahidlər təsdiq edə bilərlər. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələbində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ilə boşandıqdan sonra uşaqları həm onun yanında həm də iddiaçının yanında qalmışdır. O, uşaqlarının daim qayğısına qalmış, hərbi xidmətdə olan oğluna da baş çəkib görüşmüşdür. X27 şəhid olduqdan sonra iddiaçı və onun ailəsi oğlunun dəfnində iştirak etməyə ona icazə verməmişlər. Lakin o, öz evində də şəhid oğlu üçün ayrıca yas mərasimi təşkil etmişdir. Tez-tez oğlunun məzarını da ziyarət edir. O, iddiaçı ilə aralarındakı pozulmuş münasibəti heç vaxt uşaqlarına aid etməmişdir. İddiaçı tərəf onun barəsində yalan və böhtan xarakterli ifadələr işlədirlər. Doğrudur, o dördünücü dəfə ailə qurub, ümumilikdə 7 uşağı var. Lakin bu hal onun ailə və uşaqları ilə maraqlanmaması anlamına gəlmir. İddiaçı tərəf isə onun ailə və uşaqları ilə maraqlanmaması kimi həqiqətə uyğun olmayan əsaslarla onu övladından qalan mirasdan məhrum etmək istəyir. O, ona düşən pay ilə övladının məzarı üstündə çardağ düzəltdirəcəkdir. Onun başqa niyyəti yoxdur, iddiaçı kimi o da, övladından qalan mirasdan ona düşən payı istəyir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məkhəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, iş üzrə iddiaçı və cavabdeh onun valideynləridir. O, orta məktəbi bitirdikdən sonra gedib 8 ay bibisigildə qalmış, sonra isə anası və qardaşı ilə birlikdə qalmışdır. Bacısı Rayidə isə qoşulub qaçmışdır. Yəni onlar bir ailə olaraq çox az müddət bir yerdə yaşayıblar. Bütün bunlara səbəb atası Cavabdeh onlarla maraqlanmaması olmuşdur. Atası Cavabdeh onların saxlanılmasında, qardaşı Əmralın hərbi xidmətə yola salınmasında, and içmə mərasimində və hətta şəhid olduqda onun dəfnində iştira etməmişdir. O, bir övlad kimi atasından çox narazıdır, hətta ona ata demək belə istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 işin hallarına dair şahid X16 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında göstərdi ki, o, İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim işləyir. X20 da həmin məktəbin nümunəvi şagirdlərindən olmuşdur. O, uzun illərdir Çaxırlı kəndində yaşayır və Əmralın ailəsini çox yaxşı tanıyır. Əmral məktəbdə oxuyan vaxt ata babasıgildə, məktəbi qurtardıqdan sonra isə ana babasıgildə qalıb. 2019-cu ildə onu hərbi xidmətə anası yola salıb, şəhid olduqda isə onun nəşi ana babasıgilə gətirilib və oradan son mənzilə yola salınıb. Atası Zaurun onun dəfnində iştirakını görməmiş və eşitməmişdir. Lakin Əmralın dəfnindən sonra ata babasıgildə ona yas mərasimi verilib. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İmişli rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(036)- 47/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında xx xxxxxx 1996-cı il tarixdə bağlanmış rəsmi nikahın pozulması, nikahın pozulmasından sonra birgə nikahdan doğulmuş xx xxxxxx 1996-cı il təvəllüdlü Zeynəb, xx xxxxxxx 1999cu il təvəllüdlü Rayidə və xx xxxxxxx 2001-ci il təvəllüdlü Əmral adlı uşaqların anasının yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü cavabdeh X3 bir uşağa görə 70 manat olmaqla hər ay cəmi 210 manat məbləğində alimentin tutulub X4 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 174 saylı məktubundan görünür ki, İmişli rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(036)-47/2013 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu X2 rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş borclu X10 uşaqları ilə birlikdə İcra şöbəsinə gələrək uşaqların faktiki olaraq onun himayəsində olduğunu bildirmiş, uşaqlar da ataları ilə birlikdə qalmaq istədiklərini bildirmişlər. Bununla əlaqədar tələbkar X5 məlumat verilmiş və bundan sonra tələbkarın müraciəti əsasında icra sənədi xx xxxxxx 2013-cü il tarixli qərarla İmişli rayon Məhkəməsinə geri qaytarılmışdır. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "X6rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia edir ki, Cavabdeh ailəsi və uşaqları ilə maraqlanmamış, bir valideyn kimi öhdəsinə qoyulmuş vəzifələrdən boyun qaçırmışdır, ona görə də o, şəhid X14 ölümündən sonra ondan qalacaq olan bütün miras aktivindəki əmlakdan payına münasibətdə ləyaqətsiz vərəsə hesab edilməlidir. Lakin, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər subutlar təqdim etməmiş, əksinə Cavabdeh məhkəmə iclasında ailə uşaqlarına daim qayğı göstərdiyini, övladlarının həm onun himayəsində, həm də iddiaçının himayəsində yaşadıqlarını, şəhid övladının hərbi xidmətdə olduğu dövrdə onun yanına gedib görüşdüyünü, onun dəfnində iştirak etməsinə iddiaçının mane olmasına baxmayaraq öz ata evində yas mərasimi təşkil etdiyini, övladının məzarını teztez ziyarət etdiyini və hazırda övladından qalan mirasdan ona düşən pay ilə övladının məzarı üzərində çardağ inşa etdirmək istədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1138-ci maddəsinə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, yəni Cavabdeh övladı xx xxxxxxx 2001-ci il təvəllüdlü X1 üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırması halı sübut edilmədiyindən onun ləyaqətsiz vərəsə hesab olunması barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-583/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-583/2021
12.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver