Məhkəmə qərarları › İş №2(036)-672/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-672/2021

04.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-672/2021 04.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızına və Cavabdeh7 Qudrət qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızına və Cavabdeh7 Qudrət qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İmişli şəhəri, N.Nərimanov küçəsi, 126 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Onun xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 14 sentyabr 2007-ci il tarixdə qeydiyyata alınmış və ona Seriya MH ******* №-li çıxarış da verilmişdir. Eyni zamanda bildirir ki, o, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızını və Cavabdeh7 Qudrət qızını tanımır. Lakin cavabdehlər onun xüsusi mülkiyyətində olan İmişli şəhəri, N.Nərimanov küçəsi, ev 126 ünvanda pasport qeydiyyatındadırlar. Ümumiyyətlə, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızı və Cavabdeh7 Qudrət qızı onun xüsusi mülkiyyətində olan həmin yaşayış sahəsində yaşamamış, hal-hazırda da yaşamır və onların həmin evdə heç bir əşyası yoxdur. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan həmin fərdi yaşayış sahəsində pasport qeydiyyatında olmağı sadəcə olaraq formal xarakter daşıyır, onun həmin yaşayış sahəsinə dair mülkiyyət hüququnu və mülkiyyətlə bağlı digər hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də, o, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızına və Cavabdeh7 Qudrət qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızının və Cavabdeh7 Qudrət qızının xüsusi mülkiyyətində olan İmişli şəhəri, N.Nərimanov küçəsi, 126 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun itirilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızına və Cavabdeh7 Qudrət qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi üçün məlum olan axırıncı yaşayış yeri üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların yaşayış yeri məlum olmadığı üçün məhkəməyə dəvət etmək mümkün olmamışdır. Belə ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 65 saylı, 27 aprel 2021-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızı və Cavabdeh7 Qudrət qızı axırıncı yaşayış yeri üzrə İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşamırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanın, müvafiq icra hakimyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızının və Cavabdeh7 Qudrət qızının iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya MH ******* №-li, 14 sentyabr 2007-ci il tarixli çıxarışın surətindən görünür ki, İmişli şəhəri, N.Nərimanov küçəsi, 126 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ******* saylı, 06 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından görünür ki, Cavabdeh2, Cavabdeh4 Cəfər qızı və Əliyeva X2 şəhəri, N.Nərimanov küçəsi, ev 126 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 65 saylı, 27 aprel 2021-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızı və Cavabdeh7 Qudrət qızı yaşayış yeri üzrə İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşamırlar. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli şəhəri, N.Nərimanov küçəsi, 126 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir, yəni İddiaçı əmlakın mülkiyyətçisidir, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızı və Cavabdeh7 Qudrət qızı iddiçı İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, N.Nərimanov küçəsi, ev 126 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır və həmin evdə yaşamırlar. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülkiyyət hüququ və mülkiyyətin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı daşınmaz əmlakın (İmişli şəhəri, N.Nərimanov küçəsi, 126 saylı fərdi yaşayış evi) “mülkiyyətçi”si olduğu üçün cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızına və Cavabdeh7 Qudrət qızına qarşı negator tələbinə əsasən “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi”nə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır...Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Marckx Belçikaya qarşı” iş üzrə 13 iyul 1979cu il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Sporronq və Lonnrot İsveçə qarşı” və “Papamixolopulus Yunanıstana qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu əmlakdan “de-fakto” formada məhrumetmə hesab edilir ki, formal şəkildə mülkiyyət hüququ saxlansa da, həmin hüquqların olmasının və faktiki olaraq həyata keçirilməsinin əhəmiyyəti aradan qalxmış olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı mülkiyyətçi kimi mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızına və Cavabdeh7 Qudrət qızına qarşı negator tələbinə əsasən “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi”nə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. İddiaçı mülkiyyət hüququ cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızı və Cavabdeh7 Qudrət qızı tərəfindən məhdudlaşdırıldığı; (mülkiyyətdən “de-fakto” formada məhrumetmə)

3. İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsi imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırılmaqla, mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter daşıdığı üçün iddia təmin edilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızının və Cavabdeh7 Qudrət qızının İmişli şəhəri, N.Nərimanov küçəsi, 126 saylı fərdi yaşayış evinə dair istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cəfər qızının və Cavabdeh7 Qudrət qızının İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, N.Nərimanov küçəsi, 126 saylı fərdi yaşayış evinə dair istifadə hüququ itirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar