Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-708/2025 04.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının mütəxəssisi Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi, Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs olmaqla, “işləmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs olmaqla, onun İmişli rayonunun Lenin adına kolxozda 01 may 1975-ci il tarixdən 01 sentyabr 1975-ci il tarixə kimi olan əmək fəaliyyətinin sığorta stajına daxil edilməsindən ötrü həmin hüquqi əhəmiyyətli faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin dəlilləri: Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, İmişli rayonu, Aranlı kəndində yaşayır. 1965-ci ildə İmişli rayonu, Poltavka (indiki Aranlı) kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 1975-ci ildə həmin orta məktəbi bitirmişdir. Məktəbi bitirdiyi il ali məktəbə daxil ola bilməmiş, bu səbəbdən o, 01 may 1975-ci il tarixdən, 01 sentyabr 1976-cı il tarixə kimi, yəni ali məktəbə daxil olanadək İmişli rayonunun Lenin adına kolxozda kolxozçu işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika riyaziyyat fakültəsinə daxil olub həmin fakültəni bitirmişdir. 1981-ci ildən mexanika riyaziyyat fakültəsini bitirib işləmək üçün yaşadığı Aranlı kəndinə gəlmişdir. 01 oktyabr 2024-cü il tarixdə həmin məktəbdən pensiyaya çıxmışdır. O, pensiyaya çıxarkən onun Lenin adına kolxozda 01 may 1975-ci il tarixdən, 01 sentyabr 1976-cı il tarixə kimi olan əmək stajı pensiyasına hesablanmamışdır. Onu da qeyd edir ki, 01 may 1975-ci il tarixdən, 01 sentyabr 1976-cı il tarixə kimi olan əmək stajı barədə əmək kitabçasında qeyd aparılmamışdır. Ancaq onun kolxozda qeyd etdiyi dövr ərzində işləməyini onun kolxozda işləmiş həmkəndliləri X9, X12 və X7 və başqa həmkəndliləri də təsdiq edə bilərlər. Onun kolxozda işlədiyi 01 may 1975-ci il tarixdən, 01 sentyabr 1976-cı il tarixə kimi olan dövrün əmək fəaliyyətinin sığorta stajının pensiyasına hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01 dekabr 2024-cü il tarixli 3-17-1/2-T- 303978/2024 nömrəli məktubu ilə ona verilən cavabla 01 may 1975-ci il tarixdən, 01 sentyabr 1976-cı il tarixə kimi olan əmək fəaliyyətini təsdiq edən sənədin əslini (arayış) və ya notariat qaydada təsdiq edilmiş surətin tələb etməklə həmin dövrün sığorta stajına daxil edilməsi məsələsinə təkrar müraciəti əsasında baxılacağı bildirilməklə, qeyd etdiyi dövrün sığorta stajının əmək pensiyasına hesablanılmasından imtina edilmişdir. Ona görə də onun İmişli rayonunun Lenin adına kolxozda 01 may 1975-ci il tarixdən, 01 sentyabr 1976-cı il tarixə kimi olan əmək fəaliyyətinin sığorta stajına daxil edilməsindən ötrü həmin hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı (bundan sonra-Mərkəzi Filial) maraqlı şəxs qismində göstərilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" tələbinə dair mülki iş vardır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 may 1975-ci il tarixdən 01 sentyabr 1976-cı il tarixədək İmişli rayonu Lenin adına kolxozda işləməsi faktının müəyyən olunması barədə qətnamnə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, icraatda olan 2(036)-708/2025 nömrəli iş üzrə ərizə təmin edilməməlidir. Buna əsasən etirazı təqdim edir. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaş həddi 65 yaşdır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2005-ci il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İs materiallarından aydın olur ki. ərizəçi xx.xx.1959-cu il təvəllüdlüdür. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinin tələblərinə əsasən ərizəçiyə 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən 564.51 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Ərizəçinin Mərkəzi Filiala təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən onun əmək fəaliyyəti dövrləri, o, cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 29 il 1 ay 9 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 57997.05 manat 2024-cü il tarixinə indeksləşdirilmiş) pensiva kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 606,44 manat müəyyən edilmişdir. Ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) hesablanmış fərq məbləği əmək pensiyasına üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasının 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o, olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-cl il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı İlə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında öz əksini tapmışdır. Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Şəxsin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxsin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Son olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hazırkı is üzrə S.Tevmurov məhkəməyə təqdim etdiyi ərizədə xx.xx.1975- xx.xx.1976-cı il tarixləri arasındakı dövrlər ərzində imişli rayonu Lenin adına kolxozda kolxozçu işlədiyini bildirmişdir. Lakin iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasındakı ilk qeyd xx.xx.1981-ci il tarixə aiddir. Ərizəçinin Lenin adına kolxozda işlədiyini iddia etdiyi dövrlər onun əmək kitabçasında qeyd edilməyib. Ərizəçi özü də bu halı məhkəməyə təqdim etdiyi ərizədə qeyd edir. S.Tevmurov qeyd etdiyi dövrlərdə işləməsi faktının həmkəndliləri - X10, X13 və X7 tərəfindən təsdiq ediləcəyini bildirmiş və şahid kimi qeyd etdiyi şəxslərin əmək kitabçalarını məhkəməyə təqdim etmişdir. Ərizəyə əlavə edilmiş əmək kitabçalarında T.Nİftalıyevin xx.xx.1974-xx.xx.1997-ci il tarixləri arasında, A.Teymurovun xx.xx.1972-xx.xx.1985-ci il tarixləri arasında. S.Vəlivevin isə xx.xx.1974-xx.xx.1976-cı il tarixləri arasında Lenin adına kolxozda işlədiyi qeyd olunub. Ərizəçinin birgə işlədiyini iddia etdiyi bütün şəxslərin əmək kitabçalarında 1975-1976-cı il tarixləri arasındakı dövrlər ərzində imişli rayon Lenin adına kolxozda əmək fəaliyyəti dövrləri öz əksini tapdığı halda, ərizəçiyə münasibətdə əmək kitabçasında hec bir qeydiyyat aparılmaması ağlabatan deyildir. Ərizəçi Lenin adına kolxozda işlədiyini iddia etdiyi dövrlərin onun əmək kitabçasında qeyd edilmədiyini bildirsə də bunun hər hansı üzrlü səbəbdən irəli gəlməsi məsələsinə toxunmamışdır. Əgər ərizəçi həqiqətən iddia etdiyi dövrlərdə müvafiq kolxozda işləmiş olsaydı, bu barədə onun əmək kitabçasında qeydiyyat aparılmış olardı. Qeyd etmək istəyir ki, İmişli rayon Lenin adına kolxozun qeyd olunan dövrlər üzrə kolxozçuların son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səsəbdən də ərizəçinin qeyd etdiyi dövrlər ərzində işləməsi faktını müəyyən edən heç bir sübut mövcud deyildir. Məhkəmə iclasında verilən izahatlar: Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, ərizəyə uyğun məzmunlu izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Maraqlı şəxs2 məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X12 izahat verərək bildirdi ki, o, 1953-cü ildə İmişli rayonu, Aranlı kəndində anadan olmuşdur. Ərizəçi ilə həmkəndlidir, onu uşaq vaxtından tanıyır. Ərizəçi uşaq vaxtından atasının yanında təxminən 1972-ci illərdə işləyib. Hətta Ərizəçi məktəbli olarkən kolxozda işləyib. O, 1972-1996-cı illərdə Lenin adına kolxozda işləmişdir. Əvvəl kolxozda fermada işləmiş sonra isə hərbi xitmətə getmişdir. Hərbi xidmətdən gələndən sonra Ali məktəbə qiyabi olaraq zoatexnik fakultəsinə qəbul olmuşdur. Bundan sonra həmin kolxozda köməkçi zoatexnik işləmişdir. Ərizəçi kolxozda işləmiş və əmək haqqı almışdur. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, o, 1949-cu ildə İmişli rayonu, Aranlı kəndində anadan olmuşdur. Ərizəçi ilə həmkəndlidir, onu uşaq vaxtından tanıyır. O, xx.xx.1975-ci ildən həmin kolxozda baytar həkimi işləmişdir. Ərizəçinin 1975-1976-cı illərdə kolxozda işlədiyini görmüşdür. Həmin kolxozda 2 (iki) il işləmiş və sonra hərbi xidmətə getmişdir. Məhkəmə iclasında şahid X9 izahatında bildirdi ki, o, 1957-ci ildə İmişli rayonu, Aranlı kəndində anadan olmuşdur. Ərizəçi ilə bir küçədə yaşayır. Ərizəçi uşaq vaxtından atasının yanında işləmişdir. Məktəb bağlananda da həmin kolxozda işləmişdir. O, həmin kolxozda 1974-cü illərdə fəhlə işləmişdir. 1981-ci ildən isə kolxoz ləğv edilənədək aqronom vəzifəsində işləmişdir. Ərizəçi kolxozda işləyən vaxt onu orada görüb. 1973-1976-cı illərdə o, ərizəçinin orada işlədiyini görmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bir qayda olaraq iki dispozitiv şərt tələb olunur: birincisi, belə faktlar şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ilə bağlı olmalı, ikincisi, ərizəçinin bu faktları təsdiq edə bilən sənədləri başqa qaydada ala bilməsi imkanının olmaması (bu imkanın tükənməsi). Ərizəçinin iş satıjının olması faktının müəyyən edilməsi tələbi gələcəkdə onun pensiya alması məqsədilə irəli sürülmüşdür. Bu halda məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt onun əmlak hüququnun yaranması ilə bağlıdır və qeyd edilən birinci şərt mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 10 dekabr 2024-cü il tarixli 3-17-1/2-T-303978/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi İmişli rayonu Lenin adına kolxozda xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əmək fəaliyyətini təsdiq edən müvafiq sənədin əsli (arayış) və ya notariat qaydada təsdiq edilmiş surətini Fondun Mil-Muğan regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında sözügedən dövrün siğorta stajınıza daxil edilməsinə baxılacağını bildirilmiş, qeyd edilən dövrün sığorta stajının əmək pensiyasına hesablanılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxiv İdarəsinin 18 noyabr 2024-cü il tarixli, № 3-48-22 RA/2 174/2024 nömrəli məktubundan görünür ki, kolxozun qeyd olunan illər üzrə kolxozçuların son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdəndə 1975-1976-cı illərdəki əmək fəaliyyətinizi müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş İmişli Rayon İcra Hakimiyətinin 27 noyabr 2024-cü il tarixli, № 5-53-4/2-T-21-107/2024 nömrəli məktubundan görünür ki, iş stajının düzgün hesablanması və bərpa olunması məqsədilə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş X6, X4, X5 tərtib etdikləri 26 noyabr 2024-cü il aktdan görünür ki, İmişli rayonu, Aranlı kənd sakini Ərizəçi 1975-1976-cı illərdə, indiki Aranlı kəndində əvvəllər mövcud olan Lenin adına kolxozda X12, X7 və X9 ilə birlikdə İmişli rayonu Lenin adına kolxozda, kolxozçu vəzifəsində birlikdə çalışıblar. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi İmişli rayon Lenin adına kolxozunda əmək fəaliyyəti barədə heç bir qeydiyyat aparılmamışdır. Ərizəçiyə məxsus xx.xx.1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasındakı ilk qeyd xx.xx.1981-ci il tarixə aiddir. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X1 rayon Lenin adına kolxozunda xx.xx.1974-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işləmişdir. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X3 rayon Lenin adına kolxozunda xx.xx.1972-ci il tarixdən xx.xx.1985-ci il tarixə qədər işləmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1997-ci il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, X2 rayon Lenin adına kolxozunda xx.xx.1974-ci il tarixdən xx.xx.1976-ci il tarixə qədər işləmişdir. Məhkəmə hesab edir ki, iş materialları və şahid ifadələri əsasında müəyyən edilir ki, ərizəçinin 01 may 1975-ci ildən 01 sentyabr 1976-ci il tarixədək İmişli rayonu Lenin adına kolxozunda kolxozçu vəzifəsində işləməsi barədə tələbi əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin tanınması xahiş etdiyi hüquqi fakt barədə təsdiqedici sənədi digər yollar əldə etmək mümkün olmamışdır. Onun 01 may 1975-ci ildən 01 sentyabr 1976-ci il tarixədək İmişli rayonu Lenin adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı həmin dövrdə eyni müəssisədə işləyən X12, X7 və X5 ifadələri öz təsdini tapmışdır. Onlara məxsus əmək kitabçalarında həmin şəxslərin göstərilən dövrlərdə İmişli rayonu Lenin adına kolxozunda işləməsi barədə qeydlər şahid kimi onların ifadələrin mötəbər hesab edilməsinə əsas verir. Maraqlı şəxsin etirazının əsası təşkil edən “əgər ərizəçi həqiqətən iddia etdiyi dövrlərdə müvafiq kolxozda işləmiş olsaydı, bu barədə onun əmək kitabçasında qeydiyyat aparılmış olardı” fikri isə yalnız mülahizələrə əsaslanmışdır. Bundan başqa, maraqlı şəxs tərəfindən istinad edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə ləğv edildiyi üçün heç hüquqi qüvvəsi yoxdur. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, ərizə təmin edilərək, ərizəçinin 01 may 1975-ci il tarixdən 01 sentyabr 1976-cı il tarixədək İmişli rayonu Lenin adına kolxozda kolxozçu vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi İmişli rayon Lenin adına kolxozda 01 may 1975-ci il tarixdən 01 sentyabr 1976-cı il tarixədək işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-708/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-708/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver