Məhkəmə qərarları › İş №2(036)-71/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-71/2024

22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-71/2024 22.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Bəhram qızının maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: doğumun qeyd edilməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi Bəhram qızının iştirakı ilə, Ərizəçi Bəhram qızının maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı ərizəçinin xx.xx.1955-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində anadan olması, doğum akt qeydində adının, soyadının və ata adının Ərizəçi, doğum tarixinin 01 iyul 1955-ci il, doğum yeri İmişli rayonu, Sarıxanlı kəndi, milliyəti azərbaycanlı, ata qrafasında X12, ana qrafasında X8 qeyd edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. Ərizəçi X5 maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı ərizəçinin bacısı Ərizəçi Bəhram qızının xx.xx.1955-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində doğulması faktının tanınması, doğum akt qeydində adının, soyadının və ata adının Ərizəçi, doğum tarixinin 01 iyul 1955-ci il, doğum yeri İmişli rayonu, Sarıxanlı kəndi, milliyəti azərbaycanlı, ata qrafasında X12, ana qrafasında X1 qeyd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Sonra ərizəçi X5 əsl Ərizəçi Bəhram qızı ilə əvəz edilmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1955-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, atası X12 və anası X6r. Valideynləri savadsız olduğundan ərizəçiyə vaxtında doğum haqqında şəhadətnamə götürməmişdir. Ərizəçi, maraqlı şəxsə doğum haqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin maraqlı şəxs bildirmişdir ki, doğum faktı tibbi sənədlə təsdiq olunmadığından doğum şəhadətnaməsi verilə bilməz, fakt məhkəmə qətnaməsi ilə müəyyən olunduqdan sonra doğum qeydə alına bilər. Ərizəçiyə məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Ona görə də ərizəçinin doğum faktı müəyyən edilməli və ona doğum haqqında şəhadətnamə verilməlidir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi Bəhram qızı ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında şahid X11 ifadəsindən bildirdi ki, o, 1994-cü ildə X5 ilə evlənmiş, onunla birlikdə İmişli rayonu, Sarıxanlı kəndində yaşamışdır. Şəmsəddinin doğma bacısı Ərizəçi Bəhram qızı da onlarla birlikdə yaşamış və islahat nəticəsində pay torpağı almışdır.

8. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, o, İmişli rayonu, Sarıxanlı kəndində yaşayır və X5 ilə qonşudur. X2 ailə üzvləri ilə birlikdə yaşayan X3 və X4 törəmişdir və Şəmsəddinin doğma bacısıdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. AZ-İ seriyalı 091158 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X12 xx.xx.2004-cü il tarixdə ölmüşdür.

12. JN-0143 saylı 90715018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Ərizəçi Bəhram qızı X7 ailə üzvü kimi qeyd edilmiş və ona torpaq payı verilmişdir.

13. İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-22RA/2-94/2023 saylı arayışından görünür ki, Ərizəçi 1972-ci ildən 1984-cü ilədək İmişli rayon “Bakı” (keçmiş Jdanov adına) kolxozda işləmişdir.

14. İmişli Rayon İcra Hakimiyyəti başçısının Sarıxanlı və Buludlu kəndləri üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 10 iyul 1955-ci il tarixdə anadan olmuş Ərizəçi hal-hazırda İmişli rayonu, Sarxanlı kəndində X2 evində sağ salamat yaşayır. Ərizəçi adında ondan başqa ayrı bir vətəndaş yoxdur və yaşamır.

15. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Doğumun qeydə alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi doğumu haqqında akt qeydi nə İmişli rayon qeydiyyat şöbəsinin arxivində, nə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi tərəfindən isə İmişli rayon qeydiyyat şöbəsinə bu qeydin varlığını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Ona görə də şöbə tərəfindən Ərizəçi doğumu haqqında akt qeydinin bərpası mümkün deyildir. Ərizəçi doğumu faktının müəyyən edilməsindən imtina edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

17. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin qızının şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin tibbi şəhadətnamə olmadığına görə imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

19. Eyni zamanda, ərizəçi qızının doğum haqqında şəhadətnaməsinin verilməsi üçün maraqlı şəxsə müraciət etmiş, orada isə tibbi şəhadətnamə olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

20. Məhkəmə hesab edir ki, Ərizəçi Bəhram qızı həqiqətən 01 iyul 1955-ci il tarixdə İmişli rayonu, Sarıxanlı kəndində doğulması, atasının X12, anasının X8 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir.

21. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ərizəçinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi, adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən ərizəçinin 01 iyul 1955-ci il tarixdə İmişli rayonu, Sarıxanlı kəndində doğulması, atasının X12, anasının X8 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Bəhram qızının 01 iyul 1955-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Doğum akt qeydində adı, soyadı və ata adı Ərizəçi, doğum tarixi 01 iyul 1955-ci il, doğum yeri İmişli rayonu, Sarıxanlı kəndi, milliyəti azərbaycanlı, ata qrafasında X12, ana qrafasında X8 qeyd edilsin. Qətnamə 01 iyul 1955-ci il təvəllüdlü Ərizəçi Bəhram qızının adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar