Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-804/2025 27.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X9, X4, X6 və X10 cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: mülkiyyət hüququ, torpaq sahəsindən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X9, X4, X6 və X10 cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin İmişli rayonu, Mürsəlli kəndində yerləşən iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahələrindən çıxarılmaları və cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələrinin qarşısı alınmaqla qanuna zidd hərəkətlərinə son qoyulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərin özbaşına qanunsuz zəbt etdiyi, İmişli Rayon Mürsəlli kəndində yerləşən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1,5452 ha, 1,6433 ha və 1,1721 ha torpaq sahəsindən çıxarılması, cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələrinin qarşısının alınması və cavabdehlərin qanuna zidd hərəkətlərinə son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvləri atası X12, anası X11, bacıları- X9 və X1, qardaşı X5 və X2 ümumi birgə mülkiyyətlərinə İmişli rayonunun Mürsəlli kəndində Aqrar İstehsalat Komissiyasının qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,5452 ha, 1,6433 ha və 1,1721 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsi müvafiq olaraq iddiaçının adına sənədləşdirilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestr xitmətindən 1,5452 ha torpaq sahəsi üçün **********41, 1,6433 ha torpaq sahəsi üçün **********40 və 1,1721 ha torpaq sahəsi üçün **********39 nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ailə üzvlərinin razılığı ilə torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Torpaq sahəsini iddiaçı istifadə edir. Torpağa mülkiyyət sənədini və çıxarışını da iddiaçı müraciət edərək almışdır. Qeyd edilən torpaq sahəsindən islahatdan bəri iddiaçı istifadə edir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının ailəsinə məxsus olan həmin torpaq sahəsini qeyri-qanuni zəbt etmiş və faktiki olaraq istifadə etməsinə imkan vermirlər. Cavabdehlər iddiaçıya məxsus torpaqdan istifadə edir, iddiaçının mülkiyyətində olan torpaqdan istifadə etməsinə mane olaraq onun mülkiyyət hüquqlarını pozurlar. Çıxarışa əsasən iddiaçı ailəsinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının ailəsinə və iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinin və iddiaçının oradan istifadə etməsinə yaratdığı maneəyə görə cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınmasını istəyir. İddiaçı dəfələrlə, mütəmadi olaraq aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq iddiaçıya heç bir köməklik edilməmişdir. İddiaçı da məcbur olub məhkəməyə müraciət etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, Aqrar İslahat Komissiyası tərəfindən hər kəsə altmış faiz yaxşı, qırx faiz pis olmaqla torpaq sahəsi verilmişdir. Torpaq sahəsi püşk atılmaqla verilmişdir. Hər kəs iyirmi beş iyirmi altı ildir ki ona verilmiş torpaq sahəsindən istifadə edir. Cahangir adlı şəxs həmin yerdə torpaq sahəsi olduğunu və sənədinin olduğunu, məhz həmin sənəddə göstərilən torpaq sahəsindən istifadə edəcəyini bildirdi. Halbuki, Cahangirin torpağı başqa yerdə, 10 ha boş torpaq sahəsinin yanındadır. Onun sənədinə görə, hər kəsin torpaq sahəsi qarışmışdır. Buna görə də, sürüşmələr olmuşdur. Buna baxmayaraq hər kəsə istifadə etdiyi torpaq sahəsinin sənədi verilməlidir. Onun istifadəsində olan torpaq sahəsi sağ tərəfdən kəndin suvarma kanalı, başlanğıcda şor-drenaj kollektoru və digər tərəfdən isə sahədaxili suvarma kanalı ilə tam əhatə olunmuşdur. Bu halda onun kimsənin torpaq sahəsinə şürüşməsi ehtimalı yoxdur. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
8. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
9. Məhkəmə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
11. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası (20 mart 1952-ci il tarixli protokol): 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir;
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1, 115.0.3 və 115.0.9-cu maddələrinə müvafiq olaraq şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
15. 11.10.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Mürsəlli kəndində yerləşən 1,5452 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə İddiaçı, X9, X4, X6 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Mürsəlli kəndində yerləşən 1,1721 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə İddiaçı, X9, X4, X6 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Mürsəlli kəndində yerləşən 1,6433 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə İddiaçı, X9, X4, X6 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
18. JN-0077 saylı 90707028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Cavabdeh1 və onun ailə üzvləri- X13, X23, X16, X18, X19 və X14 İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4,92 ha torpaq sahəsi verilmişdir.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-45/2-7059/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, iddaçı Musayev İddiaçı və onun ailə üzvlərinə məxsus İmişli rayon Mürsəlli kəndində yerləşən 1,5452 ha (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli **********41 reyestr nömrəli çıxarış) torpaq sahəsi sənədlərdə göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman iddaçı İddiaçı həmin torpaq sahəsinin mübahisəli ərazidə yerləşmədiyini və həmin torpaq sahəsinin mübahisə predmeti olmadığını bildirərək həmin ərazidə tədqiqat aparılmasına etiraz etdiyi üçün qeyd edilən 1,5452 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. Cavabdeh1 və onun ailə üzvlərinə məxsus İmişli rayonu, Mürsəlli kəndində yerləşən 4,92 ha (JN-0077 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) torpaq sahəsinin sənədlərdə göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman məlum olmuşdur ki, qeyd edilən 4,92 ha torpaq sahəsi 4 hissədən ibarət olmaqla 77-1.59 ha, 77 A-0.89 ha, 77 B 0.89 ha və 77 L 1.55 ha saylı planda (cizgidə) göstərilən ayrı-ayrı torpaq sahələrindən ibarətdir. 77 L 1.55 ha saylı planda (cizgidə) göstərilən torpaq sahəsi mübahisəli ərazidə yerləşmir. Ona görə də JN- 0077 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh1 və onun ailə üzvlərinə məxsus İmişlı rayonu, Mürsəlli kəndində yerləşən 4,92 ha torpaq sahəsinın mübahisəli ərazidə yerləşən 77-1.59 ha, 77 A 0.89 ha, 77 B 0.89 ha hissələri elektron baza məlumatlarında (X7 X8) qeyd edilən koordinatlar əsasında naturada yerə köçürülərək sərhədləri naturada müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha və 1,6433 ha torpaq sahələri istifadə edilir. Qeyd edilən torpaq sahələri torpaq islahatı aparılan zamanı Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmişdir. İddaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha torpaq sahəsinin 1,02 ha hissəsi Cavabdeh1, 0,1521 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. İddaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,6433 ha torpaq sahəsi isə bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edilir.
20. Məhkəmə hesab edir ki, iddiaçı tələbi onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
25. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.
26. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
27. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlarda "mülkiyyət" hüquqları sayıla bilər,
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.
29. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
30. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1 -ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
31. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı mütəxəssis rəyi ilə müəyyən olunmuş hallardan göründüyü kimi iddaçı İddiaçı 1,5452 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşmədiyini və həmin torpaq sahəsinin mübahisə predmeti olmadığını bildirərək həmin ərazidə tədqiqat aparılmasına etiraz etdiyi üçün qeyd edilən 1,5452 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmiş, iddaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha torpaq sahəsinin 1,02 ha hissəsinin Cavabdeh1, 0,1521 ha hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə edildiyi, iddaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,6433 ha torpaq sahəsinin isə bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.
32. Məhkəmə, mütəxəssis rəyi ilə razılaşaraq qeyd edir ki, rəyin məzmunundan və tədqiqatının aparıldığı sənədlərdən görünür ki, mütəxəssisin gəldiyi nəticə, ona tədqiqatın aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
33. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən mütəxəssis rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.
34. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinin tələblərinə əsasən iddiaçı və onun ailə üzvünə məxsus 1,1721 ha və 1,6433 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz sahibliklərinə keçirilmiş hissəsi iddiaçıya geri qaytarılmalıdır.
35. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmişli rayonunun Mürsəlli kəndində yerləşən İddiaçı və onun ailə üzvləri X9, X4, X6 və X3 birgə mülkiyyətlərində olan 1,1721 ha və 1,6433 ha torpaq sahəsindən çıxarılmalı və cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələrinin qarşısı alınmaqla qanuna zidd hərəkətlərinə son qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir.
36. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
37. İş materialında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu, mütəxəssis rəyinin alınması üçün isə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir.
38. Mülki iş üzrə iddia ərizəsinin cavabdehə verilməsi, tərəflərin xəbərdar edilmələri və məhkəməyə çağırılmaları ilə əlaqədar tərəflərə ümumilikdə beş ədəd sifarişli poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 9 manat təşkil edir.
39. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 200 manat məhkəmə xərcinin 100 manat məbləği İddiaçı aid edilməli, məhkəmə xərcinin qalan 100 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9 manat məhkəmə xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.
VI. Nəticə:
41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmişli rayonunun Mürsəlli kəndində yerləşən İddiaçı və onun ailə üzvləri X9, X4, X6 və X3 birgə mülkiyyətlərində olan 1,1721 ha və 1,6433 ha torpaq sahəsindən çıxarılsınlar və cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələrinin qarşısı alınmaqla qanuna zidd hərəkətlərinə son qoyulsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 200 manat məhkəmə xərcinin 100 manat məbləği İddiaçı aid edilsin, məhkəmə xərcinin qalan 100 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9 manat məhkəmə xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev