Məhkəmə qərarları › İş №2(036)-861/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-861/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-861/2024 16.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2011-ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsində 519 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyası Tver vilayəti, Kalinin rayon VVAQ şöbəsində 300 nömrəli akt qeydi ilə rəsmi nikaha girərək evlənmişlər. Sonradan Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtdıqdan sonra İmişli rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 519 nömrəli akt qeydi ilə yenidən nikahları qeydiyyata alınmışdır. Həmin vaxt nikahın qeyd edilməsinin qanunsuz olması barədə məlumatsız olmuşlar. Hazırda uşağın doğumunun qeyd edilməsi ilə bağlı mübahisələr yarandığından ikinci nikahları etibarsız hesab edilməlidir.

3. İ-OH 653204 nömrəli nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında Rusiya Federasiyası Tver vilayəti, Kalinin rayon VVAQ şöbəsində xx.xx.2009-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 300 nömrə ilə qeyd edilmişdir.

4. AZ-İ 683011 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 519 nömrə ilə qeyd edilmişdir.

5. İ-OH 782147 nömrəli doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X1 16 yanvar 2010-cu il tarixdə Rusiya Federasiyası Tver vilayəti, Tver şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı və ana qrafasında Cavabdeh qeyd edilmişdir.

6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

8. Cavabdeh iddianı qəbul edərək təmin olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

9. Maddə 17.1. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

10. Maddə 34.1. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

11. Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

12. Maddə 12.0.3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

13. Maddə 16. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.

14. Maddə 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

15. Maddə 26.1.5. Pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəflərin izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən olur ki, tərəflər xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyası Tver vilayəti, Kalinin rayon VVAQ şöbəsində 300 nömrəli akt qeydi ilə rəsmi nikaha girərək evlənmişlər. Birgə nikahdan onların X1 16 yanvar 2010-cu il tarixdə Rusiya Federasiyası Tver vilayəti, Tver şəhərində anadan olmuşdur. Sonradan Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtdıqdan sonra İmişli rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 519 nömrəli akt qeydi ilə yenidən nikahları qeydiyyata alınmışdır. Həmin vaxt nikahın qeyd edilməsinin qanunsuz olması barədə məlumatsız olmuşlar. Hazırda uşağın doğum qeydiyyatı ilə bağlı mübahisə yaranmışdır.

23. Qanunvericiliyin tələbinə görə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

25. Pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər.

26. Məhkəmə hesab edir ki, ikinci nikah bağlanılarkən qanunvericiliyin tələbləri pozulmuşdur.

27. Ona görə də , məhkəmə qeyd olunanlara əsasən və işin faktiki hallarına qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı və Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 519 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı və Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 519 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar