Məhkəmə qərarları › İş №2(036)-919/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-919/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-919/2023 28.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X9 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi “mirasın qəbulu müddətinin uzadılması tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1ndan miras qalmış 0,16 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış və 68.2 kv.m köməkçi sahədən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X3 İmişli rayonunun Cəfərli kəndində 0,16 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış və 68.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi var. Həmin ev tam mülkiyyət hüququ ilə mərhum X3 adınadır və daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestrlə qeydiyyata alınmışdır. X1 24 iyul 2016-cı tarixdə vəfat etmişdir. O, atasının qanun üzrə birinci növbə vərəsəsidir və həmin miras əmlakı ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə üçün İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə dəfələrlə müraciət etsə də, tərəfindən mirasın qəbul edilməsi üçün nəzərdə tutulan müddətin buraxılması səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olmuşdur. O, mirası rəsmi qaydada vaxtında notariat kontoruna müraciət etməklə qəbul etməsə də, faktiki olaraq mirası qəbul etmiş və hazırda da həmin torpaq sahəsindən istifadə edir. Lakin notarius faktiki olaraq mirası qəbul etməyinə baxmayaraq buraxılmış müddəti üzürlü hesab etməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, təqdim olunmuş və işə əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı qanunvericilik aktı normalarına əsasən hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan AZE 08151187 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1959-cu il tarixdə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad rayon Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportunun surətindən görünür ki, İmişli rayonunun Cəfərli kəndində yerləşən evin hüquq subyekti X4r. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********70 reyestr nömrəli çıxarışın surətindən görünür ki, İmişli rayonunun Cəfərli kəndində yerləşən fərdi yaşayış evi X6 və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 793467 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 iyul 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan AZ-İİ 311420 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnamə altı aydan da tez verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Ərizəçi X1nun ölümündən sonra miras qalmış 0,16 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış və 68.2 kv.m köməkçi sahədən ibarət miras əmlakı qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Ərizəçi X1nun ölümündən sonra miras qalmış əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbləri üzrlü hesab edilsin və 0,16 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış və 68.2 kv.m köməkçi sahədən ibarət miras əmlakın qəbulu müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar