Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-948/2022 18.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehlər Cavabdeh nümayəndəsi X2 və İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinə əvvəlki işinə bərpa olunmasını və məcburi iş buraxmaya görə ona dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı 2017-ci ildə Sumqayıt Dövlət Universitetinin Kimya müəllimliyi ixtisasını bitirmişdir. İşə qəbul üzrə imtahan verib 47,34 bal toplayaraq İmişli rayon S.Məmmədov adına Axıcanlı kənd tam orta məktəbində daimi işlə işə qəbul olmuşdur. Hal-hazırda da həmin məktəbdə Kimya müəllimi işləyir. Kimya üzrə dərs saatı 9 saat olduğu üçün digər məktəblərdə də Kimya müəllimi kimi müddətli əmək müqaviləsi əsasında dərs tədris edə bilir. Belə ki, İddiaçı İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbin direktoru Mehman Qasımovun 16 oktyabr 2021-ci il tarixli 44 nömrəli əmrinə əsasən həmin məktəbə kimya müəllimi vəzifəsinə təyin edilmişdir. Bununla bağlı 18 oktyabr 2021-ci il tarixdə həmin tarixdən 14 iyun 2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin, bunlara baxmayaraq məktəbin direktoru Mehman Qasımovun 01 noyabr 2021-ci il tarixli, 47 nömrəli əmri ilə İddiaçı heç bir qanuni əsas olmadan onunla bağlanmış 18 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilərək işdən azad edilmişdir. Həmin əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilməmiş, qanunazidd əmr verilmişdir. Ona görə də həmin əmrin ləğv edilməsini və iddiaçının əvvəlki işinə bərpa edilməklə məcburi iş buraxdığı günlər üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı İmişli rayonu S.Məmmədov adına Axıcanlı kənd tam orta məktəbinin kimya müəllimi vəzifəsində çalışır və həmin məktəbdə dərs yükü 9 saatdır. İddiaçı dərs yükü az olduğundan, rayonun F.Rəhimov adına 2 saylı Cəfərli kənd tam orta məktəbində ixtisaslı kimya müəllimi olmadığından və kimya müəllimi vəzifəsi vakant olduğundan, o cümlədən məktəbin ixtisaslı kimya müəlliminə zəruri ehtiyacı olduğundan həmin məktəbə ixtisaslı kimya müəllimi təyin olunanadək İddiaçı müddətli əmək müqaviləsi əsasında ikinci iş yeri kimi həmin məktəbin kimya müəllimi vəzifəsinə təyin olunması məqsədəuyğun hesab edilmişdir. Bundan sonra A.Sülymanlı 16 oktyabr 2021-ci il tarixli, 44 nömrəli əmrlə həmin məktəbə müvəqqəti kimya müəllimi təyin edilmiş və məktəbin direktoru ilə aralarında 18 oktyabr 2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. 01 noyabr 2021-ci il tarixdə isə məktəbə ixtisaslı kimya müəllimi təyinatı verildiyindən həmin tarixli 47 nömrəli əmrlə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlər nəzərə alınmaqla hesab edir ki, əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinin direktoru X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onun 16 oktyabr 2021-ci il tarixli, 44 nömrəli əmri ilə İddiaçı 18 oktyabr 2021-ci il tarixdən məktəbin kimya müəllimi vəzifəsinə təyin edilmişdir. Həmin əmrdə A.Sülymanlının ixtisaslı müəllim gələnədək işə qəbul edildiyi qeyd olunmuşdur. 01 noyabr 2021-ci il tarixdə isə məktəbə ixtisaslı kimya müəllimi gəldiyindən onun həmin tarixli 47 nömrəli əmri ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinin direktoru X1 16 oktyabr 2021-ci il tarixli 44 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinə 18 oktyabr 2021-ci il tarixdən ixtisaslı müəllim təyin olunanadək müddətli əmək müqaviləsi əsasında ikinci iş yeri olaraq məktəbdə vakant olan kimya müəllimi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsi ilə müddət müəyyən edilməklə, yəni 18 oktyabr 2021ci il tarixdən 14 iyun 2022-ci il tarixədək İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinə kimya müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinin direktoru X1 01 noyabr 2021-ci il tarixli 47 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resusları Mərkəzi tərəfindən məktəbə yeni ixtisaslı kimya müəllimi təyin olunduğundan 01 noyabr 2021-ci il tarixdən İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. Cavabdehlər Cavabdeh və Cəfərli kənd 2 saylı tam orta məktəbin nümayəndələri izahatlarında göstərir ki, İddiaçı işə qəbul edilməsi barədə 16 oktyabr 2021-ci il tarixli 44 nömrəli əmrdə məktəbə ixtisaslı müəllim təyin olunanadək işə qəbul edilməsi göstərilmiş və bu əsasla ixtisaslı müəllim təyin olunduqdan sonra sonuncu ilə aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Lakin, məhkəmə bununla əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinin məzmununa görə işəgötürənlə işçi arasında əmək münasibətlərinin əsas şərtləri əmək müqaviləsində əks olunmalıdır. Bundan əlavə Əmək Məcəlləsinin 81-ci maddəsinin 1-ci hissəsinə görə kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Həmin maddənin 2-ci hissəsinə görə isə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Lakin iş materiallarından göründüyü kimi işəgötürən İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinin direktoru X3 tərəfindən işçi İddiaçı ilə aralarında yazılı əmək müqaviləsi bağlanmazdan əvvəl, yəni 16 oktyabr 2021-ci il tarixdə əmək münasibətlərinin rəsmiləşdirilməsi barədə əmr verilmiş, əmrin verilməsinə əsas əmək müqaviləsi göstərilsə də, əmək müqaviləsi qeyd olunan əmrin verilməsindən iki gün sonra, yəni 18 oktyabr 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan əmr qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız hesab edilməli, lakin həmin əmrin etibarsızlığı bağlanmış əmək müqaviləsinin də etibarsızlığına əsas deyildir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 3cü maddəsinin 5-ci hissəsində və 81-ci maddəsinin 1-ci hissəsində qeyd olunduğu kimi işçinin əmək münasibətləri əmək müqaviləsi əsasında tənzimlənir və yalnız zəruri hallarda əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə işəgötürən tərəfindən əmr verilməlidir. Göründüyü kimi qanunvericilik əmr verilmədən əmək müqaviləsi bağlanmasını qadağan etmir, əksinə müqavilə bağlanmadan əmr verilməsini qadağan edir. Bundan əlavə məhkəmə qeyd edir ki, işçi İddiaçı əmək münasibətlərinin rəsmiləşdirilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun verilmiş olsaydı belə əmək münasibətləri əmrlə deyil, əmək müqaviləsi ilə tənzimləndiyindən və işəgötürən İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinin direktoru X3 ilə aralarında bağlanmış yazılı əmək müqaviləsində ixtisaslı müəllim gəldikdən sonra işçi İddiaçı əmək münasibətlərinə xitam veriləcəyi şərtləşdirilmədiyindən (əmək müqaviləsində göstərilmədiyindən) bu şərtlər çərçivəsində əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə görə tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin əmək müqaviləsindən göründüyü kimi tərəflər ixtisaslı müəllim gəldikdən sonra işçi İddiaçı əmək münasibətlərinə xitam veriləcəyini əmək müqaviləsində şərtləşdirməmişlər. Ona görə də məhkəmə hesab edir ki, işəgötürənlə işçi İddiaçı arasındakı əmək münasibətləri Əmək Məcəlləsinin 45-ci maddəsinə uyğun olaraq bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflərin əmək müqaviləsində razılaşdığı müddətədək davam etdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İşdən görünür ki, İddiaçı ilə işəgötürən İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinin direktoru X3 arasında əmək münasibətlərinə müqavilə ilə müəyyən edilmiş müddət bitmədən xitam verilməklə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinin direktoru X1 01 noyabr 2021-ci il tarixli, 47 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə, yəni İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbin kimya müəllimi vəzifəsinə bərpa edilməli və məcburi buraxdığı iş günlərinə görə ona əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbinin direktoru X1 01 noyabr 2021-ci il tarixli, 47 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni İmişli rayon Cəfərli kənd F.Rəhimov adına 2 saylı tam orta məktəbin kimya müəllimi vəzifəsinə bərpa edilməklə ona məcburi buraxdığı iş günlərinə görə ona əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-948/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-948/2022
18.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver