Məhkəmə qərarları › İş №2(036)-956/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-956/2022

18.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-956/2022 18.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin öz hesabına sökülməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 İmişli rayonunun Murğuzallı kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının 20 yanvar 2000-ci il tarixli 08 saylı qərarı ilə verilmiş AN 136419 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə qeydə alınmış həyətyanı torpaq sahəsində özbaşına inşa etdiyi tikililərin öz hesabına sökməsi, torpaq sahəsindən çıxarılması və cavabdehdən torpaq sahəsini zəbt etməsi nəticəsində ona vurduğu maddi zərərin əvəzi olaraq 10000 manat məbləğində təzminatın və məhkəmə xərclərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin həcminin azaldılaraq tələbin “cavabdehdən torpaq sahəsini zəbt etməsi nəticəsində ona vurduğu maddi zərərin əvəzi olaraq 10000 manat məbləğində təzminatın alınıb ona verilməsi” hissəsinin nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 20 yanvar 2000-ci il tarixli 08 saylı qərarı ilə ona İmişli rayonunun Murğuzallı kəndində 1998,17 kv/m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair ona 2009-cu ildə AN 136419 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmişdir. Lakin cavabdeh X4 tərəfindən torpaq sahəsinin 0.50 ha hissəsi qeyri-qanuni olaraq zəbt edilmiş və cavabdeh həmin torpaq sahəsindən 11 ildir ki, qanunsuz istifadə edir. Cavabdeh həmin sahəsində qanunsuz tikililər də tikmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh torpaq sahəsindən çıxmır və onu zəbt etdiyi torpaq sahəsinə buraxmır. Cavabdeh mənə məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiyinə görə o, mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. O, məcbur qalıb 300 manat vəsait ödəməklə ekspert dəvət etməklə torpaq sahəsinə baxış keçirtdirmiş və 07 fevral 2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, “həmin ərazidə yalnız onun və mərhum atası X5 qanuni sənədləri vardır. Rəydə göstərilir ki, ona məxsus olan torpaq sahəsi X4 tərəfindən zəbt edilmişdir və faktiki olaraq istifadə edir. X1 torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Cavabdehin hərəkətləri barədə müvafiq orqanlara məlumat vermişəm. Lakin mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mübahisəni məhkəmədən kənar həll edə bilmədiklərinə görə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2012-ci ildə məskunlaşdığı İmişli rayonunun Murğuzallar kəndində icra nümayəndəliyi və bələdiyyənin iştirakı ilə həmin kəndin sakini İrəşov Xudamdan 0,4 ha həyətyanı torpaq sahəsi almış, orda ev və tövlə tikmişdir. Lakin, 10 il sonra qonşusu İddiaçı İmişli rayon məhkəməsində istifadəsində olan 0,4 ha həyətyanı torpaq sahəsinin guya ona məxsus olduğu barədə iddia qaldırmışdır. Həmin torpaq sahəsinə dair onun heç bir hüquq müəyyənedici sənədi yoxdur, lakin həmin torpaq sahəsini Xudamdan alanda bu barədə icra nümayəndəliyində akt tərtib olunmuşdur. Həmin akta əsaslanaraq hesab edir ki, mübahisə olunan torpaq sahəsi ona məxsusdur və o, Nadirin torpaq sahəsini zəbt etməmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan A136419 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli, 08 saylı qərarına əsasən İmişli rayonunun Murğuzallı kənd ərazisindən İddiaçı 1998.17 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia edir ki, Aqrar İslahat zamanı onun mülkiyyətinə 1998.17 kv.m-dən əlavə 3000 kv.m zəbt kimi həyətyanı torpaq sahəsi də verilmişdir. Belə ki, Aqrar İslahat zamanı onun ailəsi üçün ayrılan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.30 ha ayrılaraq, yəni azaldılaraq zəbt kimi həyətyanı torpaq sahəsinə əlavə olunmaqla ona verilmişdir. Hazırda onun mülkiyyətində ümumilikdə 0.50 ha həyətyanı torpaq sahəsi vardır. Lakin həmin torpaq sahəsi hazırda cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikililər inşa edildiyindən o, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və torpaq sahəsi üzərində sərəncam verə bilmir. İş materiallarında olan Aqrar İslahat Komissiyasında tərtib olunmuş 11 dekabr 1997ci il tarixli aktın surətindən görünür ki, 1997-ci ildə Aqrar İslahat gedən zaman İddiaçı həyətyanı torpaq sahəsində olan 0.30 ha zəbt ona verilən çöl pay torpağından çıxarılmışdır. İmişli Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X3 cavabdeh X2 qarşı 2(036)- 1861/2021 saylı mülki iş üzrə məhkəmə (hakim Ü.Qənbərov) tərəfindən təyin olunmuş ekspertiza üzrə "xxxx" MMC-nin 02 dekabr 2021-ci il tarixli, UNİ/D 48-1258/21 nömrəli ekspert rəyindən görünür ki, X1 faktiki istifadəsində olan torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi mövcud deyil, həmin torpaq sahəsi onun tərəfindən zəbt edilmişdir. Zəbt olunan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mübahisə predmeti olan ərazi üzrə yalnız X5 və İddiaçı hüquq müəyyənedici sənədləri mövcuddur. İşdə olan "xxxx" MMC-nin 07 fevral 2022-ci il tarixli, UNİ/F 22-085/22 nömrəli ekspert rəyində qeyd olunur ki, mülkiyyətçi İddiaçı məxsus torpaq sahəsi X4 tərəfindən zəbt edilmişdir, həmin torpaq sahəsinə dair onun heç bir hüquq müəyyənedici sənədi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, aqrar islahat zamanı İddiaçı mülkiyyətinə 1998.17 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda islahat zamanı sovxozların və kolxozların torpaqlarından onun və ailə üzvlərinin payına düşən 5.72 ha torpaq sahəsindən 0.30 ha azaldılaraq Aqrar İslahat Komissiyasının 26 avqsut 2000-ci il tarixli, 08 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 5.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və bu barədə ona JN0039 nömrəli 90713018 kodlu “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə payına düşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ayrılmış 0.30 ha torpaq sahəsi onun həyətyanı torpaq sahəsinə əlavə edilmişdir. Beləliklə, müəyyən olunur ki, hazırda İddiaçı mülkiyyətində 0.50 ha həyətyanı torpaq sahəsi mövcuddur, həmin torpaq sahəsi cavabdeh X4 tərəfindən zəbt edilmiş və özbaşına tikililər inşa edilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla heç kəs cəmiyyətin maraqları naminə öz mülkiyyətindən məhrum edilə bilməz, bunun üçün qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər mövcud olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 164.1 və 164.2-ci maddələrinə əsasən «Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır…», «Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər…». Göründüyü kimi həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan tоrpаq sаhəsinin iddiaçının mülkiyyətində olmasını, sözügedən torpaq sahəsinin cаvаbdeh X4 tərəfindən zəbt edilməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cаvаbdeh X4 zəbt etdiyi, İddiaçı оğlunun mülkiyyətində olan 0.50 ha həyətyanı tоrpаq sаhəsindən çıxarılmalı və torpaq sahəsində cаvаbdeh X4 tərəfindən inşa edilmiş özbaşına tikililər çəkilən xərclərin əvəzi ödənilmədən onun öz hesabına sökülməli və cavabdeh X2 izah edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasının 4-cü bəndinə əsasən yaşayış sahəsi ilə təmin olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cаvаbdeh X4 zəbt etdiyi, İddiaçı оğlunun mülkiyyətində olan 0.50 ha həyətyanı tоrpаq sаhəsindən çıxarılsın. Həmin torpaq sahəsində cаvаbdeh X4 tərəfindən inşa edilmiş özbaşına tikililər çəkilən xərclərin əvəzi ödənilmədən onun öz hesabına sökülsün. Cavabdeh X2 izah edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasının 4-cü bəndinə əsasən yaşayış sahəsi ilə təmin olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsinə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar