Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-967/2024 25.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şıxalıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1946-cı ildə İmişli şəhərində doğulması faktının müəyyən edilməsi, ona yeni doğum haqqında şəhadətnamə verilməsi, şəhadətnamənin ata qrafasında X7, ana qrafasında X3 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1946-cı il tarixdə İmişli şəhərində anadan olmuşdur. X2, anası isə X4 olmuşdur. Hər ikisi vəfat etmişlər. İmişli rayon Qeydiyyat şöbəsinin arxivində onun doğum haqqında akt qeydi aşkar edilməmişdir. Hazırda ondan akt qeydindən çıxarış tələb olunduğundan, o, aidiyyatı üzrə İmişli rayon qeydiyyat şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, onun doğum akt qeydi sistemdə yoxdur. Doğum şəhadətnaməi verilərkən qanuni sənədləşdirilməmişdir. Doğumunun qeyd edilməsi üçün İmişli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumun qeyd edilməsi tibbi sənədlə təsdiq olunmadığından sənədin verilməsindən imtina edilmişdir. Faktın müəyyən edilməsi hüquqi əhəmiyyət daşıyır.
3. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olur ki, Ərizəçi doğum haqqında akt qeydi nə İmişli rayon qeydiyyat şöbəsinin arxivində, nə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır.
4. Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1946cı ildə İmişli şəhərində doğulmuşdur.
5. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Ərizəçi valideyinləri X7 və X1 nikahı haqqında xx.xx.1944-cü il tarixdə 09 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Axundova soyadı verilmişdir.
6. İV-ЖГ 301542 nömrəli ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X5 xx.xx.1986-cı ildə vəfat etmişdir.
7. İİİ ЖГ 466906 nömrəli ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X7 xx.xx.1994-cü ildə vəfat etmişdir.
8. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Ərizəçi doğulması faktını müəyyən edən tibbi şəhadətnamənin olmaması nəzərə alınaraq doğumun qeyd edilməsindən imtina edilmişdir.
9. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
13. Maddə 307.2.3. Müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir.
14. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
15. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
16. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
22. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
23. Belə ki, iş materialları ilə müəyyən olur ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə İmişli şəhərində doğulmuşdur. X2, anası isə X4 olmuşdur. Ərizəçi doğum haqqında akt qeydi nə İmişli rayon qeydiyyat şöbəsinin arxivində, nə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Ərizəçi valideyinləri X7 və X1 nikahı haqqında xx.xx.1944-cü il tarixdə 09 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Axundova soyadı verilmişdir. X5 xx.xx.1986-cı ildə və X7 xx.xx.1994-cü ildə vəfat etmişdir. Ərizəçi doğulması faktını müəyyən edən tibbi şəhadətnamənin olmaması nəzərə alınaraq doğumun qeyd edilməsindən imtina edilmişdir.
24. Hazırkı mübahisənin mahiyyəti doğum qeydinin müəyyən edilməsindən ibarətdir və Ərizəçi doğum qeydinin başqa qaydada bərpası mümkün deyildir.
25. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
26. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
28. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
29. Mülki Prosessual Məcəlləsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-nin 9.1, 14.1, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
30. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.
31. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.
32. Beləliklə, məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1946-cı ildə İmişli şəhərində doğulması, X2 və anası X3 olması faktı öz təsdiqini tapmışdır.
33. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır.
34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
35. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
36. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
37. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi xx.xx.1946-cı ildə İmişli şəhərində doğulması faktı müəyyən edilməli və doğum qeydə alınarkan ata qrafasında X7, ana qrafasında X3 qeyd olunmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Ərizəçi (kişi cinsli) xx.xx.1946-cı ildə İmişli şəhərində doğulması faktı müəyyən edilsin və doğum qeydə alınarkan ata qrafasında X7, ana qrafasında X3 qeyd olunsun. Məhkəmə aktı həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev