Məhkəmə qərarları › İş №2(037)-10/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-10/2024

12.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-10/2024 12.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdeh X4 qarşı “həyətyanı torpaq sahəsinə baxan pəncərələrin bağlanması, ortaq divarın üzərində quraşdırılmış quraqlığın sökülməsi, yağış sularının həyətyanı torpaq sahəsinə axıdılmasının qarşısının alınması tələbinə dair mülki işə 12 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 mülkiyyətində olan İsmayıllı şəhəri,Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evinin arxa tərəfində yerləşən onun həyətyanı torpaq sahəsinə, yaşayış evinə tərəf baxan pəncərələrin bağlanması,ortaq divar üzərində quraşdırılmış quraqlığın sökülməsi və həyətyanı torpaq sahəsinə axıdılan yağış sularının istiqamətinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İsmayıllı şəhər XDS-nin İcraiyyə Komitəsinin 29 iyul 1988-ci il tarixli 7 nömrəli qərarı ilə İsmayıllı şəhəri,Şəhriyar küçəsi ünvanında ona yaşayış evi tikmək üçün 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir.Torpaq sahəsi ölkədə getmiş torpaq islahatı ilə əlaqədar İsmayıllı rayon AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş və JN-081F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanaraq ona verilmişdir. Sözügedən torpaq sahəsində həmin vaxtlar müvəqqəti yaşamaq üçün balaca bir ev tikmiş və hal-hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşayır. Ərizəsinə əlavə etdiyi Qeydiyyat nömrəsi İN/L-814/2017 olan Memarlıq Planlaşdırma Layihəsi ilə təsdiq edilmiş iki mərtəbəli yaşayış evi tikmişdir. Cavabdeh Rəhim Abbasov evinin qarşısında iki mərtəbəli, çox otaqlı yaşayış evi tikib və evin arxa tərəfində ikinci mərtəbədən onun həyətinə baxan çoxlu böyük ölçüdə pəncərələr qoyub ki, həmin pəncərələrdən tək evinin qarşı tərəfi yox,bütün həyətyanı sahə və hətta evin içərisi də görünür.Onun evində arvadından başqa böyük qız övladları, gəlinləri var ki, onlar demək olar ki, yayın ən qızmar vaxtında evin qarşısında çıxıb otura bilmirlər,pəncərələrin pərdələrini yana çəkə bilmirlər,ona görə ki,cavabdehin evinin onun həyətinə baxan hissəsində yerləşən pəncərələrdən yuxarıda qeyd etdiyi kimi hər yer görünür.Bu da ona böyük narahatçılıq yaradır və dəfələrlə cavabdeh olan qonşusu ilə pəncərələrin bağlanması haqqında söhbət aparmışlar. Cavabdeh pəncərələri bağlamaqdan hər vasitə ilə imtina edir,hətta onun acığına yay aylarında bütün günü pəncərələri açaraq qarşısında oturur. Bundan əlavə evin arxasında ortaq divarın üstündə bir neçə ildir quraqlıq quraşdırmışdır. Bunun üçün qanunla onun razılığı tələb olunduğu halda,ondan razılıq almamış və quraşdırdığı quraqlığın ətəyi 50 sm-dan çox onun həyətinə keçmiş və bütün axıntı suları onun həyətinə axıdılır. O,İsmayıllı RİH-nə qonşu tərəfindən pəncərələrin bağlanması,quraşdırdığı quraqlığın sökülməsi,axıntı sularının onun həyətinə axıdılmasının qarşısının alınması üçün müraciət etmişdir. İcra aparatının nümayəndələri gəlib həyətyanı sahəyə, qonşunun qoydurduğu pəncərələrə,quraqlığa baxaraq onunla razı olduqlarını,pəncərələrin bağlanmalı,quraqlığın sökülməli olduğunu bildirərək ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Yuxarıda göstərdiyi kimi və ərizəsinə əlavə etdiyi sənədlərdən, fotoşəkillərdən göründüyü kimi cavabdehin evinin onun həyətyanı sahəsinə, evinin qarşı tərəfinə baxan pəncərələri onun yaşayışına mənfi təsir göstərməklə həyatını dözülməz vəziyyətə gətirmişdir, hər hərəkəti həyətyanı sahədə,evdə elədiyi söhbət, hərəkət, evinə kimlərin gəlib-getdiyi,kimlərlə,nə söhbət etdiyi qonşu olan cavabdeh və ailəsi tərəfindən bağlanması tələb olunan pəncərələr vasitəsi ilə izlənir və həyatını dözülməz vəziyyətə gətirmişdir.Ortaq divar üzərində quraşdırdığı quraqlığın bir hissəsinin onun həyətinə keçməsi,axan suların onun həyətyanı torpaq sahəsinə axıdılması onun mülkiyyət hüququna qəsdir. Ona görə də hesab edir ki, pəncərələr bağlanmalı və quraqlıq sökülərək götürülməlidir. O, cavabdeh X3 mülkiyyətində olan İsmayıllı şəhəri,Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evinin arxa tərəfində yerləşən onun həyətyanı torpaq sahəsinə,yaşayış evinə tərəf baxan pəncərələrin bağlanması,ortaq divar üzərində quraşdırılmış quraqlığın sökülməsi və həyətyanı torpaq sahəsinə axıdılan yağış sularının istiqamətinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş,onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qızı Nümayəndə təmsil etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qızı Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, qonşusu İddiaçı onun haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hesab edir ki, iddiaçının ona qarşı olan iddia tələbi əsassızdır.Şər və böhtandan başqa bir şey deyildir. Belə ki, iddiaçının ortaq hesab etdiyi divar onun öz ərazisində şəxsi vəsaiti hesabına çəkilərək inşa edilmişdir.Divarın inşasına iddiaçı tərəfindən bir gün də olsa köməklik edilməmişdir. O, divarı ona görə tikmişdir ki,iddiaçıya məxsus həyətyanı sahə görünməsin. Hər iki tərəfdə divarı o tikmişdir. Pəncərədən harasa baxmaq onların işidir, ədəbsizlikdir. Ona xas olan əlamət deyildir. Şükürlər olsun ki, o və arvadı ibadət əhlidirlər. Əsas yaşayış yeri Bakı şəhəridir. İl ərzində hesablansa ilin üç ayı burada olur, qalan ayları isə Bakı şəhərində yaşayır. Şəhər soveti tərəfindən iddiaçıya yaşamaq üçün vaqon verilmişdir. İddiaçı həmin vaqonu setkaya yapışdırmışdır. İddiaçı vaqonu öz ərazisinə çəkmədiyindən məcbur olub hasarı öz tərəfində tikmişdir. İddiaçının mübahisələndirdiyi quraqlıq dediyi tikinti həmin hasarın üstündədir. Hətta novalçası da vurulmuşdur. Novalçanın suyunu da həyətinə çəkmişdir. Belə olduğu halda quraqlığın üstünə yağan yağış suyu iddiaçının həyətinə necə düşə bilər. Mübahisəli hasar və ev 30 il bundan öncə tikilmişdir.O,hasarı tək özü üçün tikməmişdir. Onun evinin hər tərəfində 4 ədəd pəncərə vardır.Hamısını da görünməz şüşə ilə örtmüşdür.Yəni bu tərəfdən o biri tərəf görünmür. İddiaçı bu gün yaşadığı evi 2003-cü ildə yox, bu yaxınlarda tikmişdir.İddiaçının bir qızı bu yaxınlarda İsmayıllı Rayon Su kanalizasiya idarəsinin üç nəfər işçisinin yanında həyat yoldaşı Zümrüd Abbasovanı çox pis söyüşlərlə söyüb təhqir etmiş və orada olmadığı halda o söyüşləri onun ünvanına da şamil etmişdir.2022-ci ilin yay aylarında öz həyətində tikinti işləri görmüşdür. Öz maşını ilə küçədən keçəndə gördü ki, hasarın lap dibində iddiaçı tərəfindən iki ədəd böyük turba basdırılmış və eyni zamanda qazılmışdır. O, İcra Hakimiyyətinə müraciət etmişdir.Oradan nümayəndə gəlib onlara hər şeyi izah etmişdir. Yəni hasardan aralı tikməklərini tələb etdilər.Bütün söz-söhbətlar bundan sonra başlamışdır. Evi tikəndə hər hündürlük metrəyə görə sərhədlər 30 sm uzaqlaşmalıdır. Bunu qanun belə tələb edir. Evinin pəncərələrini də onun tərəfə qoysun.Ümumiyyətlə İddiaçı onun evinə çox ziyan vurmuşdur. Belə ki,yaşadığı vaqonun üstünə şifer düzmüşdür.Şiferləri də onun evi tərəfə çıxarmışdır.Yağış suları iddiaçının evinin damından onun şiferlərinin üstünə düşmüş, oradan da onun evinin divarlarına axmışdır. Həmin divar bütün il boyu yaş su olmuşdur.Bu hal uzun illər davam etmişdir.Bu kimi hallar çox olmuşdur. O, iddiaçı ilə görüşüb aralarında olan mübahisəni həll etməyə çalışsa da,sonuncu tərəfindən aralarındakı mübahisənin həlli istiqamətində heç bir addım atılmamışdır. O,iddiaçının ortaq divar hesab etdiyi hasarın üzərində inşa edilmiş quraqlığın hissəsini söküb götürməyə hazırdır və yaxın vaxtlarda quraqlığın həmin hissəsini söküb götürəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə İsmayıllı şəhəri, Şəhriyar küçəsi ev 15 və ev 17 ünvanlarında yerləşən fərdi yaşayış evlərinə yerində baxış keçirilmiş, yerində baxış zamanı cavabdehə məxsus evin arxa hissəsindən və iddiaçıya məxsus evin qarşı tərəfindən düz şəkildə uzununa aşağı qonşunun həyətinə qədər mişar daşından hasar inşa edildiyi, cavabdehə məxsus evin qarşısında talvar (quraqlıq) inşa edildiyi,sözügedən talvarın (quraqlığın) bir hissəsinin ortaq divar hesab olunan hasarın üzərində inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, ekspert rəylərini,yerində müayinənin nəticələrini,işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, JN-081F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhər sakini İddiaçı mülkiyyətinə İsmayıllı şəhəri ərazisindən 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir.Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 15804 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş, fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin sərhəddində ortaq divar hesab olunan hasarın üzərində cavabdeh tərəfindən talvar (quraqlıq) inşa edilmişdir. İş materiallarına əlavə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2023-cü il tarixli, №10/2723 nömrəli ekspert rəyindən görünür ki, X4 məxsus fərdi yaşayış evinin İddiaçı məxsus fərdi yaşayış evinə baxan hissəsində inşa edilmiş pəncərələrin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki pasport” sənədində mövcud olduğunu və Dövlət tərəfindən qeydiyyata alındığını nəzərə alaraq həmin pəncərələrin tikinti norma və qaydalarına uyğun olduğu, X5 tərəfindən ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş talvar tikilisinin inşası zamanı isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, №3-16-16/2-10/8281 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, İsmayıllı şəhəri,Şəhriyar küçəsində yerləşən,mübahisə predmeti olan talvar (quraqlıq) tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin 1-ci bəndinin tələbinin pozulduğu müəyyən olunmuşdur. Məhkəmə ekspert rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyləri tam və əsaslandırılmış olduğundan və eyni zamanda tərəflər sözügedən rəyləri mübahisələndirmədiklərindən mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, X4 məxsus fərdi yaşayış evinin İddiaçı məxsus fərdi yaşayış evinə baxan hissəsində inşa edilmiş pəncərələrin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki pasport” sənədində mövcud olduğunu və Dövlət tərəfindən qeydiyyata alındığını nəzərə alaraq həmin pəncərələrin tikinti norma və qaydalarına uyğun olduğu,X5 tərəfindən ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş talvar tikilisinin inşası zamanı isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. Hazırda ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş mübahisəli talvar tikilisi cavabdehin istifadəsində və sahibliyindədir.İddiaçı dəfələrlə ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş mübahisəli talvar tikilisinin sökülməsi ilə bağlı cavabdehə təklif etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun,ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda,həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir.Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə giriş qapının sökülməsi və iddiaçının həyətinə açılan pəncərələrin bağlanmasının əsaslarını sübutetmə yükü iddiaçının, sözügedən torpaq sahəsinin bir hissəsinin iddiaçıdan alınmasının sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə iddianın “həyətyanı torpaq sahəsinə baxan pəncərələrin bağlanması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2023-cü il tarixli, №10/2723 nömrəli ekspert rəyində X4 məxsus fərdi yaşayış evinin İddiaçı məxsus fərdi yaşayış evinə baxan hissəsində inşa edilmiş pəncərələrin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki pasport” sənədində mövcud olduğunu və Dövlət tərəfindən qeydiyyata alındığını nəzərə alaraq həmin pəncərələrin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunmuşdur və iddiaçı bu barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli,İsmayıllı şəhəri,Şəhriyar küçəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə cavabdeh X3 mülkiyyətində olan torpaq sahəsinin sərhəddində ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş talvar (quraqlıq) cavabdeh X5 tərəfindən öz hesabına sökülməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin xahişi əsasında təyin edilmiş ekspert rəylərinin verilməsi zamanı aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat ekspert xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu barədə hər hansı tələb olmadığından iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İsmayıllı şəhəri, Şəhriyar küçəsində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə cavabdeh X3 mülkiyyətində olan torpaq sahəsinin sərhəddində ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş talvar (quraqlıq) cavabdeh X5 tərəfindən öz hesabına sökülsün. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 100 manat pul cavabdeh X2 tutulsun,Məhkəmə Ekspertizası Mərkəzi,VÖEN **********,hesab nömrəsi AZ34CTRE********************, X1, KOD 210005,VÖEN **********,müxbir hesab AZ41NABZ013601**********3944,SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar