Məhkəmə qərarları › İş №2(037)-1057/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1057/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1057/2024 02.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı icarə haqqının ödənilməsi və mağazanın qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə müraciət edərək "xxxx" MMC-yə məxsus 50 kv.metrdən ibarət 1 nömrəli mağazadan istifadə etdiyinə görə əmlakdan məhrum olduğu üçün yaranmış 18000 manat məbləğində zərərin və ödənilmiş 144 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının bank hesabına ödənilməsiavabdehlər X2, X3 və X1 müştərək qaydada 5567,36 manat əsas, 1469 manat faiz, 270,11 manat cərimə, cəmi 7306,47 manat məbləğində borcun və 93,07 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəmələrində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman,həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə,habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda sözügedən Qərarda göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bununla yanaşı Qərarda qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemi vergi məlumatlarının çıxarışıdan görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı isə AZ1012, ünvan 1usu aktivdir. İddiaçı "xxxx" MMC olmaqla hüquqi şəxsdir. Hüquqi ünvanı isə İsmayıllı şəhəri, H.Əliyev prospekti 7-dir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" MMC icarəyə yer (mağaza) verməklə məşğul olur. Belə olan təqdirdə iddiaçı eyni zamanda kommersiya fəaliyyətini həyata keçirir. Cavabdeh kommersiya təşkilatı olmaqla dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi tərəflər sahibkarlıq subyekti olmaqla yanaşı, olduqları və ya olmaq istədikləri hüquq münasibətləri (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarəyə yer (mağaza) verilməsi) məhz kommersiya fəaliyyətinın həyata keçirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə prosessual qanunvericiliyin tələbinə və yuxarıda qeyd edilən Plenum qərarına əsasən hesab edir ki, tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrini, onların hüquq münasibətlərinə başladığı zaman hüquqi şəxs kimi reyestrdə qeydiyyatda olmalarını, eyni zamanda iddia ərizəsindən tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması müəyyən edildiyindən iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya müvafiq tələblə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə müraciət etməsi tövsiyə edilməlidir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı sözügedən iddia tələbi ilə məhkəmə aidiyyəti qaydalarına riayət etməklə aidiyyəti üzrə Kommersiya Məhkəmələrinə müraciət edə bilər. İddiaçının hazırkı iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə aidiyyəti üzrə iddia ərizəsi ilə Kommersiya Məhkəmələrinə müraciət edə bilər. Bundan başqa, iddiaçı hazırkı iş üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, “X4” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsinə qanunla müəyyən olunmuş miqdarda dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etmədiyindən və aidiyyat qaydalarına riayət etmədiyindən iddia ərizəsi və olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyatı üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 150.1.2, 152.1.5, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı icarə haqqının ödənilməsi və mağazanın qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar