Məhkəmə qərarları › İş №2(037)-106/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-106/2021

17.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-106/2021 17.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon Kəlbənd bələdiyyəsinə qarşı İsmayıllı rayon Kəlbənd bələdiyyəsinə məxsus 7.31 hektar örüş torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin əraziyə çəkilmiş dəmir torun sökülməsi və mülkiyyət hüququna olan maneçiliklərin aradan qaldırılmasına dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1 (bundan sonra birinci iddiaçı), İddiaçı3 (bundan sonra ikinci iddiaçı), İddiaçı5 (bundan sonra üçüncü iddiaçı), İddiaçı7 (bundan sonra dördüncü iddiaçı), İddiaçı8 (bundan sonra beşinci iddiaçı), İddiaçı2 (bundan sonra altıncı iddiaçı), İddiaçı4 (bundan sonra yeddinci iddiaçı) və İddiaçı6 (bundan sonra səkkizinci iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) və üçüncü şəxs İsmayıllı rayon Kəlbənd bələdiyyəsi (bundan sonra üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Kəlbənd bələdiyyəsinə məxsus 7.31 hektar örüş torpaq sahəsindən cavabdehin çıxarılması, həmin əraziyə çəkilmiş dəmir torun sökülməsi və mülkiyyət hüququna olan maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci iddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Ağdərə rayonundan məcburi köçkün olaraq İsmayıllı rayon Kəlbənd kəndində məskunlaşmışdır. Cavabdehla həmkəndlidir. Cavabdeh Kəlbənd bələdiyyəsinin mülkiyyətində olan 7.31 hektar örüş otalaq sahəsini özbaşına zəbt edərək həmin ərazini çəpərləmiş və kənd sakinlərinin heyvanlarını zəbt etdiyi sahəyə daxil olmasına maneəçilik törədir. Cavabdeh örüş otlaq sahəsini özbaşına zəbt edərək həmin ərazini çəpərləməsi barədə Kəlbənd kənd sakinləri İsmayıllı Rayon İcra Hakimiyyətinə və hüquq mühafizə orqanlarına müraciət etmişlər. Kəlbənd kənd sakinlərinin müraciətləri ilə əlaqədar olaraq Kəlbənd bələdiyyəsi İsmayıllı rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur. İsmayıllı Rayon İcra Hakimiyyətində müraciətləri ilə əlaqədar qanunamüvafiq araşdırmalar aparılmamış və bütün problemlərinin tezliklə həll ediləcəyi barədə hər dəfə yalançı vədlər verilməklə aldadılmışlar. Müraciətlərinin mövzusu olan problemlərinin həlli üçün hazırkı vaxtadək heç bir addım atılmamışdır. Yaşadığı kəndin sakinləri pozulmuş hüquqlarının müdafiəsi, məmurların özbaşınalığı və cinayət tərkibli əməllərinə görə yuxarı instansiyalara müraciət etsələr də müraciətləri müxtəlif vasitələrlə susdurulmuşdur. Müraciətləri ilə bağlı olaraq problemlərinin həlli üçün müxtəlif dövlət orqanları tərəfindən heç bir tədbir görülmədiyindən məcbur qalaraq məhkəməyə müraciət etmişlər. Hesab edir ki, Kəlbənd bələdiyyəsinin mülkiyyətində olan 7.31 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsi boşaldılıb kənd sakinlərinin istifadəsinə verilməli və həmin sahənin gələcəkdə bağlanması Cavabdeh qadağan edilməlidir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci-beşinci iddiaçılar iddia tələblərini müdafiə etdiklərini bildirdilər və məhkəmə iclasında birinci iddiaçının izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Altıncı-səkkizinci iddiaçılara məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə altıncı-səkkizinci iddiaçıların iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə altıncı-səkkizinci iddiaçıların iştirakları olmadan baxılmasını qərara almışdır. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Kəlbənd kəndində yaşayır. İddiaçılar Ağdərə rayonundan məcburi köçkün olaraq yaşadığı kənddə məskunlaşmışlar. Onun istifadəsindəki İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən mübahisəli ərazi Kəlbənd bələdiyyəsinə məxsusdur və həmin ərazi örüş sahəsi olmaqla hər hansı bir şəxsə icarəyə verilməmişdir. İddiaçıların istifadələrində olan ərazidə də zəbt sahələr mövcuddur. Bələdiyyə mülkiyyətində olan örüş sahəsi son bir il ərzində istifadəsindədir. İddiaçılar isə bələdiyyə mülkiyyətində olan əraziləri iyirmi ildən artıqdır ki, zəbt ediblər. Onun istifadəsindəki örüş sahəsi İddiaçı1 istifadəsində olan ərazinin qonşuluğunda yerləşir. İstifadəsindəki sahə ilə bağlı iddiaçılar tərəfindən müxtəlif dövlət orqanlarına şikayət ərizəsi ilə müraciət olunmuşdur. İsmayıllı rayon Polis Şöbəsində mübahisəli ərazi ilə bağlı izahatı alınmışdır. İddiaçılara müraciət etdikləri orqanlar tərəfindən rəsmi olaraq cavab verilmişdir. İddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli ərazi Kəlbənd bələdiyyəsinin mülkiyyətində olmaqla, iddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli ərazi üzərində sahiblik, istifadə və mülkiyyət hüquqları yoxdur. İddiaçıların iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Üçüncü şəxs İsmayıllı rayon Kəlbənd bələdiyyəsinin nümayəndəsi X1 izahat verərək göstərdi ki, Kəlbənd bələdiyyəsinin sədri işləyir. İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən mübahisəli ərazi Kəlbənd bələdiyyəsinə məxsusdur və həmin ərazi kəndin örüş sahəsi kimi istifadə edilməklə hər hansı bir şəxsə satılmamış və icarəyə verilməmişdir. 2019-cu ildə Kəlbənd bələdiyyəsinin mülkiyyətində olan əkin sahələri icarə müqavilələri əsasında 11 ay müddətinə iddiaçıların istifadəsinə verilmişdir. 2020-ci ildə müqavilələr ləğv edildikdən sonra iddiaçılara ayrılmış sahələrə dair bələdiyyə tərəfindən yeni müqavilələr bağlanmamışdır. İddiaçı1 anası İddiaçı4 ilə birlikdə yaşadığından Kəlbənd bələdiyyəsi tərəfindən ona və anasına birlikdə 2.50 hektar torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı1 hazırda həmin torpaq sahəsindən istifadə edir və istifadəsində olan ərazidə zəbt sahəsi vardır. Digər kənd sakinləri kimi Cavabdeh da istifadəsində olan ərazidə zəbt sahəsi vardır. Cavabdeh zəbt etdiyi örüş sahəsi İddiaçı1 istifadəsində olan ərazinin qonşuluğunda yerləşir.Kəlbənd bələdiyyəsi tərəfindən zəbt edilmiş sahənin boşaldılması barədə Cavabdeh xəbərdarlıq edilmiş və həmin ərazinin Cavabdeh tərəfindən buraxılması təmin olunmuşdur. Bundan əlavə Kəlbənd bələdiyyəsi tərəfindən vətəndaşlara zəbt etdikləri sahələrin bələdiyyə mülkiyyətində olması izah olunmuş və onlara zəbt etdikləri sahələrin boşaldılması barədə xəbərdarlıq edilmişdir. Zəbt edilmiş sahələrlə bağlı Kəlbənd bələdiyyəsi tərəfindən vətəndaşlarla müqavilə bağlanmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İsmayıllı rayon Kəlbənd bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 60 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən mübahisəli ərazi Kəlbənd bələdiyyəsinə məxsusdur və həmin ərazi kəndin örüş sahəsi kimi istifadə edilməklə hər hansı bir şəxsə satılmamış və icarəyə verilməmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək və müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır. Həmin qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunan faktiki hallarından görünür ki, iddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli ərazi İsmayıllı rayon Kəlbənd bələdiyyəsinin mülkiyyətindədir və həmin ərazi üzərində iddiaçıların sahiblik, istifadə və mülkiyyət hüquqları yoxdur. İddiaçıların mübahisəli torpaq sahəsinə dair sahiblik, istifadə və mülkiyyət hüquqları olmadığından məhkəmədə baxılan iş üzrə iddia qaldırmaqla bağlı subyektiv hüquqları da yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon Kəlbənd bələdiyyəsinə qarşı İsmayıllı rayon Kəlbənd bələdiyyəsinə məxsus 7.31 hektar örüş torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin əraziyə çəkilmiş dəmir torun sökülməsi və mülkiyyət hüququna olan maneçiliklərin aradan qaldırılmasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar