Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1061/2021 29.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması və evə köçürülmə tələbinə dair mülki işə 29 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı şəhəri, B.Mirzəyev küçəsində yerləşən JN-834F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsində yerləşən, gəlin köçdüyü və cehiz əşyalarının yerləşdiyi 2-ci mərtəbəsi yaşayış üçün və istifadəyə yararlı 2 otaq, 1 zal və 1 mətbəxdən ibarət, 1-ci mərtəbəsi isə 3 otaq və 1 zaldan ibarət olmaqla yaşayış üçün hazır olmayan fərdi yaşayış evinə dair istifadə hüququnun müəyyən edilməsi və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2la 15 noyabr 2006cı il tarixdə rəsmi nikah qeyd etməklə evlənmişlər. O cavabdehlərə məxsus İsmayıllı şəhəri, B.Mirzəyev küçəsində yerləşən JN-834F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsində yerləşən, gəlin köçdüyü və cehiz əşyalarının yerləşdiyi 2-ci mərtəbəsi yaşayış üçün və istifadəyə yararlı 2 otaq, 1 zal və 1 mətbəxdən ibarət, 1-ci mərtəbəsi isə 3 otaq və 1 zaldan ibarət fərdi yaşayış evinə gəlin köçmüş, bütün cehiz əşyaları da həmin evə yığılmışdır. Cavabdeh2la birgə nikahdan iki uşaqları da mübahisəli evdə doğulmuşdur. Cavabdehlə münasibətləri pozulduğuna görə məhkəmənin 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, həmin vaxtdan övladları ilə birlikdə anasına məxsus mənzildə yaşayırlar. Belə ki, o gəlin köçdüyü həyətdə iki fərdi yaşayış evi mövcud olmuş, gəlin köçdüyü 2 mərtəbəli, 2-ci yaşayışa və istifadəyə yaralı 2 otaq, 1 zal və 1 mətbəxdən ibarət, 1-ci mərtəbəsi isə 3 otaq və 1 zaldan ibarət yaşayış üçün hazır olmayan fərdi yaşayış evinin dövlət qeydiyyatında olmadığını bildirmişlər. Bu səbəbdən də istifadə hüququna dair notarial qaydada müqavilənin bağlanması mümkün olmamışdır. Əslində isə cavabdehlər bunu ondan qəsdlə gizlədərək 10 il yaşadığı fərdi yaşayış evinə onu qeydiyyata salmamışlar. Belə ki, cavabdehlər sonradan onu qeydiyyatı olmayan digər yaşayış sahəsinə köçürmüşlər. Odur ki, məhkəmədən onun və azyaşlı uşaqlarının cavabdehlərin yaşadıqları,İsmayıllı şəhəri, B.Mirzəyev küçəsində yerləşən JN-834F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsində yerləşən, gəlin köçdüyü və cehiz əşyalarının yerləşdiyi 2-ci mərtəbəsi yaşayış üçün və istifadəyə yararlı 2 otaq, 1 zal və 1 mətbəxdən ibarət, 1-ci mərtəbəsi isə 3 otaq və 1 zaldan ibarət olmaqla yaşayış üçün hazır olmayan fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə hüquqlarının tanınması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə 15 noyabr 2006-cı il tarixdə rəsmi nikah qeyd etməklə evlənmişlər. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Toy günü iddiaçı onların yaşadıqları İsmayıllı şəhəri, B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, iddiaçıya məxsus bütün cehiz əşyaları da həmin evə yığılmışdır. Lakin 2021-ci ilin əvvəllərində evdə iddiaçı ilə aralarında narazılıq yaranmış və aralarındaki nikah pozulmuşdur. Həmin tarixdən iddiaçı valideynlərinə məxsus evdə yaşayır. Fərdi yaşayış evi atasına məxsus olmaqla, 2 otaqdan ibarətdir. Hazırda həmin evdə o valideynləri və bacısı yaşayır. Hesab edir ki, iddiaçının tələbi tamamilə əsassızdır. İddiaçını ailə üzvü kimi qəbul etmir və onun evə köçməsinə razı deyildir. Ona görə də hazırkı vəziyyətdə iddiaçının mübahisəli evə köçüb yaşamasını mümkünsüz sayır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onların gəlini olmuş, 2006-cı il tarixdə oğlu Taleylə evlənərək, ona məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahdan iki uşaqları doğulmuşdur. Fərdi yaşayış evi ona məxsus olmaqla, 2 otaqdan ibarətdir. Hazırda həmin evdə o ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı isə onun ailə üzvü deyil və o, iddiaçının ona məxsus evə köçməsinə narazıdır. Hesab edir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan İsmayıllı Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(037)- 502/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı 15 noyabr 2006-cı il tarixdə rəsmi nikah bağlanmaqla evlənmiş və 27.09.2021-ci il tarixdə nikahları pozulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh2 ilə İddiaçı birgə nikahlarından 27 sentyabr 2007-ci il təvəllüdlü Aliyə və 09 noyabr 2009-cu il təvəllüdlü Səməd adlı uşaqları doğulmuşdur. İşdə olan reyestr nömrəsi **********17-10301, inventar nömrəsi 407-1928/1267 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı ərazi idarəsi tərəfindən verilmiş, 09.10.2015-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində (hazırki ismayıllı şəhəri) 0.21 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 83.0 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh2 15 noyabr 2006-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Toy günü iddiaçı cavabdehlərin yaşadıqları İsmayıllı şəhəri, B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə aparmışdır. İddiaçı 2021-ci ilin sentyabr ayının sonlarınadək cavabdehlərlə birlikdə mübahisəli fərdi yaşayış evində yaşamışdır. İddiaçı ilə Cavabdeh2 birgə nikahdan iki uşaqları doğulmuşdur. İddiaçı 2021-ci ilin sentyabr ayında yaranmış ailədaxili narazılıq səbəbindən azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən çıxıb getmişdir. Mübahisəli fərdi yaşayış evi üzərində Cavabdeh1 adına texniki pasport tərtib edilmiş və göründüyü kimi Cavabdeh1 gözlənilən mülkiyyət hüququ mövcuddur.Yaşayış sahəsinin sahibi ilə iddiaçı arasında hər hansı bir yazılı razılaşma olmamışdır. Hazırda iddiaçı mübahisəli evə köçürülməsini tələb edir, cavabdehlər isə iddiaçının köçməsinə razılıq vermir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işdə olan sənədlərə əsasən mübahisəli fərdi yaşayış evi texniki pasport əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı ərazi idarəsi tərəfindən Cavabdeh1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2-ci hissəyə “səlahiyyətli orqanlar” sözlərindən sonra “və digər təşkilatlar” sözləri əlavə edilsin; 1.2. 2.4-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun: “2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;”. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2006cı il tarixdə gəlin köçdüyündən, 2021-ci il tarixdə mübahisəli evi tərk etdiyindən, mübahisəli fərdi yaşayış evi gözlənilən mülkiyyət hüququ ilə Cavabdeh1 adına texniki pasport tərtib edildiyindən, onlar arasında mövcud olan mülki hüquq münasibətləri 2006-cı il tarixdən yarandığından, iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin mübahisə edilməyən hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh 2006-cı il tarixdə evləndiyindən, tərəflər arasında hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Ona görə də hazırkı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə, həmçinin, mübahisənin düzgün həll edilməsi üçün iddiaçının Cavabdeh2 ailə üzvü olub-olmaması məsələsinin də müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayının və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin qanuni sahibi olan Cavabdeh1la birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin qanuni sahibinin digər ailə üzvləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Məhkəmə, həmçinin, yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasında yalnız mülkiyyətçinin keçmiş ailə üzvünün yararlanması ilə bağlı qeyd edir ki, iddiaçının əri, Cavabdeh2 mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət və ya mülkiyyətə gözlənti hüquqları olmadığından, həmçinin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh1 razılığı olmadığından, onun keçmiş ailə üzvü kimi iddiaçını mübahisəli evə köçürmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin228.1və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 texniki pasporta əsasən gözlənilən mülkiyyətində olmasına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin qanuni sahibi və mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvü olmadığına görə özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçilərlə birlikdə istifadə etmək hüququ yaranmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı mülkiyyətçinin ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına görə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmə hüququnun yaranması üçün kifayət qədər əsaslar mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının özünün və azyaşlı uşaqlarının cavabdehlərin yaşadıqları, İsmayıllı şəhəri, B.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması və evə köçürülməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1061/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1061/2021
29.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver