Məhkəmə qərarları › İş №2(037)-1076/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1076/2025

22.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1076/2025 22.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı cavabdeh Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X10rşı “fərdi əmək mübahisəsi” tələbinə dair mülki işə 22 oktyabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı “fərdi əmək mübahisəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən ona 2020-2025-ci illər ərzində istifadə edilməmiş 118 gün əmək məzuniyyətlərinə görə 2025-ci il orta aylıq əmək haqqına uyğun hesablanmaqla kompensasiya məbləğinin ödənilməsi və məhkəmə, mediasiya və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 əmək fəaliyyətini davam etdirməkdədir. Ondan asılı olmayan səbəblərdən kadr çatışmazlığı, Covid-19 pandemiyası və ikinci vətən müharibəsi ilə əlaqədar olaraq 2020-ci ildən 2025-ci ilədək əmək məzuniyyəti hüququndan istifadə edə bilməmişdir. Belə ki, 2020-ci il üzrə 38 gün, 2021-ci il üzrə 24 gün, 2022-ci il üzrə 24 gün, 2023-cü il üzrə 25 gün və 2024-cü il üzrə 7 gün olmaqla istifadə edilməmiş əmək məzuniyyəti günləri qalmışdır. İstifadə edə bilmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənişinin edilməsi barədə işlədiyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbərliyinə ünvanladığı yazılı və şifahi müraciətləri nəticəsiz qalmışdır. Bu barədə Əmək Müfəttişliyinə təqdim etdiyi şikayət ərizəsini mahiyyəti üzrə həll etməyəcəyini, qarşı tərəfin inzibati məsuliyyətə cəlb edilməklə nəticələnərək yekunlaşacağını bildikdən sonra ərizəsini geri götürmüşdür. Əmək mübahisəsini məhkəməyədək 1 X7 Təşkilatı vasitəsi ilə həllinə də təşəbbüs göstərmiş, mediasiya xərci olaraq 60 manat ödəniş etmişdir. Qarşı tərəf “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” PHŞnin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Hesab edir ki, onun qanuni və əsaslı tələbinə münasibətdə cavabdeh tərəfin hərəkətsizliyi qanuna ziddir və İsmayıllı RMX PHŞ-nin rəhbərliyi, onun konstitusion hüququndan istifadə etməməyini, vəzifəsini dürüst və layiqincə icra etdiyini düzgün qiymətləndirməli idi. Rəhbərlik qanunun tələbini icra edərək hər il onun istifadə etmədiyi məzuniyyətinə görə tələb etməyini gözləmədən vaxtı-vaxtında hər ilin sonunadək ona ödənişləri etməli idi. Bu olmadığı halda, ona etdiyi çoxsaylı yazılı və şifahi müraciətlərini nəzərə almalı idi. İşçinin yəni onun inzibati icraat qaydasında işəgötürənə İsmayıllı RMX PHŞ-nin rəhbərliyinə yazılı müraciətləri nəzərə alınmalı, digər qurumlara əmək müfəttişliyinə, mediasiya təşkilatına və məhkəməyə müraciət etməsinə zərurət yaranmamalı idi. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X16 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 mühasib işləyir. İddiaçı hazırda rayon mərkəzi xəstəxanasında əmək fəaliyyətini davam etdirir. İddiaçının 2020-ci ildən 2025-ci ilədək istifadə edilməmiş 142 gün əmək məzuniyyəti günləri qalmış və 18 gün də əlavə məzuniyyət günləri vardır. “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X17 tabe qurumdur. Xəstəxana rəhbərliyi tərəfindən iddiaçının istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi barədə Tibbi Ərazi X2nə müraciət edilmişdir. Tibbi Ərazi X2 tərəfindən iddiaçıya istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsinə razılıq verilmədiyindən rayon mərkəzi xəstəxanasının maliyyə şöbəsi tərəfindən ona kompensasiya verilməmişdir. Tibbi Ərazi X2 tərəfindən iddiaçıya istifadə etmədiyi əmək məzuniyyəti günlərindən istifadə etməsinə şərait yaradılması bildirilmişdir. Əmək məzuniyyətindən istifadə edilməsi və ya istifadə edilməməsi barədə işçi tərəfindən əvvəlcədən işəgötürənə rəsmi ərizə ilə müraciət edilməlidir. İşçi əmək məzuniyyətindən hər il istifadə etməlidir. Əgər əmək məzuniyyəti növbəti ilə keçirilirsə, bu tərəflərin qarşılıqlı razılığı ilə olur. Beynəlxalq konvensiyalara görə işçiyə istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə işlədiyi müəssisədə əmək fəaliyyətini davam etdirdiyi halda kompensasiya verilə bilməz. Kompensasiya ancaq işçi işlədiyi müəssisədən işdən çıxarkən son haqq hesabla birlikdə verilə bilər. Beynəlxalq konvensiyaların müddəaları əmək qanunvericiliyinin müddəalarından üstün hüquqi qüvvəyə malik olduğundan hesab edir ki, hazırkı iddia tələbinə beynəlxalq konvensiyaların müddəaları əsas götürülməklə hüquqi qiymət verilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən “Tibbi Ərazi X2” X15 ünvanlanmış 6 fevral 2025-ci il tarixli, 18-1-47/2-107/2025 saylı əmək məzuniyyətinə görə əmək haqqının ödənilməsi barədə müraciət məktubundan görünür ki, TTTY şöbəsinin müdiri İddiaçı 2020-ci ildə COVİD-19 pandemiyası olduğuna görə öz razılığı ilə məzuniyyət hüququndan istifadə etməmişdir. 2021-ci ildə 16 gün, 2022-ci ildə 17 gün, 2023-cü ildə 15 gün, 2024-cü ildə 34 gün olmaqla, 82 gün əmək məzuniyyətindən istifadə edib və hazırda cəmi 72 gün istifadə etmədiyi əsas əmək məzuniyyəti günləri var. İddiaçı bu illər ərzində məzuniyyətə çıxması ilə bağlı heç bir məhdudiyyət olmamışdır. İddiaçı istifadə etmədiyi məzuniyyət günləri üçün əmək məzuniyyətinə çıxması dəfələrlə təklif olunsa da, pul əvəzi kimi kompensasiyanın ödənilməsi tələbi ilə Əmək müfəttişliyinə müraciət etmişdir. Əmək müfəttişliyi İddiaçı kompensasiyanın ödənilməsini tələb edir. Qeyd olunan məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. “Tibbi Ərazi X2” X17 tərəfindən verilmiş 6 mart 2025-ci il tarixli, 18-1/2-1867/2025 saylı istifadə edilməmiş məzuniyyət barədə müraciətə cavab məktubundan görünür ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı istifadə edilməmiş əmək məzuniyyətləri üzrə məzuniyyətə çıxması üçün şərait yaradılması tövsiyyə edilmişdir. Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 3 oktyabr 2025-ci il tarixli, 18-1-47/2-1193/2025 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən İvanovka kənd xəstəxanasına həkim-pediatr vəzifəsinə, xx.xx.2020-ci il tarixdən xəstəxananın "Tibbi Ərazi X2" PHŞ-in tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq ştat cədvəlində edilmiş dəyişikliyə əsasən "X5 Yardım Şöbəsi" nin söbə müdiri vəzifəsinə təyin olunmuşdur. İddiaçı 2020-2024-cü illər ərzində ərizə ilə müraciət edərək əmək məzuniyyətindən hissə-hissə aşağıdakı sıralama ilə istifadə etmişdir: - xx.xx.2025-ci il 18-1-47/3-1-286/2025 saylı əmrlə xx.xx.2020-xx.xx.2020-ci iş ili hesabına xx.xx.2025 - xx.xx.2025-ci il tarixədək 15 təqvim günü, qalıq 6 işin ağırlığına görə, 2 gün əmək stajına görə olmaqla 25 təqvim günü, - xx.xx.2021-ci il 1281 saylı əmrlə 2020-2021-ci iş ili hesabına xx.xx.2021xx.xx.2021-ci il tarixədək 16 təqvim günü -cəmi 16 təqvim günü, qalıq 14 əsas, 6 işin agırlığına görə, 2 gün əmək stajına görə olmaqla təqvim günü olmaqla 22 gün, - xx.xx.2022-ci il K-610 saylı əmrlə 2021-2022-ci iş ili hesabına xx.xx.2022xx.xx.2022-ci il tarixədək 11 təqvim günü, xx.xx.2022-ci il K-1542 saylı əmrlə 2021-2022-ci iş ili hesabına xx.xx.2022-xx.xx.2022-ci il tarixədək 6 təqvim günü –cəmi 17 təqvim günü, qalıq-13 əsas, 6 işin ağırlığına görə, 2 gün əmək stajına görə olmaqla təqvim günü olmaqla cəmi 21 gün, - xx.xx.2024-cü il 18-1-47/3-1-1172/2024 saylı əmrlə 2023-2024-cü iş ili hesabına xx.xx.2024-xx.xx.2024-cü il tarixədək 5 təqvim günü, xx.xx.2024-cü il 18-1-47/3-1- 1505/2024 saylı əmrlə 2023-2024-cü iş ili hesabına xx.xx.2024-xx.xx.2024-cü il tarixədək 6 təqvim günü-cəmi 11 təqvim günü, qalıq 19 əsas, 6 işin ağırlığına görə, 4 gün əmək stajına görə olmaqla təqvim günü olmaqla 29 gün, - xx.xx.2025-ci il 18-1-47/3-1-983/2025 saylı əmrlə 2024-2025-ci iş ili hesabına xx.xx.2025-xx.xx.2025-ci il tarixədək 17 təqvim günü, qalıq-19, 13 əsas, 6 işin ağırlığına görə, 4 gün əmək stajına görə olmaqla 23 təqvim günü. 2022-2023 iş ili dövrü üçün məzuniyyət ərizəsi təqdim etməmiş və əmək məzuniyyətindən istifadə etməmişdir ki, 30 əsas, 6 işin ağırlığına görə, 4 gün əmək stajına görə olmaqla, cəmi 40 təqvim günü, cəmi istifadə edilməmiş əmək məzuniyyəti günləri 160 təqvim günü təşkil edir. İstifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın hesablanması əvvəlki 12 ayın gəlirləri əsasında hesablandığı üçün konkret məbləğin göstərilməsi mümkün deyildir. Hal-hazırda hesablanan əmək haqqı məbləği ilə 160 gün üçün təqribi məbləğ 10552.63 manat təşkil edir. (2005/30.4x160) Qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı istənilən ildə öz arzusuna və yazılı ərizələrinə əsasən tələb etdiyi müddət üçün il ərzində bir və ya bir neçə dəfə əmək məzuniyyətindən istifadə edib və işəgötürən tərəfindən onun məzuniyyətə çıxmasına heç bir məhdudiyyət yaradılması ümumiyyətlə, xəstəxanada istənilən işçinin məzuniyyətə çıxmasına nəinki çətinlik yaradılır, əksinə, daima işçilərin məzuniyyətə çıxmasının vacibliyi qeyd edilir və bununla bağlı mümkün olan bütün köməklik göstərilir. Məlumat üçün onu da bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə və Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən əmək məzuniyyəti işçinin sağlamlığının qorunması, əmək qabiliyyətinin bərpası və istirahət hüququnun təmin olunması məqsədilə verilir, bu hüququn mahiyyəti işçinin faktiki istirahətindən istifadə olunmasıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı 132 nömrəli "Ödənişli məzuniyyətlər haqqında” X8 Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndinə əsasən bir il işləməyə görə işçiyə məzuniyyət heç bir halda 3 iş həftəsindən az ola bilməz. Həmin Konvensiyanın 12-ci maddəsində həmçinin göstərilir ki, bu minimum illik məzuniyyət hüququnun pul ilə əvəz olunması və ya ondan imtina edilməsi barədə müqavilələr etibarsız sayılır və qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə 03 mart 2006-cı ildə edilən dəyişiklikdən sonra istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məhdud hallarda, əsasən əmək münasibətlərinə xitam verilərkən nəzərdə tutulur. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 135-ci maddənin 2-ci bəndində göstərildiyi kimi, məzuniyyətin verilməməsi nəticəsində kompensasiyanın ödənilməsi halı işçinin yazılı ərizəsinə əsasən verilmiş yazılı inkar cavabından sonra tərəflər arasında akt, protokol, müqaviləyə əlavə və ya başqa sənədlə razılaşmanı özündə ehtiva edən sənədlər tərtib və imza edildikdən sonra həyata keçirilə bilər. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı istənilən dövrdə əmək məzuniyyətindən istifadə edib və buna görə də həmin sənədlərin tərtib edilməsinə heç bir ehtiyac qalmayıb. Onu da qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən məzuniyyətdən istifadə etməməsinə dair əsaslandırılmış yazılı müraciət və eləcə də işəgötürən tərəfindən məzuniyyətə çıxışa mane olan məlumatlar təqdim edilməyib. Məlumat üçün onu da bildirirlər ki, "icbari Tibbi Sığorta” Dövlət agentliyinin səhm paketi 100% dövlətə məxsusdur və bütün maliyyələşmələr hər bir il üçün əvvəlcədən müəyyən olunmuş xərclər smetasında nəzərdə tutularaq Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır. Həmçinin bu vəsaitlərdən istifadə olunması üçün təsdiqedici sənədlər təqdim olunmalıdır ki, yuxarıda qeyd edildiyi kimi, məzuniyyətdan istifadə olunmaması nəticəsində kompensasiyanın verilməsi sənədlərlə rəsmiləşdirilməyib. Qeyd edilən məsələ ilə bağlı "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ünvanladığı 06 mart 2025-ci il tarixli 18-1/21867/2025 saylı məktubu ilə də İddiaçı istifadə etmədiyi əmək məzuniyyətləri üzrə məzuniyyətə çıxması tövsiyyə olunmuşdur. X6 1 X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞ/İMT0xx/xx-00143 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İsmayıllı 1 X9 tərəfindən İddiaçı əmək münasibətlərindən irəli gələn mübahisə hesablanmış 118 gün olan əmək məzuniyyətinin ödənişinin tələbi ilə bağlı xx.xx.2025-ci il tarixə mediasiya sessiyası təşkil edilmiş, İddiaçı və “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15 mediasiya sessiyasında iştirak etmələri üçün məlumat verilmiş, “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X16 nümayəndəsi mediasiya sessiyasında iştirak etmədiyi üçün İsmayıllı 1 X9 tərəfindən xx.xx.2025-ci il tarixli, MŞ/İMT0xx/xx-00143 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. xx.xx.2025-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən İsmayıllı 1 X3 hesabına 60 manat vəsait ödənilmişdir. Tətbiq edilən qanunvericilik aktları və normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 4-1. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 3. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsiplərini müəyyən edir. Maddə 135. (1-ci hissə) Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. (2-ci hissə) İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 154. (1-ci hissə). Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik vəya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 110. (1-ci hissə) İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 113 (1-ci hissə) Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Maddə 113. (3-cü hissə) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Maddə 140. (2-ci hissə) Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. (2-ci hissə) 12 təqvim ayından az işləyib məzuniyyətə çıxain işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 294. (5-ci hissə) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi İstinad edilən hüquq normalarının təhlilinə əsasən məhkəmənin mövqeyi: Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, məhkəmədə irəli sürülən hər bir tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olub-olmadığı araşdırılmalıdır. Belə ki, iş materiallarından (verilmiş müvafiq sorğulardan) görünür ki, iddiaçının 2020-2024-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyəti günləri qalmışdır. O, mübahisə ilə bağlı cavabdehə mediasiya təklifi göndərmiş, lakin cavabdeh tərəfindən təklifə müsbət cavab verilməmiş və nəticədə tərəflər arasında barışıq əldə olunmamışdır. Məhkəmə iddiaçının irəli sürdüyü tələblə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Yəni sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına (baş verib-vermədiyinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Belə ki, hazırki tələbə münasibətdə iddiaçının həm ərizəsində, həm də məhkəmə iclasında verdiyi ifadələrinə əsasən “COVİD -19” pandemiyası və ikinci Qarabağ müharibəsi şəraiti ilə əlaqədar olaraq təxirə salınmadan əmək fəaliyyəti ilə məşğul olduğu üçün məzuniyyət hüququndan tam şəkildə istifadə etməmişdir. Məhz buna görə bir neçə dəfə xəstəxana rəhbərliyinə müraciət etsə də, xəstəxana tərəfindən sözügedən şərait əsas göstərilməklə iddiaçıya istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə kompensasiya hüququndan istifadə etməsinə şərait yaradılmamışdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçının tələbinə münasibətdə cavabdehin arqumenti ondan ibarət olmuşdur ki, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə görə məzuniyyətin verilməməsi nəticəsində kompensasiyanın ödənilməsi halı işçinin yazılı ərizəsinə əsasən verilmiş yazılı inkar cavabından sonra tərəflər arasında akt, protokol, müqaviləyə əlavə və ya başqa sənədlə razılaşmanı özündə ehtiva edən sənədlər tərtib edilib imza edildikdən sonra həyata keçirilə bilər. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.1-ci madddəsinə müvafiq olaraq normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Hər hansı normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir. Lakin məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 135-ci maddəsində təsbit edilmiş normadakı hər bir söz kifayət qədər aydın ifadə olunmuşdur və həmin normaya izah verilməsi tələb olunmur. Lakin cavabdeh tərəf sanki bu normaya izah vermiş və bunu edərkən də normanın mənasını öz mövqeyinə uyğunlaşdırmışdır. Yəni başqa sözlə cavabdeh öz mövqeyinin doğruluğunu izah edərkən qanunun bu normasına şərh vermişdir. Eyni zamanda məhkəmə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi halının işçinin yazılı ərizəsinə əsasən verilmiş yazılı inkar cavabından sonra tərəflər arasında akt, protokol, müqaviləyə əlavə və digər sənədlərlə razılaşmanı özündə ehtiva etməsinin hüquqi əsasını təsbit etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının əvəzinin verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. M.Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Mülki mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2020ci il tarixdən hazırki dövrədək əmək münasibətləri davam edir. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Beləliklə məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normaları baxımından hesab edir ki, cavabdehin hərəkətləri əmək münasibətləri ilə bağlı öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Nəticə olaraq məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən İddiaçı 2020-2024-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının əvəzi ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan ödənilməli olan 100 manat dövlət rüsumu məbləğinin 50 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, ödənilmiş 50 manat mediasiya xərci isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən İddiaçı 2020-2024-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının əvəzi ödənilsin. Cavabdeh Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X12 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh Tibbi Ərazi X2 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X12 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar