Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1169/2024 18.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 18 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin İsmayıllı rayon İstehsal-İstehlak Kooperativindən aralarında 23 aprel 2010-cu ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satın aldığı, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasından çıxarılması və onun həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansında olan, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, balans dəyəri 3200 manat olan, qalıq dəyəri olmayan ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasının binasını mövcud dəyərini ödəməklə 23 aprel 2010-cu il tarixdə satın almışdır. Cavabdeh isə mağaza binasının giriş qapısını qıfıllayaraq açarı özündə saxlamaqla ona vermir və onun istifadə hüququna maneçilik törədir. Dəfələrlə cavabdehdən məsələnin öz aralarında sülh yolu iləhəll olunmasını təklif etsə də cavabdeh heç bir razılıöa gəlmir və onun qanuni sahiblik və istifadə hüququnu pozmaqda davam edir. Cavabdehin İsmayıllı rayon İstehsal- İstehlak Kooperativindən aralarında 23 aprel 2010-cu ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satın aldığı, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasından çıxarılması və onun həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2006-cı ildə mübahisəli qarışıq mallar mağazasının binasının qapısını və pilləkənini düzəltdirmişdir. Onun həmin mağazaya çəkdiyi xərclər var. İddiaçı həmin xərcləri qarşılayarsa öz aralarında bu məsələni həll edə bilərlər. Hal-hazırda sözügedən qarışıq mallar mağazasının binası heç kimin balansında deyil. Onun həmin yerə heç bir sənədi yoxdur. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Üçüncü şəxsin nümayəndəsi Marifə Ağayeva izahat verərək göstərdi ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, bazar meydanı adlanan ərazidə 8 mağaza tikilmişdir. Keçmiş zamanda işləyən şəxslərin varisləri həmin mağazaların özəlləşdirilməsi üçün müraciət edirlər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alğı-satqı müqaviləsindən görünür ki, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi tərəfindən İsmayıllı rayonu Basqal kəndində yerləşən qarışıq mallar mağazası İddiaçı satılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-Ö-0005-8/2023 nömrəli məktubun surətindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi mağaza binasını öz adına qeydiyyata aldıqdan sonra alğı-satqı müqaviləsi bağlana bilər. Bu səbəbdən İsmayıllı rayon Basqal qsəbəsində yerləşən mağaza binasını qeydiyyata almaq mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5734/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, X1 tərəfindən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi mağaza binasınının özgəninkiləşdirilməsi, eyni zamanda həmin qeyri-yaşayış binasında hər hansı araşdırma işlərinin aparılıb-aparılmaması barədə məlumat aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində qeyd olunan Basqal qəsəbəsində yerləşən “Qarışıq mallar mağazası” adı ilə mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəblə həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alğı-satqı müqaviləsinə əsasən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi tərəfindən İsmayıllı rayonu Basqal kəndində yerləşən qarışıq mallar mağazası İddiaçı satılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-Ö- 0005-8/2023 nömrəli məktubda qeyd edilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi mağaza binasını öz adına qeydiyyata aldıqdan sonra alğı-satqı müqaviləsi bağlana bilər. Bu səbəbdən İsmayıllı rayon Basqal qsəbəsində yerləşən mağaza binasını qeydiyyata almaq mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 21 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5734/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, X1 tərəfindən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi mağaza binasınının özgəninkiləşdirilməsi, eyni zamanda həmin qeyri-yaşayış binasında hər hansı araşdırma işlərinin aparılıb-aparılmaması barədə məlumat aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində qeyd olunan Basqal qəsəbəsində yerləşən “Qarışıq mallar mağazası” adı ilə mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəblə həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur. İddiaçı cavabdehin İsmayıllı rayon İstehsal-İstehlak Kooperativindən aralarında 23 aprel 2010-cu ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satın aldığı, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasından çıxarılması və onun həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Üçüncü şəxsin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki tələb ilə bağlı iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni iddiaçının əşya hüquqlarının mövcudluğu, sahiblik hüququnun pozulması nəticəsində tələb hüququnun yaranması, qeyd edilən hallar nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq subyektiv hüququn qüvvədə olma müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın hazırki vəziyyətdə qanuni həll edilməsini, yəni iddianın predmeti olan, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qarışıq mallar mağazasının kimin balansında olub-olmaması məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubu ilə müəyyən edilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində qeyd olunan Basqal qəsəbəsində yerləşən “Qarışıq mallar mağazası” adı ilə mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəblə həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur. Məhkəm hesab edir ki, mübahisə predmeti olan mağazaya dair hüquqmüəyyənedici sənəd və həmin mağazanın özəlləşdirilməsi ilə bağlı mülkiyyətçi ilə alıcı arasında notarial qaydada alğı-satqı müqaviləsi olmalıdır. Hazırda sözügedən mağazanın mülkiyyət mənsubiyyəti müəyyən edilmədiyindən, həmin daşınmaz əmlakla bağlı hüquqların pozulmasını tələb etməkdə hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddia tələbi təmin edilmədiyindən və iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1169/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1169/2024
18.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver