Məhkəmə qərarları › İş №2(037)-1209/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1209/2023

13.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1209/2023 13.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair mülki işə 13 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və həmin torpaqdan iddiaçının maneəsiz istifadə etməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022 ci il tarixli 2-1(116)-148/2022 saylı qərarı ilə onun “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1999 cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində ona məxsus 0,39 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Məhkəmə qətnaməsinə müvafiq olaraq ona “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən ********** qeydiyyat nömrəli 12 iyun 2023 cü il tarixli çıxarış verilmişdir. Çıxarışdan görünür ki, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. İsmayıllı rayonu Aqrar İslahat Komissiyası tərəfindən 1999-cu ildə mübahisəsi olunan torpaq sahəsi ona verildiyi vaxtdan hazıra kimi, iş üzrə cavabdeh olan, qardaşı Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə hər cürə mane olur, torpaq sahəsinə daxil olmasına və oranı əkib becərməsinə imkan vermir. Hətta aralarında olan münasibətlər o həddə çatmışdır ki, cavabdeh onu öldürəcəyi, amma torpaq sahəsinə buraxmayacağını qətiyyətlə bildirir. O, cavabdehin bu hərəkətləri barədə dəfələrlə şifahi polis orqanlarına müraciət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin ona qarşı qeyri-qanuni hərəkətləri barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmiş və həmin təşkilatdan ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, müraciəti həmin təşkilatın səlahiyyəti xaricindədir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun qardaşıdır. 1989-1990-cu illərdə ata yurdundan çıxıb ayrıca torpaq sahəsi götürmüş və orada ev tikmişdir. Həmin torpaq sahəsini kol-kosdan təmizləyərək bağ salmışdır. Bundan sonra ona 0,76 hektar torpaq sahəsinin zəbt olduğu yazılmış və o da iddiaçı ilə məsləhət edərək zəbt olan torpaq sahəsini sonuncunun adına keçirtmişdir. O, torpağını və zəhmətini tələb edir. Torpaq onundur və iddiaçıya torpaq verməyəcəkdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, iddiaçı və cavabdeh onun qardaşlarıdır. Aralarında düşmənçilik münasibəti yoxdur. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçınınıdır. Cavabdeh iddiaçının torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. X2 ifadə verərək göstərdi ki, iddiaçı və cavabdeh onun qardaşlarıdır. Aralarında düşmənçilik münasibəti yoxdur. Mübahisə predmeti olan torpaq sahəsi 1990-cı ildə dörd yerə bölünərək ayrılmışdır. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçınınıdır. Cavabdeh iddiaçının torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərarının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1999 cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində İddiaçı məxsus 0,39 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 09 iyun 2023-cü il tarixli BN №170230 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətlərindən görünür ki, İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 0,39 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 21 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-F-0010 nömrəli məktubun surətindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətdə olan əmlakla bağlı maneələrə son qoyulması tələbi barədə ərizəsinə baxılmış və həmin təşkilatın səlahiyyətləri daxilində olmadığı İddiaçı bildirilmişdir. 03 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərarına əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1999 cu il tarixli qərarı ilə İsmayıllı rayonu Diyallı kəndində İddiaçı məxsus 0,39 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 09 iyun 2023-cü il tarixli BN №170230 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 0,39 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılması və həmin torpaqdan iddiaçının maneəsiz istifadə etməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və həmin torpaqdan iddiaçının maneəsiz istifadə etməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 12 iyun 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 hektar torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın və həmin torpaqdan İddiaçı maneəsiz istifadə etməsinə şərait yaradılsın. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının öznə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar