Məhkəmə qərarları › İş №2(037)-1315/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1315/2025

04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1315/2025 04.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 Kərim oğlu və Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin və mirasın qəbul olunması faktlarının müəyyən olunması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 19 avqust 2017-ci il tarixdə vəfat etmiş X12 və 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş X13 onun doğma bibiləri olması və onlardan, eyni zamanda bibisi X12 oğlu 26 avqust 2024-cü il tarixdə vəfat etmiş X23 qalan mirasın onun tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Quşencə kənd sakini olmuş bibiləri X24 19 avqust 2017-ci il tarixdə və X25 07 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bibisi X5 adlı bir oğlu olmuş, Vaqif ailə qurmamış, xəstə olmuş və 26 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Bibilərinin iki qardaşı - ərizəçinin X21 və əmisi Maraqlı şəxs6 Kərim oğlu olmuşdur. X21 28 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Miras qoyan bibilərinin qardaşı olan əmisi Maraqlı şəxs6 Kərim oğlu sağdır, lakin o, bibilərindən və bibisi oğlu Vaqifdən qalan mirasdan onun xeyrinə imtina etmişdir. X4 və X18, habelə X43 vəfat etdikləri günədək onlara baxmış, qayğılarını çəkmiş, vəfatlarından sonra dəfn xərclərini bütünlüklə ödəmiş, bibilərindən qalan miras evdə yaşamaqla və torpaq sahələrindən istifadə etməklə mirası qoruyub saxlamışdır. Bibilərinin doğum akt qeydi olmadığından bibilərilə atasının qardaş-bacı olmalarını və miras qoyanların onun bibiləri olmasını müəyyən etmək, habelə bibisindən qalan mirasın rəsmiləşdirilməsi mümkün olmur. İsmayıllı rayon notariat ofisi bibilərilə ərizəçi arasında qohumluq münasibətini müəyyən edə bilmədiyinə görə habelə mirasın yalnız onun tərəfindən qəbul edilməsinə dair sübutların olmaması və mirasın qəbuluna görə qanunla nəzərdə tutulan müddətin ötməsi əsas gətirilərək bibilərindən qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Bu hüquqi əhəmiyyətli faktların məhkəməyədək və məhkəmədən kənar təsdiqi mümkün deyildir. Həmin faktlar məhkəmə qaydasında təsdiq edilməlidir. Ərizəçi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, miras qalan həyətyanı torpaq sahəsinə dair şəhadətnamədə miras qoyan X3, ad və ata adı texniki səhv olaraq kişi cinsində, yəni X6 yazılmışdır. Eyni zamanda həmin şəhadətnamədə və dövlət aktında X14 adı da texniki səhv olaraq “Surayya” əvəzinə “Surayı” və “Suraya” kimi yazılmışdır. Ona görə də 19 avqust 2017-ci il tarixdə vəfat etmiş X12 və 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş X13 onun doğma bibilərinin olması, JN-0463 Kod 40717005 nömrəli dövlət aktının X24, X26 və X43, JN- 041A Kod 40717018 nömrəli şəhadətnamənin X24 və X19 məxsus olması, İsmayıllı rayon Quşencə kəndində yerləşən JN-0463 Kod 40717005 nömrəli Dövlət Aktı üzrə X24, X26 və bibisi oğlu X36 birgə mülkiyyətlərində olan 1,29 ha kənd təsərrüfatı təyinatlı, JN-041A Kod 40717018 nömrəli şəhadətnamə üzrə X24 və X14 birgə mülkiyyətlərində olan 0,15 ha həyətyanı torpaq sahələrinin və həmin həyətyanı torpaq sahəsində invertar nömrəsi 403 olan fərdi yaşayış evinin texniki pasportu üzrə ümumi sahəsi 24,8 kv.metr olan bir mərtəbəli bir otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, müvafiq sənədləri əldə edə bilmədiyindən bibiləri X24, X26 və bibisi oğlu X23 miras qalan əmlaklara dair sənəd ala bilmir. O həmin şəxslərlə birlikdə yaşamışdır. Evin kommunal xərclərini və torpaq vergisini ödəmişdir. Vərəsələr mirasdan onun xeyrinə imtina etmiş, mübahisə edən vərəsə yoxdur. Ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs2 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Mirasqoyanlar onun bibiləri, Vaqif isə bibisi oğludur. Ərizəçi olan bacısı onlara baxaraq qulluq göstərmişdir. Mirası qəbul edərək idarə edir. Miras əmlaklarla bağlı heç bir tələbi yoxdur. Maraqlı şəxs4 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Miras əmlaklardan heç bir pay tələb etmir. Miras əmlakların bacısına qalmasına etirazı yoxdur. Digər maraqlı tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə işə maraqlı tərəflərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. X17 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ailəni yaxından tanıyır. Durasan, Surayya və onun oğlu Vaqifə bütün qulluqları ərizəçi göstərib. Vəfat etdikdən sonra hüzur mərasimlərinin və mərhumların qəbir daşının xərclərini ərizəçi çəkmiş, torpaq vergisini, kommunal ödənişlərini etmişdir. Miras əmlakları ərizəçi qəbul edərək idarə edir. Miras əmlaklarla bağlı mübahisə yoxdur. X2 ifadə verərək göstərdi ki, ərizəçi ilə qonşuluqda yaşayır. Ata tərəfdən qohumluqları da vardır. Durasanın Əli adlı qardaşı sağdır. Miras qalan evdə ərizəçi yaşayır. Vergiləri o ödəyir. Miras əmlaklarla bağlı vərəsələr arasında mübahisə yoxdur. Ərizəçinin miras əmlakları faktiki qəbul etdiyini təsdiq edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İİİ- ЖГ seriyalı 358159 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxxx 1975-ci il tarixdə doğulmuş, valideynləri X54 və X8r. - İ-ЖГ seriyalı 452970 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X54 10 mart 1939-cu il tarixdə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, valideynləri X55 və X22r. - İİİ-ЖГ seriyalı 252295 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X53 29 iyun 1958-ci il tarixdə İsmayıllı rayonun Tubukənd kəndində anadan olmuş, ana adı X27 qeyd edilmiş, ata qrafası isə boş saxlanılmışdır. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 903365 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 03 fevral 1986-cı il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 862546 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 19 avqust 2017-ci il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 111991 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X54 28 avqust 2020-ci il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 140578 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 07 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 454776 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X53 26 avqust 2024-cü il tarixdə vəfat etmişdir. - Texniki pasportun surətindən görünür ki, 1988-ci ilin iyun ayında İsmayıllı rayonun Quşencə kəndində 0,15 ha həyətyanı torpaq sahəsi üzərində yaşayış sahəsi 24,8 kv.m olan bir mərtəbəli bir otaqlı fərdi yaşayış evi barədə X12 adına müvafiq sənəd hazırlanmışdır. - JN-0463 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 mart 2003-cü il tarixli 02 nömrəli qərarı ilə X24, X26 və X36 birgə mülkiyyətlərinə verilmiş 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barədə tərtib olunmuş dövlət aktında mülkiyyətçi X1 Abuşova, X14 adı Surayə kimi qeyd olunmuşdur. - JN-041A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 64 nömrəli qərarı ilə X24 və X14 birgə mülkiyyətlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi barədə tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi X3, ad və ata adı X35, mülkiyyətçi X14 adı Surayı kimi qeyd olunmuşdur. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli 06 nömrəli arayışdan görünür ki, xx.xx.1930-cı ildə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş X12 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1948- 1960-cı il bərpa aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar olunmamışdır. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli 3-16- 5/8-13/250/2025 nömrəli məktubdan görünür ki, X12 bacı və qardaşları, onların övladları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış heç bir məlumat aşkar edilməmişdir. (Arxiv məlumatları 1949-cu ildən saxlanılır.) -İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 noyabr 2025-ci il tarixli 3-16- 5/8-13-427/2025 nömrəli məktubdan görünür ki, 1949-cu ildən saxlanılan arxiv məlumatlarına əsasən 1934-cü ildə anadan olmuş X14 doğumu haqqında 1949-1960-cı illər bərpa akt qeydləri və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, heç bir məlumat aşkar edilməmişdir. - İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli 894 nömrəli məktubdan görünür ki, ərizəçi 19 avqust 2017-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq mərhum X12 ərizəçinin atasının bacısı olmasını təsdiq edən sənədlərin olmaması, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məsələ ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müracət etməsi tövsiyyə olunmuşdur. - İsmayıllı rayon İHB-nın Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2025-ci il tarixli 5-54-25(2-59)2025 nömrəli məktubdan görünür ki, 19 avqust 2017-ci il tarixində vəfat etmiş X12 ailə üzvləri, bacı və qardaşları, onların övladları barədə məlumatlar aşağıdakı kimidir:

1. özü-X24 xx.xx.1930-cu il tarixdə anadan olub, xx.xx.2017-ci ildə vəfat edib.

2. bacısı-X28 xx.xx.1934-cü il tarixdə anadan olub, xx.xx.2020-ci ildə vəfat edib.

3. oğlu-X53 xx.xx.1957-ci il tarixdə anadan olub, xx.xx.2024-cü ildə vəfat edib.

4. qardaşı-Maraqlı şəxs6 Kərim oğlu xx.xx.1940-cı il tarixdə anadan olub.

5. qardaşı qızı-X50 xx.xx.1974-cü il tarixdə anadan olub.

6. qardaşı oğlu-X56 xx.xx.1969-cu il tarixdə anadan olub.

7. qardaşı oğlu-X67 xx.xx.1965-ci il tarixdə anadan olub, xx.xx.2023-cü ildə vəfat edib.

8. qardaşı qızı-X29 xx.xx.1967-ci il tarixdə anadan olub.

9. qardaşı qızı-X38 xx.xx.1971-ci il tarixdə anadan olub.

10. qardaşı qızı-X30 xx.xx.1975-ci il tarixdə anadan olub.

11. qardaşı qızı- X44 xx.xx.1978-ci il tarixdə anadan olub.

12. qardaşı-X54 xx.xx.1939-cu il tarixdə təvəllüdlüdür, xx.xx.2020-ci ildə vəfat edib.

13. qardaşı qızı-Maraqlı şəxs3 Əli qızı xx.xx.1964-cü il tarixdə anadan olub.

14. qardaşı qızı-Maraqlı şəxs4 xx.xx.1969-cu il tarixdə anadan olub.

15. qardaşı qızı-Maraqlı şəxs5 xx.xx.1973-cü il tarixdə anadan olub.

16. qardaşı oğlu-Maraqlı şəxs2 xx.xx.1966-cı il tarixdə anadan olub.

17. qardaşı qızı-Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olub. - İsmayıllı RİH başçısının Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli 278 nömrəli arayışdan görünür ki, 26 avqust 2024-cü ildə vəfat etmiş İsmayıllı rayonu Quşencə kəndində yaşamış mərhum X53 vəfat edərkən aşağıdakə vərəsələri qalmışdır:

1. dayısı-Maraqlı şəxs6 Kərim oğlu xx.xx.1940-cı il təvəllüdlüdür, sağdır.

2. dayısı-X54 xx.xx.2020-ci ildə vəfat edib.

3. X51 xx.xx.2010-cu ildə vəfat edib.

4. X31 xx.xx.2020-ci ildə vəfat edib. - İsmayıllı RİH başçısının Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli 279 nömrəli arayışdan görünür ki, 28 avqust 2020-ci ildə vəfat etmiş İsmayıllı rayonu Quşencə kəndində yaşamış mərhum X54 vəfat edərkən aşağıdakə vərəsələri qalmışdır:

1. oğlu: Maraqlı şəxs2 xx.xx.1966-cı il təvəllüdlüdür, sağdır.

2. qızı: X39 xx.xx.1964-cü il təvəllüdlüdür, sağdır.

3. Maraqlı şəxs4 xx.xx.1969-cu il təvəllüdlüdür, sağdır.

4. X45 xx.xx.1972-ci il təvəllüdlüdür, sağdır.

5. Ərizəçi xx.xx.1975-ci il təvəllüdlüdür, sağdır. - İsmayıllı RİH başçısının Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli 281 nömrəli arayışdan görünür ki, 06 dekabr 2020-ci ildə vəfat etmiş İsmayıllı rayonu Quşencə kəndində yaşamış mərhum X32 vəfat edərkən vərəsələri qalmamışdır. - İsmayıllı RİH başçısının Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli 422 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 64 saylı qərarı ilə X12 adına hazırlanmış JN- 041A Kod 40717018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X12 adı, soyadı və atasının adı texniki səhv olaraq X35 yazılmışdır. X35 adlı şəxs əvvəllər və hal-hazırda Quşencə kənd (qəsəbə, şəhər) İƏD üzrə nümayəndəlik ərazisində qeydiyyatda olmayıb və yaşamayıb. - İsmayıllı RİH başçısının Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli 437 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 64 saylı qərarı ilə X12 adına hazırlanmış JN- 041A Kod 40717018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X14 adı, soyadı və atasının adı texniki səhv olaraq X40 yazılmışdır. X40 adlı şəxs əvvəllər və hal-hazırda Quşencə kənd (qəsəbə, şəhər) İƏD üzrə nümayəndəlik ərazisində qeydiyyatda olması və yaşaması müəyyən edilməmişdir. - İsmayıllı RİH başçısının Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli 438 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 mart 2003-cü il tarixli 02 saylı qərarı ilə X12 adına hazırlanmış JN-0463 Kod 40717005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X14 adı, soyadı və atasının adı texniki səhv olaraq X41 yazılmışdır. X41 adlı şəxs əvvəllər və hal-hazırda Quşencə kənd (qəsəbə, şəhər) İƏD üzrə nümayəndəlik ərazisində qeydiyyatda olması və yaşaması müəyyən edilməmişdir. - İsmayıllı RİH başçısının Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş 29 aprel 2025-ci il tarixli ərizədən görünür ki, Maraqlı şəxs6 Kərim oğlu mərhum X15 yeganə varisi olaraq ondan miras qalmış əmlakdan qardaşı qızı Ərizəçinən xeyrinə imtina etmişdir. - Notarial qaydada təsdiq olunmuş 09 iyul 2025-ci il tarixli **********267 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs3 19 avqust 2017-ci ildə vəfat etmiş bibisi X9 qalan mirası qəbul etməmiş, mirasla bağlı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. - Notarial qaydada təsdiq olunmuş 10 iyul 2025-ci il tarixli **********412 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs2 19 avqust 2017-ci ildə vəfat etmiş bibisi X9 qalan mirası qəbul etməmiş, mirasla bağlı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. - Notarial qaydada təsdiq olunmuş 10 iyul 2025-ci il tarixli **********416 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs4 19 avqust 2017-ci ildə vəfat etmiş bibisi X9 qalan mirası qəbul etməmiş, mirasla bağlı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. - Notarial qaydada təsdiq olunmuş 28 iyul 2025-ci il tarixli **********854 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs5 19 avqust 2017-ci ildə vəfat etmiş bibisi X9 qalan mirası qəbul etməmiş və etmir. - İsmayıllı RİH başçısının Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş 15 avqust 2025-ci il tarixli ərizədən görünür ki, Maraqlı şəxs6 Kərim oğlu 06 dekabr 2020-ci il tarixdə vəfat etmiş mərhum bacısı X16 və 26 avqust 2024-cü il tarixdə vəfat etmiş bacısı oğlu X36 miras əmlakından qardaşı X42 qızı Ərizəçi xeyrinə imtina etmişdir. - Notarial qaydada təsdiq olunmuş 23 avqust 2025-ci il tarixli **********581 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs3 07 dekabr 2020-ci ildə vəfat etmiş bibisi X10 qalan mirası qəbul etməmiş və etmir. - Notarial qaydada təsdiq olunmuş 23 avqust 2025-ci il tarixli **********582 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs3 bibisi oğlu X33 qalan mirası qəbul etməmiş və etmir. - Notarial qaydada təsdiq olunmuş 23 avqust 2025-ci il tarixli **********583 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs5 bibisi oğlu X33 qalan mirası qəbul etməmiş və etmir. - Notarial qaydada təsdiq olunmuş 23 avqust 2025-ci il tarixli **********585 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs5 07 dekabr 2020-ci ildə vəfat etmiş bibisi X10 qalan mirası qəbul etməmiş və etmir. - Notarial qaydada təsdiq olunmuş 28 avqust 2025-ci il tarixli **********606 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs4 07 dekabr 2020-ci ildə ölmüş X14 ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etməmiş, mirasdan imtina etməklə nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1975-ci il tarixdə doğulmuş, valideynləri X54 və X20 olmuşdur. Ərizəçi atasının bacıları X24, X26 və atasının bacısı oğlu X53 ilə bir ailədə yaşamışdır. Aparılan torpaq islahatlaı zamanı İsmayıllı rayonunun Quşencə kəndində X24, X26 və X36 birgə mülkiyyətlərinə 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, X24 və X14 birgə mülkiyyətlərinə 0,15 ha həyətyanı torpaq sahələri verilmiş, həmin torpaq sahəsinin üzərində yaşayış sahəsi 24,8 kv.m olan bir mərtəbəli bir otaqlı fərdi yaşayış evi barədə X12 adına 1988-ci ilin iyun ayında müvafiq sənəd hazırlanmışdır. X24 19 avqust 2017-ci il tarixdə, X54 28 avqust 2020-ci il tarixdə, X26 07 dekabr 2020-ci il tarixdə və X53 26 avqust 2024-cü il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra miras qalan 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, 0,15 ha həyətyanı torpaq sahələrini və həyətyanı torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli bir otaqlı fərdi yaşayış evini vərəsələri olan ərizəçi faktiki qəbul edərək idarə edir. X24, X26 və X36 birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş JN-0463 Kod 40717005 nömrəli dövlət aktında X1 Abuşova, X14 adı Surayə, X24, X14 birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-041A Kod 40717018 nömrəli şəhadətnamədə X3, ad və ata adı X35, X14 adı Surayı kimi yazılmışdır. Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 izahatlarında, şahidlər ifadələrində ərizəçinin miras qoyanların vərəsəsi olduğunu, Durasan Abışova, Surayya Abuşova və Vaqif Abuşovun dəfn və hüzr mərasimlərinin, həmçinin mərhumların qəbir daşının xərclərini ərizəçinin çəkdiyini, ərizəçinin miras əmlakları faktiki qəbul edərək idarə, sahiblik və istifadə etdiyini, kommunal xərclərini və vergi borcunu ödədiyini və miras əmlakla bağlı mübahisə olmadığını göstərirlər. Miras qoyanların birinci növbə vərəsəsi Maraqlı şəxs6 Kərim oğlu sağdır. Maraqlı şəxs6 miras əmlaklardan ərizəçinin xeyrinə imtina etmişdir. X24, X26 və X23 miras qalan pay, X24 və X11 mipas qalan həyətyanı torpaq sahələri və həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini ərizəçi miras əmlak kimi faktiki olaraq qəbul edərək istifadə və idarə etməsinə baxmayaraq miras qoyanlar X24 və X14 doğum haqqında şəhadətnamələri olmadığı üçün ərizəçinin onlarla qohumluq əlaqələrini müəyyən etmək mümkün olmamışdır. Qohumluq əlaqələrini təsdiq edən sənədlər olmadığından və tərtib olunmuş sənədlərdə uyğunsuzluq olduğundan ərizəçi torpaq sahələrinə və fərdi yaşayış evinə dair mülkiyyət sənədi, həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi 19 avqust 2017-ci il tarixdə vəfat etmiş X12 və 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş X13 onun doğma bibilərin olması, JN-0463 Kod 40717005 nömrəli dövlət aktının X24, X26 və X43, JN-041A Kod 40717018 nömrəli şəhadətnamənin X24 və X19 məxsus olması, İsmayıllı rayon Quşencə kəndində yerləşən JN-0463 Kod 40717005 nömrəli Dövlət Aktı üzrə X24, X26 və bibisi oğlu X36 birgə mülkiyyətlərində olan 1,29 ha kənd təsərrüfatı təyinatlı, JN-041A Kod 40717018 nömrəli şəhadətnamə üzrə X24 və X14 birgə mülkiyyətlərində olan 0,15 ha həyətyanı torpaq sahələrinin və həmin həyətyanı torpaq sahəsində invertar nömrəsi 403 olan fərdi yaşayış evinin texniki pasportu üzrə ümumi sahəsi 24,8 kv.metr olan bir mərtəbəli bir otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 ayrıayrılıqda notarial qaydada təsdiq olunmuş ərizə verməklə yanaşı iştirak etdikləri məhkəmə iclasında da miras əmlaklardan heç bir pay tələb etmədiklərini və miras əmlaka dair heç bir mübahisə olmadığını bildirmişlər. Digər maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs5 və Maraqlı şəxs6 Kərim oğlu notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək miras əmlaklardan heç bir pay tələb etmədiklərini bildirmişlər. Digər maraqlı şəxslər İsmayıllı rayon Notariat Ofisi və Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən ərizəyə dair münasibətlərini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə JN-041A Kod 40717018 nömrəli şəhadətnamədə və JN-0463 Kod 40717005 nömrəli dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin JN-041A Kod 40717018 nömrəli şəhadətnamənin X24 və X19, JN-0463 Kod 40717005 nömrəli dövlət aktının X24, X26 və X43 məxsus olması faktlarını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mükiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu ikinci növbədə vərəsələr hesab edilirlər. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Göründüyü kimi miras qoyanların yalnız bir nəfər birinci növbə vərəsəsi – Maraqlı şəxs6 Kərim oğlu sağdır və o miras əmlaklardan ərizəçinin xeyrinə imtina edir. Digər əvvəlki növbə vərəsələr vəfat etmişlər. Ərizəçi X24 və X14 dördüncü növbə vərəsəsi, X36 isə beşinci növbədə vərəsəsidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Eyni zamanda yerli adət və ənənələrə uyğun olaraq mirasın onu faktiki qəbul edərək istifadə edən şəxsə məxsus olması kimi qəbul edildiyi nəzərə alınmalı, həmçinin qanunun normalarına görə vərəsə miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır və vərəsə mirasa sahiblik etməyə faktiki başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçi qanun üzrə X24 və X14 dördüncü, X36 isə beşinci növbə vərəsə kimi miras qalmış əmlakları faktiki qəbul etdiyini şəksiz nümayiş etdirsə də, miras qoyanlarla qohumluq münasibətlərini, JN-041A Kod 40717018 nömrəli şəhadətnamənin X24 və X19, JN-0463 Kod 40717005 nömrəli dövlət aktının X24, X26 və X43 məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyindən, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ona görə də məhkəmə hesab edir ki, 19 avqust 2017-ci il tarixdə vəfat etmiş X12 və 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş X13 ərizəçinin doğma bibilərin olması, JN-041A Kod 40717018 nömrəli şəhadətnamənin X24 və X19, JN-0463 Kod 40717005 nömrəli dövlət aktının X24, X26 və X43 məxsus olması, X24, X26 və bibisi oğlu X36 İsmayıllı rayon Quşencə kəndində birgə mülkiyyətlərinə verilmiş 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və X24 və X14 birgə mülkiyyətlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahələrinin və həmin həyətyanı torpaq sahəsində invertar nömrəsi 403 olan, texniki pasport üzrə ümumi sahəsi 24,8 kv.metr olan bir mərtəbəli bir otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsi faktları ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi :

Ərizə təmin edilsin. 19 avqust 2017-ci il tarixdə vəfat etmiş X24 və 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş X14 Ərizəçi bibiləri olması faktları müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 02 dekabr 2002-ci il tarixli JN-041A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X24 və X19 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 24 may 2006-cı il tarixli JN-0463 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X24, X26 və X43 məxsus olması faktı müəyyən edilsin. X24, X26 və X23 miras qalmış JN-0463 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, X24 və X11 miras qalmış JN-041A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən X9 miras qalmış İsmayıllı rayonun Quşencə kəndində yerləşən ümumi sahəsi 24,8 kv.m olan bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar