Məhkəmə qərarları › İş №2(037)-1360/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1360/2025

26.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1360/2025 26.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Ərizəçi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək müəyyən etdim: Ərizəçi ərizə ilə müraciət edərək, 1906-cı il tarixdə vəfat etmiş X1 miras qalmış bütün əmlakının, o cümlədən İsmayıllı rayonunun Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacıdadaş mülkünün” və sahəsi 1,25 hektar olan “Hacıdadaş bağının” bir vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində göstərilən forma və məzmuna riayət etmədən tərtib etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı; 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi ərizəsini qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət etmədən tərtib etdiyindən, ərizəsinə sözügedən əmlaklara dair müvafiq sənədləri əlavə etmədiyindən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddia ərizəsinin “xahiş etdi” hissəsi bütün əmlaklar olaraq qeyd olunmaqla konkret göstərilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bununla da ərizə qeyrimüəyyənlik təşkil etməklə mücərrəd məna daşıyır. Məhz bu səbəbdən də ərizə və olunmuş sənədlərin geri qaytarılmasını məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılmalıdır. Ərizəçiyə izah edilir ki, ərizənin qaytarılması barədə qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldım: Ərizəçi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar