Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1405/2025 22.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, Ərizəçi, vəkili/nümayəndəsi Vəkil, Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qulluq etmə faktının müəyyən olunması tələbinə dair mülki işə 22 dekabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək, onun 10 fevral 1929-cu il tarixdə anadan olmuş 26 avqust 2013-cü il tarixdə vəfat etmiş atası X10 və 10 may 1993-cü il tarixdə anadan olmuş 03 mart 2021-ci il tarixdə vəfat etmiş anası X6 onlarla birlikdə yaşayaraq onlar ahıl yaşına (70 yaşına) çatdıqdan sonra onlara 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021-ci il tarixə kimi qulluq etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxx 1959-cu il tarixdə İsmayıllı rayonu Tircan kəndində anadan olmuşdur. Qarabağ meharibəsi veteranıdır və ona 006742 nömrəli veteran vəsiqəsi verilmişdir. Əmək fəaliyyətinə 1976-cı ildən Tircan kəndində yerləşmiş “Bakı fəhləsi” adına sovxozda başlamış və həmin vaxtdan 22 yanvar 2005-ci il tarixədək müxtəlif təşkilatlarda işləmişdir. Əyani təhsil almış və ümumilikdə 23 il 04 ay 09 gün əmək stajı hesablanmışdır. Bundan əlavə o, 10 fevral 1929cu il tarixdə anadan olmuş və 26 avqust 2013-cü il tarixdə vəfat etmiş atası X10, 10 may 1933-cü il tarixdə anadan olmuş və 03 mart 2021-ci il tarixdə vəfat etmiş anası X11 ilə birlikdə yaşayaraq onlar ahıl yaşına (70 yaşına) çatdıqdan sonra onlara 22 il qulluq etmişdir. X2 70 yaşı 10 fevral 1999-cu il tarixdə, anası X5 isə 70 yaşı 10 may 2003-cü il tarixdə tamam olmuşdur. Atası 26 avqust 2013-cü il tarixdə 84 yaşında, anası isə 03 mart 2021-ci il tarixdə 88 yaşında vəfat etmişdir. O, 2005-ci ilin yanvar ayına qədər işləsə də valideynlərinə qulluq etmək üçün işdən çıxmış və həmin vaxtdan valideynlərinə qulluq etmişdir. O, valideynləri ahıl yaşına çatdıqdan vəfat edənədək qulluq etmişdir. Ona görə də həmin dövr onun sığorta stajına daxil edilməlidir. Həmin dövrün sığorta stajına daxil edilməsi üçün qanunvericiliyə əsasən qanuni qüvvəsini almış məhkəmə qərarı lazımdır. O, lazımi sənədləri toplayaraq cavabdeh təşkilata qarşı Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmə belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinin 3-cü abzasında nəzərdə tutulmuş “məhkəmə qərarı” dedikdə, pensiya təyinatını aparmaq səlahiyyəti olan inzibati orqanla inzibati mübahisə üzrə məhkəmə aktı deyil, ayrıca mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş məhkəmə qətnaməsi nəzərdə tutulur. Maraqlı şəxs tərəfindən verilmiş etiraz ərizəsini əsassız hesab edir və etirazda qeyd olunanlar səhv tövsüf olunur. Ərizənin təmin edilməsini xahiş edir. Ərizəçinin vəkili/nümayəndəsi Vəkil ərizəçinin izahatının məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 ərizəni qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, daha əvvəl ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-A-12195/2024 nömrəli məktubu ilə ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmin məktuba əsasən ərizəçi tərəfindən təqdim edilən sənədlərə əsasən ərizəçinin sığorta stajı qanunvericiliklə tələb olunan sosial sığorta stajından 25 il az - 23 il 04 ay 09 gün təşkil etdiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bununla da ərizəçi cavabdehin məktubu ilə razılaşmayaraq ərizə ilə məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. İş materiallarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi pensiya yaş həddinə, yəni 65 yaşına xx.xx.2024-cü il tarixdə çatmışdır. Ərizəçi tərəfindən təqdim edilən sənədlərin surətlərinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək ərizəçinin hərbi xidmətdə olduğu müddət, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək ərizəçinin əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 4 ay 9 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ərizəçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti əmək pensiyasının təyin edilməsi zamanı qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən, “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənil-məsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən və qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən nəzərə alınır. Lakin iş materiallarına əsasən qeyd edirik ki, ərizəçi tərəfindən mərhum atası X10 (qulluqolunan) və ya mərhum anası X6 (qulluqolunan) qulluq etməyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim edilmədiyi üçün sözügedən qulluq dövrünün ərizəçinin sığorta stajına daxil edilməsi mümkün deyildir. Ərizəçinin ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Ərizənin təmin edilməməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, o, 1993-cü ildən ərizəçi ilə qonşudur. Ərizəçinin valideynləri vəfat edənədək onunla yaşamışdır. Ərizəçi valideynlərinə yaxşı baxmışdır. Ərizəçinin valideynlərinə ahıl yaşına (70 yaşına) çatdıqdan sonra 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021-ci il tarixə kimi qulluq etməsi faktını təsdiq edir. X4 ifadə verərək göstərdi ki, o, ərizəçi ilə qonşudur. Ərizəçinin valideynləri vəfat edənədək onunla birgə yaşamışlar. Ərizəçinin valideynlərinə ahıl yaşına (70 yaşına) çatdıqdan sonra 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021-ci il tarixə kimi qulluq etməsi faktını təsdiq edir. X8 ifadə verərək göstərdi ki, o, ərizəçi ilə bir məhlədə yaşayır. Ərizəçini uşaqlıq dövründən tanıyır. Ərizəçi valideynləri ilə yaşamışdır. Ərizəçinin valideynlərinə ahıl yaşına (70 yaşına) çatdıqdan sonra 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021-ci il tarixə kimi qulluq etməsi faktını təsdiq edir. X3 ifadə verərək göstərdi ki, o, ərizəçi ilə qonşudur. Ərizəçi valideynləri ilə yaşamış və onlara baxmışdır. Ərizəçinin valideynlərinə ahıl yaşına (70 yaşına) çatdıqdan sonra 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021-ci il tarixə kimi qulluq etməsi faktını təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və 24 aprel 1959-cu il tarixli İ-ИE №662918 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, ərizəçi xx.xx.1959-cu il tarixdə İsmayıllı rayonu Tircan kəndində anadan olmuşdur və hazırda da həmin ünvanda yaşayır. 23 oktyabr 1997-ci il tarixli №006742 nömrəli vəsiqənin surətindən müəyyən edilir ki, ərizəçi müharibə veteranıdır. 02 sentyabr 2013-cü il tarixli AZ-İ №627381 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X14 26 avqust 2013-cü il tarixdə vəfat etmişdir. 03 mart 2021-ci il tarixli AZ-İİ №162101 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 03 mart 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı RİH Başçısının Tircan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş akdan müəyyən edilir ki, 15 nəfərdən ibarət İsmayıllı rayonu Tircan kənd sakinləri Ərizəçi valideynləri ilə bir evdə yaşayaraq 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021-ci il tarixədək onlara qulluq etdiyini və onlar vəfat etdikdən sonra el qaydası ilə onları dəfn edərək hüzrlərini verdiyini imza etməklə təsdiq etmişlər. İsmayıllı RİH Başçısının Tircan kənd İƏD üzrə nümayəndəliyiin 14 fevral 2025-ci il tarixli 31 nömrəli arayışından müəyyən edilir ki, Ərizəçi 26 avqust 2013-cü il tarixdə vəfat etmiş 10 fevral 1929-cu il təvəllüdlü atası mərhum X14 ilə 1999-cu ildən vəfat etdiyi 26 avqust 2013-cü il tarixinə kimi 14 il onunla birlikdə yaşayaraq qulluq etmişdir. X14 26 avqust 2013-cü il tarixdə 84 yaşında vəfat etmişdir. İsmayıllı RİH Başçısının Tircan kənd İƏD üzrə nümayəndəliyiin 14 fevral 2025-ci il tarixli 31/1 nömrəli arayışından müəyyən edilir ki, Ərizəçi 03 mart 2021-ci il tarixdə vəfat etmiş 10 may 1933-cü il təvəllüdlü anası mərhum X11 ilə 2007-ci ildən vəfat etdiyi 03 mart 2021-ci il tarixinə kimi 18 il onunla birlikdə yaşayaraq qulluq etmişdir. X11 03 mart 2021-ci il tarixdə 88 yaşında vəfat etmişdir. Şəki İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2-1(116)-2274/2025 nömrəli qərarının surətindən müəyyən edilir ki, iddiaçı Ərizəçi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ahıllara qulluqetmə müddəti sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxx 1959-cu il tarixdə İsmayıllı rayonu Tircan kəndində anadan olmuşdur. Ərizəçi 10 fevral 1929-cu il tarixdə anadan olmuş və 26 avqust 2013-cü il tarixdə vəfat etmiş atası X10, 10 may 1933-cü il tarixdə anadan olmuş və 03 mart 2021-ci il tarixdə vəfat etmiş anası X11 ilə birlikdə yaşayaraq onlar ahıl yaşına (70 yaşına) çatdıqdan sonra onlara qulluq etmişdir. X2 70 yaşı 10 fevral 1999-cu il tarixdə, anası X5 isə 70 yaşı 10 may 2003-cü il tarixdə tamam olmuşdur. Atası 26 avqust 2013-cü il tarixdə 84 yaşında, anası isə 03 mart 2021-ci il tarixdə 88 yaşında vəfat etmişdir. Ərizəçi valideynlərinə qulluq etmək üçün işdən çıxmış və həmin vaxtdan valideynlərinə qulluq etmişdir. Ərizəçi valideynlərinə qulluq etdiyi müddət ərzində işləmədiyi üçün sosial sığorta stajı qazanmamışdır. Ərizəçi həmin dövrün sığorta stajına daxil edilməsi üçün cavabdeh təşkilata qarşı Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmə belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinin 3-cü abzasında nəzərdə tutulmuş “məhkəmə qərarı” dedikdə, pensiya təyinatını aparmaq səlahiyyəti olan inzibati orqanla inzibati mübahisə üzrə məhkəmə aktı deyil, ayrıca mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş məhkəmə qətnaməsi nəzərdə tutulur. Ərizəçinin valideynlərinə ahıl yaşına (70 yaşına) çatdıqdan sonra onlara 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021ci il tarixə kimi qulluq etməsi barədə rəsmi sənədləri başqa qaydada əldə etməsi qeyri mümkündür. Məhkəmə etiraz ərizəsinə münasibətdə qeyd edir: Etiraz ərizəsində qeyd olunur ki, ərizəçinin ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Lakin ərizəçi tələbində yaşa görə əmək pensiyasının təyin edilməsini deyil, valideynləri ahıl yaşına (70 yaşına) çatdıqdan sonra onlara 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021-ci il tarixə kimi qulluq etməsi faktı müəyyən olunmasını xahiş edir. Belə olan halda etiraz ərizəsində qeyd olunanlar formal xarakterli mülahizələri özündə ehtiva edir və əsaslı deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə::
1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənil-məsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi digərlərlə yanaşı xəstəyə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi istisna olunsa da, hazırki tələb xəstəyə qulluq etmə deyil, valideynlərinin 70 yaşından sonra onlara qulluq edilməsi faktının müəyyən edilməsidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərinə əsasən qərara gəlir ki, ərizəçinin valideynlərinə ahıl yaşına (70 yaşına) çatdıqdan sonra qulluq etməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda hər hansı məlumat olmamasına baxmayaraq ərizəçinin valideynlərinə ahıl yaşına (70 yaşına) çatdıqdan sonra onlara 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021ci il tarixə kimi qulluq etməsi faktı məhkəmə iclasında iş materialları, şahidlərin ifadələri və işin digər faktiki halları ilə öz təsdiqini tapdığından, həmçinin ərizəçinin valideynlərinə ahıl yaşına (70 yaşına) çatdıqdan sonra qulluq etməsi barədə rəsmi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3cü maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi 10 fevral 1929-cu il tarixdə anadan olmuş 26 avqust 2013-cü il tarixdə vəfat etmiş atası X10 və 10 may 1993-cü il tarixdə anadan olmuş 03 mart 2021-ci il tarixdə vəfat etmiş anası X6 onlarla birlikdə yaşayaraq onlar ahıl yaşına (70 yaşına) çatdıqdan sonra onlara 22 yanvar 2005-ci il tarixdən 03 mart 2021-ci il tarixə kimi qulluq etməsi faktı müəyyən olunsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlqar Hüseynov