Məhkəmə qərarları › İş №2(037)-145/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-145/2022

07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-145/2022 07.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 07 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək nəvəsi Qocayev Muaz Ruslan oğlunun 29 mart 2015-ci il tarixdə İraq Respblikasında anadan olması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə Muaz Qocayevin atasının Qocayev Ruslan Sayaf oğlu, anasının X14, doğulduğu yerin İraq Respublikası, doğulduğu tarixin 29 mart 2015-ci il, milliyyətinin azərbaycanlı, daimi yaşadığı yerin İsmayıllı rayonun Tircan kəndi kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, qızı X14 30 may 2012-ci il tarixdə Qocayev Ruslan Sayaf oğlu ilə ailə qurmuşdur. Birgə nikahlarından 22 iyun 2013-cü il tarixdə Xədicə adlı bir qız övladları doğulmuşdur. 2014-cü ilin sonlarında qızı və kürəkəni İraq Respublikasına getmişlər. İraq Respublikasında yaşadıqları vaxt 29 mart 2015-ci il tarixdə qızının bir oğlan övladı da dünyaya gəlmişdir. 2016-cı ilin yanvar ayına qədər qızı ilə telefon əlaqələri olmuşdur. Lakin sonradan qızının və kürəkəninin harda olmasından məlumatı yoxdur. Qızının hər iki azyaşlı uşağı İraq ərazisində baxımsız qalmışdır. Müraciət etdikdən sonra Azərbaycan Respublikasının İraq Respublikasında olan səfirliyinin vasitəsi ilə hər iki uşaq Azərbaycana gətirilmişdir. Uşaqlar ölkəyə gətirildikdən sonra İsmayıllı rayon İcra Hakimiyyətinin 29 oktyabr 2021-ci il tarixli 149 saylı sərəncamı ilə o qəyyum təyin olunaraq hər iki uşaq onun himayəsinə verilmişdir. Hər iki uşağın sağlamlığı, təlim-tərbiyəsi və təhsili ilə o məşğul olur. X19 doğum haqqında şəhadətnamə verilməmişdir. O, İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Muaz Qocayevin doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edə bilmədiyindən doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qocayev Muaz Ruslan oğlunun 29 mart 2015-ci il tarixdə İraq Respblikasında anadan olması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə Muaz Qocayevin atasının Qocayev Ruslan Sayaf oğlu, anasının X14, doğulduğu yerin İraq Respublikası, doğulduğu tarixin 29 mart 2015-ci il, milliyyətinin azərbaycanlı, daimi yaşadığı yerin İsmayıllı rayonun Tircan kəndi kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi Cəbiyev Namil Maarif oğlu iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydiyyatı kitabında Qocayev Muaz Ruslan oğlunun doğumu haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi Muaz Qocayevin doğumuna dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə doğumun qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X3 göstərdi ki, ərizəçi onun anasıdır. Bacısı Əsyə 2012-ci ildə Ruslan Qocayevlə ailə qurmuşdur. 2013-cü ildə bir qız övladları doğulmuş, həmin ilin sonlarında onlar ailəliklə İraq Respublikasına getmişlər. Orada yaşadıqları müddətdə 2015-ci ildə bir oğlan övladları da doğulmuşdur. Onlarla 2016-cı ilin yanvar ayına qədər telefon əlaqələri olsa da, sonradanəlaqələri kəsilmişdir. Bacısının hər iki uşağı səfirlik vasitəsi ilə ölkəyə gətirilmiş, anası Sevda uşaqlara qəyyum təyin edilmişdir. Bacısının qızı Xədicəyə doğum haqqında şəhadətnamə alınsa da, oğlu Muaza alınmamışdır. O, Muaz Qocayevin 29 mart 2015-ci il tarixdə doğulmasını təsdiq edir. X1 X3 ilə eyni məzmunlu ifadə verərək Muaz Qocayevin 29 mart 2015-ci il tarixdə doğulmasını təsdiq etdi. AZE 13903842 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qocayev Ruslan Sayaf oğlunun 01 dekabr 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olması, Sumqayıt şəhəri məhəllə 41, ev 5A, mənzil 46-da yaşaması qeyd olunmuşdur. AZE 07724509 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13in 02 dekabr 1992-ci il tarixdə İsmayıllı rayonun Tircan kəndində anadan olması, İsmayıllı rayonun Tircan kəndində yaşaması qeyd olunmuşdur. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1972-ci il tarixdə İsmayıllı rayonun Tircan kəndində anadan olmuş, İsmayıllı rayonun Tircan kəndində yaşayır. XVİİİ-ЖГ 281049 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası X8, anası Ərizəçidır. A 674137 nömrəli orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, X2 rayon M.Əzimov adına Təzəkənd kənd orta məktəbində oxumuş və 2008-ci ildə həmin məktəbi bitirmişdir. AZ-İ 745526 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qocayev Ruslan Sayaf oğlu ilə X15 arasında 30 may 2012-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. AZ-İİİ 132741 nömrəli doğum haqqında şəhadətnamənin və AA3293590 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X6 22 iyun 2013-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Qocayev Ruslan Sayaf oğlu, anası X9r. AA ******* nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin surətindən görünür ki, 22 iyun 2013-cü il tarixdə doğulmuş X6 Azərbaycan Respublikasının İraq Respublikasının Bağdad şəhərində olan səfirliyi vasitəsi ilə Azərbaycana gətirilmişdir. AA ******* nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin surətindən görünür ki, 29 mart 2015-ci il tarixdə İraq Respublikasında doğulmuş Qocayev Muaz Ruslan oğlu Azərbaycan Respublikasının İraq Respublikasının Bağdad şəhərində olan səfirliyi vasitəsi ilə Azərbaycana gətirilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 149 nömrəli 29 oktyabr 2021-ci il tarixli sərəncamının surətindən görünür ki, ərizəçi qızı X7 İraq Respublikasından gətirilmiş yetkinlik yaşına çatmayan övladları – 22 iyun 2013-cü il təvəllüdlü Xədicə Qocayeva və 29 mart 2015-ci il təvəllüdlü Muaz Qocayevin üzərində qəyyum təyin edilmişdir. 03 noyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, SXA-nın **********6 saylı 27 oktyabr 2021-ci il tarixli əmrinə əsasən İraq Respublikasından gətirilmiş, reabilitasiya məqsədilə ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzində yerləşdirilən X6, Qocayev Muaz Ruslan oğlu sosial-psixoloji qiymətləndirilmiş 7 saylı poliklinikanın həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və İsmayıllı rayon İcra Hakimiyyətinin 29 oktyabr 2021-ci il tarixli N149 saylı sərəncamına əsasən 03 noyabr 2021-ci il tarixdə ana nənəsi İsmayıllı rayonun Tircan kənd sakini Ərizəçi sağ-salamat təhvil verilmişdir. İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2021-ci il tarixli 210 nömrəli arayışından görünür ki, 22 iyun 2003-cü il təvəllüdlü X6 və 29 mart 2015-ci il təvəllüdlü Qocayev Muaz Ruslan oğlu hal-hazırda ərizəçinin himayəsində yaşayırlar. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərərfindən verilmiş 24 yanvar 2022-ci il tarixli 90 nömrəli məktubun surətindən görünür ki, 29 mart 2015-ci il tarixdə doğulmuş Muaz Qocayevin doğumu haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdıırlmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X14 30 may 2012-ci il tarixdə Qocayev Ruslan Sayaf oğlu ilə ailə qurmuş, 22 iyun 2013-cü il tarixdə Xədicə adlı bir qız övladları doğulmuşdur. 2013-cü ilin sonlarında Əsyə Qocayeva və Ruslan Qocayev azyaşlı qızı Xədicə ilə birlikdə İraq Respublikasına getmişlər. Orada yaşadıqları vaxt 29 mart 2015-ci il tarixdə Muaz adlı bir oğlan övladı doğulmuşdur. Məlum olmayan səbəblərdən hər iki uşaq valideynlərindən ayrı düşmüşdür. Azərbaycan Respublikasının İraq Respublikasının Bağdad şəhərində olan səfirliyinin vasitəsi ilə hər iki uşaq Azərbaycana gətirilmiş, İsmayıllı rayon İcra Hakimiyyətinin 29 oktyabr 2021-ci il tarixli 149 saylı sərəncamı ilə ərizəçi qəyyum təyin olunaraq hər iki uşaq onun himayəsinə verilmişdir. AA ******* nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ilə Qocayev Muaz Ruslan oğlunun 29 mart 2015-ci il tarixdə İraq Respublikasında doğulduğu müəyyən olunur. Lakin valideynləri yaşadıqları İraq Respublikasında Muaz Qocayevə doğum haqqında şəhadətnamə almamışlar. Ərizəçi bununla bağlı İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Muaz Qocayevin doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edə bilmədiyindən doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ərizəçinin himayəsində olan Muaz Qocayevə doğum faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Ərizəçinin qızı Əsyə Qocayeva 2014-cü ildən ailəsi ilə birlikdə İraq Respublikasında köçərək orada yaşadığından onun hamiləlik dövründə müayinədən keçib-keçməməsini və uşağın hansı şəraitdə doğulmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qocayev Muaz Ruslan oğlunun 29 mart 2015-ci il tarixdə İraq Respublikasında anadan olması faktı və valideynləri haqda müvafiq məlumatlar ərizəçinin izahatı və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin uşağın doğum faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qocayev Muaz Ruslan oğlunun 29 mart 2015-ci il tarixdə İraq Respublikasında doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə Qocayev Muaz Ruslan oğlunun atası Qocayev Ruslan Sayaf oğlu, anası X14, doğulduğu yer İraq Respublikası, doğulduğu tarix 29 mart 2015-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonun Tircan kəndi qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar