Məhkəmə qərarları › İş №2(037)-1505/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1505/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1505/2024 28.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdeh X2 qarşı pul, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 6000 manat əsas, 1500 manat faiz, 100 manat rüsum və 500 manat mənəvi ziyan olmaqla,cəmi 8100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı cavabdehə qarşı eyni tələblə 26 sentyabr 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(037)-1356/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ona qaytarılması qərara alınmışdır. İddiaçı 28 oktyabr 2024-cü il tarixdə yenidən eyni tələblə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş qaydada yeni dövlət rüsumu ödəməmişdir. Əvəzində ərizəyə məhkəmə qərardadı ilə qaytarılmış rüsum məbləğinə dair qəbzin sürətini əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsində göstərilmişdir ki, iddiaçı tərəfindən müəyyən olunmuş məbləğdə və qaydada dövlət rüsumu ödənilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılır. Belə ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. İddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən və eyni zamanda həmin məcəllənin 108.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu məbləği ödənilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə cavab verməməklə yanaşı, həmin məcəllənin 108.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu məbləği ödənilməmişdir. Əvəzində iddiaçı tərəfindən ərizəyə məhkəmə qərardadı ilə qaytarılmış rüsum məbləğinə dair qəbzin sürəti əlavə edilmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh X2 qarşı pul, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar