Məhkəmə qərarları › İş №2(037)-1514/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1514/2025

29.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1514/2025 29.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı çəkilmiş qanunsuz hasarın sökülməsi və gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Ərəkit kəndi ünvanında yerləşən, mülkiyyətlərində olan həyətyanı torpaq sahələrinə gedən gediş-gəliş yolunun açılması, Cavabdeh tərəfindən yaradılan maneçiliklərə son qoyulması, sənədlərin hazırlanması üçün göstərilmiş hüquqi yardıma görə ödədikləri 267 manat pulun cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 10 may 2021-ci il tarixli M/V №089261 nömrəli vəsiqənin surətinə əsasən müəyyən olunur ki, İddiaçı1 müharibə veteranıdır. Müharibə veteranları qanunvericiliyin tələbinə əsasən dövlət rüsumu ödəməkdən azad olunurlar. Lakin iş üzrə digər İddiaçı2 hər hansı bir imtiyazının olduğu və dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz iş materialları ilə müəyyən olunmur. Bu səbəbdən İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməli idi. Belə olan halda hazırki iddia ərizəsi baxılması üçün icraata götürülə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maadəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı2 müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəmədiyindən iddia ərizəsi və ona əlava edilmiş sənədlər geri qaytarılmalı və iddiaçılara qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldım: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı çəkilmiş qanunsuz hasarın sökülməsi və gedişgəliş yolunun açılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsi ilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar