Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1546/2024 15.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi, İsmayıllı RİH başçısının Basqal İƏD üzrə nümayəndəliyi və Basqal qəsəbə Bələdiyyəsinə qarşı “ad-soyadlı şəxsin mövcud olmama faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-679A kod 40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edildiyi Bağırov Hüseyn hasil oğlu ad-soyadlı şəxsin mövcud olmaması və Basqal qəsəbəsində heç bir zaman yaşamaması və heç bir zaman qeydiyyatda olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə məhəkəməyə müraciət edən şəxs ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, ərizəçinin tələb etdiyi torpaq sahəsinə dair şəxsin mövcud olmama faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istədiyi şəxsin adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2 bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4 bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Belə ki, hazırki ərizəyə məhkəmədə baxılmalı olmadığı halda, həmçinin, ərizəçi həmin tələblə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciətinə cavab aldıqdan sonra sözügedən orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduğu halda, hazırki tələblə İsmayıllı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair 19 may 2014-cü il tarixli Qərarına əsasən, - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. - DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Məhkəmə qeyd edir ki, ərizəyə dair mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Çünki hazırda ərizəçinin tələbi İsmayıllı Rayon AİK-nın 1996-cı il tarixli qərarı ilə mövcud olmama faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istədiyi şəxsin adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mübahisələndirilməsi ilə əlaqədardır. Belə ki, ərzəçinin ərizəsindəki tələbindən aydın olur ki, hazırda ərizəçi mövcud olmama faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istədiyi şəxsin adına tərtib edilmiş şəhadətnamənin həmin torpaq sahəsinin həqiqi hüquqi vəziyyətinə uyğun olmamasını mübahisələndirir. Ona görə də ərizəçi qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi, İsmayıllı RİH başçısının Basqal İƏD üzrə nümayəndəliyi və Basqal qəsəbə Bələdiyyəsinə qarşı “adsoyadlı şəxsin mövcud olmama faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli həmin tələblə bağlı ərizəçiyə müvafiq ərizə ilə yuxarıda sadalanan hərəkətlər edildikdən sonra aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi, İsmayıllı RİH başçısının Basqal İƏD üzrə nümayəndəliyi və Basqal qəsəbə Bələdiyyəsinə qarşı “ad-soyadlı şəxsin mövcud olmama faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi yuxarıda sadalanan hərəkətlər edildikdən sonra aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində elektron kabinet vasitəsi ilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1546/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1546/2024
15.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver