Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-156/2025 07.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdeh (Abdullayeva) Cavabdeh qarşı pul tələbi,vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə 07 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh (Abdullayeva) Cavabdeh (bundan sonra cavabdeh) 6000 manat əsas, 1500 manat faiz, 500 manat mənəvi ziyan və 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yaşayır. Bildirmək istəyir ki, 25 yanvar 2019-cu il tarixdə cavabdeh Sevinc Abdullayevaya şahidlərin iştirakı ilə 6000 manat məbləğində borc pul vermişdir. Onun, cavabdehin və üç nəfər şahidin iştirakı ilə tərtib edilmiş yazılı qeydlərə əsasən Sevinc Abdullayeva 30 gün ərzində borcu qaytarmalı olsa da, həmin müddət ərzində borcunu qaytarmamışdır. Ötən müddət ərzində vəsaitin qaytarılmasına dair çoxsaylı hərəkətlər nəticəsiz qalmış, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir. Hesab edir ki,cavabdeh 6000 manat məbləğində pulunu,əsas borca görə əlavə olaraq illik 5%-lə hesablanmaqla 5 ilə 5%-lə 1500 manat məbləğində vəsaiti və ona vurduğu 500 manat mənəvi ziyanı şəxsən ödəməlidir.Çünki borclunun icranı gecikdirməsi pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır.Cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməyərək bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmır.Tərəfindən məhkəmənin hesabına ödənilmiş 100 manat rüsum və yuxarıda qeyd etdiyi xərclər cavabdehin qeyriqanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. O, dəfələrlə həmin borcları qaytarmağı cavabdehə təklif etmiş, lakin sonuncu tərəfindən götürülmüş öhdəlik könüllü icra olunmamışdır. O, cavabdehdən borc olaraq verdiyi pulu qaytarmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə aldığı pulu ona qaytarmamışdır. Cavabdeh aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Cavabdehin qanunazid hərəkətləri əsəblərinə toxunmuş, sarsıntı və iztirab keçirmişdir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamış,yaşadığı evə getmiş,hər dəfə müxtəlif bəhanələr,bu gün-sabah pulu qaytarması barədə yalanlarını dinləmişdir. Bu səbəbdən hesab edir ki, ona 500 manat mənəvi zərər də dəymişdir və cavabdeh bu zərəri qarşılamalıdır. O, cavabdehdən 6000 manat əsas, 1500 manat faiz, 500 manat mənəvi ziyan və 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh (Abdullayeva) Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, iddiaçı onun xalası qızıdır. Cavabdehi isə iddiaçıdan borc pul alarkən tanımışdır. O, iddiaçı ilə birlikdə atelyedə dərzi işləyir. İddiaçı onun və digər iki nəfər iş yoldaşının yanında cavabdehə 6000 manat pul verməsini görmüşdür. Cavabdeh özü qəbz yazaraq iddiaçıdan 6000 manat borc pul götürdüyünü və həmin pulu 30 gün müddətinədək iddiaçıya qaytaracağını qeyd etməklə qəbzi şahidlərin iştirakı ilə imza etmişdir. Cavabdehin iddiaçıdan borc pul almasına dair audio-video görüntülər də qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, onunla iddiaçı və cavabdeh arasında qohumluq münasibətləri yoxdur. O, iddiaçı ilə birlikdə atelyedə dərzi işləyir. İddiaçının onun və digər iki nəfər iş yoldaşının yanında cavabdehə 6000 manat borc pul verməsinə şahidlik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, onunla iddiaçı və cavabdeh arasında qohumluq münasibətləri yoxdur. O, iddiaçı ilə birlikdə atelyedə dərzi işləyir. İddiaçı onun və digər iki nəfər iş yoldaşının yanında cavabdehə 6000 manat borc pul verməsini görmüşdür. Cavabdehin iddiaçıdan borc pul almasına dair audio-video görüntülər vardır. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iddia ərizəsini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, 25 yanvar 2019-cu il tarixdə X2 tərəfindən imzalanmış qəbzdən görünür ki, 2019-cu ilin yanvar ayının 25-də X7 Ağayevadan 6000 manat məbləğində borc pul almış və aldığı borcu 30 gün müddətində İddiaçı qaytaracağını qeyd etmişdir. DVD-R disketdəki audio-video yazılardan görünür ki, tərəflər arasında borca pulun sayılaraq təhvil verilməsi ilə bağlı danışıqlar olmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmək üçün ********** nömrəli mədaxil qəbzi ilə 14221103 nömrəli büdcə təsnifat koduna 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh 2019cu ilin yanvar ayının 25-də iddiaçıdan 6000 manat borc pul almış və aldığı borcu 30 gün müddətində iddiaçıya qaytaracağı barədə sadə yazılı formada imza edilməklə qəbz vermişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş DVD-R disketdəki audio-video yazılarda cavabdehin iddiaçıdan borc olaraq aldığı pulu sayıb təhvil götürməsi audio-video görüntülər ilə müəyyən edilir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı 6000 manat pulu sonuncuya qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı 2019-cu ilin yanvar ayının 25-də 6000 manat pulu sadə yazılı qəbz vasitəsilə cavabdeh (Abdullayeva) Cavabdeh nağd şəkildə 30 gün müddətinədək qaytarmaq şərti ilə vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı 6000 manat pulu sonuncuya qaytarmamışdır. Cavabdeh aldığı 6000 manat borcu vaxtında qaytarmadığından həmin borc məbləğində illik 5% dərəcəsi ilə 5 il müddətinə 1500 manat məbləğində faiz hesablanmışdır. Məhkəmə hesab edir ki,cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Cavabdehin 2019-cu ilin yanvar ayının 25-də iddiaçıdan 6000 manat məbləğində borc pul alması və aldığı borcu 30 gün müddətinədək iddiaçıya qaytaracağı barədə qəbz verməsi və eyni zamanda iş materiallarına əlavə edilmiş DVD-R disketdəki audio-video yazılarda cavabdehin iddiaçıdan borc olaraq aldığı pulu sayıb təhvil götürməsi audio-video görüntülər ilə təsdiq edildiyindən iddia tələbinin cavabdehdən 6000 manat məbləğində əsas borc və ona illik 5% dərəcəsi ilə 5 il müddətinə hesablanmış 1500 manat faiz borcu məbləği alınaraq iddiaçıya verilməlidir. Bununla yanaşı, məhkəmə, iddianın, vurulmuş mənəvi ziyana görə 500 manat miqdarında pul tələb etməsi hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı məhkəmə iclasında cavabdehin qanunazid hərəkətlərinin əsəblərinə toxunmasını, sarsıntı və iztirab keçirməsini, dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamasını, yaşadığı evə getməsini, hər dəfə müxtəlif bəhanələr, bu gün-sabah pulu qaytarması barədə yalanlarını dinləməsini, cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində sarsıntı keçirməsini və həmin sarsıntının onun şüurunda mənfi psixi reaksiyanın yaranmasına səbəb olmasını, habelə həmin hüquqa zidd hərəkətlər nəticəsində sağlamlığının pozulmasına səbəb olan iztirab keçirməsini və fiziki əzab çəkməsini, eləcə də həmin halların baş verməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmasını inandırıcı dəlillərlə sübuta yetirə bilməmişdi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin 95 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (Abdullayeva) Cavabdeh 6000 manat əsas borc və 1500 manat faiz borcu olmaqla, cəmi 7500 manat borc və 95 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-156/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-156/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver