Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-173/2021 16.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh Əzı̇ zov Tapdiq Xoca oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Əzı̇ zov Tapdiq Xoca oğlundan (bundan sonra cavabdeh) 15000 manat pul və 2500 manat qızıl-zinyət əşyalarının özü yaxud onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə tanış olmuş və bir müddət cavabdehlə telefonla danışmışdır. Bundan sonra cavabdeh onlara gələrək ata-anasının, ailəli və uşağının olmadığını, fikrinin ciddi olduğunu və onunla ailə həyatı qurmaq istədiyi üçün özü elçi gəldiyini bildirmişdir. O, cavabdehlə ailə həyatı qurmağa razı olmuş, lakin cavabdehin təqsiri üzündən nikahlarını rəsmiləşdirməmişlər. O, hər dəfə nikahlarını rəsmiləşdirmək istəyəndə cavabdeh müxtəlif bəhanələr gətirərək yayınmışdır. Onlar ailə həyatı qurduqdan sonra cavabdeh bir müddət onun və ailəsinin yanında yaşamış, lakin burada sıxıldğını bildirərək İsmayıllı rayonunun Zoğallıq kəndində ata torpağı olduğunu və orada ev tikdirmək istədiyini bildirmişdir. Ona görə də o, atasından 3000 manat alaraq cavabdehə vermişdir. Bundan sonra cavabdeh ev tikmək adı altında müxtəlif vaxtlarda 15000 manat pul və 2500 manat dəyərində qızılzinyət əşyalarını almışdır. O, həmin pulları evin tikilməsi üçün cavabdehə vermişdir. O, hər dəfə evə baxmaq istədikdə cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh onun pulu ilə özünə maşın almışdır. xx xxxxxx 2020-ci il tarixdən cavabdeh onunla əlaqəni tmama kəsmişdir. Bir müddət sonra cavabdeh ona başqa nömrə ilə zəng edərək fevral ayında gələcəyini, qızıllarını və pulu ona qaytaracağını demişdir. Lakin cavabdeh bu vaxta qədər onun qızıllarını və pulunu qaytarmadığından məhkəməyə müraciət etmişdir. Cavabdehdən 15000 manat pul və 2500 manat qızıl-zinyət əşyalarının özü yaxud onların dəyərinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçı ilə tanışdır. Onlar bir müddət Bakı şəhərində kirayədə yaşamış və aralarında rəsmi nikah olmamışdır. O, ailəlidir və uşaqları var. İddiaçı evin tikilməsi üçün qeyd etdiyi məbləğdə ona pul verməmişdir. O, iddiaçıdan ümumilikdə 1200 manat pul almışdır. İddiaçı müalicə olunmaq məqsədi ilə qızıllarını girov qoyaraq pul götürmək üçün ona vermişdir. Həmin pullar da iddiaçının müalicəsinə xərclənmişdir. O, iddiaçının müalicəsi üçün 700 manata aldığı “VAZ 21011” markalı avtomobili 500 manata satmışdır. İddiaçının qardaşının göndərdiyi pulları da hissə-hissə ödəməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, iddiaçı onun qızıdır. Cavabdeh qızını aldadaraq onunla rəsmi nikaha daxil olmamışdır. Cavabdeh qızından müxtəlif adlar altında qızıllarını və pullarını almışdır. X1 ifadə verərək göstərdi ki, iddiaçı onun bacısı qızıdır. Cavabdeh elçi gələndə orada olmuş və onun heç kəsinin olmadığını dediyini eşitmişdir. Cavabdehin iddiaçıdan pul istədiyini görmüşdür. İddiaçının cavabdehə 15000 manatdan yuxarı borcu olduğunu bilir. X7 ifadə verərək göstərdi ki, iddiaçı onun qonşusudur. Cavabdehi “VAZ 21011” və “Mercedes Benz” markalı avtomobillərlə iddiaçının evinə gəldiyini görmüşdür. İddiaçı cavabdehin pul borcu olduğunu ona demişdir. X4 ifadə verərək göstərdi ki, cavabdeh onun əridir. Əri hər gün onun yanında olmuş və vaxtlı-vaxtında evə gəlmişdir. O, iddiaçıya ərindən uzaq durmasını bildirsə də nəticəsi olmamışdır. Əri ilə iddiaçı arasnda pul söhbəti olmamışdır. X5 ifadə verərək göstərdi ki, cavabdeh onun kürəkənidir. Kürəkəni ilə iddiaçı arasında olan pul söhbətini eşitməmişdir. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi CD-diskə köçürülmüş audio yazılara tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, telefon əlaqəsi zamanı iddiaçı cavabdehdən ona verdiyi ümumi olaraq 13600 manat pul, kartdakı pullar və qızılların qaytarmasını bildirir. Cavabdeh iddiaçının tələb etdiyi pul məbləğinə və qızıllara etiraz etmir və qaytaracağına söz verir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehdən 15000 manat pul və 2500 manat qızıl-zinyət əşyalarının alınaraq ona verilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. İddiaçının təqdim etdiyi CD-diskə köçürülmüş audio yazılara baxış keçirilərkən müəyyən edilmişdi ki, telefon əlaqəsi zamanı iddiaçı cavabdehdən ona verdiyi ümumi olaraq 13600 manat pul, kartdakı pullar və qızılların qaytarmasını tələb edir. Cavabdeh iddiaçının tələb etdiyi pul məbləğinə və qızıllara etiraz etmir və qaytaracağına söz verir. Məhkəmə tərəflərin izahatları, şahidlərin ifadəsi və mülki işin materiallarına əsaslanaraq qərara gəlir ki, cavabdehin iddiaçıdan 13600 manat pul və 2500 manat qızıl-zinyət əşyaları aldığı və geri qaytarmaması faktı sübuta yetirilmişdir. Cavabdeh iddiaçıdan pul və qızıl-zinyət əşyaları aldığı halda həmin pul və qızıl-zinyət əşyalarını iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı oldğundan məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 13600 manat pul və 2500 manat qızıl-zinyət əşyaları və ya onların dəyərinin alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əzı̇ zov Tapdıq Xoca oğlundan 13600 manat pul və 2500 manat qızılzinyət əşyaları və ya onların dəyəri alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-173/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-173/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver