Məhkəmə qərarları › İş №2(037)-175/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-175/2020

27.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-175/2020 27.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadəsində olan həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 245.5 kv.metr həyətyanı torpaq sahəsinə cavabdehə məxsus həyətyanı torpaq sahəsinin sağ qərb tərəfindən eni iki metr, uzunluğu beş metr məsafədə içtimai yolun cavabdeh tərəfindən açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Lahıc qəsəbəsində doğulmuşdur. Valideyinləri ilə birlikdə bir müddət İsmayıllı rayon Lahıc qəsəbəsində yaşadıqdan sonra İsmayıllı şəhərinə köçmüşlər. 1980-ci illərin sonlarında onun müraciətinə əsasən XDS-nin İK-nin qərarı ilə Lahıc qəsəbəsindəki baba yurdundan qalan təqribən 245.5 kv.metr torpaq sahəsi qanuni istifadəsinə verilmişdir. Məlum torpaq islahatları zamanı qanuni istifadəsində olan 245.5 kv.metr torpaq sahəsi əvəzsiz mülkiyyətinə verilməsi üçün islahat siyahısına salınmış, DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən xx xxxx 2010-cu il tarixdə 3171 sayla uçota alınaraq “A” seriyalı 219930 nömrəli plan və ölçü sənədi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi istifadəsində olan 245.5 kv.metr torpaq sahəsi ilə bağlı mübahisə olmasını əsas göstərərək mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etmişdir. İsmayıllı rayon Lahıc qəsəbəsində yerləşən 245.5 kv.metr torpaq sahəsi qanuni istifadəsinə verilərkən həmin torpaq sahəsinə qəsəbənin mərkəzi yolundan geniş giriş-çıxış yolu olmuşdur. Sonralar cavabdeh istifadəsində olan torpaq sahəsinə gedən iki metr enində, beş metr uzunluğunda olan yolu zəbt edərək həyətyanı torpaq sahəsinə girişçıxış yolunu tamamilə kəsmişdir. Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş-çıxış yolunu bağlamaqla ona həmin yoldan və istifadəsində olan torpaq sahəsindən istifadə hüququnu pozmuşdur. O, istifadəsində olan İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 245.5 kv.metr həyətyanı torpaq sahəsinə cavabdehə məxsus həyətyanı torpaq sahəsinin sağ qərb tərəfindən eni iki metr, uzunluğu beş metr məsafədə yolun cavabdeh tərəfindən açılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş teleqram göndərərək təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclaslarında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayır. İddiaçının istifadəsində olan 245.5 kv.metr torpaq sahəsi ona məxsus 0.0261 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qonşuluğunda yerləşir. xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* və ******* nömrəli çıxarışlara, həmin çıxarışlara əlavə edilmiş plan ölçü sənədinə və fərdi yaşayış evinin texniki pasportuna əsasən İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində yerləşən 0.0261 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 134.4 kv. metr olan iki mərtəbəli fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. İddiaçının istifadəsində olan torpaq sahəsinə giriş-çıxış yolu ona məxsus torpaq sahəsinin sağ qərb tərəfindən deyil, Lahıc qəsəbə sakinləri Zeynəb Tahirova və Kamil Cəbrayılovaya məxsus evin arasında qalmış eni təxminən iki metr olan dalanın yerləşdiyi ərazidəndir. Həmin dalanın yerləşdiyi ərazi əvvəllər içtimai yol olmuşdur. O, dəfələrlə iddiaçı ilə əlaqə saxlayaraq istifadəsində olan torpaq sahəsinə giriş-çıxış yolunun hansı ərazidən olması barədə məlumat vermişdir. Mülkiyyətində olan 0.0261 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi iddiaçının istifadəsində olan 245.5 kv.metr torpaq sahəsinin qonşuluğunda yerləşsə də o iddiaçının istifadəsində olan torpaq sahəsinə gedən giriş-çıxış yolunu kəsməmiş və həmin yolu zəbt etməmişdir. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə İsmayıllı rayon Lahıc qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Müayinənin nəticəsi olaraq verilmiş mütəxəssis rəyində göstərilir ki, İsmayıllı rayon keçmiş Ərəgit təsərrüfatında aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində iddiaçının istifadəsində olan 245.5 kv.metr torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığından həmin torpaq sahəsinə yolun hansı ərazidən olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, yerində müayinənin nəticələrini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. xx xxxx 2010-cu il tarixli A№ 219930 nömrəli DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, X1 xx xxxxx 1999-cu il tarixli 74 saylı qərarına əsasən İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində yerləşən 245.5 kv.metr torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* və ******* nömrəli çıxarışlar, həmin çıxarışlara əlavə edilmiş plan ölçü sənədi və fərdi yaşayış evinin texniki pasportunun surətlərindəın görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində yerləşən 0.0261 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 134.4 kv. metr olan iki mərtəbəli fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli **********33 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı istifadəsində olan 245.5 kv.metr torpaq sahəsinə gediş-gəliş yolu mövcud deyildir. İsmayıllı rayon keçmiş Ərəgit təsərrüfatında aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının istifadəsində olan 245.5 kv.metr torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçının istifadəsində verilmiş İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 245.5 kv.metr torpaq sahəsi cavabdehin mülkiyyətinə verilmiş 0.0261 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin qonşuluğunda yerləşir. İsmayıllı rayon keçmiş Ərəgit təsərrüfatında aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində iddiaçının istifadəsində olan 245.5 kv.metr torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır və həmin torpaq sahəsinə gedişgəliş yolu mövcud deyildir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh tərəfindən istifadəsində olan İsmayıllı rayon Lahıc qəsəbəsində yerləşən 245.5 kv.metr torpaq sahəsinə cavabdehin həyətyanı torpaq sahəsinin sağ-qərb tərəfindən eni iki metr, uzunluğu beş metr məsafədə yolun açılmasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar