Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-179/2024 23.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, çəkilmiş dəmir torun sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair mülki işə 23 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən onun tam mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş dəmir torun sökülməsi, torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100.40 manat məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********52 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən adına 0,06 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmaqla hüquq sahibi olaraq Çıxarış və həmin tarixdə A N № 644811 saylı Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq ona verilmişdir. Əldə etdiyi "Torpaq sahəsinin plan və ölçüsü” nün kordinat göstəricisinə uyğun döngə nöqtələri arasında məsafə və torpaq sahəsinin qonşu sərhədləri ona yerində natura şəklində tanıdılmışdır. Qonşu sərhədi ilə yaxınlıqda yaşayan Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək mülkiyyət hüququnu pozmuş və həmin torpaq sahəsində qanunsuz hərəkətlər etmişdir. Belə ki, zəbt olunmuş torpaq sahəsinə dəmir tor çəkərək öz əmlakı kimi istifadə edir. Qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılması, ora çəkilmiş dəmir torun sökülərək torpaq sahəsindən götürülməsi tələbi cavabdeh tərəfindən birmənalı olaraq rədd edilmiş və həmin ərazini boşaltmayacağını bildirmişdir. Bununla əlaqədar dəfələrlə, polis şöbəsinə və DƏDRX-nin İsmayıllı şöbəsinə çoxlu sayda müraciət etmişdir. Bundan başqa, öz hesabına DƏDRX-nin kadastr işləri aparan mütəxəssisləri həmin əraziyə dəvət edərək mübahisəli ərazinin ona məxsus olduğu dəqiqləşdirilmiş və cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmağı, əraziyə çəkilmiş dəmir torun sökülərək götürülməsini və həmin ərazinin boşaldılmasını və maneçilikləri dayandırmağı tələb etsə də cavabdeh bundan imtina edərək həmin ərazini ona verməyəcəyini bildirmişdir. Qeyd olunan problemi həll etməyə çalışsa da, cavabdeh heç cürə yola gəlmir. Məsələyə son qoymaq məqsədi ilə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Göründüyü kimi, o özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə,yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Dəfələrlə məsələnin sülh yolu ilə həll edilməsini cəhd etsə də cavabdeh buna əməl etməyərək onun mülkiyyət hüququnu pozmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, hesab edir ki, iddiası təmin edilməli və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən onun tam mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş dəmir tor sökülməli və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulmalıdır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi atası X1 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, JN-497C Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayon AİK-nın 20 fevral 2001-ci il tarixli qərarı ilə İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisindən 0,33 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıya məxsus 0.06 hektar torpaq sahəsi ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. Onun tərəfindən torpaq sahəsində inşa edilmiş metal tordan ibarət çəpər iddiaçıya məxsus torpaq sahəsində yerləşmir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış sənədini ondan əvvəl almışdır. Onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan 0,33 hektar həyətyanı torpaq sahəsinə dair reyestr idarəsi tərəfindən çıxarış verilərkən həmin torpaq sahəsinin koordinatları yerində ölçülərək təhvil verilmişdir. O, mülkiyyətində olan torpaq sahəsinin sərhədləri xaricinə çıxmamışdır. Əvəzində isə iddiaçı tərəfindən mübahisəli əraziyə kənardan torpaq sahəsi gətirilib tökülərək ərazi hündürləşdirilmiş, yağış yağarkən iddiaçıya məxsus torpaq sahəsindən axan yağış suları ona məxsus həyətə axır. İddiaçı onun inşa etdiyi metal tordan ibarət çəpərin mülkiyyətində olan 0.06 hektar torpaq sahəsində yerləşmədiyini bilə-bilə ona qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddiaçının iddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN-497C Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayon AİK-nın 20 fevral 2001-ci il tarixli qərarı ilə İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisindən 0,33 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********52, qeydiyyat tarixi xx.xx.2021 olan Çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verimişdir. İşdə olan, məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş, 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/1244 saylı ekspert rəyindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən, İddiaçı məxsus 0.06 hektar torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları ilə mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları müqayisələndirilən zaman iddiaçıya məxsus torpaq sahəsində hər hansı bir zəbt halı aşkar edilməmişdir. Belə ki, iddiaçı tərəfin onlara məxsus torpaq sahəsində yerləşdiyini iddia etdiyi metal tordan ibarət çəpər 0.06 hektar torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2- 6794/2024 saylı sorğuya cavab məktubundan görünür ki, DƏDKR publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətandaş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən torpaq sahəsinin sərhədlərinin (koordinatlarını) naturada müəyyən edilərək tanıdılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etməmişdir. Bildirirlər ki, həmin torpaq sahəsinə baxışda DƏDKR publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin mütəxəssislərinin iştirakı İsmayıllı rayon İcra və probasiya şöbəsinin müraciəti əsasında təmin olunmuş, torpaq sahəsinə dair tərtib olunmuş baxış aktı İsmayıllı rayon İcra və probasiya şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli 28513 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən torpaq sahəsində çəkilmiş metal tordan ibarət çəpər iddiaçıya məxsus 0.06 hektar torpaq sahəsində deyil, həmin torpaq sahəsi ilə qonşuluqda olan cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 0.33 hektar torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşir. Cavabdeh tərəfindən çəkilmiş metal tordan ibarət çəpər iddiaçıya məxsus torpaq sahəsində yerləşmir. İşdə olan, məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş, 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/1244 saylı ekspert rəyində İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən, İddiaçı məxsus 0.06 hektar torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları ilə mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları müqayisələndirilən zaman iddiaçıya məxsus torpaq sahəsində hər hansı bir zəbt halı aşkar edilməmiş və iddiaçı tərəfin ona məxsus torpaq sahəsində yerləşdiyini iddia etdiyi metal tordan ibarət çəpər 0.06 hektar torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Cavabdeh tərəfindən torpaq sahəsində çəkilmiş dəmir tordan ibarət çəpər iddiaçının mülkiyyətində olan 0.06 hektar torpaq sahəsində deyil, həmin torpaq sahəsi ilə qonşuluqda olan cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 0.33 hektar torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki,hazırkı iş üzrə Cavabdeh tərəfindən torpaq sahəsində çəkilmiş metal tordan ibarət çəpər iddiaçıya məxsus 0.06 hektar torpaq sahəsində deyil, həmin torpaq sahəsi ilə qonşuluqda olan cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 0.33 hektar torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşir. Cavabdeh tərəfindən çəkilmiş metal tordan ibarət çəpər iddiaçıya məxsus torpaq sahəsində yerləşmir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa,qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcələnin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu,lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur.Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır:tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, çəkilmiş dəmir torun sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulmasına dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci iddia təmin edilmədiyindən iddiaçıdan tutulmalıdır. Belə ki,Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, çəkilmiş dəmir torun sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ41NAB Z********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN - **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-179/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-179/2024
23.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver