Məhkəmə qərarları › İş №2(037)-231/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-231/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-231/2022 27.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Nəsı̇ bov Bayram Paşa oğlunun cavabdeh Həkı̇ mov Şakı̇ r İspəndı̇ yar oğluna qarşı pul tələbinə dair mülki işə 27 aprel 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Nəsı̇ bov Bayram Paşa oğlu (bundan sonra iddiaçı) Həkı̇ mov Şakı̇ r İspəndı̇ yar oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən torpaq sahəsi üçün 6679 manat, çəkdiyi xərclərə görə 4500 manat, mənəvi zərərə görə 1000 manat, torpağın qiymətləndirilməsi üçün ödənilmiş 150 manat xidmət haqqı və iddia qaldırmaq üçün ödədiyi 124,5 manat dövlət rüsumu – cəmi 12453,50 manat pul alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2006-cı ildə o, İsmayıllı rayonu Yenikənd kəndində kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istəmişdir. O, bu barədə İsmayıllı rayonu Kəlbənd bələdiyyəsinin sədri Şahid bildirmişdir. Bir neçə gün sonra Şahid cavabdehin özü və ailəsinə məxsus torpaq sahəsinin 1,2 hektar hissəsini satmaq istədiyini ona bildirmişdir. O, həmin torpaq sahəsinin satın alınması üçün keçmiş pulnan 1 milyon manat cavabdehə ödəmişdir. Cavabdeh həmin torpaq sahəsinə dair dövlət aktını ona təhvil vermişdir. Həmin vaxt sənədlər tam hazır olmadığından torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirə bilməmişlər. Cavabdeh ona bildirmişdir ki, oğlu Rusiya Federasiyasında yaşayır və ölkəyə gələn kimi alğı-satqını rəsmiləşdirəcəkdir. Sonradan isə cavabdeh müxtəlif bəhanələrlə torpaq sahəsinin sənədləşdirilməsindən yayınmışdır. 2006-cı ildən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuşdur. Bu ilə qədər cavabdehlə aralarında heç bir mübahisə olmamışdır. O, bir müddət əvvəl bilmişdir ki, cavabdeh torpaq sahəsini ona məlumat vermədən sənədləri əldə edərək başqa şəxsə satmışdır. Bu barədə cavabdehdən soruşduqda vaxtında gəlib sənədləşmə işini başa çatdırmasını ona bildirmişdir. 16 ildən artıqdır ki, o, mübahisǝli torpaq sahəsinə sahiblik etmiş və onun istifadəsində olmuşdur. Ötən dövr ərzində torpaq sahəsini yararlı hala gətirmək üçün xeyli vəsait xərcləmişdir. Həmin torpaq sahəsini daşdan təmizləyərək yararlı hala gətirmək üçün fəhlələrə və texnikalara 1500 manat pul vermişdir. Bundan başqa torpaq sahəsinin ətrafını hasarlatmışdır. Həmin torpaq sahəsinin kənarında artezian su quyusu qazdırmışdır. Bütün bunlarda məqsədi həmin ərazidə badam bağı salmaq olmuşdur. Su quyusu qazdırmaq üçün 10000 manat pul xərcləmişdir. Torpaq sahəsinə cəmi 4000 manat pul olmaqla, 50 maşın peyin vermişdir. Bundan başqa torpaq sahəsinin daşdan təmizlənməsi üçün hər dəfəsi 20 manat olmaqla 10 dəfəyə cəmi 200 manat maşına, bu işlərinin görülməsi üçün fəhlələrə isə 300 manat, ümumilikdə bu işlərin görülməsinə cəmi 500 manat pul vermişdir. Bütün bu işləri görməklə torpaq sahəsini tam yararlı hala gətirmişdir. Hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə növündən, təyinatından, münbitliyindən və məhsuldarlığından asılı olaraq bir hektar torpaq sahəsinin qiyməti 4000-6000 manat arasında dəyişir. O, 2006-cı ildə başqa yerdən hektarı 350-400 manata torpaq sahəsi ala bilərdi. Lakin torpaq sahəsi ona münasib yerdə olduğundan keçmiş pulnan 1 milyon AZM verməyə razı olmuşdur. Cavabdeh onun etibarından sui istifadə etmiş, 16 il sahiblik və istifadə etdiyi torpaq sahəsini 2021-ci ildə başqa şəxsə satmışdır. Bundan başqa cavabdehin torpaq sahəsini ona məlumat vermədən başqa şəxsə satdığını eşitdikdə çox böyük əsəb gərginliyi keçirmişdir. Hətta bir neçə gün ev şəraitində müalicə almağa məcbur olmuşdur. Cavabdehdən keçirdiyi sarsıntılara görə 1000 manat mənəvi zərər tələb edir. Cavabdehdən torpaq sahəsi üçün 6679 manat, çəkdiyi xərclərə görə 4500 manat, mənəvi zərərə görə 1000 manat, torpağın qiymətləndirilməsi üçün ödənilmiş 150 manat xidmət haqqı və iddia qaldırmaq üçün ödədiyi 124,5 manat dövlət rüsumu – cəmi 12453,50 manat pul alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, özünə və ailə üzvlərinə məxsus 1,2 hektar torpaq sahəsinə, o cümlədən, həmin torpaq sahəsi ilə həmsərhəd olan, mərhum valideynlərinə məxsus 0,43 hektar sahəsinə nəzarət etməyi və satmağı bibisi oğlu Şahid həvalə etmişdir. 2006-cı ildə Şahid iddiaçının torpaq sahəsi almaq istədiyini ona bildirmişdir. O, özü və ailəsinə məxsus torpaq sahəsinin 1,2 hektar hissəsini satmaq istədiyini Şahid bildirmişdir. İddiaçı həmin torpaq sahəsinin satın alınması üçün Şahid 200 ABŞ dolları pul vermək əvəzinə 150 ABŞ dolları pul vermişdir. Şahid 150 ABŞ dolları pulu ona vermişdir. 2006-cı ildə torpaq sahələrinin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında varislərin adına keçməsi, daha sonra qeydə alınması və alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi prosedurları üçün keçmiş pulnan 2 milyon manatdan artıq pul tələb olunurdu. Həmin dövrdə 2 milyon manat 400 ABŞ doları miqdarında idi. Ona torpaq sahəsinin sənədlərini düzəldib satmaq sərf etməmişdir. O, qalan pul verildikdən sonra torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcəyini, torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün həmin torpaq sahəsinin sənədlərinin düzəltməsini iddiaçıya bildirmişdir. İddiaçı qalan pulu ona ödəməmiş, o, həmin torpaq sahəsini iddiaçıya icarə kimi istifadəyə vermişdir. O, 2018-ci ildə torpaq sahəsi üzərində mülkiyyət hüququnu yenidən qeyd etdirərək 2021-ci ildə başqa şəxsə satmışdır. İddiaçı torpaq sahəsinin yararlı hala salınmasını bildirsə də həmin torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq olmaqla əkinə tam yararlıdır. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdi ki, cavabdeh onun dayısı oğludur. O, 2006-cı ildə İsmayıllı rayonu Kəlbənd kəndinin bələdiyyə sədri işləmişdir. 2006-cı ildə iddiaçı ona cavabdehin torpaq sahəsini almaq istədiyini bildirmişdir. O, bu barədə cavabdehə dedikdə sonuncu, özü və ailəsinə məxsus torpaq sahəsinin 1,2 hektar hissəsini satmaq istədiyini ona bildirmişdir. İddiaçı həmin torpaq sahəsinin satın alınması üçün ona 150 ABŞ dolları pul vermişdir. Cavabdeh həmin məbləğə torpaq sahəsini satmadığını bildirmişdir. O, iddiaçı ilə cavabdehin razılığa gələcəklərini yəqin etmiş və həmin pulu cavabdehə vermişdir. JN-0006 KOD 40714005 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarı ilə İsmayıllı rayonu Yenikənd kəndi ərazisindən 10,01 hektar kənd təsərrüfatı məhsulları istehsalı təynatlı torpaq sahəsi Cavabdeh, X2, X3, X4, X5 və X1 mülkiyyətinə verilmişdir. İsmayıllı rayon Kəlbənd bələdiyyəsinin 06 dekabr 2021-ci il tarixli 54 nömrəli arayışından görünür ki, Kəlbənd kəndi ərazisində vətəndaşlara məxsus əkin torpaq sahəsinin hal-hazırda satış qiyməti 4500-5000 manat civarında dəyişir. "xxxx" MMC-nin 06 aprel 2022-ci il tarixli 15 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayonu Yenikənd kəndində Cavabdeh və onun ailə üzvlərinə mülkiyyət hüququ əsasında məxsus olan 1,2043 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsində son bir il ərzində dənli taxıl bitkisinin (buğda, arpa) əkilməsindən əldə olunmuş xalis gəlirin məbləği 1802 manat, həmin torpaq sahəsinin hazırda ərazi üzrə mövcud bazar qiyməti isə 6679 manat həddindədir. 13 aprel 2022-ci il tarixli 14617 nömrəli qəbzin surətindən görünür ki, mütəxəssis rəyi verilməsi üçün "xxxx" MMC-nin hesabına 150 manat xidmət haqqı ödənilmişdir. 17 yanvar 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün 125 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2006-cı ildə iddiaçı İsmayıllı rayonu Yenikənd kəndində kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istəmişdir. İddiaçı bu barədə həmin vaxt İsmayıllı rayonu Kəlbənd bələdiyyəsinin sədri işləyən Şahid bildirmişdir. Bir neçə gün sonra Şahid cavabdehin özü və ailəsinə məxsus torpaq sahəsinin 1,2 hektar hissəsini satmaq istədiyini iddiaçıya bildirmişdir. İddiaçı həmin torpaq sahəsinin satın alınması üçün keçmiş pulnan 1 milyon manat cavabdehə ödəmişdir. Cavabdeh həmin torpaq sahəsinə dair dövlət aktını ona təhvil vermiş və həmin torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Həmin vaxt sənədlər tam hazır olmadığından tərəflər həmin torpaq sahəsini notarial qaydada alğı-satqı edə bilməmişlər. Ötən müddət ərzində iddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. 2021-ci ildə iddiaçıya məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 6679 manat həddində müəyyən edilmişdir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi həmin hissədə təmin olunaraq 1 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 6679 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Məhkəmə iddia tələbinin cavabdehdən çəkdiyi xərclərə görə 4500 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, "xxxx" MMC-nin 06 aprel 2022-ci il tarixli 15 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyinə əsasən İsmayıllı rayonu Yenikənd kəndində Cavabdeh və onun ailə üzvlərinə mülkiyyət hüququ əsasında məxsus olan 1,2043 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin hazırda ərazi üzrə mövcud bazar qiyməti isə 6679 manat həddindədir. İddiaçı iddia tələbində cavabdehdən çəkdiyi xərclərə görə 4500 manat pul tələb etsə də torpaq sahəsinin dəyərinin keçmiş pulnan 1 milyon manatdan hazırki 6679 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni torpağın qiyməti 6679 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilmişdir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən çəkdiyi xərclərə görə 4500 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin hərəkətləri nəticəsində güclü sarsıntılar keçirdiyini, əsəb gərginliyinə düçar olduğunu və bununla da ona 1000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mübahisə predmeti olan torpaq sahəsinin ərazi üzrə mövcud bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilmişdir. Rəyin verilməsi üçün 150 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh ümumiyyətlə iddia tələbini qəbul etmədiyindən iş üzrə xidmət haqqı olan 150 manat məbləği birbaşa cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehdən 124,5 manat ödənilmiş dövlət rüsumu da alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Həkı̇ mov Şakı̇ r İspəndı̇ yar oğlundan 6679 manat, 150 manat xidmət haqqı və 124,5 manat ödənilmiş dövlət rüsumu – cəmi 6953 (altı min doqquz yüz əlli üç) manat 50 (əlli) qəpik alınaraq iddiaçı Nəsı̇ bov Bayram Paşa oğluna verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar