Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-237/2021 16.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Ərizəçi və üçüncü şəxs X2 İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdikləri qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri, 02.10.2017-ci il tarixdə ölmüş X3 miras qalmış, JN-009F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında İsmayıllı şəhərində yerləşən 0.067 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı faktiki qəbul etməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, əri X9 02.10.2017-ci il tarixdə vəfat etmişdir. Mərhum ərinə sağlığında İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhər ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə müvafiq olaraq JN-009F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Ərinin vəfatından sonra həmin torpaq sahələrini faktiki olaraq qəbul etmiş və həmin miras əmlakdan istifadə etmişdir. Digər birinci növbə vərəsə olan oğlu miras əmlakın onun tərəfindən qəbul edilməsini təsdiq edir və mirasla bağlı aralarında heç bir mübahisə yoxdur. Hazırda miras əmlaka dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəyir. Bununla bağlı İsmayıllı rayon Dövlət Notariat Kontoruna müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün həmin orqan bundan imtina etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunaraq, mərhum əri, 02.10.2017-ci il tarixdə ölmüş X3 miras qalmış, JN-009F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında İsmayıllı şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı faktiki qəbul etməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs X5 iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Ərizəçi onun doğma anasıdır. Həmçinin, mərhum atasından qalmış miras əmlakı da Ərizəçi faktiki olaraq qəbul etmişdir. Hazırda ərizənin təmin edilməsinə etirazı yoxdur. Belə ki, həmin torpaq sahəsindən bugünədək anası Ərizəçi təyinatına uyğun istifadə etmiş, hazırda da torpaq sahəsini əkib-becərməklə məşğuldur. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.10.1980-ci il tarixli, İİ-JQ 372986 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə Ərizəçi arasında 28 oktyabr 1980-ci il tarixdə İsmayıllı rayon VVAQ şöbəsində rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surətlərindən görünür ki, X9 ilə Ərizəçi birgə nikahından 17.01.1982-ci il tarixdə Zaur, 29.01.1986-cı il tarixdə Yalçın və 14.03.1993-cü il tarixdə Ağa adlı uşaqları doğulmuşdur. İşdə olan ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X8 30 yanvar 1984-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 02.10.2017-ci il tarixli, AZ-İ 903363 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 02.10.2017-ci il tarixdə vəfat etmişlər. İşdə olan JN-009F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, X7 İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhər ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Mənzil İstismar sahəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli arayışdan görünür ki, Talıbova X4 şəhəri, Vahab Osmanov küçəsi 1 saylı kommunal yaşayış evinin 1 saylı mənzilində qeydiyyatda olaraq yaşamaqla ailə tərkibi 29.01.1986-cı il təvəllüdlü oğlu X1 ibarətdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 09.02.2021ci il tarixli N-175 saylı məktubdan görünür ki, Ərizəçi mərhum X3 qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı və mirasın qəbul olunması barədə sübutlar təqdim olunmadığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin, üçüncü şəxsin izahatları və digər iş materialları ilə müəyyən edilir ki, 02.10.2017-ci il tarixdə vəfat etmiş X9 ərizəçinin əri olmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsəvərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X9 ilə Ərizəçi arasında 28 oktyabr 1980-ci il tarixdə İsmayıllı rayon VVAQ şöbəsində rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, birgə nikalarından 29.01.1986-cı təvəllüdlü X5 doğulmuşdur. Ərinə sağlığında İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhər ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə müvafiq olaraq JN-009F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Ərizəçinin əri 02.10.2017-ci il tarixdə vəfat etmişdir. İsmayıllı şəhəri ərazisində yerləşən torpaq sahəsi ərizəçinin ərindən miras qalmışdır. Ərinin vəfatından sonra ərizəçi səhəti ağır olduğuna görə mirasın açılması və qəbulu barədə qanunla müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmişdir. Sonradan ərizəçi bu barədə İsmayıllı Rayon Notariat Ofisinə müraciət etdikdə isə, notarius tərəfindən müddətin ötürülməsi səbəbi ilə ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi birgə nikah münasibətində olarkən əri ilə birlikdə həmin evdə yaşamış, ərinin vəfatından sonra əmlak və torpaq vergisini, kommunal xidmətlər üçün haqları ödəmiş, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Digər birinci növbə vərəsə olan oğlu miras əmlakın onun tərəfindən qəbul edilməsini təsdiq edir və mirasla bağlı aralarında heç bir mübahisə yoxdur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X3 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Həmçinin, mərhum X6 birinci növbəli vərəsəsi olan oğlu X5 atasından qalmış miras əmlakdan pay istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X3 miras qalmış, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş JN-009F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında İsmayıllı şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-237/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-237/2021
16.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver