Məhkəmə qərarları › İş №2(037)-238/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-238/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-238/2021 31.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 5000 manat məbləğində maddi zərərin, 1300 manat məbləğində pulun, ümumilikdə 6300 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ona vurulmuş 200 manat məbləğində maddi zərərin, 1200 manat məbləğində isə pulun, ümumilikdə 1400 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, əvvəllər usta kimi tanıdığı Cavabdeh 2020-ci ilin ortalarında müraciət edərək, yaşadığı evin həyətində dəmir konstruksiyalarla quraqlıq tikilməsini bildirmiş, bunun üçün lazım olan materialların düzgün seçilib alınması, usta və iş icraçısı kimi cavabdehin üzərinə, alınacaq materialların və usta pulunun ödənilməsini isə öz üzərinə götürülməsi barədə razılığa gəlmişlər. Razılılaşdıqları şəkildə cavabdeh tikinti materiallarını alaraq, sözügedən tikinti işlərini başa çatdırmış və zəhmət haqqını alaraq getmişdir. Lakin bir müddət keçdikdən sonra cavabdeh tərəfindən tikilmiş quraqlığın dəmir profilləri ağırlığa tab gətirməyərək deformasiyaya uğramış və tamamən əyilmişdir. Belə olan halda quraqlıq tamamilə sökülərək daha dayanıqlı materiallardan istifadə edilməklə tikilməsi zərurəti yaranmış və bunun nəticəsində ona 200 manat məbləğində maddi zərər dəymişdir. Həmin qüsurları aradan qaldırması üçün cavabdehə dəfələrlə bildirsə də heç bir nəticəsi olmamışdır. Belə olan halda o öz seçimi ilə qüsuru aradan qaldırmış və 200 manat əlavə xərc çəkmişdir. Bundan əlavə cavabdeh 2020-ci ilin iyul ayında tikdiyi quraqlığın altını betonlamağı da öz üzərinə götürərək, ondan usta xərci kimi əvvəcədən 1200 manat pul almışdır. Lakin həmin vaxtdan 6 aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda cavabdehdən dəfələrlə pulunu qaytarmasını tələb etdikdə, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Ona görə də Cavabdeh ona vurulmuş 200 manat məbləğində maddi zərərin, 1200 manat məbləğində isə pulun, ümumilikdə 1400 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərdi ki, İddiaçı yaşadığı evin həyətində dəmir konstruksiyalarla quraqlıq tikintisi işləri görmüş, lakin materiallar düzgün seçilmədiyindən, tikinti başa çatdıqdan sonra quraqlığın dəmir profilləri ağırlığa tab gətirməyərək deformasiyaya uğramışdır. Həmin quraqlığın bərpası üçün isə çəkilmiş 200 manat məbləğində pulu ödəməyə söz verir. Bundan başqa iddiaçıdan onun yaşadığı evin həyətinə beton tökülməsi üçün aldığı 1200 manat məbləğində pulu hər ay 200 manat olmaqla ödəməyə söz verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izaharından görünür ki, iddiaçı və cavabdeh arasında podrat müqaviləsi mövcud olmuş, cavabdeh (podratçı) müqavilədə nəzərdə tutulan işi, yəni iddiaçının (sifarişçinin) yaşadığı evin həyətində dəmir konstruksiyalarla quraqlıq tikilməsini icra etməyi, iddiaçı isə cavabdehlə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüş, tələbin dəmir konstruksiyalarla quraqlıq tikilməsi hissəsi icra olunmuş və razılaşdırılmış muzd ödənilmişdir. Lakin sonradan quraqlığın dəmir profilləri ağırlığa tab gətirməyərək əyilmiş, iddiaçı tərəfindən cavabdehə həmin qüsurları aradan qaldırılması təkilf edilməsinə baxmayaraq, cavabdeh sözügedən qüsuru aradan qaldırmamışdır. Belə olan halda iddiaçı həmin qüsurları öz seçimi ilə aradan qaldırmış və bunun üçün 200 manat məbləğində əlavə xərc çəkmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Tələbin iddiaçının (sifarişçinin) yaşadığı evin həyətinin betonlanması hissəsinə gəlincə, müəyyən edilmişdir ki, tərəflərin əvvəlcədən razılaşdırdıqları 1200 manat pul iddiaçı tərəfindən cavabdehə verilmiş (iddiaçı müqavilə üzrə öhdəliyini əvvəlcədən yerinə yetirmiş), lakin cavabdeh üzərinə götürdüyü işi icra etməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Müqavilə şərtinə uyğun olaraq iddiaçı tərəfindən öhdəliklərinə əməl edilmiş və 1200 (min iki yüz) manat məbləğində pul cavabdehə verilmişdir. Lakin bu razılıq baş tutmamış, müqavilə üzrə şərtlər pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçının yaşadığı evin həyətinə beton tökülməsi üçün aldığı 1200 manat məbləğində pulu isə geri qaytarmamışdır. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 1200 (min iki yüz) manat pulu iddiaçıya qaytarmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 220.4cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, o, iddia tələbi üzrə maddi zərərə görə 200 manat və iş icrası üçün aldığı 1200 manat məbləğində borcu olduğunu etiraf edir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh tərəfindən iddia tələbinin etirafı barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh iddianı tələbə uyğun olaraq qəbul edir və cavabdehin etirafı digər şəxslərin maraqlarına toxunmamaqla, qəbul edilən etirafdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh- Cavabdeh aid edilməlidir. Odur ki, Cavabdeh İddiaçı qızının xeyrinə maddi zərərə görə 200 manat və işin icrası üçün aldığı 1200 manat məbləğində pul, ödənilmiş 30 manat dövlər rüsumu, ümumilikdə 1430 manat pulun tutulması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə 200 manat və işin icrası üçün aldığı 1200 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 1430 (min dörd yüz otuz) manat məbləğində pul tutulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar