Məhkəmə qərarları › İş №2(037)-261/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-261/2021

19.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-261/2021 19.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayon Qalagah bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı torpaq icarəsi müqaviləsi üzrə icarə haqqının artırılmasına dair müqavilə şərtlərinin dəyişdirilməsi barədə tərəflərin razılığının məhkəmə qərarı ilə təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı İsmayıllı rayon Qalagah bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh1 arasında bələdiyyə mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 02 saylı, İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh2 arasında bələdiyyə mülkiyyətində olan 50 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 01 saylı, İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə İsmayıllı rayonu, Mollaisaqlı kənd sakini Cavabdeh3 arasında bələdiyyə mülkiyyətində olan 14,3192 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 01 saylı və 13,5514 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 02 saylı və İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh4 arasında bələdiyyə mülkiyyətində olan 40,37 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 01 saylı, Cavabdeh5 MMC ilə İsmayıllı rayon Qalagah bələdiyyəsi arasında bələdiyyə mülkiyyətində olan 26,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxx 2007-ci il tarixdə bağlanmış, 01 saylı və 19 ha əkin torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxx 2007-ci il tarixli, 02 saylı müqavilələr üzrə hər hektar üçün illik icarə haqqının 150 manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsmayıllı rayon Qalagah bələdiyyəsinin nümayəndəsi(sədri) X5 iddianı müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh1 arasında bələdiyyə mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 02 saylı müqaviləyə əsasən həmin torpaq sahəsi 20 illik müddətinə, illik 240000 AZM, yəni 48 manat ödəmək şərti ilə icarəyə verilmişdir. Bundan başqa, Cavabdeh5 MMC ilə İsmayıllı rayon Qalagah bələdiyyəsi arasında bağlanmış bələdiyyə mülkiyyətində olan 26,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 01 saylı və 19,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 02 saylı müqavilələrə əsasən, ümumilikdə 45 ha torpaq sahəsi,doxsan doqquz il müddətinə, hər hektarı illik 24 manat məbləğində icarə haqqı müəyyənləşdirilməklə sonuncuya icarəyə verilmişdir. Bundan başqa, İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə Hacıhətəmli kənd sakini Cavabdeh2 arasında bələdiyyə mülkiyyətində olan 50 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında 50,0 ha torpaq sahəsi iyirmi illik müddətinə, illik ******* AZM, yəni 200 manat məbləğində icarə haqqı ödəmək şərti ilə icarəyə verilmişdir. Bundan başqa, İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə İsmayıllı rayonu, Mollaisaqlı kənd sakini Cavabdeh3 arasında bələdiyyə mülkiyyətində olan 14,3192 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 01 saylı və 13,5514 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 02 saylı müqavilələr əsasında həmin torpaqlar on beş il müddətinə, illik 749 manat məbləğində icarə haqqı müəyyənləşdirilməklə icarəyə verilmişdir. Bundan başqa İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh4 arasında bələdiyyə mülkiyyətində olan 40,37 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən həmin torpaq sahəsi, qırx doqquz il müddətinə, illik 630 manat icarə haqqı müəyyənləşdirilməklə icarəyə verilmişdir. Lakin hazırda Respublikada, o cümlədən İsmayıllı rayonunda bir hektar torpaq sahəsinin illik icarə haqqı orta hesabla 150 manat təşkil edir. Bununla əlaqədar icarə haqqının artırılması məqsədi ilə bütün icarədarlara xx xxxxxx 2021-ci il tarixli, 03 saylı rəsmi məktubla müraciət edilərək, icarə haqqının artırılması ilə bağlı xx xxxxxx 2021-ci il tarixdədək münasibət bildirmələri barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər heç bir üzürlü səbəb göstərmədən bu barədə münasibət bildirməmişlər. Belə olan halda xx xxxxxx 2021-ci il tarixdə bələdiyyə iclası keçirilərək, bələdiyyənin mülkiyyətində olan və icarəyə verilmiş torpaq sahələrinin icarə haqqı artırılaraq, bir hektar əkin sahəsi üçün illik icarə haqqı 150 manat məbləğində müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh5 MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/vəkil X2 məhkəməyə vəsatət təqdim edərək, İsmayıllı rayon Qalagah bələdiyyəsinin cavabdehlər Cavabdeh5 MMC-yə və qeyrilərinə qarşı torpaq icarəsi müqaviləsi üzrə icarə haqqının artırılması və müqavilə şərtlərinin dəyişdirilməsi tələbinə dair mülki işin Cavabdeh5 MMCyə aid olan hissəsi üzrə icraatın ayrılaraq, mübahisənin kommersiya mübahisəsi olması səbəbindən Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın Cavabdeh5 MMC-yə aid hissəsi ayrılaraq, baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək, sözügedən torpaq sahəsinin icarə haqqının məbləği barədə Qalagah bələdiyyəsi ilə razılığa gələrək, bələdiyyə mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 02 saylı müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqının dəyişdirilərək, hər hektar üçün illik 35 (otuz beş) manat məbləğində müəyyənləşdirmişlər. Ona gör də iddianın qismən təmin edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/vəkil X1 təmsil etmişdir. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə üzrə sləhaiyyətli nümayəndəsi/vəkil X1 iddianı qismən etiraf edərək göstərdi ki, Cavabdeh3 ilə Qalagah bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin predmeti olan topaq sahəsinin böyük bir hissəsi yararsızdır, bataqlıq və kollardan ibarətdir. Onunla bağlanmış müqavilənin icarə haqqının artırılması ona iqtisadi cəhətdən əlverişli olmamaqla yanaşı, onu çıxılmaz vəziyyətə salacaqdır. Ona görə də icarə haqqının 5 manat məbləğində artırılaraq, illik 33 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/vəkil X3 təmsil etmişdir. Məhkəmə iclasında Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/vəkil X3 iddianı qismən etiraf edərək göstərdi ki, Cavabdeh4 ilə Qalagah bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin predmeti olan topaq sahəsinin böyük bir hissəsi yararsızdır, bataqlıq və kollardan ibarətdir. Onunla bağlanmış müqavilənin icarə haqqının artırılması ona iqtisadi cəhətdən əlverişli olmamaqla yanaşı, onu çıxılmaz vəziyyətə salacaqdır. Ona görə də icarə haqqının 5 manat məbləğində artırılaraq, illik 33 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək göstərdi ki, onun istifadəsində olan torpaq sahəsinin demək olar ki, yarısından çox hissəsi yararsızdır, o heyvandarlıqla məşğul olur, həmin torpaq sahəsinin yalnız az bir hissəsi örüşə, yəni heyvanların otlamasına yararlıdır. Ona görə də icarə haqqının 2 manat məbləğində artırılaraq, illik 30 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2004cü il tarixli, 02 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə Cavabdeh1 ilə Qalagah bələdiyyəsi arasında bələdiyyə mülkiyyətində olan 2,0 ha torpaq sahəsi 20 illik müddətinə, illik 240000 AZM ödəmək şərti ilə icarəyə verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qalagah bələdiyyəsini tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 03 saylı məktubdan görünür ki, Cavabdeh1 icarəyə götürülmüş torpaq sahəsinin 1 hektarına 150 manat artırılmasına dair münasibətini bildirilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2003cü il tarixli, 01 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə Cavabdeh2 ilə Qalagah bələdiyyəsi arasında bələdiyyə mülkiyyətində olan 50 ha torpaq sahəsi 20 illik müddətinə, illik 1 000 000 AZM ödəmək şərti ilə icarəyə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2019cu il tarixli, 01, 02 və 03 saylı müqavilələrin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə Cavabdeh2 ilə Qalagah bələdiyyəsi arasında bələdiyyə mülkiyyətində olan 41,6845 ha torpaq sahəsinin icarə haqqı illik 1127 manat, 8,2361 ha torpaq sahəsi illik 224 manat və 0,8657 ha torpaq sahəsi isə illik 25 manat müəyyənləşdirilməklə icarəyə verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qalagah bələdiyyəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 04 saylı məktubdan görünür ki, Cavabdeh2 icarəyə götürülmüş torpaq sahəsinin 1 hektarına 150 manat artırılmasına dair münasibətini bildirilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2019cu il tarixli, 01, 02, 03, 04 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə Cavabdeh3 Xanlar oğlu ilə Qalagah bələdiyyəsi arasında bələdiyyə mülkiyyətində olan 14,3192 ha torpaq sahəsinin icarə haqqı illik 388 manat, 3,0514 ha torpaq sahəsi illik 84 manat və 0,10 ha torpaq sahəsi illik 285 manat müəyyənləşdirilməklə icarəyə verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qalagah bələdiyyəsini tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 05 saylı məktubdan görünür ki, Cavabdeh3 Xanlar oğluna icarəyə götürülmüş torpaq sahəsinin 1 hektarına 150 manat artırılmasına dair münasibətini bildirilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2017ci il tarixli, 01 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə Cavabdeh4 ilə Qalagah bələdiyyəsi arasında bələdiyyə mülkiyyətində olan 40,37 ha torpaq sahəsinin icarə haqqı illik 630 manat müəyyənləşdirilməklə icarəyə verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qalagah bələdiyyəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 06 saylı məktubdan görünür ki, Cavabdeh4 icarəyə götürülmüş torpaq sahəsinin 1 hektarına 150 manat artırılmasına dair münasibətini bildirilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinin predmeti bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və icarə haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilmişdir. Bunlar işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 710.2-ci dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. İddiaçının nümayəndəsi hazırda Respublikada, o cümlədən İsmayıllı rayonunda bir hektar torpaq sahəsinin illik icarə haqqının orta hesabla 150 manat təşkil etdiyini bildirsə də bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının müəyyən edilməsi, respublika daxilində yerləşdiyi ərazidən asılı olaraq, torpaq sahəsinin təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, yerləşdiyi quruluş və relyefi, istifadəyə yararlılıq meyarları əsas götürülməklə işin faktiki hallarına mütənasib müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 717.1-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş əşyadan gəlir icarəçi tərəfindən təsərrüfatın aparılması nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa, tələb etmək olmaz. Həmin Məcəllənin 717.4-cü maddəsinə əsasən əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər. Göründüyü kimi, sözügedən torpaq sahələri ilə bağlı icarə müqaviləsi bağlandıqdan sonra qarşılıqlı öhdəliklər əsasında mütənasibsizlik yaranmış, hazırda ölkə ərazisində və dolayısı ilə İsmayıllı rayonunda yerləşən torpaq sahələrinin həm alqı-satqısı, həm də icarəsi üzrə qiymətlər dəyişmişdir. Ona görə də ölkədə baş verən sosial-iqtisadi irəliləyişlər, Respublikada aparılan iqtisadi reformlar nəticəsində hazırkı dövrədək İsmayıllı rayon ərazisində yerləşən bələdiyyələrə məxsus torpaq sahələrinin icarə haqqı hər bir torpaq sahəsinə münasibətdə mütənasiblik prinsipi gözlənilməklə artırılmalıdır. Belə ki, Cavabdeh3 və Cavabdeh4 ilə Qalagah bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin predmeti olan topaq sahəsinin böyük bir hissəsi yararsızdır, bataqlıq və kollardan ibarət olması müəyyənləşdirilmiş, bu hal məhkəmə iclasında iddiaçı tərəfindən etiraf edilmişdir. Eyni zamanda Cavabdeh2 ilə Qalagah bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin predmeti olan topaq sahəsinin yarısından çox hissəsinin yararsız olması müəyyənləşdirilmiş, bu hal da məhkəmə iclasında iddiaçı tərəfindən etiraf edilmişdir. Məhkəmə iclasında cavabdehlər ayrı-ayrılıqda icarə haqqının məbləği barədə təkliflərlə çıxış etmiş, həmin təkliflərdə göstərilən məbləğlər iddiaçının nümayəndəsi tərəfindən qəbul edilmişdir. Belə olan halda tərəflərə yeni müqavilə bağlayaraq işin barışıq sazişi ilə yekunlaşması barədə təklif edilmiş, lakin iddiaçının nümayəndəsi cavabdehlər tərəfindən təklif edilən qiymətlərlə razılaşaraq bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələb üzrə hər bir cavabdehə münasibətdə işin faktiki hallarına görə icarə haqqı müəyyənləşdirilməli, İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh1 arasında bələdiyyə mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 02 saylı müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqı dəyişdirilərək, hər hektar üçün illik 35 (otuz beş) manat məbləğində, İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh2 arasında bələdiyyə mülkiyyətində olan 150 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 01 saylı müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqı dəyişdirilərək, hər hektar üçün illik 30 (otuz) manat məbləğində, İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə İsmayıllı rayonu, Mollaisaqlı kənd sakini Cavabdeh3 arasında bələdiyyə mülkiyyətində olan 14,3192 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 01 saylı və 13,5514 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 02 saylı müqavilələr üzrə müəyyənləşdirilmiş icarə haqqı dəyişdirilərək, hər hektar üçün illik 33 (otuz üç) manat məbləğində, İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh4 arasında bələdiyyə mülkiyyətində olan 40,37 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 01 saylı müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqı dəyişdirilərək, hər hektar üçün illik 33 (otuz üç) manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh1 arasında bələdiyyə mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 02 saylı müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqı dəyişdirilərək, hər hektar üçün illik 35 (otuz beş) manat məbləğində müəyyən edilsin. İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh2 arasında bələdiyyə mülkiyyətində olan 150 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqı dəyişdirilərək, hər hektar üçün illik 30 (otuz) manat məbləğində müəyyən edilsin. İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə İsmayıllı rayonu, Mollaisaqlı kənd sakini Cavabdeh3 arasında bələdiyyə mülkiyyətində olan 14,3192 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 01 saylı və 13,5514 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 02 saylı müqavilələr üzrə müəyyənləşdirilmiş icarə haqqı dəyişdirilərək, hər hektar üçün illik 33 (otuz üç) manat məbləğində müəyyən edilsin. İsmayıllı rayon Qalagah bələdiyyəsi ilə həmin kənd sakini Cavabdeh4 arasında bələdiyyə mülkiyyətində olan 40,37 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqı dəyişdirilərək, hər hektar üçün illik 33 (otuz üç) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar