Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-300/2021 18.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə 18 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: X3 (bundan sonra iddiaçı) sadələşdirilmiş icraat qaydasında müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 200 manat borc, 25 manat yol xərci və 20 manat dövlət rüsumu cəmi 245 (iki yüz qırx beş) manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etiraz ərizəsinə əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, mal-qara satışı ilə məşğul olmaqla ailəsini dolandırır. Cavabdehi tanıyır və ondan bir neçə dəfə nisyə mal-qara alaraq satmış pulunu sonra ödəmişdir. 2020-ci ilin sentyabr ayında cavabdeh arvadı xəstə olduğundan ona təcili pul lazım olduğunu, bunun üçün də doqquz baş quzu və qoyunu, dörd baş keçini satmaq istədiyini bildirmişdir. 13 baş heyvannin dəyərini 1300 manata razılaşmışlar və o, beh kimi cavabdehə 300 manat pul vermişdir. O, pulun qalanını heyvanları aparıb bazarda satandan sonra verəcəyini cavabdehlə razılaşmışdir. Heyvanları bazara aparmış, iki quzunu və bir keçini satmış, qalan heyvanları isə sata bilmədiyi üçün cavabdehə qaytarmışdır. Növbəti gün də cavabdehə 300 manat pul vermişdir. Hesab etmişdir ki, qalan heyvanları satandan sonra pulunu götürəcəkdir. Qalan heyvanlar saxlamaq üçün cavabdehdə olduğundan cavabdeh ona bildirmədən heyvanları başqa şəxsə satmışdır. O, cavabdehdən nə üçün belə etdiyini soruşduqda cavabdeh pula ehtiyacı olduğundan heyvanları təcili başqa şəxsə satdığını bildirmişdir. Cavabdeh pulunun bir hissəsini qabaqcadan alaraq ona satdığı heyvanları ondan xəbərsiz başqa şəxsə satdığından ona verdiyi 600 manat pulu tələb etmişdir. Bir müddət sonra cavabdeh ona 400 manat qaytarmış, qalan 200 manatı isə verməmişdir. Bir neçə dəfə telefon əlaqəsi saxlayaraq 200 manat pulu qaytarmasını tələb etsə də, cavabdeh pulu qaytarmaq istəməmişdir. O, cavabdehdən pulunu almaq üçün Kürdəmir rayonundan İsmayıllı rayonuna gəlib-getmiş və bunun üçün yola 25 manat pul xərcləmişdir. Müraciətinə əsasən Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılmış, cavabdeh polis şöbəsində verdiyi izahatında ona 225 manat borcu qaldığını, pulu olanda həmin borcu qaytaracağını göstərmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Cavabdehin ona verməli olduğu məbləği ödəməyəcəyinə, ümumiyyətlə ödəmək niyyətində olmadığına əmin olduğundan pulun qaytarılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Cavabdehdən 200 manat borcun, yola xərclədiyi 25 manat pulun və dövlət rüsumu kimi ödədiyi 20 manat - cəmi 245 (iki yüz qırx beş) manat məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq iddia tələbini əsassız hesab etdiyini və iddiaçıya borcunun olmadığını, işi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini göstərmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın əsassız hesab edilməsini xahiş etmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Kürdəmir rayon Polis Şöbəsinin 24 dekabr 2020-ci il tarixli 171-30386M-3220 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti ilə bağlı Kürdəmir RPŞ-də araşdırma aparılmış, müraciət mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İddiaçının Kürdəmir rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, iddiaçı cavabdehdən 13 baş heyvanı 1300 manata almağa razılaşmış , cavabdehə 600 manat pul vermiş, cavabdeh borcundan 400 manat qaytarmış, 225 manat borcu qalmışdır. Cavabdehin Kürdəmir rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, cavabdeh iddiaçıya 13 baş heyvanı 1300 manata satmağa razılaşmış , ilkin olaraq 600 manat pul aldığını, aldığı pulun 400 manatını qaytardığını, borclu qaldığı 225 manat borcunu olanda verəcəyini etiraf edir. 19 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı cavabdehlə ona məxsus 13 baş qoyun-keçini şifahi razılıq əsasında 1300 manata almağa razılaşmışlar. İddiaçı cavabdehə 600 manat pul vermiş, qalan borcu isə heyvanları satdıqdan sonra ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı heyvanlardan üçünü satmış, qalanlarını sata bilməmiş, saxlamaq üçün cavabdehə qaytarmışdır. Cavabdeh heyvanları başqa şəxsə satmışdır. İddiaçı verdiyi pulu ondan tələb etdikdə cavabdeh ona 400 manat qaytarmış, 200 manat borcu qalmışdır. Cavabdeh borcunu qaytarmadığından iddiaçı Kürdəmir rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində cavabdeh izahat verərək iddiaçıdan 600 manat pul aldığını, 400 manatını qaytardığını və qalan 225 manat borcunu isə pulu olanda qaytaracağını göstərmişdir. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 200 manat borc, 25 manat yol xərci və 20 manat dövlət rüsumu - cəmi 245 (iki yüz qırx beş) məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, teleqram vasitəsi ilə iddiaçıya borcu olmadığını bildirərək iddia tələbinin əsassız hesab olunmasını xahiş etmişdir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan qarşılıqlı razılaşmaya əsasən satmaq istədiyi heyvanların dəyərinin bir hissəsini aldığı halda həmin heyvanları başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdehin iddiaçıya 200 manat borcu olduğu iddiaçının məhkəmə iclasında, cavabdehin isə Kürdəmir rayon Polis Şöbəsində verdiyi izahatlarla tam təsdiq olunduğundan varlanmış şəxs əldə etdiyini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan iddia tələbi 200 manat hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 25 manat yol xərcinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının borcunu almaq üçün Kürdəmir rayonundan cavabdehin yaşadığı İsmayıllı rayonuna gəlib-getməsi üçün 25 manat pul xərcləməsi ağlabatan olduğundan və cavabdeh Kürdəmir rayon Polis Şöbəsində verdiyi izahatında bu faktı təsdiq etdiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət etmək üçün ödənilən 20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 200 manat borc məbləği, 25 manat yol xərci və 20 manat dövlət rüsumu cəmi 245 (iki yüz qırx beş) manat məbləği alınaraq iddiaçı X2 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-300/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-300/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver