Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-307/2021 04.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdeh X3 qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə 04 oktyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 (bundan sonra cavabdeh) 11866.30 manat əsas borc, əldən çıxmış fayda 12.000 manat, borc aldığı 1089 manat, müxtəlif şəxslərin adına yazdığı 139.20 manat və 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 25124.90 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, uzun müddətdir İsmayıllı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur, “İlkin market” adlanan mağazanı kirayəyə götürmüş və həmin mağazada ərzaq məhsullarının satışı ilə məşğul olur. Həmin mağazada cavabdehi satıcı kimi götürmüşdür.Əvvəlki illərdə mağazada hər ay keçirilən daxili yoxlamalar zamanı mağazada heç bir kəsirin olmadığını, lakin 09.02.2020-ci il tarixdə cavabdehin satıcı kimi fəaliyyətə başladığı gündən sonra onun pulu mənimsədiyindən şübhələnmiş və 10.01.2021-ci il tarixdə cavabdehin və atasının iştirakı ilə mağazada yoxlama aparmışdır. Yoxlama zamanı cavabdehin ümumilikdə 11866.30 manat məbləğində ərzaq məhsullarının pulunu mənimsədiyi məlum olmuşdur. Bu barədə cavabdehdən soruşduqda ona heç bir cavab vermədən mağazanın açarlarını onun üstünə ataraq getmiş, sonradan isə cavabdehin atası yoxlamanın düzgün aparılmadığını, hesablamada yanlışlığa yol verildiyini bildirmişdir. Belə olan halda cavabdeh atası ilə birlikdə özləri ilə mağazaya mütəxəssis gətirərək hesabat işlərinin aparılmasını tələb etmiş, onlara bunun üçün şərait yaradılmışdır. Cavabdeh tərəfindən faktura qaimə əsasında qəbul etdiyi bütün malların siyahısı, eləcə də satışdan əldə edilmiş vəsaitin ona təqdim olunması barədə uçot jurnalında çıxarılan bütün sənədlər mövcuddur. Cavabdehin mənimsədiyi pullar barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin araşdırma nəticəsində mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh X4 iddianı qismən etiraf edərək göstərdi ki, 09.02.2020-ci il tarixdən İddiaçı icarəyə götürdüyü İsmayıllı şəhər Natavan küçəsində yerləşən “İlkin” marketdə hər ay 250 manat məvacib müqabilində satıcı kimi işləməyə başlamış,hər dəfə günorta (nahar fasiləsi) və axşam mağazadan çıxarkən mağazanı İddiaçı təhvil vermiş, Murad isə ondan heç vaxt mağazanı yoxlayaraq təhvil almamışdır. Belə olan halda ona bir neçə dəfə mağazanın gəlir və çıxarını yoxlamasını bildirsə də o mağazanı yoxlamamışdır. 10.01.2021-ci il tarixdə İddiaçı öz qardaşı Elvinlə onun və atası Elçin Həmzənin iştirakı ilə mağazanın gəlir və çıxarını yoxladıqdan sonra mağazadan təxminən 11000 manat məbləğində pulun əksik gəldiyini və bu qədər pulun harada olmasını ondan soruşmuş, o isə həmin sualı ona yox, özünə verməli olduğunu bildirərək mağazanın açarını Murada verərək oranı tərk etmişdir. Bildirmək istəyir ki, onun İddiaçı ümumilikdə 850 manat məbləğində borcu vardır, ona görə də iddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, 25.06.2021-ci il tarixli, 4/10/-5/557 saylı ekspert rəyindən görünür ki, faktura ilə təhvil verilən malların faktura nömrəsi, maya qiyməyti və satış qiyməti adlı sənəddə “Sadiq imza” yazılarından aşağıdakı imzalar, 1/v 103-109-da olan “Götürülən pul” adlı sənəddə “Sadiq imza” yazılarından aşağıdakı imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur. Rəqəmsəl çap qurğusu vasitəsi ilə (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə iş materiallarına əlavə edilmiş malların və götürülən pullar ilə bağlı qaimə fakturalardakı “Sadiq imza” və Murad imza“ sözlərinin qarşısındakı imzalar nə vaxt icra olunmuşdur sualı üzrə tədqiqat aparılmamışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, 17.08.2021-ci il tarixli, 9/3592 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus ərzaq mağazasında mühasibat uçotu ümumiyyətlə təşkil edilməmiş və mühasibat uçotu haqqında Azərbaycar Respublikası Qanununun tələblərinə uyğun aparılmamış, əsas uçot sahəsini təşkil edən kassa əməliyyatlarının uçotu lazımı səviyyədə aparılmamış, kassaya mədaxil olunan pul vəsaiti ciddi hesabat blankı hesab edilən kassa-mədaxil orderləri tərtib edilməmiş, kassa kartı tərtib edilməmiş, bütün bunların əvəzinə gündəlik kassaya mədaxil olunan və məxaricə verilən pul vəsaitini özündə əks etdirən əməliyyatların uçotu “qara mühasibatlıq” adlanan dəftər məlumatları vasitəsi ilə aparılmışdır. Həmin dəftərlər tədqiq olunarkən aydın oldu ki, dəftərlər qaytanlanmamış və sahibkar tərəfindən təsdiqlənməmiş, əksər hallarda mədaxil və məxaricə verilən pul vəsaitinin hərəkəti müvafiq şəxslərin imzaları ilə təsdiq edilmişdir. Həmçinin məhkəmə-mühasibatlıq ekspertizası təyini haqqında 26 aprel 2021-ci il tarixli qərardadda İddiaçı əsaslandığı haqq hesab dəftərlərinin mötəbər sənəd kimi məhkəmə tərəfindən tanınmasına dair hər hansı bir məlumat yoxdur. Qeyd edilir ki, tərtib olunmuş dəftər məlumatları mühasibat uçotunun tələblərinə cavab verən ilkin mühasibat uçotu sənədləri ilə öz təsdiqini tapmadığından, mütəxəssis rəyinin həmin məlumatlara əsaslanmaqla cavabdehlərin öhdəsində yaranan çatışmazlığın olması barədə olan nəticə əsaslı hesab edilə bilməz. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı məxsus ərzaq mağazasında yaranan çatışmazlığın olub-olmamasını müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə edilmiş 26 fevral 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X4 barəsində cinayət işinin başlanması rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı icarə əsasında ona məxsus ərzaq mağazasında olan malların satışını həyata keçirmək məqsədi ilə ayda 250 manat əmək haqqı verilməsi qarşılığında cavabdehə tapşırmışdır (bu hal işin mübahisəsiz halıdır), cavabdeh 09.02.2020-ci il tarixdə işə bağladığı gün 13866 manat 99 qəpik təhvil verilən mal, 5440 manat 10 qəpik isə təhvil verilən nisyələr olaraq ümumilikdə 13307 manat 09 qəpik pulu öz imzası ilə iddiaçıdan təhvil almışdır.(bu hal isə işin mübahisələndirilən halıdır.) 10.01.2021-ci il tarixdə iddiaçı cavabdeh və onun atasının iştirakı ilə mağazada yoxlama aparmış və yoxlama nəticəsində mağazada 11866 manat 30 qəpik məbləğində pulun mağazada olmadığı müəyyən edilmişdir. Eyni zamanda cavabdeh mağazada fəaliyyət göstərdiyi dövrdə müxtəlif şəxslərin adına borc yazaraq kassadan 139 manat pul götürmüş, şəxsi məqsədləri üçün iddiaçıdan ümumilikdə 1089 manat məbləğində borc almış və bu barədə iddiaçı tərəfindən məhkəməyə əlyazmalar olan sənət təqdim etmişdir. Cavabdeh isə bu halları təkzib edir. Hazırda iddiaçı 11866,30 manat əsas borc, 12.000 manat əldən çıxmış fayda, 1089 manat məbləğində alınmış borc, 139,20 manat nisyə olaraq yazdığı məbləğ və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25124,90 qəpik məbləğində pulun cavabdehdən tutularaq ona verilməsini xahiş edir. Göründüyü kimi tərəflər arasında əvəzli tapşırıq müqaviləsi mövcud olmuşdur. Azərbaycan Respublikasının Müılki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, İddiaçı ona icarə əsasında məxsus olan ərzaq mağazasında olan malların satışını həyata keçirməyi cavabdehə tapşırmış və bunun müqabilində hər ay cavabdehə 250 manat əmək haqqı vermişdir. Cavabdeh öz imzası ilə iddiaçıdan təhvil aldığı 13866,99 manat dəyərində malı və 5440,10 manat məbləğində pulu öz imzası ilə təhvil almış, hesabat zamanı həmin mallar və məbləğdən bir hissəsini qaytarmış, qalan sözügedən məbləğ (11866,30 manat) ödənilməmiş və həmin məbləğ əsassız olaraq geri qaytarılmayaraq cavabdeh Sadiq Həmzə əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdeh əsassız olaraq varlandığı-11866,30 manat məbləğində vəsaiti iddiaçıya qaytarmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, 17.08.2021-ci il tarixli, 9/3592 saylı ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, məhkəmənin 26.04.2021-ci il tarixli qərardadı ilə 09.02.2020-ci il tarixdən 10.01.2021-ci il tarixədək tərtib olunmuş qaimə-fakturaya əsasən İddiaçı Cavabdeh təhvil verilmiş malların maya və satış qiyməti həmin qaimə-fakturaya əsasən nəzərə alınmaqla, İddiaçı tərəfindən hesablanmış borc məbləğinin düzgün hesablanması və həmin məbləğin nə qədər təşkil edilməsi barədə sualla ekspertə müraciət edilmiş, ekspert qərardadda göstərilən sualdan kənara çıxmaqla,ona təqdim edilmiş qaimə-fakturaların mötəbər sübut kimi qərardadda göstərilmədiyini əsas gətirərək, tədqiqat aparılmasından imtina etmiş və öz səlahiyyət həddini aşaraq, sözügedən mübahisə ilə bağlı cavabdehin öhdəsində yaranan çatışmazlığın olması barədə nəticənin əsaslı hesab edilməməsi barədə qənaətə gəlmişdir. Belə ki, cavabdeh tərəfindən faktura qaimə əsasında qəbul etdiyi bütün malların siyahısı, eləcə də satışdan əldə olunmuş vəsaitin ona təqdim olunması barədə uçot jurnalında çıxarılan bütün sənədlər iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş hər hansı bir sənədin mötəbər hesab edilib-edilməməsi məhkəmə baxış iclasında araşdırma zamanı işin faktiki hallarına uyğun olaraq yekun qərar qəbul edildiyi zaman məhkəmə tərəfindən müəyyən edilən bir məsələdir. Belə olan halda ekspertizaya təqdim edilmiş hər hansı bir sənədin əvvəlcədən mötəbər sənəd hesab edilərək qərardadda göstərilməsi zərurəti yoxdur və məqsədəmüvafiq deyildir. Eyni zamanda məhkəmə ekspertizaya təqdim edilmiş qaimə-fakturalara istinad edilərək tərəflər arasındakı hərəkətlərin “qara mühasibatlıq” adlandırılaraq sözügedən sənədlərlə borc məbləğinin müəyyən edilə bilinməməsi ilə bağlı ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, ölkə ərazisində bu tip ticarət obyektlərinin,(böyük ticarət obyektləri istisna olunmaqla) əksəriyyəti mühasibatlıq hərəkətlərini hazırkı mübahisə üzrə aparılmış dəftər qeydi ilə həyata keçirilir. Əks halda bütün bu tip ticarət hərəkətlərinin məhz “qara mühasibatlıq” aparılması əsası ilə qiymətləndirilməsi mülki dövriyyə iştirakçıları arasında güvəni sarsıtmaqla, mülki dövriyyənin sabitliyinə xələl gətirəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, işin mübahisəsiz halı olan iddiaçı tətəfindən icarə əsasında ona məxsus mağazada olan mallar cavabdehə ona dəftərdə aparılmış qeydə imza etdirilməklə təhvil verilmiş, nəticdə aparılan təhvil-təslim zamanı isə sözügedən mallar və dəyəri iddiaçıya qaytarılmamışdır. Bu hal cavabdeh tərəfindən təkzib edilsə də, cavabdeh tərəfindən imza edilərək qəbul edilmiş mallar və pul məbləğinin iddiaçıya qaytarılması barədə hər hansı bir sübut mövcud deyildir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qismən qəbul etdiyi üçün cavabdehin 12000 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh sözügedən malların və pul məbləğinin iddiaçının özü tərəfindən mənimsənildiyini bildirsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 12000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 12000 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia tələbinin əsasını iddiaçının fiziki əşya sayılan pullarını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçıya əldən çıxmış faydaya görə zərər vurulması faktı sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2və 77.1-ci maddələrinin tələbləri baxımından iddia tələbinin cavabdehdən maddi zərərə görə 12000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi təmin edilməməlidir. İddianın 1089 manat borc tələbinə aid hissəsinə gəlincə məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddiaçıdan 850 manat borc aldığını və qaytaracağını, qalan hissədə isə borcu olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə arasında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 11866,30 manat əsas borc, 1089 manat şəxsi məqsədləri üçün aldığı borc, 139,20 manat müxtəlif şəxslərin adına borc olaraq yazdığı məbləğ və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13124,90 (on üç min yüz iyirmi dörd manat doxsan qəpik) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 226 manat Məhkəmə xəttşünaslıq və məhkəmə mühasibatlıq ekspertizalarının xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 11866.30 manat əsas borc, 1089 manat şəxsi məqsədlər üçün aldığı borc, 139.20 manat müxtəlif şəxslərin adına borc olaraq yazıb mənimsədiyi borc və 30.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13124.90 manat (on üç min bir yüz iyirmi dörd manat doxsan qəpik) pul alınaraq İddiaçı verilsin. Məhkəmə xəttşünaslıq ekspertizası tədqiqatının dəyəri 126 manat və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat olmaqla, ümumilikdə 226 (iki yüz iyirmi altı) manat məbləğində pul cavabdehdən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-307/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-307/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver