Məhkəmə qərarları › İş №2(037)-31/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-31/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-31/2022 09.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 09 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12030 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır. Cavabdehi uzun müddətdir ki, tanıyır. Belə ki, cavabdeh əvvəllər yaşadığı kənddə fermada işləmişdir. Əvvəllər cavabdehlə aralarında bir neçə dəfə borc pul verilməsi ilə bağlı razılaşma olmuş və cavabdeh aldığı borcu vaxtında qaytarmışdır. O, sahibkar kimi taxıl əkini ilə məşğul olur, lakin hazırkı mübahisə üzrə cavabdehlə taxıl əkini barədə aralarında hər hansı bir münasibət olmamışdır. Belə ki, cavabdeh 2019-cu ildə ona müraciət edərək pula ehtiyacı olduğunu və ona 12000 manat pul lazım olduğunu bildirmişdir. O, taxıl əkini ilə məşğul oduğu üçün məhsuldan əldə etdiyi taxılı başqa şəxsə sataraq, həmin pulu cavabdehə borc vermişdir. Aralarında taxıl alışverişi ilə bağlı münasibət olsa idi o, taxılı başqasına satıb, əldə etdiyi pulu cavabdehə verməzdi. Cavabdeh aldığı 12000 manat borc pulu hissə-hissə yəni 2020-ci ilin oktyabr ayında 6000 manat, həmin ilin noyabr ayında isə 6000 manat olmaqla qaytaracağına söz vermişdir. O, qeyd edilən müddət başa çatdıqdan sonra verdiyi borc pulu cavabdehdən tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə aldığı borcu qaytarmaqdan boyun qaçırmışdır. O, cavabdehdən dəfələrlə borcunu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh borcunu qaytarmadığından məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.O, cavabdehdən 12000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12030 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş, 06 oktyabr 2021, 29 oktyabr 2021, 17 noyabr 2021, 07 dekabr 2021 və 16 fevral 2022-ci il tarixli xəbərnamə qəbzlərindən görünür ki, 06 oktyabr 2021, 29 oktyabr 2021, 17 noyabr 2021, 07 dekabr 2021 və 16 fevral 2022-ci il tarixli xəbərnamə qəbzləri 11 oktyabr 2021, 05 noyabr 2021, 24 noyabr 2021, 16 dekabr 2021 və 23 fevral 2022-ci il tarixlərdə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı İsmayıllı rayonu İvanovka kəndində imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. 22.11.2021-ci il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, onunla iddiaçı arasında borc müqaviləsi bağlanmadığını, iddiaçı iddia ərizəsində ona 12000 manat məbləğində borc verməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini, iddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzin məzmunundan onun məlumatı olmadığını, həmin qəbzin polis əməkdaşının diqtəsi ilə yazıldığını bildirmişdir. Hesab edir ki, polis şöbəsində başqa şəxsin diqtəsi ilə yazılmış qəbzin borc müqaviləsi kimi qiymətləndirilməsi düzgün deyildir. Əgər iddiaçıdan borc pul alsa idi həmin borc barədə iddiaçı ilə aralarında borc müqaviləsi bağlanardı. İddiaçı taxıl əkmiş və nəticədə ziyan etmişdir və həmin ziyanı heç bir əsas olmadan ondan tələb edir. İddiaçı ona 12000 manat borc verməsi barədə məhkəməyə qanunla müəyyən olunmuş qaydada heç bir sübut təqdim etməmişdir. Ona görə də hesab edir ki, iddiaçının 12000 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12030 manat məbləğində pulun ondan tutulmasını tələb etməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, həmçinin cavabdehin iddia tələbinə dair etirazını nəzərdən keçirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materilallarına əlavə edilmiş, Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, İsmayıllı rayonu İvanovka kənd sakini X1 Kamran Ağahüseyn oğlundan 2019cu ilin oktyabr ayında 12000 manat pul götürmüşəm və 2020-ci ilin oktyabrın 4-də 6000 manatını ödəyəcəm və qalan 6000 manatını isə noyabrın 1-də ödəyəcəm AZE********. İş materiallarına əlavə edilmiş, Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan çıxarışdan görünür ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən sahibkar kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. (VÖEN**********) İş materiallarına əlavə edilmiş, Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan çıxarışdan görünür ki, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən sahibkar kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. (VÖEN**********) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə aidiyyatı ilə bağlı İsmayıllı Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli 2(037)-1101/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, tərəflərin hər ikisi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən sahibkar kimi 9 saylı Ərazi Vergilər İdarəsində sahibkar kimi qeydiyyatdan keçsələr də, hazırkı mübahisə üzrə fiziki şəxs olan İddiaçıla fiziki şəxs Cavabdeh arasında sahibkarlıq fəaliyyətlərini həyata keçirmə məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə şifahi borc müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı cavabdehə 12000 manat borc vermiş, cavabdeh isə həmin borcun bir hissəsi olan 6000 manatını 2020-ci ilin oktyabr ayında, digər 6000 manat hissəsini isə həmin ilin noyabr ayında ödəyəcəyinə söz verərək bu barədə qəbzə imza etmiş, cavabdeh həmin qəbzin məzmunundan xəbərinin olmamasını bildirsə də, polis şöbəsində başqa şəxsin diqtəsi ilə yazıldığını etiraf etmiş, həmin qəbzdə şərikli taxıl əkini barədə hər hansı bir qeyd yazılmamışdır. Cavabdeh yazdığı qəbzdə aldığı 12000 manat pulun 6000 manatını 2020ci ilin oktyabr ayında, digər 6000 manat hissəsini isə həmin ilin noyabr ayında ödəyəcəyinə söz versə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə cavabdehin etiraz mülahizəsinə dair ərizəsinə hüquqi qiymət verərək bildirir ki, cavabdeh etiraz ərizəsində sözügedən qəbzdən məlumatının olmamasını, həmin qəbzin polisin diqtəsi ilə yazıldığını bildirsə də bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 12000 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 12030 (on iki min otuz) manat məbləği alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar