Məhkəmə qərarları › İş №2(037)-312/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-312/2024

15.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-312/2024 15.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Sədyar oğluna qarşı “fərdi yaşayış evinin yenidən tikintisi, əsaslı təmiri və abadlaşdırılması üçün çəkilmiş xərc tələbinə dair mülki işə 15 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sədyar oğlundan İsmayıllı rayonun Aşıqbayramlı kəndində yerləşən atası X1 qalmış miras kimi adına qeydiyyata alındığı fərdi yaşayış evinin yenidən tikintisi, əsaslı təmiri və abadlaşdırılması üçün öz əmlakı kimi çəkdiyi xərc 50367 manat pulun məcburi qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki,atası Sediyar İbadov xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.İsmayıllı rayonu,Aşıqbayramlı kəndində ailə başçısı X24 olmaqla,qızı İlahə Babayevanın ümumi birgə mülkiyyətində Qeydiyyat nömrəsi ********** olan,0,18 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, sonradan cavabdehin onun etibarından sui-istifadə etməsi və ona bir qardaş kimi inanmağından istifadə edərək mərhum atasının adına qeydiyyata aldırdığı, faktiki onun tikdirdiyi və faktiki mülkiyyətində olan reyestr nömrəsi **********38-10301 olan fərdi yaşayış evi vardır. X24 xx.xx.2007-ci il tarixdə vəfat edənədək onunla və ailəsi ilə birlikdə yaşamışdır.Cavabdeh olan qardaşı Cavabdeh öz evi,ailəsi olmaqla öz evlərində yaşamışlar. 1998-ci illərdə atası cavabdehə yaşadıqları kənddə ev tikərək ayırmış və ata yurdunda həmişə o qalmışdır. Özü hərbiçi olmaqla müxtəlif yerlərdə işləsə də ailəsi,şəxsən qızı İlahə İbadova həmişə atası ilə bir ünvanda qeydiyyatda olmaqla orada yaşamışlar. Üç övladı İsmayıllı rayonu Aşıqbayramlı kənd tam orta məktəbində oxumuşlar və bütün kənd əhli bilir ki,ata yurdunda atasının sağlığında o ailəsi ilə birlikdə yaşamışdır. Atasının vəfatından sonra da həmin evdə yaşamaqla, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki idarə etmiş,əkib-becərmiş, fərdi yaşayış evini öz əmlakı kimi təzədən tikərək,bütövlüklə təmir edərək, evin ümumi sahəsini artırmışdır.Cavabdehin onun etibarından, ona inanmağından istifadə edərək adına qeydiyyata aldırdığı evin yenidən tikintisi və əsaslı təmiri üçün 50.000 manatdan çox pul xərcləmişdir. 1998-ci ildən sonra həmin evdə cavabdeh yaşamayıb,ailəsi ilə özünə məxsus olan evdə yaşamışdır.O,cavabdehin ona olan inamından sui-istifadə edərək faktiki mülkiyyəti olan evini miras əmlakı kimi mənimsəmək istəməsindən xəbər tutandan sonra "Vərəsəlik haqqında Şəhadətnamənin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışların ləğv olunması, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı onun ərizəsində göstərdiyi bütün faktlar sübuta yetirilsə də, cavabdeh atasından qalmış bankda olan pulu almaq məqsədi ilə 2012-ci ildə onu aldadaraq aldığı, atasından qalma mirasdan imtina ərizəsi onun köməyinə çatmışdır. Məhkəmənin xx.xx.2023-ci il tarixli, 2(037)-966/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır.Sözügedən qətnamə ilə sübut olunur ki, faktiki mülkiyyətində olan və faktiki yaşadığı ev cavabdeh tərəfindən miras əmlakı kimi dövlət qeydiyyatına alınaraq, sonradan miras əmlakı kimi öz adına qeydiyyata aldırmasına baxmayaraq, evi faktiki o yenidən 50.000 manatdan çox xərc çəkərək ailəsi ilə birgə nikah müddətində tikmişdir. “Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab olunması,onun əsasında verilmiş çıxarışların ləğv olunması,mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi araşdırılan zaman işin mübahisəsiz halı kimi müəyyən olundu ki, cavabdeh 1998-ci ildən bu evdə yaşamamışdır.Cavabdeh 1998-ci ildən ayrı özünə məxsus evə köçmüş, o isə sözügedən fərdi yaşayış evində yaşayaraq həmin evin yenidən tikilməsi, təmiri və abadlaşdırılması üçün müxtəlif işlər görmüşdür. İş üzrə dindirilmiş bütün şahidlər Şamxal İbadov,Ceyhun Hacalıyev,İlahə Babayeva,Sahilə Babayeva,Tənzilə İbadova, Əmirxan Azayev və Nazim Həmidov ifadələrində göstərdilər ki, fərdi yaşayış evi, miras əmlakı kimi qeyd olunsada, əslində həmin evdə həm atasının sağlığında,həmdə onun vəfatından sonra o ailəsi ilə birlikdə yaşayaraq həmin evə 50000 manatdan çox xərc çəkərək evi təzədən tikmişdir, əsaslı təmir edərək abadlaşdırmışdır. Hətta iş üzrə cavabdeh olan qardaşı özüdə etiraf etdi ki, 1998-ci ildən həmin evdə yaşamamış, həmin kənddə olan özünə məxsus evdə yaşamışdır və onun tərəfindən evin yenidən qurulması üçün aparılan işlərin bəzilərində bir usta kimi işləmiş və əmək haqqısı onun tərəfinden ödənilmişdir.O,faktiki mülkiyyətində olan, qardaşı olan cavabdehin adına dövlət qeydiyyatına aldırdığı evin yenidən tikilib,əsaslı təmir olunaraq abadlaşdırılması üçün çəkdiyi xərcin hesablanması, qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmişdir. Həmin MMC tərəfindən mübahisələndirilən evin yenidən tikintisi və əsaslı təmiri üçün 50367 manat xərc çəkildiyi müəyyən olunmuşdur. Cavabdeh olan qardaşı faktiki mülkiyyəti olan fərdi yaşayış evini miras əmlakı kimi əldə etmək istəyirsə,onun hesabına əsassız varlanırsa, onda həmin fərdi yaşayış evinin tikintisi və əsaslı təmiri üçün çəkdiyi 50367 manat xərci ona ödəməlidir. Fərdi yaşayış evinin faktiki onun mülkiyyəti olmasını və orada apardığı bütün işlərin öz evi kimi bildiyi üçün apardığını cavabdeh özü də bilmişdir,eyni zamanda özüdə həmin işlərin bir qisminin görülməsində bir usta kimi işləmişdir və əmək haqqını da ondan almışdır. Bundan əlavə həmin işlər cavabdehin gözü qarşısında aparılmışdır və özü də bir qardaş kimi digər ustaların da işləmələrini görmüşdür. Qanuni qüvvəsini almış İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(037)-966/2023 saylı qətnaməsi ilə müəyyən olunur ki, mübahisəli evi o öz əmlakı kimi yenidən tikərək əsaslı təmir edərək,abadlaşdırmış və ərizəsinə əlavə etdiyi "xxxx" MMCnin Texniki Araşdırma və Qiymətləndirmə rəyindən göründüyü kimi evin yenidən tikintisi və əsaslı təmiri üçün 50367 manat xərc çəkmişdir. Ona görə də çəkdiyi xərcin cavabdehdən alınıb ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi/Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Sədyar oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki,İsmayıllı rayonu,Aşıqbayramlı kəndində yaşayır. İddiaçı qardaşıdır. İddiaçı birinci məhkəmə prosesində qaldırdığı iddiasındakı fikirləri təkrar olaraq cari iddiasında da qaldırmışdır. Bu iddialara təkrar cavab olaraq bildirmək istəyir ki, iddiaçının qeyd etdiyi kimi güya 1998-ci ildə atası ona ev tikərək onu ayırmış, iddiaçı isə atası ilə birgə yaşamışdır. Bildirir ki, X24 1979-cu ildən vəfat etdiyi tarixə qədər İİ qrup əlil olmuşdur.1998-ci ildə atasının 70 yaşı olmuşdur.İndi isə sual yaranır 1979-cu ildən İİ qrup əlil olan 70 yaşlı təqaüdçü necə ev tikmişdir. Bildirir ki, o öz evini ailə büdcəsi əsasında tikmiş və hal-hazırda da evin tikintisini bitirməmişdir. Sonra isə iddiaçı bildirir ki, ata yurdunda ancaq o yaşamışdır. Həmçinin bildirir ki,hərbiçi olaraq müxtəlif yerlərdə işləmişdir. Buna cavab olaraq bildirir ki, Sovet dövründə hərbi xidmətdən sonra Gürcüstan Respublikasında qısa müddətli hərbi kurs keçdiyi üçün ona kiçik leytinat hərbi rütbəsi verilmiş və ehtiyata buraxılmışdır.Bundan irəli gələrək də birinci Qarabağ müharibəsində 33-34 yaş dönəmində ehtiyatda olan zabit kimi müharibəyə çağırılmışdır.Sonra isə qısa müddətdən sonra səhəti ilə bağlı olaraq hərbi xidmətdən təxris olunmuşdur.Ondan sonra heç bir hərbi fəaliyyəti olmamışdır. İddiaçı iddiasında bildirir ki, o hərbiçi olaraq müxtəlif yerlərdə işləmişdir.Hətda İ Qarabağ müharibəsinə çağırılanda X5 Stansiyasında işləmişdir. Qarabağ müharibəsindən təxris olunandan sonra təqaüdə çıxanadək X5 stansiyasında işləmişdir.Ona görə bildirir ki,iddiaçı hərbiçi olaraq heç bir yerdə işləməmişdir. Əlavə olaraq da bildirir ki, iddiaçı 1975-ci ildən hal-hazıra kimi ünvan 1 ünvanında 4 otaqlı evdə ailəsi ilə birgə yaşamışdır. Həmçinin özü və həyat yoldaşı təqaüdə çıxana qədər əmək fəaliyyəti ilə məşğul olmuşlar. Necə ola bilər ki, Mingəçevir şəhərində yaşayan və işləyən həmçinin övladları orta təhsil alan ailə Aşıqbayramlı kəndində həyətyanı və pay torpağını əkib becərmişdir.Buradan aydın olur ki, qaldırılan iddiaların heç bir real əsası yoxdur.İddiaçı iddiasında bildirir ki, fərdi yaşayış evini öz əmlakı kimi tikərək təmir etmişdir. İndi isə buradan belə bir sual yaranır ki, hüquqi sahibi olmadığı bir əmlaka öz əmlakı kimi necə sahiblənə bilmişdir. Hansı qanuna əsasən ona məxsus olmayan bir əmlaka müdaxilə etmişdir. Bu qanunsuz müdaxilənin bir adı var ki, o da güc tətbiq etməklə ona məxsus olan əmlaka sahiblənmişdir. İddiaçının əmlaka müdaxiləsi onun əmlak üzərində qanuni olaraq hüquqi statusu olandan sonra başlamışdır. İddiaçının birinci iddiasına cavab bildirdiyi kimi yenidən təkrar olaraq bildirir ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının Qanununun Aliliyini əsas götürərək bütün prosesləri qanun çərçivəsində həll etmişdir.Əmlak üzərində onun varis olduğunu bilən iddiaçı yaşını nəzərə alsaq heç bir təsir altında olmadan İsmayıllı rayon Notariusuna atasına məxsus mirası qəbul etmədiyinə və etməyəcəyinə dair ərizə ilə müraciət etmişdir.Ərizə 11 dekabr 2012-ci ildə Mingəçevir şəhəri Notariusu tərəfindən təsdiq edilmişdir. İddiaçı öz iddiasında qeyd edir ki, cavabdehin adına qeydiyyata aldırdığı evin tikintisi və təmiri üçün 50000 manatdan çox pul xərcləmişdir. 2023-cü ilin əvvəllərində iddiaçı təqaüdə çıxmışdır. Bu vaxta qədər ailəsi ilə Mingəçevir şəhərində yaşamışdır. Həmçinin də Mingəçevir şəhər sakini olduğu üçün övladlarının toyunu da orada etmişdir. İddiaçı ona məxsus olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilən 02 mart 2021-ci il tarixli texniki pasportda göstərilmiş ev üzərində qanunsuz olaraq müdaxilələr etmişdir. Evin görünüşünü dəyişərək ona küllü miqdarda ziyan vurmuşdur. İddiaçı iddiasında onun əmlakı üzərində ona şərt olaraq bildirir ki, fərdi yaşayış evini miras əmlakı kimi əldə etmək istəyirsə çəkdiyi 50367 manat xərci iddiaçıya ödəməlidir.İddiaçı iddiasında bildirir ki, 50367 manat xərci “Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirmə xidməti” MMC-yə müraciəti əsasında müəyyən olunmuşdur.O, bilmək istərdi ki,ona məxsus olan əmlakın qiymətləndirilməsini,qeyd olunan MMC hansı hüquqla icra edib və ondan xəbərsiz mülkünə hansı əsasla müdaxilə etmişdir. Baş verən proseslərdən çox maraqlı məqam ortaya çıxmışdır. Necə olur ki, birinci məhkəmə prosesində iştirak edən və tikintini kənardan görən şahidlərin dediyi rəqəmlə "xxxx" MMC müəyyən etdiyi qiymətləndirmə dəyəri eyni olmuşdur. Buradan görünür ki, bu hadisə varlanmaq üçün qrup halında görülən cinayət işi olmuşdur.Bütün proseslərda zərər çəkmiş o olmuşdur. İddiaçı varlanmaq məqsədi ilə ona məxsus olan həyətyanı torpağında və əmlakında olan aşağıda qeyd etdiyi maddi vəsaitləri mənimsəyib gəlir əldə etmişdir. Kənd təsərrüfatı məqsədli çay daşından hörülmüş tövləsini söküb materiallarını satmış və ya digər məqsədləri üçün istifadə etmişdir. Kənd təsərrüfatlı məqsədli tövləsinin yanında olan maşın qarajının materiallarını söküb satmış və ya öz məqsədi üçün istifadə etmişdir. Həyətyanı sahəsində olan tikinti materialı olan əbrüşüm ağaclarını kəsib satmış və ya digər məqsədləri üçün istifadə etmişdir. Həyətdə olan üzüm çardağında olan metal turbaları, uqolnikləri,armaturları söküb satmış və ya digər məqsədləri üçün istifadə etmişdir. Evin arxa talvarında olan heç zaman istifadə olunmamış şam ağac materiallarını satmış və ya digər məqsədləri üçün istifadə etmişdir. Talvarda olan list dəmirləri satmış və ya digər məqsədləri üçün istifadə etmişdir. Talvarda olan silikat kərpicləri satmış və ya digər məqsədləri üçün istifadə etmişdir. Evin dam örtüyü olan keramitləri satmış və ya digər məqsədləri üçün istifadə etmişdir. Evin şüşəbənd adlanan ön görünüşünü tamamilə sökərək evin görünüşünü dəyişmişdir. Hal-hazır ki,vəziyyətdə evində olan əşyaları (soyuducu, televizor, xalçalar, kilimlər, mebellər, stol-stullar) haqqında heç bir məlumata sahib deyildir.Çünki,evinə yaxın gedə bilmir. Hətda iddiaçı iddiasında bildirir ki, güya o orada işləyən ustalara nəzarət etmişdir. Hansı ki, öz əmlakını qorumaq üçün dəfələrlə iddiaçıya şifahi xəbərdarlıq edərək əmlakına müdaxilə etməməsini bildirmişdir. İddiaçının ona məxsus olan əmlakını texniki pasportda olan vəziyyətə qaytarmasına, tövləni bərpa etməsinə və yaxud göstərdiyi bütün mal və materialları yerinə qoymasına və bundan sonra özünə məxsus olan nə varsa götürməsinə etirazı etmir. İddiaçı bütün hallarda əmlak üzərində hüququ statusa sahib olduğunu bildiyi halda atdığı bütün addımlar ona əsas verir ki, özünü və ailə üzvlərini təhdid və şərlərdən qorumalıdır. O, iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, Bakı şəhərində yaşayır. İddiaçı və cavabdeh hər ikisi dayısıdır. Bacı oğlu üçün dayı önəmlidir.Hər iki dayısının onun üzərində əziyyətləri olubdur.Hər iki dayısı onu öz balalarından ayırmayıblar. O, uşaq olarkən yay aylarında babası Sədiyar kişinin inşa etdiyi evə gedib-gəlmişdir. Evdə 1998-ci ildən dayısı İlham yaşayıbdır. Evə həmişə dayısı İlham nəzarət edibdir. Dayısı İlham babasından qalan evi öz vəsaiti hesabına söküb tezdən tikmişdir.Evə əmisi İlham tərəfindən ən azı 45000-50000 manat məbləğində xərc çəkilibdir. Dayısı Cavanşir özünə məxsus evdə yaşayıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Aşıqbayramlı kəndində yaşayır.İddiaçı və cavabdeh hər ikisi anası tərəfdən uzaq qohumudurlar. O, bu ailəyə yaxın olmuşdur. Qohumluğa görə gediş gəlişi olubdur.Mübahisədə İlham haqlı görür.Qardaşların anası çoxdan rəhmətə gedibdir.Sonradan ataları başqa arvad alıbdır. Evə 4 nəfər vərəsədir.Vərəsələrdən 3 nəfər evdən pay istəmir. Əvvəl tikilən evin bir barısı qalıbdır. Evin hər şeyini İlham dəyişibdir. Sədiyara İlham baxıbdır. Ögey ana rəhmətə gedəndən Cavanşir evdən çıxıbdır və ailəsi ilə birlikdə özünə məxsus evdə yaşayıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Aşıqbayramlı kəndində yaşayır.İddiaçı atası,cavabdeh isə əmisidir. 1998-ci ildə atası onu və digər uşaqları babası Sədiyar tərəfindən tikilmiş İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən evə gətirib qoymuşdur. O, 1998-ci ildən İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən evdə yaşamışdır və həmin kənddəki orta məktəbdə təhsil almışdır. Evi atası İlham söküb tezdən tikibdir. Evi atası İlham tikərkən əmisi Cavanşirlə məsləhətləşmişdir. Atası evi tikərkən həyətə əmisi Cavanşirin məsləhəti ilə taxta və digər tikinti materialları tökmüşdür. Əgər ev Cavanşir əmisinin idisə, nə üçün əmisi Cavanşir atası İlhama evin həyətinə taxta tökəndə demədi ki, ev onundur atası həyətə taxta tökməsin. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Aşıqbayramlı kəndində yaşayır. Tərəflər hər ikisi əmisidir. 1998-ci ildən evdə əmisi İlham yaşayıbdır. Evə 30 ildir ki, əmisi İlham baxır və aparılmış təmir tikinti işlərinin xərcini əmisi İlham özü çəkibdir. Evə əmisi İlham tərəfindən ümumilikdə 40000- 50000 manat xərc çəkilibdir. Ev əmim İlhamındır. Cavanşir əmisinin ayrıca həyəti və evi vardır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,Aşıqbayramlı kəndində yaşayır. İddiaçı və cavabdeh hər ikisi əmisidir. O, əmilərinin bir-birlərini mülk üstündə məhkəməyə vermələrinə bir böyük qardaşlarının oğlu kimi utanır. Əmiləri aralarında olan mülk məsələsini məhkəmədə deyil, öz aralarında həll etməlidirlər. Evə 30 ildir ki, əmisi İlham baxır. Evdə əmisi İlham yaşayıbdır və aparılmış təmir tikinti işlərinin xərcini əmisi İlham özü çəkibdir.Evi babası Sədiyar tikibdir.1998-ci ildən evdə əmisi İlham yaşayıbdır. Əmisi İlham 10000 kredit götürərək evdə təmir tikinti işləri aparmışdır. Evə əmisi İlham tərəfindən ümumilikdə 40000-50000 manat xərc çəkilibdir. Ev əmisi İlhamındır. Cavanşir əmisinin ayrıca həyəti və evi vardır. Evin Cavanşir əmisi tərəfindən remont edilməsini görməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki,Bakı şəhəri,Həsənoğlu küçəsi ev 2,mənzil 6-da yaşayır.İddiaçı və cavabdeh hər ikisi qardaşlarıdır.Əvvəl istəmir ki,iş belə olsun.Onun üçün qaranlıqdır. O,qardaşlarına dedi ki, bu işdən əl çəkin.İlhamın uşaqları kənddə anadan olublar.İlham özü isə Mingəçevir şəhərində işləyibdir.Cavanşir 1998-ci ildə özünə məxsus evə köçübdür.Ev atasının olubdur.Evdə İlham yaşayıbdır.Ev onların ata yurdlarıdır.Evi atası tikibdir.Sonradan qardaşı İlham evi sökdürüb yenidən tikdiribdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 2(037)-966/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, həmin mülki iş üzrə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, iddiaçı və cavabdeh hər ikisi əmiləridir. Evə 30 ildir ki, əmisi İlham baxır. Evdə əmisi İlham yaşayıbdır və aparılmış təmir tikinti işlərinin xərcini əmisi İlham özü çəkibdir.Ev əmisi İlhamındır.Cavanşir əmisinin ayrıca həyəti və evi vardır.Bu işdə haqlı İlham əmisidir.İlham əmisi babasına baxıb,evi remont etdirib və orada yaşayıbdır.Cavanşir əmisi həmin müddət ərzində öz evində yaşayıbdır. Cavanşir əmisinin evinə köçməsinə o köməklik etmişdir. Cavanşir əmisi evdə usta kimi işləyib və usta pulunu əmisi İlham veribdir.Evə əmisi İlham təxminən 30000-40000 manat xərc çəkibdir. Həmin mülki iş üzrə şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. İddiaçı qaynının qaynatasıdır. Cavabdehi isə iddiaçının qardaşı kimi tanımışdır. İddiaçı onu həyətdə təmir-tikinti işləri görmək üçün dəvət edibdir.O da iddiaçıya məxsus evdə təmir-tikinti işləri görmüşdür.Belə ki, evin qabağında olan tikili sökülərək evin qarşısı səliqəyə salınmışdır.Evin içində hamam və tualet inşa olunubdur. Ondan qabaq evin damı sökülüb yenisi ilə əvəz olunubdur. O, evdə müəyyən vaxtlarda hissə-hissə təmir-tikinti işləri görmüşdür. Evdə təmir-tikinti işləri görərkən iddiaçının qardaşı oğlu Şamxal ona çay gətirmişdir. Evdə təmir-tikinti işləri görərkən zəhmət haqqını iddiaçı veribdir. Evə İlham tərəfindən təxminən 30000-40000 manat məbləğində xərc çəkilibdir. Həmin mülki iş üzrə şahid qismində dindirilmiş X13 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Aşıqbayramlı kəndində yaşayır. İddiaçı İlham atası, cavabdeh Cavanşir isə əmisidir. O, Aşıqbayram kənd tam orta məktəbdə təhsil almışdır. Atası evi sökdürüb yenidən tikdiribdir. Əmisi ona sənədlərə qol çəkməyini bildirdi və o da əmisinə inanıb sənədlərə qol çəkmişdir. Mübahisəli həyətdə payının olmasını sonradan bilmişdir. Evdə təmir-tikinti işləri görərkən ustaların zəhmət haqqını atası veribdir. Evə atası tərəfindən təxminən 30000-40000 manat məbləğində xərc çəkilibdir.Həmin mülki iş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, Bakı şəhəri,Həsənoğlu küçəsi ev 2,mənzil 6-da yaşayır. İddiaçı və cavabdeh hər ikisi qardaşlarıdır. Əvvəl istəmir ki, iş belə olsun. Onun üçün qaranlıqdır. O, qardaşlarına dedi ki,bu işdən əl çəkin. Qardaşı İlhamın uşaqları kənddə anadan olublar. İlham özü isə Mingəçevir şəhərində işləyibdir. Qardaşı Cavanşir 1998-ci ildən özünə məxsus evə köçübdür. Ev atasının olubdur. Evdə İlham yaşayıbdır. Ev onların ata yurdlarıdır. Evi atası tikibdir. Sonradan qardaşı İlham evi sökdürüb yenidən tikdiribdir. Evin tikintisinə qardaşı İlham tərəfindən təxminən 50000 manata yaxın xərc çəkilibdir.O,həyəti İlhamın evi kimi tanıyır. Cavanşir evdə usta kimi işləyib və zəhmət haqqını İlham veribdir. İlham bir qardaş kimi Cavanşirə etibar edibdir. Cavanşir də etibardan istifadə edib evi öz adına sənədləşdiribdir. Atasına İlham baxıbdır.Həmin mülki iş üzrə şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, Mingəçevir şəhərində qeydiyyatda olmaqla İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yaşayır.İddiaçı əri, cavabdeh isə qaynıdır.Əvvəl əri işi ilə bağlı Mingəçevir şəhərində yaşamışdır. Qaynatasına baxmaq üçün əri və uşaqları ilə birlikdə 1998-ci ildə İsmayıllı rayonu, Aşıqbayramlı kəndinə köçərək orada yaşamışlar və hazırda da həmin evdə yaşayırlar.Cavanşir həmin vaxt özünə məxsus evdə yaşayırdı. Evə təxminən əri İlham tərəfindən 50000 manat xərc çəkilibdir. Cavanşir evdə usta kimi işləyibdir və haqqını əri İlham veribdir. Həyəti əri İlhamın evi kimi tanıyır. 1998-ci ildən kənddə yaşayırlar. Həmin mülki iş üzrə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Mican kəndində yaşayır. İlhamla müharibədə bir yerdə olmuşlar. İlham onun komandiri olubdur. Cavanşiri İlhamın qardaşı kimi tanıyır. İlham evi düzəltdirərək təmir etdiribdir. O, bilir ki, həyətdə İlham yaşayıbdır. Evdə təmir gedərkən material gətirmişdir. O, həyətə gələrkən evdə İlhamın yaşadığını görmüşdür.Çünki müharibədən sonra İlhamla görüşmək üçün həyətə gəlmiş və həyətdə İlhamın yaşadığını görmüşdür.Əvvəlki evlə hazırkı ev arasında fərq çoxdur. Evə İlham tərəfindən təxminən 60000-70000 manat xərc çəkilibdir. Həmin mülki iş üzrə şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Aşıqbayramlı kəndində yaşayır. İddiaçı və cavabdeh hər ikisi anasının dayısı uşaqlarıdır. İlhamın yaşadığı ev Sədyar kişinin olubdur. Evdə İlham yaşayıbdır. Cavanşirin özünə məxsus ayrıca evi olmuşdur. 1998-ci ildən Cavanşir atasına məxsus evdən köçərək özünə məxsus evdə yaşamışdır. Sonradan evdə İlham tərəfindən təmir-tikinti işləri görülübdür. Evə İlham tərəfindən təxminən 40000-50000 manat məbləğində xərc çəkilibdir. Cavanşir evdə öz şəxsi vəsaiti ilə təmir-tikinti işləri görməyibdir. Cavanşir evdə ancaq təmir-tikinti işləri görülərkən usta kimi işləmişdir. İlhamın uşaqları kənddə yaşayıblar və kənddəki orta məktəbdə təhsil almışlar. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Texniki Araşdırma və Qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayonu,Aşıqbayram kəndi ünvanında 0.19 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təmir-bərpasına, yenidənqurulma və rekonstruksiyasına, həyətyanı torpaq sahəsində tikilmiş tikili və qurğuların inşası və təmir-bərpasına İddiaçı tərəfindən çəkilən ümumi xərclər (məsrəflər) 50367 manat həddində müəyyən edilmişdir. İşdə olan Mingəçevir şəhər Notariat Ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 7E-16- 23459 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, İbadov X2 şəhər Notariat Ofisində reyestrdə 7E-16-23459 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli ərizə yazaraq ərizədə atası X7 xx.xx.2007-ci ildə vəfat etdiyini, atasından miras əmlak qaldığını, onun miras əmlakı qəbul etmədiyini, etməyəcəyini, miras qalan əmlakdan pay istəmədiyini, gələcəkdə bu barədə iddia qaldırmayacağını və digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razı olduğunu qeyd etmişdir. İşdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********38- 10301 reyestr nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş həmin tarixli fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, İsmayıllı rayonu, Aşıqbayramlı kəndi ərazisində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi və qeyd edilən kənddə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində Cavabdeh Sədyar oğlunun adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəflərin izahatlarını,şahid ifadələrini,iddia ərizəsini, "xxxx"MMC-nin texniki araşdırma və qiymətləndirmə rəyini nəzərdən keçirib, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki,iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı tələb üzrə iddianın əsasını fərdi yaşayış evinin inşası üçün iddiaçı tərəfindən çəkilən pul məbləğinin cavabdehdən alınması ilə bağlı mübahisə təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından da göründüyü kimi, iddiaçı mərhum X24dan miras qalan özününkü hesab etdiyi fərdi yaşayış evində yenidən qurma və təmir bərpa işləri və həyətdə abadlıq işləri aparmış,cavabdehin mübahisəli evi adına rəsmiləşdirməsindən sonra tərəflər arasında narazılıq yaranmışdır. İddiaçı cavabdehə qarşı "Vərəsəlik haqqında Şəhadətnamənin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışların ləğv olunması, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış,lakin iddiası təmin olunmamışdır. Belə ki, tərəflərin atalarından miras qalmış fərdi yaşayış evi hazırda iş üzrə cavabdehin mülkiyyətində olsa da,iddiaçı tərəfindən həmin evdə və həyətyanı sahədə öz vəsaiti hesabına təmir bərpa və yenidən qurma işləri aparılmışdır və həmin ev hazırda iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsində qeyd olunmuş şahid qismində ifadə vermiş şəxslər də təsdiq etmişlər ki, evin inşasına iddiaçı tərəfindən xərc çəkilmişdir.İsmayıllı rayonu,Aşıqbayramlı kəndi ünvanında yerləşən mərhum Sədiyar İbadovdan miras qalan torpaq sahəsində və həmin torpaq sahəsindəki fərdi yaşayış evində iddiaçı tərəfindən öz vəsaiti hesabına təmir bərpa və yenidən qurma işləri aparılmış fərdi yaşayış evinin tikinti-quraşdırma işləri və tikinti materialları məsrəfi üzrə ümumi xərclər smetası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Texniki Araşdırma və Qiymətləndirmə rəyində 50367 manat həddində hesablanmışdır. İddiaçı cavabdehdən mərhum atasından miras qalan, özününkü hesab etdiyi fərdi yaşayış evinə çəkdiyi xərcin əvəzi kimi 50367 manat məbləğini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir və mübahisəli evin onun qanuni mülkiyyətində olduğunu, iddiaçının hesabına əsassız varlanmadığını,iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin təmir tikintisinə qoyduğu mal-materialların götürülməsinə etiraz etmədiyini, eyni zamanda mülkiyyətində olan fırdi yaşayış evinin həyətində olan və sonradan iddiaçı tərəfindən sökülmüş yardımçı tikililərin bərpa edilməsini tələb etdiyini bildirir və iddia tələbini əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Məhkəmə araşdırması zamaı müəyyən edilmişdir ki,cavabdeh sözügedən mübahisəli fərdi yaşayış evinə iddiaçı tərəfindən əsaslı təmir və bərpa üçün xərc çəkildiyini etiraf etmiş (bu işin mübahisəsiz halıdır) lakin çəkilən xərclərin iddiaçının iddia etdiyi qədər olmadığını bildirsə də,iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilən məbləğin əksini sübut edə bilməmiş, məhkəməyə xərclərlə bağlı hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır.Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından,o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir.Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər.Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir.İkinci hal isə varlanmanın,yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt-varlanan şəxslə,məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, mərhum Sədiyar İbadovdan miras qalmış, iddiaçının özünükü hesab edərək söküb yenidən inşa etdiyi və sonradan cavabdeh tərəfindən öz adına rəsmiləşdirilmiş fərdi yaşayış evində iddiaçı tərəfindən xərc çəkilmişdir,cavabdeh evi sonradan öz adına rəsmiləşdirərək iddiaçını ora buraxmamaqla sonuncunun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli fərdi yaşayış evinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi həmin hissədə təmin olunaraq İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən iddiaçının X24dan qalmış miras kimi cavabdehin adına qeydiyyata alındığı iddiaçının özününkü hesab edərək fərdi yaşayış evinin yenidən tikintisi,əsaslı təmiri və abadlaşdırılması üçün öz əmlakı kimi çəkdiyi xərcin 50367 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə tərəflərin bərabərliyi və hərtərəflilik prinsipinin tələblərini rəhbər tutaraq hazırkı mübahisənin həll edilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etmək məqsədi ilə Avropa Məhkəməsinin presedentlərinə istinad etməyi də zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi olmuş və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus olmuşdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin evi onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir. Göründüyü kimi Avropa Məhkəməsi hətda dövlət orqanlarının uzun müddət yol verdikləri marağı mülkiyyətə bərabər tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Sədyar oğlundan dam örtüyünün,çardağın,mərtəbəarası örtüyün,tavanın və döşəmənin sökülməsi üçün 750 manat,divarlar,qapılar,pəncərələr,şüşəbənd və açıq eyvan hissəsinin sökülməsi üçün 1085 manat,bünövrə ətrafı hissənin bərkitmə-möhkəmləmə üçün beton qarışığın hazırlanması və əl ilə betonlanması üçün 150 manat,sökülmüş və artırılmış daşıyıcı və arakəsmə divarlarının mişar daşı və kərpiclə hörülməsi üçün 1069 manat,daşıyıcı divarların perimetri boyunca monolit beton karkasın quraşdırılması üçün 615 manat,karkasın betonlanması üçün beton qarışığının hazırlanması və betonun əl ilə tökülməsi üçün 213.50 manat, qapı və pəncərələrin quraşdırılması üçün 490 manat,döşəmə və tavanın quraşdırılması üçün 1850 manat,çardağın ağac-taxta materialından quraşdırılması üçün 1456 manat, dam örtüyünün dəmir təbəqələrlə örtülməsi üçün 1238 manat, mətbəx, hamam, ayaqyolu və bağlı eyvanın daşıyıcı və arakəsmə divarlarının mişar daşı və kərpicdən hörülməsi üçün 1449 manat,mətbəx,hamam,ayaqyolu döşəməsi və divarlarının metlax və kafellə üzlənməsi üçün 1680 manat,pilləkən marşları və meydançasının qurulması üçün 402.5 manat, evin perimetri boyunca fasadın siment məhlulu ilə daşıyıcı divarlarının suvaqlanması üçün 1255 manat, daxili daşıyıcı və arakəsmə divarlarının sement məhlulu ilə suvaqlanması üçün 292.5 manat, kanalizasiya xəttinin plastik borularla çəkilməsi (d=100mm;1=50.0 p/m) üçün 200 manat, elektrik-işıqlanma xətlərinin quraşdırılması üçün 600 manat, su xəttinin çəkilməsi, sanitar qurğularının quraşdırılması üçün 750 manat, istillik sisteminin qurulması üçün 1500 manat, döşəmə və tavanın,daxili və xarici divarlarının, rənglənməsi üçün 687 manat, həyətyanı sahədə su çənin və sanitexniki qurğuların quraşdırılması üçün 100 manat, təsərrüfat tikilisinin (anbarın) tikilməsi üçün 6750 manat, həyətyanı sahədə ayaqyolunun tikilməsi üçün 1500 manat, həyətyanı sahədə bulağın tikilməsi üçün 250 manat,həyətyanı sahədə mövcud quraqlığın qapı və pəncərələrin quraşdırılması və binanın fasadının suvaqlanması üçün 896.5 manat, həyətyanı sahədə mişar daşından hasarın hörülməsi və dəmir darvazanın quraşdırılması üçün 420 manat olmaqla, cəmi 27649 manat tikinti quraşdırma işləri üzrə xərc,1050 manat dəyərində 1500 ədəd mişar daşı,1000 manat dəyərində 2500 ədəd bişmiş kərpic, 800 manat dəyərində 4.0 kub.m qum, 450 manat dəyərində 15.0 kub.m çınqıl, 1750 manat dəyərində 10.0 ton sement, 7000 manat dəyərində 20 kub.m ağac-taxta materialı,2500 manat dəyərində 100 ədəd ağ dalğalı dəmir təbəqə,280 manat dəyərində 4 ədəd metal dayaqlar, 1500 manat 5 ədəd plastik qapı, 1750 manat dəyərində 7 ədəd plastik pəncərə, 385 manat dəyərində 70.0 kv.m alçıpan, 300 manat dəyərində 150.0 p/m taxta reykalar,450 manat dəyərində 1 ədəd dəmir darvaza, 275 manat dəyərində 1 ədəd su çəni, 250 manat dəyərində 1 ədəd hamam vannası, 300 manat dəyərində iki ədəd unitaz,150 manat dəyərində 1 ədəd rakvina,150 manat dəyərində 30 kq mismar-şurup,140 manat dəyərində 70 p/m plastik borular, 70 manat dəyərində 2 ədəd smestitel olmaqla,cəmi 20550 manat material məsrəfi üzrə xərclər,1500 manat nəqliyyat-daşıma xərcləri,668 manat sair xərclər olmaqla,ümumilikdə 50367 (əlli min üç yüz altmış yeddi) manat fərdi yaşayış evinin yenidən tikintisi,əsaslı təmiri və abadlaşdırılması üçün çəkilmiş xərc alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu məbləğini ödəməkdən azad olunduğundan və iddia tələbi təmin edildiyindən,iddiaçı tərəfindən iddia tələbinə görə dövlət büdcəsinə ödənilməli olan 241.10 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sədyar oğlundan dam örtüyünün,çardağın,mərtəbəarası örtüyün, tavanın və döşəmənin sökülməsi üçün 750 manat, divarlar, qapılar, pəncərələr, şüşəbənd və açıq eyvan hissəsinin sökülməsi üçün 1085 manat, bünövrə ətrafı hissənin bərkitməmöhkəmləmə üçün beton qarışığın hazırlanması və əl ilə betonlanması üçün 150 manat,sökülmüş və artırılmış daşıyıcı və arakəsmə divarlarının mişar daşı və kərpiclə hörülməsi üçün 1069 manat,daşıyıcı divarların perimetri boyunca monolit beton karkasın quraşdırılması üçün 615 manat,karkasın betonlanması üçün beton qarışığının hazırlanması və betonun əl ilə tökülməsi üçün 213.50 manat, qapı və pəncərələrin quraşdırılması üçün 490 manat,döşəmə və tavanın quraşdırılması üçün 1850 manat,çardağın ağac-taxta materialından quraşdırılması üçün 1456 manat,dam örtüyünün dəmir təbəqələrlə örtülməsi üçün 1238 manat,mətbəx,hamam,ayaqyolu və bağlı eyvanın daşıyıcı və arakəsmə divarlarının mişar daşı və kərpicdən hörülməsi üçün 1449 manat,mətbəx,hamam, ayaqyolu döşəməsi və divarlarının metlax və kafellə üzlənməsi üçün 1680 manat,pilləkən marşları və meydançasının qurulması üçün 402.5 manat, evin perimetri boyunca fasadın siment məhlulu ilə daşıyıcı divarlarının suvaqlanması üçün 1255 manat, daxili daşıyıcı və arakəsmə divarlarının sement məhlulu ilə suvaqlanması üçün 292.5 manat, kanalizasiya xəttinin plastik borularla çəkilməsi (d=100mm;1=50.0 p/m) üçün 200 manat, elektrik-işıqlanma xətlərinin quraşdırılması üçün 600 manat,su xəttinin çəkilməsi,sanitar qurğularının quraşdırılması üçün 750 manat,istillik sisteminin qurulması üçün 1500 manat,döşəmə və tavanın,daxili və xarici divarlarının, rənglənməsi üçün 687 manat, həyətyanı sahədə su çənin və sanitexniki qurğuların quraşdırılması üçün 100 manat, təsərrüfat tikilisinin (anbarın) tikilməsi üçün 6750 manat, həyətyanı sahədə ayaqyolunun tikilməsi üçün 1500 manat, həyətyanı sahədə bulağın tikilməsi üçün 250 manat, həyətyanı sahədə mövcud quraqlığın qapı və pəncərələrin quraşdırılması və binanın fasadının suvaqlanması üçün 896.5 manat, həyətyanı sahədə mişar daşından hasarın hörülməsi və dəmir darvazanın quraşdırılması üçün 420 manat olmaqla, cəmi 27649 manat tikinti quraşdırma işləri üzrə xərc,1050 manat dəyərində 1500 ədəd mişar daşı,1000 manat dəyərində 2500 ədəd bişmiş kərpic, 800 manat dəyərində 4.0 kub.m qum, 450 manat dəyərində 15.0 kub.m çınqıl, 1750 manat dəyərində 10.0 ton sement, 7000 manat dəyərində 20 kub.m ağac-taxta materialı,2500 manat dəyərində 100 ədəd ağ dalğalı dəmir təbəqə, 280 manat dəyərində 4 ədəd metal dayaqlar,1500 manat 5 ədəd plastik qapı, 1750 manat dəyərində 7 ədəd plastik pəncərə, 385 manat dəyərində 70.0 kv.m alçıpan, 300 manat dəyərində 150.0 p/m taxta reykalar, 450 manat dəyərində 1 ədəd dəmir darvaza, 275 manat dəyərində 1 ədəd su çəni, 250 manat dəyərində 1 ədəd hamam vannası, 300 manat dəyərində iki ədəd unitaz,150 manat dəyərində 1 ədəd rakvina,150 manat dəyərində 30 kq mismar-şurup,140 manat dəyərində 70 p/m plastik borular, 70 manat dəyərində 2 ədəd smestitel olmaqla,cəmi 20550 manat material məsrəfi üzrə xərclər,1500 manat nəqliyyat-daşıma xərcləri,668 manat sair xərclər olmaqla, ümumilikdə 50367 (əlli min üç yüz altmış yeddi) manat fərdi yaşayış evinin yenidən tikintisi, əsaslı təmiri və abadlaşdırılması üçün çəkilmiş xərc alınaraq İddiaçı ödənilsin. Cavabdeh Sədyar oğlundan 241.10 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar