Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-32/2022 09.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikinti, dəmir hasar və giriş qapısının sökülərək əvvəlki vəziyyətə gətirilməsi, həyətinə açdığı pəncərələrin bağlanması və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması tələbinə dair mülki işə 09 fevral 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.11.2021-ci il) əsasən onun mülkiyyətində olan və İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0,12 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş evin qarşısındakı quraqlıq, dəmir hasar və giriş qapısının sökülərək əvvəlki vəziyyətə gətirilməsini, həyətinə açılan pəncərələrin bağlanması və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.11.2021-ci il) əsasən İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0,12 ha torpaq sahəsi onun mülkiyyətindədir. Əldə etdiyi “Torpaq sahəsinin plan və ölçüsü”nün koordinat göstəricisinə uyğun olaraq döngə nöqtələri arasında məsafə və torpaq sahəsinin qonşu sərhədləri ona yerində natura şəkilində tanıdılmışdır. Qonşu sərhədi ilə yaxınlıqda yaşayan cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsində qanunsuz hərəkətlər etmişdir. Belə ki, zəbt olunmuş torpaq sahəsinin bir hissəsi dəmir hasara alınmış, giriş qapısı qoyulmuş və fərdi yaşayış evinə bitişik hündür quraqlıq inşa edilmişdir. Həmin qanunsuz inşa edilmiş tikililərin sökülməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq etsə də nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh ona məxsus torpaq sahəsini özbaşına zəbt edərək oradan istifadə edir. Həmçinin, cavabdeh torpaq sahəsinin bir hissəsində quraqlıq inşa etmiş və dəmir hasar və qapı qoymuşdur. Dəfələrlə cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmalarını və tikililərin sökülməsini tələb etsə də, cavabdeh guya torpaq sahəsinin həmin hissəsini ona verdiyini bildirərək, qanunsuz hərəkətlərini davam etdirmişdir.Bildirmək istəyir ki, cavabdehin iddia etdiyi kimi onlar arasında sözügedən torpaq sahəsinə dair hər hansı bir anlaşma olmamış, torpaq sahəsi alınan zaman özünə fərdi yaşayış evi inşa olunanadək həmin torpaq sahəsini onların istifadəsinə verməyi bildirmişdir. Lakin sonradan cavabdeh ona məxsus torpaq sahəsində quraqlıq inşa edərək, həmin quraqlıqdan axan yağış sularının onun fərdi yaşayış evinə zərər verəcəyini görərək, sökülməsini tələb etmişdir.Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Ona görə də ona məxsus torpaq sahəsi cavabdehin zəbtindən azad edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdeh X3 qarşı torpaq sahəsində qanunsuz inşa edilmiş tikintinin, dəmir hasarın və giriş qapısının sökülərək əvvəlki vəziyyətə gətirilməsi və həyətə açılmış pəncərələrin bağlanması və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X4 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, onlara məxsus torpaq sahəsini atası 1989-cu il tarixdə almış və həmin ildə orada fərdi yaşayış evi inşa etmişdir. Həmin vaxtdan onların istifadəsindədir. Fərdi yaşayış evi həmin vaxtdan tikilmiş və sonradan heç bir dəyişiklik edilməmişdir. İddiaçı Rəşad adlı şəxsdən satın aldığı ərazi isə həmişə boş bir sahə olmuş və hazırda orada heç bir tikili mövcud deyil. Həmin ərazini Rəşad adlı şəxs bir neçə il əvvəl Ağasəf adlı şəxsdən satın almış və mərzi də o çəkmişdir. Rəşad adlı şəxs torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsini nəzarət etməyi oğlu Şamxala tapşırmışdır. Bir neçə il əvvəl Rəşad oğluna torpaq sahəsini satmaq istədiyini və müştəri tapacağı təqdirdə ona hörmət edəcəyini bildirmişdir. Oğlu Şamxal torpaq sahəsinin alıcısı olan hazırkı iddiaçını Rəşada təqdim edərək aralarında vasitəçi olmuş, Rəşad torpaq sahəsini 15000 manata satmaq istədiyini, Dəyanət isə 10000 verə biləcəyini bildirmişdir. Belə olan halda oğlu Şamxal torpaq sahəsini 10000 manata razılaşdırmış və bunun müqabilində hər iki tərəf ona verəcəkləri pulun əvəzi olaraq, onların zəbt etdikləri torpaq sahəsini oğlunun adına rəsmiləşdirməyi vəd etmişlər. Belə bir razılıqdan sonra Rəşadla Dəyanət alğı-satqı müqaviləsi bağlayan zaman oğluna xəbər verməmişlər. Oğlu isə alğı-satqının baş tutmasını öyrəndikdə tərəflər ona heç bir problemin olmadığını torpaq sahəsi onlar tərəfindən zəbt edilmişdirsə həmin sahəni Dəyanət onların adına rəsmiləşdirəcəklərini bildirmişlər. Belə olan halda oğlu Şamxal Dəyanətə müraciət etmiş, Dəyanət isə narahat olmamasını, istədikləri tikinti işlərini aparmalarını onlara bildirmişdir. Onlar Dəyanətin verdiyi sözə inanaraq orada olan dəmir məftili sökərək, 2000 manatdan çox xərc çəkərək hasarı təzələmiş, oğlunun avtomobilini saxlamaq üçün yer düzəltmişlər. Sonradan isə evin divarları nəmişləməsin deyə həmin torpaq sahəsində kiçik quraqlıq inşa etmişlər. Məhz bundan sonra Dəyanət bu barədə polisə şikayət etmiş və onlardan izahatlar alınmışdır. Belə ki, onlar iddiaçının verdiyi vədə inanaraq orada tikinti işləri aparmış və 3000 manat vəsait xərcləmişlər. İddia təmin olunacağı təqdirdə xərclədikləri 3000 manatın iddiaçıdan tutularaq ona verilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/oğlu X6 eyni məzmunlu ifadə verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.11.2020-ci il tarixli Çıxarışından görünür ki, İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş, 15 dekabr 2021-ci il tarixli, **********86 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin qarşısındakı quraqlıq, dəmir hasar hüquqların Dövlət reyestri haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsində, giriş qapısı isə həmin torpaq sahəsinin sərhədləri xaricində yerləşir. İddiaçı adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsindən 0,0066 ha sahəsi Cavabdeh tərəfindən zəbt edilərək ətrafı hasara alınmışdır. Məhkəmə mütəxəssis rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, mütəxəssis rəyi tam və əsaslandırılmış olduğundan və eyni zamanda tərəflər sözügedən rəyi mübahisələndirmədiklərindən mötəbər sübut kimi qəbul ediləndir. İşdə olan, İsmayıllı rayon Polis Şöbəsində İddiaçı (izahatda adlar texniki olaraq səhv yazılmışdır) izahat verərək, bildirmişdir ki, təxminən 3 ay əvvəl İsmayıllı rayonu, İstisu kəndinə 12 sot torpağı Rəşad adlı şəxsdən almış, sonradan həmin torpaq sahəsində qonşuluqda yaşayan Şamxal Osmanlıya aralarında olan şifahi razılaşmaya əsasən təxminən 1 sota yaxın sahəni vermişdir. Lakin həmin şəxs ona verilən torpaq sahəsində onunla razılığa gəlmədən yardımçı tikili inşa etmişdir. Belə ki, həmin tikilinin sərhəddində o, özü üçün fərdi yaşayış evi tikmək istəyir və tikilən yardımçı tikili üzərindən yağış və ya qar suyu axaraq evinə ziyan vuracaqdır. Tələbi odur ki, həmin yardımçı tikilini onunla razılığa gələrək ikisi üçün də uyğun vəziyyətə gətirsin. İşdə olan, İsmayıllı rayon Polis X1 (izahatda adlar texniki olaraq səhv yazılmışdır) verdiyi izahat məhkəmə iclasında verdiyi izahatla məzmunca eynidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.11.2020-ci il tarixli Çıxarışından görünür ki, İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Lakin iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinin 0.0066 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmiş, həmçinin orada qanunsuz tikililər inşa edilmişdir. Hazırda mübahisəli torpaq sahəsi cavabdehin sahibliyindədir. İddiaçı dəfələrlə zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi ilə bağlı cavabdehə təklif etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsinin 0.0066 ha hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə cavabdehin etiraz mülahizəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, cavabdeh sözügedən torpaq sahəsinin hazırki mübahisə olunan hissəsini iddiaçı ilə razılıq əsasında əldə etdiyini, torpaq sahəsinin alğı-satqısına vasitəçilik etməsi müqabilində iddiaçı tərəfindən ona verildiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi cavabdeh sözügedən torpaq sahəsinin alğı-satqısı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin iddiaçının verdiyi vədə inanaraq həmin torpaq sahəsində tikili aparmaqla 3000 manat xərc çəkməsi və həmin xərcin cavabdehdən tələb etməsi barədə müstəqil iddia ilə aidiyyəti məhkəməyə müraciət etmə hüququ ona izah edilməlidir. Məhkəmə iddianın giriş qapının sökülməsi və həyətinə açılan pəncərələrin bağlanmasına aid hissəyə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən qoyulmuş giriş qapısı iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri xaricindədir. Bundan başqa cavabdehə məxsus fərdi yaşayış evi 1989-cu ildə inşa edilmiş və həmin fərdi yaşayış evinə məxsus (iddiaçının həyətyanı sahəsinə baxan tərəf) pəncərələrin, hazırda mövcud olmayan iddiaçının inşa etmək istədiyi fərdi yaşayış evinə təsiri sübut olunmur və iddiaçı bu barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir.Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə giriş qapının sökülməsi və iddiaçının həyətinə açılan pəncərələrin bağlanmasının əsaslarını sübutetmə yükü iddiaçının, sözügedən torpaq sahəsinin bir hissəsinin iddiaçıdan alınmasının sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin 0.0066 ha hissəsi cavabdehin zəbtindən azad edilməli, orada inşa edilmiş quraqlıq və dəmir hasar cavabdehin vəsaiti hesabına sökülməli və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının xahişi əsasında təyin edilmiş mütəxəssis rəyinin verilməsi zamanı aparılmış tədqiqatın dəyəri olan 95 (doxsan beş) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı iddia qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləği də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27.11.2021-ci il tarixli **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0.12 hektar torpaq sahəsinin 0.0066 hektar hissəsində Cavabdeh tərəfindən inşa edilmiş quraqlıq və dəmir hasar sökülsün. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulsun. Cavabdeh 100(bir yüz) manat dövlət rüsumu məbləği alınaraq İddiaçı ödənilsin. Mütəxəssis rəyinin dəyəri 95 manat məbləğində pul İddiaçı tutulsun, ödənilir ƏMDX, DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsi, VÖEN **********, hesablaşma hesabı AZ03AİİB********************, Kapital bank Qəbələ rayon filialı, Kod__200491, VÖEN__**********, muxbir hesab__AZ37NABZ********************, S.W.İ.F.T.BİK__AİİBAZ2X, ƏMDX, DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsi hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-32/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-32/2022
09.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver