Məhkəmə qərarları › İş №2(037)-359/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-359/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-359/2021 24.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc pul və zərər tələbinə dair mülki işə 24 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 1930 manat əsas borc, 1667,33 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 3627,33 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, onunla cavabdeh arasında dostluq münasibətləri olmuşdur. 2020-ci ilin iyul ayında ona cavabdeh rəsmi iş yerinin və əmək haqqının olmadığını bildirərək “xxxx”dan 2000 manat kredit götürüb verməsini xahiş etmişdir. Cavabdeh kreditə hesablanacaq bütün faiz və əlavə xərcləri ödəyəcəyinə söz vermişdir. O, cavabdehə inanaraq 28 iyul 2020-ci il tarixdə “xxxx”dan öz adına 1930 manat kredit götürərək sonuncuya vermişdir. Həmin tarixdən indiyə kimi bank hər ay onun kartından pul tutur, cavabdeh isə kreditin ödənilməsi üçün heç bir hərəkət etmir. Cavabdeh ona heç bir ödəniş etməyəcəyini bildirmişdir. Cavabdeh həmin kreditin əsas borcunu faizləri ilə birlikdə ödənilməsi barədə üzərinə şifahi öhdəlik götürsə də yerinə yetirməmiş və nəticədə o, həmin məbləği faizləri ilə birlikdə ödəməyə məcbur olmuşdur. O, cavabdehdən kreditin əsas borcunu faizləri ilə birlikdə ödənilməsini tələb etsə də nəticəsi olmamışdır. O, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bankdan aldığı kreditin ödənilməsi illik 27,84 faiz olmaqla 60 ay müddətinə nəzərdə tutulmuşdur. Bu müddət ərzində o, banka 3597,33 manat ödəməlidir. Cavabdehdən 1930 manat əsas borc, 1667,33 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 3627,33 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 28 iyul 2020-ci il tarixli, GTKR2477523A178 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC-nin İsmayıllı filialı tərəfindən İddiaçı illik 27,84 faiz dərəcəsi ilə 60 ay müddətinə 1930 manat məbləğində kredit verilmişdir. 28 iyul 2020-ci il tarixli, GTKR2477523A178 nömrəli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinin surətindən görünür ki, İddiaçı həmin kredit müqaviləsinə əsasən 60 ay ərzində 1930 manat əsas, 1667,33 manat faiz, cəmi 3597,33 manat borcu nəzərdə tutulmuşdur. 15 mart 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə iddiaçının izahatını dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 28 iyul 2020-ci il tarixli, GTKR2477523A178 nömrəli kredit müqaviləsinə əsasən “xxxx” ASC-nin İsmayıllı filialı tərəfindən iddiaçıya illik 27,84 faiz dərəcəsi ilə 60 ay müddətinə 1930 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafiki ilə iddiaçının 60 ay ərzində 1930 manat əsas, 1667,33 manat faiz, cəmi 3597,33 manat kredit borcu nəzərdə tutulmuşdur. İddiaçı həmin kredit məbləğini cavabdehə vermiş və cavabdeh kreditə hesablanacaq bütün faiz və əlavə xərcləri ödəyəcəyi barədə iddiaçıya söz vermişdir. İddiaçı cavabdehdən kreditin əsas borcunu faizləri ilə birlikdə ödənilməsini tələb etsə də nəticəsi olmamışdır. İddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuş və məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehdən 1930 manat əsas borc, 1667,33 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 3627,33 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclaslarına gəlməməsini iddia tələbi ilə razılaşması kimi qiymətləndirir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçı öz adına 1930 manat kredit götürərək cavabdehə vermiş və cavabdeh kredit məbləğinin əsas borcunu hesablanacaq faizləri ilə birlikdə ödənilməsi barədə öhdəlik götürdüyü halda həmin kredit məbləğini iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdeh 30,00 manat ödənilmiş dövlət rüsumu məbləğini iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1930 manat əsas borc, 1667,33 manat vurulmuş zərər, 30 manat dövlət rüsumu – cəmi 3627 (üç min altı yüz iyirmi yeddi) manat 33 (otuz üç) qəpik alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar