Məhkəmə qərarları › İş №2(037)-36/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-36/2025

03.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-36/2025 03.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qanuni mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinə olunan qanunsuz müdaxilələrə qadağa qoyulması tələbinə dair mülki işə 03 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olmaqla İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,1208 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinə cavabdeh tərəfindən olunan qanunsuz müdaxilələrə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 nömrəli qərarı ilə JN - 413 KOD 40711018 nömrəli 01 may 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mərhum anası X11, mərhum analığı X10 ve bacısı X2 ümumi birgə mülkiyyətinə 1,5438 hektar kənd təsərrüfatı məhsullarının istehsal təyinatlı torpaq sahəsi verilmişdir. Bu torpaqların 1,2803 hektarı əkin, 0,1427 hektarı biçənək və 0,1208 hektarı bağ təyinatlı torpaq sahəsi olmuşdur. Təxminən 2005-ci ildə həmkəndlisi Cavabdeh özünün həyətyanı torpaq sahəsi olmasına baxmayaraq bacısına məxsus 0,1208 hektar bağ sahəsində fərdi yaşayış evi tikdirmiş və orada yaşayır. O, dəfələrlə cavabdehlə söhbət aparmış, bunun yolverilməz olduğunu izah etmiş, mübahisəli vəziyyətin aradan qaldırılması istiqamətində əməli tədbir görülməsinin vacibliyini bildirmişdir. Lakin məsələnin həlli istiqamətində heç bir addım atılmadığını görərək məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(037)-895/2018 nömrəli qətnaməsinə əsasən 0,1208 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və həmin torpaq sahəsinə Cavabdeh tərəfindən olunan müdaxilələrə qadağa qoyulması qət edilmişdir. Qətnamədən apelyasiya şikayəti verilməmişdir. Qətnamə qanuni qüvvəyə minməmiş Cavabdeh həmin ərazidə sərhəd qonşuları olan X3 aid sahəni alıb öz adına rəsmiləşdirdikdən sonra bu sahədən 0,1208 hektarı adına keçirə biləcəyi təklifini etmişdir. Tikilmiş və içində yaşayış olan fərdi evin sökülməsini insanlığa xas olan bir hərəkət saymadığı üçün verilən təkliflə razılaşmış və müvafiq xahişlə məhkəməyə müraciət etmişdir. 15 mart 2019-cu il tarixində Cavabdeh X3 aid olan 0,2174 hektar sahə üzərində ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla tam mülkiyyət sahibi olmuşdur, lakin bu sahənin 0,1208 hektarını qaytaracağı vədində süründürməçi mövqe tutmağa davam etmişdir. Nəhayət 14 sentyabr 2022-ci il tarixdə AN-İ №1055677 nömrəli alğı-satqı müqaviləsi əsasında 0,2174 hektar torpaq sahəsinin 0,1208 hektarını onun mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5-ci maddəsinə uyğun olaraq bölünmə planı tərtib edilmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsində qeydə alınmışdır. 21 oktyabr 2022-ci il tarixdə **********45 reyestr nömrəli çıxarışla 0,1208 hektar torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Müraciəti əsasında sərhədlərin naturada dəqiqləşdirilməsi məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrinin mühəndisləri iki dəfə sözügedən əraziyə gəlmişdir. Birinci dəfə gələn mühəndisə ərazidə çöl ölçmə işlərinin aparılmasına imkan yaradılsa da ərazinin yeni elektron uçot məlumatları ilə uyğunluğunu dəqiqləşdirmək istəyən ikinci mütəxəssis cavabdeh tərəfindən sahəyə buraxılmamışdır. Mülkiyyətində olmaqla İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,1208 hektar torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə cavabdeh tərəfindən olunan qanunsuz müdaxilələrə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçıya məxsus heç bir yeri zəbt etməmiş və heç kimin torpağına girməmişdir. Münahisə predmeti olan çəpəri açmışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. İş materiallarında olan: İsmayıllı Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(037)-895/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, JN-413 (KOD ********) nömrəli 01 may 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında iddiaçı X2 və onun mərhum ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, İsmayıllı rayonu İstisu kəndində yerləşən 0,1208 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin Cavabdeh hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və həmin torpaq sahəsinə Cavabdeh tərəfindən olunan müdaxilələrə qadağa qoyulması qət edilmişdir. 14 sentyabr 2022-ci il tarixli, AN-İ №1055677 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İsmayıllı rayonu Qalcıq kəndində yerləşən, ümumi sahəsi 0,2174 hektar torpaq sahəsindən 0,1208 hektar torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. 14 sentyabr 2022-ci il tarixli, AN-İ №1055678 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı və X1 rayonu Qalcıq kəndində yerləşən, ümumi sahəsi 0,1208 hektar torpaq sahəsini Cavabdeh mülkiyyətinə vermişlər. 21 oktyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və 06 dekabr 2022-ci il tarixli, A№872459 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, İsmayıllı rayonu Qalacıq kəndi ünvanında yerləşən 0,1208 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 yanvar 2025-ci il tarixli, 3-21-3-42/2-29/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilməklə, 21 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,1208 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən olunaraq yerquruluşu planı üzrə göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********45 saylı çıxarışla qeydiyyata alınaraq İddiaçı mülkiyyətinə verilmiş 0,1208 hektar torpaq sahəsinin ümumilikdə 0,0208 hektar hissəsi (89 kv.metr hissəsi faktiki naturada bərkidilmiş çəpər daxilində, 119 kv.metr hissəsi isə faktiki naturada bərkidilməmiş şərti sərhəd daxilində) Cavabdeh istifadəsindədir. 22 avqust 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(037)-895/2018 nömrəli qətnaməsinə əsasən JN-413 (KOD ********) nömrəli 01 may 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında iddiaçı X2 və onun mərhum ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, İsmayıllı rayonu İstisu kəndində yerləşən 0,1208 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin Cavabdeh hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və həmin torpaq sahəsinə Cavabdeh tərəfindən olunan müdaxilələrə qadağa qoyulması qət edilmişdir. 14 sentyabr 2022-ci il tarixli, AN-İ №1055677 nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi üzrə Cavabdeh İsmayıllı rayonu Qalcıq kəndində yerləşən, ümumi sahəsi 0,2174 hektar torpaq sahəsindən 0,1208 hektar torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. 14 sentyabr 2022-ci il tarixli, AN-İ №1055678 nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi üzrə isə İddiaçı və X1 rayonu Qalcıq kəndində yerləşən, ümumi sahəsi 0,1208 hektar torpaq sahəsini Cavabdeh mülkiyyətinə vermişlər. 21 oktyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa və 06 dekabr 2022-ci il tarixli, A№872459 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu Qalacıq kəndi ünvanında yerləşən 0,1208 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 yanvar 2025-ci il tarixli, 3-21-3-42/2-29/2025 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu Qalacıq kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilməklə, 21 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,1208 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən olunaraq yerquruluşu planı üzrə göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********45 saylı çıxarışla qeydiyyata alınaraq İddiaçı mülkiyyətinə verilmiş 0,1208 hektar torpaq sahəsinin ümumilikdə 0,0208 hektar hissəsi (89 kv.metr hissəsi faktiki naturada bərkidilmiş çəpər daxilində, 119 kv.metr hissəsi isə faktiki naturada bərkidilməmiş şərti sərhəd daxilində) Cavabdeh istifadəsindədir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, 21 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,1208 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 89 kv.metr hissəsi faktiki naturada bərkidilmiş çəpər daxilində, 119 kv.metr hissəsi isə faktiki naturada bərkidilməmiş şərti sərhəd daxilində olan, ümumilikdə 0,0208 hektar hissəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsinə Cavabdeh tərəfindən olunan qanunsuz müdaxilələrə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 21 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,1208 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 89 kv.metr hissəsi faktiki naturada bərkidilmiş çəpər daxilində, 119 kv.metr hissəsi isə faktiki naturada bərkidilməmiş şərti sərhəd daxilində olan, ümumilikdə 0,0208 hektar hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsindən Cavabdeh tərəfindən olunan qanunsuz müdaxilələrə qadağa qoyulsun. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar