Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-371/2021 26.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayon Keyvəndi bələdiyyəsinin cavabdehlər "Azza Agro" Qapalı Səhmdar Cəmı̇ yyəti və Cavabdeh2 qarşı torpaq icarəsi müqaviləsi üzrə torpaq icarə haqqının artırılmasına dair müqavilə şərtlərinin dəyişdirilməsi tələbinə dair mülki işə 26 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı İsmayıllı rayon Keyvəndi bələdiyyəsi cavabdehlər "Azza Agro" Qapalı Səhmdar Cəmı̇ yyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayon Keyvəndi kəndi ərazisində fəaliyyət göstərən "Azza Agro" Qapalı Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Cavabdeh2 arasında bələdiyyə mülkiyyətində olan 10 hektar əkin torpaq sahəsinin icarəyə verilməsi haqqında 26 yanvar 2013-cü ildə bağlanmış müqavilə üzrə hər hektar üçün illik icarə haqqının 100 manat və 30 hektar örüş torpaq sahəsinin icarəyə verilməsi haqqında 23 avqust 2013-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə illik icarə haqqının 60 manat məbləğində müəyyən olunması barədə İsmayıllı rayon Keyvəndi bələdiyyəsinin 12 may 2020-ci il tarixli 06 saylı qərarının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Araşdrıma zamanı müəyyən edildi ki, iş üzrə cavabdeh "Azza Agro" Qapalı Səhmdar Cəmı̇ yyəti hüquqi şəxs olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bundan başqa Cavabdeh2 hərəkəti də sahibkarlıq fəaliyyətinə daxildir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Cavabdeh "Azza Agro" Qapalı Səhmdar Cəmı̇ yyətinin hüquqi ünvanı AZ 3100, İsmayıllı rayonu Keyvəndi kəndidir. Ona görə də məhkəmə hesab edir ki, hazıki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda sözügedən Qərarda göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bununla yanaşı Qərarda qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Məhkəmə cavabdeh "Azza Agro" Qapalı Səhmdar Cəmı̇ yyətinin hüquqi ünvanının AZ 3100, İsmayıllı rayonu Keyvəndi kəndi olmasını və sözügedən mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasını nəzərə alaraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldi: İddiaçı İsmayıllı rayon Keyvəndi bələdiyyəsinin cavabdehlər "Azza Agro" Qapalı Səhmdar Cəmı̇ yyəti və Cavabdeh2 qarşı torpaq icarəsi müqaviləsi üzrə torpaq icarə haqqının artırılmasına dair müqavilə şərtlərinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(037)-371/2021 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-371/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-371/2021
26.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver