Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-373/2021 07.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı pul və dəymiş ziyan tələbinə dair mülki işə 07 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 300 manat əsas borcun, əldən çıxmış fayda kimi 250 manat məbləğində pulun, əlavə xərclədiyi 200 manat və ödənilmiş 30 manat dövlət rüsumun 15 manat hissəsi olmaqla, ümumilikdə 785 manat məbləğində pulun alınaraq İddiaçı, 300 manat əsas borcun, əldən çıxmış fayda kimi 250 manat məbləğində pulun, əlavə xərclədiyi 200 manat və ödənilmiş 30 manat dövlət rüsumun 15 manat hissəsi olmaqla, ümumilikdə 785 manat məbləğində pulun isə Cavabdeh1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Vüqar Zilyevlə aralarında olan razılaşmaya əsasən təsərüfatında olan bir baş atı 300 manata ona nisiyə satmışdır. Cavabdeh2 bir baş atın dəyəri olan 300 manat pulu yaxın vaxtlarda ödəyəcəyinə söz verməklə aparmışdır. Bundan sonra onun mobil nömrəsinə dəfələrlə zəng etsə də telefona cavab verməmiş, birində isə qardaşı cavab vermişdir. Cavabdeh2 borclu olduğu 300 manat pulu vermədiyindən məcbur qalaraq yaşadığı Oğuz rayonundan bir neçə (7-8) dəfə İsmayıllı şəhərinə onun yaşadığı evə və İsmayıllı rayon Polis Şöbəsinə gəlib getmişdir. Cavabdeh borclu olduğu 300 manat pulu qaytarmadığından istifadəsində olan mobil telefondan onun mobil nömrəsinə bir neçə dəfə zəng etməsinə görə 20 manat, yaşadığı Oğuz rayonundan bir neçə (7-8) dəfə İsmayıllı şəhərinə Cavabdeh2 yaşadığı evə və İsmayıllı rayon Polis Şöbəsinə gəlib-getməyə 200 manat vəsait xərcləmişdir. O, cavabdehdən 300 manat əsas borc, əldən çıxmış fayda kimi 250 manat, əlavə xərclədiyi 200 manat və ödənilmiş 30 manat dövlət rüsumun 15 manat hissəsi olmaqla, ümumilikdə 785 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı Cavabdeh1 eyni məzmunlu ifadə verərək, əlavə olaraq göstərdi ki, qışlaqda çoban işləyir. Təsərrüfatında bir baş atı olmuş və onu da cavabdehə 300 manata nisiyə satmışdır. Cavabdeh atın dəyəri olan 300 manat pulu yaxın vaxtlarda ödəyəcəyinə söz verməklə aparmışdır. O, istifadəsində olan mobil telefondan bir neçə dəfə cavabdehə zəng etsə də onunla danışa bilməmişdir. Cavabdeh borclu olduğu 300 manat pulu vermədiyindən məcbur qalaraq yaşadığı Oğuz rayonundan üç dəfə İsmayıllı şəhərinə Cavabdeh2 yaşadığı evə və İsmayıllı rayon Polis Şöbəsinə gəlib getmişdir. Cavabdeh borclu olduğu 300 manat pulu qaytarmadığından istifadəsində olan mobil telefondan onun mobil nömrəsinə bir neçə dəfə zəng etməsinə görə 20 manat, yaşadığı Oğuz rayonundan üç dəfə İsmayıllı şəhərinə Cavabdeh2 yaşadığı evə və İsmayıllı rayon Polis Şöbəsinə gəlib-getməyə 200 manat vəsait xərcləmişdir. O, cavabdehdən 300 manat əsas borc, əldən çıxmış fayda kimi 250 manat, əlavə xərclədiyi 200 manat və ödənilmiş 30 manat dövlət rüsumun 15 manat hissəsi olmaqla, ümumilikdə 785 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək göstərdi ki, iddiaçılardan ayrı-ayrılıqda hər biri 300 manat olmaqla, ümumilikdə 600 manat dəyərində olan iki baş atı nisiyə almışdır. İddiaçılardan aldığı iki baş atı satsa da pulunu ala bilməmişdir. Satdığı atların pulunu ala bilmədiyindən iddiaçılara olan borcunu ödəməmişdir. Onun hazırda iddiaçılara hər birinə 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində borcu vardır, vaxt verilərsə iddiaçılara olan borcunu ödəməyə söz verir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir.Ona görə də,hazırkı mübahisə üzrə cavabdehə 600 manat dəyərində, hər biri 300 manat olmaqla iki baş atı nisyə verilməsini sübutetmə yükü iddiaçıların üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatının müqayisəli təhlili nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçılar ümumi dəyəri 300 manat olan, iki baş atı hər biri 300 manat olmaqla cavabdehə sonradan dəyərini ödəməklə nisyə vermişlər. Cavabdeh isə həmin məbləği ödəyəcəyini öhdəsinə götürmüş, lakin qalan borcunu ödəməmiş və iddiaçılar əlverişsiz vəziyyətə düşmüşlər. Ona görə də iddiaçıların cavabdehə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçılar hər biri 300 manat olmaqla, 600 manat dəyərində iki baş atı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği bir müddət sonra ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi əsas borca aid hissədə iddiaçıların tələb etdiyi həcmdə, yəni hər birinin dəyəri 300 manat olmaqla, iki baş ata görə 600 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iddianın əldən çıxmış fayda tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı həmin tələbinə dair məhkəməyə əsaslı sübutlar təqdim etməsə də cavabdehin İddiaçı 2020-ci ildə bir baş atın ümumi dəyəri 300 manat məbləğində pulu ödəmədiyinə görə iddiaçı 250 manat əldən çıxmış fayda tələb etsə də, məhkəmə iddiaçının sırf iri və xırda buynuzlu heyvanların alğı-satqısı ilə məşğul olaraq qazanc əldə etdiyini, nəticədə keçimini məhz bu tip fərdi əməklə məşğul olaraq saxladığını, bunun nəticəsində almalı olduğu 300 manat pulu ala bilməyərək, alsa idi əldə edəcəyi gəlirlərin əldən çıxdığını və qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən - 100 manat məbləğində təmin edilməsini əsaslı hesab edir. Məhkəmə iddia tələbinin 250 manat məbləğində maddi ziyan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin tələbinə dair məhkəməyə əsaslı sübutlar təqdim etməsə də pulunu almaq məqsədi ilə yaşadığı Oğuz rayonundan bir il ərzində dəfələrlə (7- 8 dəfə) İsmayıllı rayonuna gəlib getməsi üçün 100 manat məbləğində pul xərcləməsi ağlabatandır. Belə ki, iddiaçının yaşadığı Oğuz rayonu ilə İsmayıllı rayonu arasındakı məsafə təxminən 90 km olmaqla yola xərclənilən məbləğin 100 manat olması ağlabatandır. Ona görə də məhkəmə qərara alır ki, iddia tələbi həmin hissədə qismən - 100 manat miqdarında təmin olunması qanunamüvafiqdir. Məhkəmə iddianın əldən çıxmış fayda tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı Cavabdeh1 həmin tələbinə dair məhkəməyə əsaslı sübutlar təqdim etməsə də cavabdehin iddiaçı Cavabdeh1 2020-ci ildə bir baş atın ümumi dəyəri 300 manat məbləğində pulu ödəmədiyinə görə iddiaçı 250 manat əldən çıxmış fayda tələb etsə də, məhkəmə iddiaçının sırf iri və xırda buynuzlu heyvanların alğı-satqısı ilə məşğul olaraq qazanc əldə etdiyini, nəticədə keçimini məhz bu tip fərdi əməklə məşğul olaraq saxladığını, bunun nəticəsində almalı olduğu 300 manat pulu ala bilməyərək, alsa idi əldə edəcəyi gəlirlərin əldən çıxdığını və qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən - 100 manat məbləğində təmin edilməsini əsaslı hesab edir. Məhkəmə iddia tələbinin 250 manat məbləğində maddi ziyan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı Cavabdeh1 həmin tələbinə dair məhkəməyə əsaslı sübutlar təqdim etməsə də pulunu almaq məqsədi ilə yaşadığı Oğuz rayonundan bir il ərzində üç dəfə İsmayıllı rayonuna gəlib getməsi üçün 30 manat məbləğində pul xərcləməsi ağlabatandır. Belə ki, iddiaçının yaşadığı Oğuz rayonu ilə İsmayıllı rayonu arasındaki məsafə təxminən 90 km olmaqla yola xərclənilən məbləğin 30 manat olması ağlabatandır. Ona görə də məhkəmə qərara alır ki, iddia tələbi həmin hissədə qismən - 30 manat miqdarında təmin olunması qanunamüvafiqdir. Məhkəmə hər iki iddiaçıya nisbətdə telefon danışıqları üçün ayrı ayrılıqda xərclədikləri 20 manat məbləğində ziyan tələbinə gəlincə hesab edir ki, sözügedən zərər məhkəmə iclasında sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh2 bir baş atın dəyəri olan 300 manat, maddi ziyan olaraq İsmayıllı şəhərinə gəlib-getmək üçün yollara xərclənmiş 100 manat və əldən çıxmış faydaya görə 100 manat olmaqla, cəmi 500 manat alınıb İddiaçı və Cavabdeh2 bir baş atın dəyəri olan 300 manat, maddi ziyan olaraq İsmayıllı şəhərinə gəlib-getmək üçün yollara xərclənmiş 30 manat və əldən çıxmış faydaya görə 100 manat olmaqla, cəmi 430 manat alınıb iddiaçı Cavabdeh1 verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, təmin olunmuş iddia tələbi məbləği 500 manatdan az olduğundan iddiaçıların ödədikləri 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıların özlərinə aid edilməli və 20 manatı cavabdehdən alınıb iddiaçılara verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 bir baş atın dəyəri olan 300 manat, maddi ziyan olaraq İsmayıllı şəhərinə gəlib-getmək üçün yollara xərclənmiş 100 manat və əldən çıxmış faydaya görə 100 manat olmaqla, cəmi 500 (beş yüz) manat alınıb İddiaçı verilsin. Cavabdeh2 bir baş atın dəyəri olan 300 manat, maddi ziyan olaraq İsmayıllı şəhərinə gəlib-getmək üçün yollara xərclənmiş 30 manat və əldən çıxmış faydaya görə 100 manat olmaqla, cəmi 430 (dörd yüz otuz) manat alınıb iddiaçı Cavabdeh1 verilsin. Cavabdeh2 20 manat dövlət rüsumu alınıb iddiaçılar İddiaçı və Cavabdeh1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-373/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-373/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver