Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-379/2021 07.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə 07 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.07.2010-cu il təvəllüdlü Adil, 20.11.2011-ci il təvəllüdlü Nuray və 16.01.2016-cı il təvəllüdlü Adəm adlı uşaqları ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh2 ilə 28 sentyabr 2009-cu il tarixdə faktiki olaraq evlənməklə, 2010-cu ildə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından 31.07.2010-cu il təvəllüdlü Adil, 20.11.2011-ci il təvəllüdlü Nuray və 16.01.2016-cı il təvəllüdlü Adəm adlı uşaqları doğulmuşdur. Cavabdeh2la evləndikləri vaxt cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüş, 2013-cü il tarixdə nikahları pozulmuş, 2017-ci il tarixdə barışaraq ailə münasibətlərini bərpa edərək nikahlarını yenidən rəsmiləşdirmişlər. Lakin bütün bunlara baxmayaraq 2009-cu ilin sentyabr ayından həmin evdə yaşamış, cehiz əşyaları da cavabdehlərin evindədir. 2020-ci ilin oktyabr ayının sonlarında cavabdehlər tərəfindən ona edilən fiziki və mənəvi təsirlər nəticəsində məcbur qalaraq uşaqları ilə birlikdə valideynlərinin yanına qayıdaraq orada yaşayır. Belə ki, 2020-ci ilin oktyabr ayının sonlarından etibarən cavabdehlər onu və uşaqlarını yaşadıqları evdən qovmuşdur.Halbuki, o, cavabdehlə birgə təsərrüfat aparmış, uzun illər mübahisəli evdə fasiləsiz olaraq yaşamışdır. Cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları da həmin evdə doğulmuşdur. Hazırda valideynlərinə məxsus evdə yaşasa da, orada yaşamaq üçün normal şərait olmadığı üçün başqa yaşayış sahəsinə ehtiyacı yaranmışdır. Cavabdehlər isə dəfələrlə tələb etməsinə baxmayaraq, onu və uşaqlarının yaşadığı evə buraxmamış, ona görə də məlum iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda bildirmək istəyir ki, uzun müddət cavabdehlərə məxsus fərdi yaşayış evində yaşamaqla, onlarla birgə təssərrüfat idarə etmiş, nikah dövründə qazancları ilə əsaslı tikinti işləri görülmüş və həmin işlərdə onun da payı var. Odur ki, azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, əri Adil Hüseynov 2008-ci ildə vəfat etmiş, ərinin vəfatından 1 il sonra, 2009-cu il sentyabr ayının 28-də oğlu Cavabdeh2 İddiaçı ilə faktiki evlənərək ərinin adına olan fərdi yaşayış evinə gəlin köçmüşdür. 2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər və bu nikahlarından üç uşaqları olmuşdur. Oğlu ilə Arzunun münasibətləri pisləşdiyi üçün 2013-cü il tarixdə məhkəmə qərarı ilə boşanmışlar, 2017-ci il tarixdə isə ailə münasibətlərini bərpa edərək yenidən rəsmi nikah bağlamışlar. Bu illər ərzində Arzu onların evində yaşamışdır. O, ailənin dağılmaması üçün əlindən gələni etmiş,lakin Arzu ona məhəl qoymamışdır və 2020-ci ildə evdən getmişdir. Oğlu ilə münasibətləri yaxşı olsa idi evdə oturardı, hazırda onun evə köçürülməsinə razı deyil. Belə ki, o həmin evi nəvəsinə bağışlayacaqdır. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 eyni məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, iddiaçı 2009-cu ildən 2020-ci il tarixədək onun atasına məxsus fərdi yaşayış evində yaşamış, aralarındakı münasibət pisləşdiyi üçün bir dəfə ayrılmışlar, sonradan ailə münasibətlərini bərpa edərək yenidən evlənmişlər. Artıq onunla aralarındakı rəsmi nikah pozulmuşdur və ona görə də iddiaçının onların yaşadığı evə köçürülməsinə etiraz edir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 03.09.2010-cu il tarixli, AZ-İ 597647 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında həmin tarixdə bağlanmış nikah 176 sayla qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(037)-64/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında 03.09.2013-cü il tarixdə bağlanmış və İsmayıllı rayon Qeydiyyat Şöbəsində 176 sayla qeydə alınmış nikah qeydi pozulmuşdur. İşdə olan 06.04.2021-ci il tarixli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 13.06.2017-ci ildə İsmayıllı rayon İHB-nın Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 07 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(037)-161/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında 13.06.2017-ci il tarixdə İsmayıllı rayon İHB-nın Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyində 07 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuşdur. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh2 birgə nikahlarından 31.07.2010-cu il təvəllüdlü Adil, 20.11.2011-ci il təvəllüdül Nuray və 16.01.2016-cı il təvəllüdlü Adəm adlı uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, 07.06.2021-ci il tarixli, **********51 saylı arayışdan görünür ki, X5 adına İsmayıllı rayonu, Kürdmaşı kəndində 1982-ci il tarixli texniki pasporta əsasən fərdi yaşayış evi, 5 nəfər ilə birlikdə 2,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN0242 kod 40718018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı“) və 4 nəfər ilə birlikdə 0,13 ha həyətyanı torpaq sahəsi (JN 341F olan şəhadətnamə) vardır. İş materiallarına əlavə edilmiş, JN 341F kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon AİK-nın 07.12.1998-ci il tarixli qərarı ilə X10, X2, X3 və Cavabdeh2 0,13 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, JN 242 kod 40718018 saylı “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon AİK-nın 07.12.1998-ci il tarixli qərarı ilə X10, X2, X3, X7i və Cavabdeh2 2,30 ha torpaq sahəsi verilmişdir. Məhkəmə bu kontekstə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən İddiaçı Cavabdeh2 ilə 28 sentyabr 2009-cu il tarixdə faktiki olaraq evlənməklə, cavabdehin valideynlərinə məxsus İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Nikahlarını 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Bu evlilikdən üç uşaqları doğulmuşdur. 2013-cü ildə aralarında olan nikah pozulmuş, 2017-ci ildə isə təkrar rəsmi nikah bağlamışlar. Bütün bu illər ərzində iddiaçının cehiz əşyaları cavabdehlərin evində yerləşmişdir. Aralarındakı münasibət pozulduğu üçün 2020-ci ilin oktyabr ayının sonlarından etibarən cavabdehlər iddiaçını və uşaqlarını yaşadıqları evdən qovmuşdur. İddiaçı 2009-cu il tarixdən mübahisəli evdə müntəzəm olaraq, fasiləsiz və etirazsız yaşamışdır. Göstərilən tarixlərdə isə ailə daxili narazılıqlar zəmnində mübahisəli evdən çıxarılmışdır. Lakin onun əmlakları mübahisəli evdə qalmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Hazırkı iş üzrə İddiaçı 2009-cu ildə mübahisəli fərdi yaşayış evinə gəlin köçdüyündən tərəflər arasında mülki hüquq münasibəti həmin tarixdən yaranmış və sonradan iddiaçı ilə cavabdeh arasındakı rəsmi nikahın pozularaq, dörd ildən (həmin müddətdə də iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evində yaşamış və bu halı cavabdehlər də etiraf edir) sonra yenidən nikah bağlamaqla həmin mülki hüquq münasibətlərini davam etdirmişlər. Hazırda iddiaçı İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən fərdi evinə köçmə tələbi irəli sürdüyündən mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evinin vaxtında hüquqi qeydiyyata alınmaması iddiaçının deyil, cavabdehlərin vəzifəsi olmuşdur. Hazırkı vəziyyətdə cavabdehlər hüquqi qeydiyyata alınmamış fərdi yaşayış evindən hansı statusla istifadə edirsə, iddiaçı da həmin statusla köçüb istifadə etmək hüququna malikdir. Eləcə də fərdi yaşayış evinin hüquqi qeydiyyata alınmaması əsası ilə iddiaçının fərdi yaşayış evinə köçürülməsi hazırda qüvvədə olan mülki qanunvericilikdə istisna olunmur. Hüquqi qeydə alınmamış yaşayış evi ilə əlaqədar yaranmış münasibətləri tənzimləyən birbaşa hüquq norması olmadığından məhkəmə hesab edir ki, hazırkı mübahisənin həllinə,cavabdehlərin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaması səbəbindən,Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və yaxud qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi deyil, qanunun analogiyası üzrə, 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 01.10.2009-cu il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə görə isə icarədar ailə üzvləri ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddiaçının iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş hallar üzrə kifayət qədər əsaslar mövcuddur. Bu qənaətə gələrkən məhkəmə hesab etmişdir ki, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər ifadəsindən də göründüyü kimi, sözügedən maddədə nəzərdə tutulmuş şəxlər kateqoriyasına aid olmaq üçün tərəflərin rəsmi nikah bağlamaqla ailə hüquq münasibətlərinə girmələri imperativ olaraq göstərilməmişdir. Belə ki, sözügedən maddənin mənasına görə mənzilə köçürülmə ilə bağlı mübahisələrdə mülki hüquq münasibətlərinin yaranması üçün tərəflərin rəsmi və ya faktiki nikahda olmaları həmin maddənin dispozitiv şərti kimi nəzərdə tutulmamışdır. Digər bir ifadə ilə, mənzilə köçürülmə ilə bağlı mübahisələrdə qanunverici etibarlı ailə hüquq münasibətlərindən qaynaqlanan mülki hüquq münasibətlərinin yaranmasından bəhs etməkdədir. İş materiallarından və tərəf ifadələrindən də göründüyü kimi tərəflər faktiki nikaha daxil olaraq, etibarlı ailə şəraitində sözügedən fərdi yaşayış evində yaşayaraq, artıq mülki hüquq münasibəti yaratmışlar. Bu qənaətə gələrkən məhkəmə hazırkı işin faktiki hallarını nəzərə alaraq ailə-mülki hüquq münasibətlərini qarşılıqlı əlaqələndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin faktiki ailə münasibətlərindən doğan mülki hüquq münasibətlərinə başlamaqla, sözügedən mənzilə köçürüldüyü vaxt qüvvədə olan maddi hüquq norması, yəni, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, sözügedən ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar (cavabdehlər) mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin dövlət reyestrində qeydiyyata alınmamasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının, bərabər təmin edilməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır.Yəni fərdi yaşadığı mənzildən qanunsuz məhrumetməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal yəni şəxs köçmək istədiyi yerdə yaşamışdırmı, şəxs yaşadığı yerdən məhrum edilmişdirmi və məhrum edilmə qanunidirmi aydınlaşdırılmalıdır. Göründüyü kimi, hazırkı mübahisə üzrə yuxarıda sadalanan üç hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə uzun müddət (2009-cu ildən 2020-ci ilə qədər) yaşamış və cavabdehlər tərəfindən yaşadığı mənzildən məhrum edilmişdir. Beləliklə cavabdehlər qeyd edilən qadağanedici normanı pozmuş, pozuntunun nəticələri isə hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Bununla yanaşı məhkəmə iddiaçının iddia tələbinin təmin edilməsi barədə qənaətini digər maddi hüquq normasına istinad etməklə aşağıdakı normaları da qeyd etməyi zəruri hesab edir. Belə ki, hazırkı mübahisə üzrə hüquq münasibətlərinin yaranması tərəflərin faktiki nikaha deyil, məhz rəsmi nikaha daxil olaraq sözügedən fərdi yaşayış evində yaşamağa başlaması kimi qəbul edilsə belə, bu zaman tərəflər arasında münasibətlər 2010-cu il tarixində yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş) müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin 6-cı maddəsi mənzil münasibətlərinin yaranma əsasını müəyyən edərkən yalnız dövlət, bələdiyyə və özəl mənzil fondundan istifadə, sahiblik və sərəncam hüquqlarını nəzərdə tutmuşdur. Həmin Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə görə “Özəl mənzil fondu” dedikdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri, 17.3.1-ci maddəsində və 59-cu maddəsində isə sosial təyinatlı mənzil fondu dedikdə, dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu başa düşülmüşdür. Buna uyğun olaraq yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrindən, yəni özəl mənzil fonduna aid mənzillərdən, Vİİİ fəslində (59-90-cı maddələr) isə dövlət və bələdiyyə mənzil fonduna aid mənzillərin sosial kirayə müqaviləsi əsasında fiziki və hüquqi şəxslərin istifadəsində verilməsindən bəhs edilir. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində isə mülkiyyətçi ilə istifadəçinin istifadə hüququna dair notarial müqavilə bağlamasına dair müddəalar nəzərdə tutulmuş, yaşayış sahəsinin mülkiyyətçisinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təsbit edilmişdir. Göründüyü kimi həm Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi, həm də Mülki Məcəlləsi fiziki şəxslərin yaşayış sahəsindən istifadəsini o şərtlə mümkün hesab etmişlər ki, istifadə hüququ tələb olunan yaşayış sahəsi mülkiyyətdə (dövlət, bələdiyyə və fiziki şəxslər), yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış sahələrindən daimi və ya müvəqqəti olaraq istifadə etmənin hüquqi əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənməmişdir. Bu baxımdan hazırkı mübahisə üzrə cavabdehlərin yaşadığı və köçürülməsi istənilən yaşayış sahəsinin statusuna və istifadənin əsaslarına Azərbaycan Respublikasının Mənzil və Mülki Məcəllələrinin birbaşa tətbiqi mümkün deyildir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsi oxşar münasibətləri tənzimləyən münasibətlərə qanunun analogiya üzrə tətbiqini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Yuxarıda sadalananlardan görünür ki, analogiya qaydasında hazırkı münasibətlərə oxşar münasibətləri tənzimləyən normalar vardır. Həmin normalara Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və 68-ci maddələri aiddirlər. Mənzil Məcəlləsinin 30-cu maddəsi fiziki şəxslərin mülkiyyətində olan yaşayış sahələrindən, 68-ci maddəsi isə sosial kirayə müqaviləsi üzrə dövlət və bələdiyyə mənzil fonduna aid yaşayış sahələrindən istifadə ilə bağlı qaydaları nəzərdə tutur. Hazırkı mübahisənin obyekti olan yaşayış sahəsi cavabdehlərin qanuni sahibliyində olduğuna görə məhkəmə hesab edir ki, mübahisənin həllinə qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir, çünki, həmin Məcəllənin 30-cu maddəsi ailə üzvü ilə mülkiyyətçinin münasibətlərinə xitam verildiyi hallarda keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanmasını birbaşa istisna edir, 30-cu maddə Mülki Məcəllənin 228-ci maddəsinin şərtlərini ehtiva edir. 01 oktyabr 2009–cu ilədək yaranan münasibətlər üzrə yaşayış sahəsindən istifadə keçmiş Mənzil Məcəlləsinin 54–cü maddəsi ilə tənzimlənirdi. Həmin maddə də dövlət mənzil fonduna aid yaşayış sahələrindən istifadəni nəzərdə tuturdu, çünki, həmin maddə mübahisəli münasibətləri tam əhatə edirdi. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə görə iddiaçının mübahisəli yaşayış sahəsindən cavabdehlərlə bərabər istifadə etmək ixtiyarı vardır və o, azyaşlı uşağı ilə birlikdə cavabdehlərin yaşadığı evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi “X1rşı” 24.11.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X6” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikrləri vardır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının evdən çıxmasına baş vermiş mübahisənin nəticəsi səbəb olmuşdur. Göründüyü kimi iddiaçı daimi (2009-cu il tarixdə 2020-ci il tarixədək) yaşadığı evdən könüllü olaraq, hansısa bir niyyətini həyata keçirmək üçün deyil, yalnız mübahisə və narazılığın psixoloji təzyiqi altında çıxmışdır. İddiaçı 11 illik evlilik həyatı zamanı cavabdehlərlə birgə təsərrüfatı idarə etmiş və əldə etdiyi bütün vəsaitləri ümumi təsərrüfatın xeyrinə sərf etmişdir. Məhkəmə,iddiaçının mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini, uşaqlarının həmin evdə doğulmasını, xeyli müddət fasiləsiz olaraq orada yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, evdən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə, həmçinin iddianın 31.07.2010-cu il təvəllüdlü Adil, 20.11.2011-ci il təvəllüdlü Nuray və 16.01.2016-cı il təvəllüdlü Adəm adlı uşaqların mübahisəli evə köçürülməsinə dair hissəsinə qiymət verərkən belə qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, azyaşlı uşaqlar doğulduğu andan cavabdehlərin istifadəsində olan mübahisəli evdə yaşamış, azyaşlı olduqları üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli evə köçüb yaşamaları onların mənafelərinə daha çox uyğundur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin istifadəsində olan, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırkı tələblə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən tutulması iddia tələbində qeyd olunmadığından ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia təmin edilsin. İddiaçı 31.07.2010-cu il təvəllüdlü Adil, 20.11.2011-ci il təvəllüdlü Nuray və 16.01.2016-cı il təvəllüdlü Adəm adlı uşaqları ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-379/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-379/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver