Məhkəmə qərarları › İş №2(037)-38/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-38/2023

14.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-38/2023 14.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair mülki işə 14 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan özbaşına tutulmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İsmayıllı Bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.06 hektardır. Cavabdehin torpaq sahəsinə dair mülkiyyət sənədində zəbt sahə olması qeyd olunmamışdır.Belə ki,mülkiyyətçi tərəfindən mülkiyyətdə olan torpaq sahəsindən əlavə zəbt edilmiş sahə olduqda həmin zəbt edilmiş sahə mülkiyyət sənədində qırıx-qırıx xətlərlə qeyd olunur. Cavabdehə aid mülkiyyət sənədində isə qırıx-qırıx xətlər qeyd olunmamışdır. Buna baxmayaraq cavabdeh mülkiyyətində olan torpaq sahəsindən əlavə İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan əlavə torpaq sahəsini də özbaşına tutaraq qeyri-qanuni şəkildə istifadə edir və həmin ərazinin də bir hissəsi yoldur.Yollar da bələdiyyə mülkiyyətindədir. İsmayıllı şəhər sakini Zeynəb adlı vətəndaşın İsmayıllı bələdiyyəsinə ərizə ilə müraciət edərək qonşusu Təhmurazın ona məxsus fərdi yaşayış evinə gedən yolu zəbt etməsini bildirmişdir. Zeynəb adlı vətəndaşın İsmayıllı bələdiyyəsinə müraciəti əsasında bələdiyyənin əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş,baxış zamanı cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyi müəyyən edilmişdir.Zəbt olunmuş sahənin boşaldılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, eyni zamanda İsmayıllı rayon polis Şöbəsinə müraciət olunmuşdur.Buna baxmayaraq cavabdeh zəbt etdiyi sahəni boşaltmamışdır.İsmayıllı bələdiyyəsi mübahisəli torpaq sahəsinin cavabdehə satılmasına etiraz etmir və Zeynəb adlı vətəndaşın bələdiyyəyə ərizə ilə müraciətindən sonra cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Çünki Zeynəb adlı vətəndaşın müraciətinə bələdiyyə tərəfindən cavab verilməlidir.Cavabdeh torpaq sahəsinin ayrılması üçün İsmayıllı bələdiyyəsinə müraciət etməmiş və bələdiyyə tərəfindən torpağın cavabdehə verilməsi barədə qərar qəbul edilməmişdir.Habelə torpaq sahəsi cavabdeh tərəfindən hərrac və ya müsabiqə vasitəsi ilə əldə olunmamışdır. Cavabdeh heç bir hüquqi əsas olmadan bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini özbaşına tutmuşdur.O,cavabdeh tərəfindən özbaşına tutulmuş İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin geri qaytarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı İsmayıllı bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 Nümayəndə1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı bələdiyyəsi ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onun bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özbaşına tutaraq qeyri qanuni istifadə etdiyini bildirməklə həmin torpaq sahəsinin boşaldılmasını məhkəmədən xahiş etmişdir.İsmayıllı bələdiyyəsinin ona qarşı olan iddia tələbi əsassızdır.Belə ki, o mübahisəli torpaq sahəsini 1976-cı ildə, hələ bələdiyyələr mövcud olmamışdan əvvəl İsmayıllı rayon X5 İcrayə Komitəsinin qərarı ilə almış, həmin torpaq sahəsi sucaqlıq, çox çətin relyefə malik olmuş,həmin ildə torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikmişdir. Sözü gedən torpaq sahəsi onun həyətinə gələn yolun başlanğıcıdır və həmin yola o ev tikdirdiyi zaman, yəni 1976-cı ildə dəmir darvaza qoyaraq həmin ərazidən hal-hazıradək istifadə edir.O dövrdə qonşuluğunda mərhum Rəşid Abdurazaqov adlı şəxs yaşamış,sonradan həmin evi Elşən Əzizov alaraq son 15 il ərzində həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Elşən Əzizovun evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin onun torpaq sahəsinə mane olmayan ayrıca qapısı vardır.X7 Sumqayıt şəhərində ailə qurmuş qızı Zeynəb üçün həmin həyətdə yayda dincəlmək üçün başqa bir ev tikərək onun 1976-cı ildən istifadəsində olan 0.02 hektar torpaq sahəsini də əlavə zəbt edərək oradan yeni tikdirdiyi evinə qapı qoymuş və İsmayıllı şəhər bələdiyyəsi ilə əlaqəyə girərək onun 1976-cı ildən istifadəsində olan torpaq sahəsini ələ keçirmək istəyir. Bildirmək istəyir ki, o və arvadı uzun illər müəllim işləyiblər, hal-hazırda təqaüdçü olmaqla şəxsi təsərrüfatlarında toyuq-cücə, mal-qara saxlamaqla dolanırlar. Dörd övladı olmaqla onlardan ikisi oğlan, ikisi qızdır.Oğlanlarının hər ikisi və həyat yoldaşları müəllim işləyirlər. X1 müraciət edərək 1976-cı ildən istifadəsində olan həyətyanı torpaq sahəsindən artıq torpaq sahəsinin uşaqlarına verilməsini xahiş etməsinə baxmayaraq İsmayıllı bələdiyyəsi tərəfindən onun əvvəlki ərizələrinə cavab verilməmiş, son ərizələrinə isə vermiş olduqları cavablar ərizəyə uyğun olmayan tələblərindən kənar verilmişdir ki, həmin ərizələrin və cavabların surətlərini məhkəməyə təqdim etmişdir.Hal-hazırda İsmayıllı şəhərində həyətyanı torpaq sahəsi olan əhalinin 50 faizdən çoxunun torpaq sahəsi sovetlər dönəmində götürüldüyü üçün həyətyanı sahələrdə artıq torpaq sahələri vardır. Mövcud qanunvericiliyin tələblərinə əsasən həyətyanı torpaq sahəsindən artıq tutulmuş torpaq sahəsi bələdiyyə tərəfindan bilavasitə həmin şəxslərə mülkiyyət sahiblərinə satılmalıdır. O,həyətyanı torpaq sahəsində 1976-cı ildə artıq tutduğu torpaq sahəsini müəllim ailəsi olan övladlarına satılmasını xahiş etsə də, bələdiyyə tərəfindən həmin torpaq sahəsi müəllim ailəsi olan övladlarına deyil, Bakı şəhərində yaşayan məcburi köçkün ailəsinə satdığını vəd edərək həmin ərazini ondan müxtəlif yollarla almağa çalışırlar. Belə ki, İsmayıllı bələdiyyəsi ilkin olaraq bu məsələ ilə əlaqədar ona hədə-qorxu məzmunlu məktublar yazıb onu qorxudaraq ərazini boşaltmağını tələb etmiş,bunun bir nəticəsi olmadığını görüb İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişdir.Polis Şöbəsində araşdırma aparılmış, araşdırma nəticəsində bələdiyyənin tələbi əsassız olduğu müəyyən edildiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Buna baxmayaraq İsmayıllı bələdiyyəsi yenidən ona və ailə üzvlərinə qarşı öz qərəzli hərəkətlərini davam etdirərək ona qarşı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Halbu ki,İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevin və yaxınlarının mülkiyyətlərində olan həyətyanı torpaq sahələrində mülkiyyətdə olan torpaq sahələrindən əlavə bələdiyyə mülkiyyətində olan torpaq sahələri də vardır. İsmayıllı bələdiyyəsinin boşaldılmasını tələb etdiyi torpaq sahəsi 1976-cı ildən onun istifadəsindədir və həmin torpaq sahəsindən ona məxsus fərdi yaşayış evinə aid kanalizasiya xətti keçir. Mübahisəli torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsinə gedən yol olduğundan 1976cı ildən həmin torpaq sahəsinin küçəyə açılan hissəsinə dəmir darvaza yerləşdirmişdir və həmin qapı 1976-cı ildən hazırkı vaxtadək onun tərəfindən istifadə edilir və qonşular üçün heç bir maneçiliyi yoxdur. Buna baxmayaraq İsmayıllı bələdiyyəsi ona qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət edərək 1976-cı ildən istifadəsində olan torpaq sahəsinin boşaldılmasını tələb edir.O,iddiaçının iddia tələbini əsasız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, Cavabdeh atasıdır.O,ailəli olmaqla valideyinləri ilə birlikdə İsmayıllı şəhəri, H.Əliyev pr-ti dalan 4, ev 5 ünvanında yerləşən atası Cavabdeh məxsus fərdi yaşayış evində yaşayır. Atasına məxsus fərdi yaşayış evində ondan başqa digər qardaşı da ailəsi ilə birlikdə yaşayır. O və qardaşı tərəfindən X1 müraciət etmələrinə baxmayaraq bələdiyyə tərəfindən nə ona,nə də qardaşına fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmamışdır.Səbəb kimi də İsmayıllı şəhərinin perspektiv inkişaf fonduna aid torpaq sahəsinin məcburi köçkünlər tərəfindən zəbt edilməsi və onlara həyətyanı torpaq sahəsinin həmin məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından sonra mümkün olacağı göstərilmişdir. Bu səbəbdən o 1975-ci ildən atasının həyətyanı torpaq sahəsi ilə yanaşı həyətin tərkib hissəsi olan təqribən 0.05-0.06 sot zəbt torpaq sahəsinin satınalma üstünlüyü ilə ona həyətyanı kimi satılması üçün X1 müraciət etməsinə baxmayaraq, İsmayıllı bələdiyyəsi müxtəlif bəhanələrlə həmin torpaq sahəsini ona satmamışdır.O,20 ildir ki,İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Bu 20 il ərzində 3 dəfə cənab Prezidentin sərəncamı ilə mükafatlar və “Tərəqqi” medalı ilə təltif edilmişdir. Hər dəfə onun işləri ilə maraqlandıqda torpaq və evlə təmin olunmağı barəsində icra hakimiyyətinin verdiyi qərarlara bələdiyyə tərəfindən məhəl qoyulmayıbdır. Son dönəmlərdə başı şəhid dəfnlərinə qarışdığı vaxt ona satılmasını xahiş etdiyi torpaq sahəsinin İsmayıllı bələdiyyəsinin əməkdaşları tərəfindən sonradan qonşuluqlarına köçən və 2022-ci ildə ikinci evi tikən Zeynəb adlı şəxsə satılmasını planlaşdırdıqları məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki,Cavabdeh əridir. İsmayıllı bələdiyyəsi ərinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək əri ilə birlikdə 47 il ərzində istifadə etdikləri torpaq sahəsinin boşaldılmasını tələb etmişdir.Belə ki, əri mübahisəli torpaq sahəsini hələ bələdiyyələr mövcud olmayan vaxtdan yəni 1976-cı ildən o vaxtkı İsmayıllı rayon X5 İcraiyyə Komitəsinin qərarı ilə almış və fərdi yaşayış evi tikdirmişdir. Sözügedən torpaq sahəsi ərinə məxsus evin həyətinə gələn yolun başlanğıcıdır. 1976-cı ildə həmin əraziyə dəmir qapı qoyaraq bu günə qədər gediş-gəliş kimi istifadə etmişlər.2022-ci ildə İsmayıllı bələdiyyəsinin müavini Nümayəndə1 və mühasibi Nümayəndə2 mübahisəli əraziyə gələrək qonşu Zeynəbin həyətinə yol açmaq məqsədi ilə onlara məxsus dəmir qapının oradan götürülməsi ilə əlaqədar onlara hədəqorxu gəlmişlər. Güya ki, onlar əhalinin ümumi gediş-gəlişinə maneə törədərək həmin əraziyə dəmir qapı qoydurmuşlar.Zeynəbin atasının bələdiyyə işçiləri ilə əlaqəyə girərək onlara məxsus dəmir qapını götüzdürərək həmin yerdən qızı üçün tikdirdiyi evə yol açmaq məqsədi olmuşdur. Razılaşmaya əsasən Zeynəbin atasının həyətindən yox onların dəmir qapısının yerindən qeyri-qanuni qoydurduğu dəmir qapı ilə gediş-gəliş etməyə qərar verilmişdir. Həmin gün əri müalicə üçün Bakı şəhərində olmuşdur.Qonşuların da gözü qarşısında Zeynəbin anası, əri və atası Bələdiyyə işçilərinin gözü qarşısında ona qarşı təhqiredici ifadələr işlətmişlər, hətta onun üstünə itlərini qısqırtmışlar. Həmin gündən başlayaraq bu günə qədər hər gün Zeynəbin özü və anası hər gün ona və ailə üzvlərinə qarşı qıcıqlandırıcı hərəkətlər edirlər. Onların zəbt torpağı sayılan yerdə qoyduqları dəmir qapıdan çıxaraq toyuq cücələrini həyətlərinə salaraq tuturlar. Müxtəlif kağız tullantılarını zibilləri, toplayaraq gətirib inəklərinin bağlandığı yerə tökürlər.Hətta bir dəfə əri Zeynəbə zibilləri ona məxsus əraziyə tökməməsinə dair irad tutarkən Zeynəb ərinə yaxınlaşıb “vur məni,əgər bacarırsan” ifadəsini işlətmişdir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə İsmayıllı şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş, yerli baxış zamanı İsmayıllı şəhəri, H.Əliyev pr-ti ünvanında əsas yoldan təxminən 5-6 metr enində və 70-80 metr uzunluğunda bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh məxsus həyətə gediş-gəliş yolu olduğu, həmin torpaq sahəsi tərəf ifadələrinə əsasən 1976-cı ildən Cavabdeh istifadəsində olduğu, qeyd edilən torpaq sahəsinin əsas yola çıxan hissəsində Cavabdeh tərəfindən 1976-cı ildən dəmir darvaza yerləşdirildiyi, qeyd edilən vaxtdan hazırkı vaxtadək mübahisəli ərazidən Cavabdeh istifadə etdiyi, həmin ərazidən iri buynuzlu mal-qara saxlamaqla oradan istifadə etdiyi,ona məxsus fərdi yaşayış evinə çəkilən kanalizasiya xəttinin mübahisəli ərazidən keçdiyi,eyni zamanda Cavabdeh qonşusunun atasına məxsus həyətin aşağı hissəsində Cavabdeh məxsus həyətin qonşuluğunda özünə fərdi yaşayış evi tikdirdiyi, qonşusunun inşa etdirdiyi fərdi yaşayış evinin hasarını atasına məxsus fərdi yaşayış evinin hasarı ilə eyni xətt boyunca deyil, həmin xəttdən kənara çıxaraq 1976-cı ildən Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsini təxminən 3-4 metr enində,7-8 metr uzunluğunda olan torpaq sahəsini öz həyətinə qatdığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib,yerli baxışın nəticələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli,**********98-10301 reyestr nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportu sənədinin surətindən görünür ki, Cavabdeh adına İsmayıllı şəhəri,H.Əliyev pr-ti ev 46 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 133.8 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixli 01 saylı iclas protokolundan çıxarışdan görünür ki,İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixdə keçirilmiş iclasında X3 İddiaçı sədri seçilməsi qərara alınmışdır. İş materiallarında olan İsmayıllı bələdiyyəsinin 02 avqust 2022-ci il tarixli 387 nömrəli məktubundan görünür ki, İsmayıllı bələdiyyəsi tərəfindən 02 avqust 2022-ci il tarixdə Cavabdeh rəsmi məktub göndərilərək 5 gün müddətində mübahisəli ərazidə olan dəmir darvazanın götürülməsi və həmin yolun açılıb buraxılması tələb olunmuşdur. İş materiallarında olan İsmayıllı bələdiyyəsinin 11 avqust 2022-ci il tarixli 396 nömrəli məktubundan görünür ki, İsmayıllı bələdiyyəsi tərəfindən 11 avqust 2022-ci il tarixdə Cavabdeh rəsmi məktub göndərilərək əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tələblərinin pozulması halı kimi qiymətləndirildiyi və qanunsuz zəbt etdiyi torpağı 5 gün müddətində açıb əvvəlki vəziyyətinə gətirməsə barəsində qanunauyğun şəkildə tədbir görülməsi barədə aidiyyatı üzrə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İsmayıllı bələdiyyəsinin 22 avqust 2022-ci il tarixli 400 nömrəli məktubundan görünür ki, İsmayıllı bələdiyyəsi tərəfindən 22 avqust 2022-ci il tarixdə İsmayıllı rayon Polis şöbəsinə rəsmi məktub göndərilərək vətəndaş Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsini edilmiş xəbərdarlıqlara baxmayaraq açıb boşaltmadığı, hal-hazırda vətəndaşlar arasında ciddi münaqişə mövcud olduğu,gələcəkdə baş verə bilən hər hansı münaqişənin qarşısının alınması və qanunsuz zəbt olunmuş bələdiyyə torpaqlarının açılıb-buraxılmasının təmin olunması üçün qanunamüvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. İş materiallarında olan İsmayıllı bələdiyyəsinin 23 avqust 2022-ci il tarixli 402 nömrəli məktubundan görünür ki, İsmayıllı bələdiyyəsi tərəfindən 23 avqust 2022-ci il tarixdə Cavabdeh rəsmi məktub göndərilərək əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tələblərinin pozulması halı kimi qiymətləndirildiyi və qanunsuz zəbt etdiyi torpağı dəfələrlə şifahi və yazılı müraqciət edilməsinə baxmayaraq açıb əvvəlki vəziyyətinə gətirmədiyinə görə barəsində qanunauyğun şəkildə tədbir görülməsi barədə xx.xx.2022-ci il tarixdə 400 saylı məktubla İsmayıllı rayon polis Şöbəsinə müraciət olunduğu bildirilmişdir. İş materiallarında olan İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4 “cinayət işi başlanmasının rədd edilməsi” haqqında 05 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Qoşqar Aslanlı tərəfindən xx.xx.2022-ci il tarixli, MK-1/1222 nömrəli material üzrə araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində MK-1/1222 nömrəli material üzrə Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İsmayıllı bələdiyyəsinin 21 sentyabr 2022-ci il tarixli 467 nömrəli məktubundan görünür ki,İsmayıllı bələdiyyəsi tərəfindən 21 sentyabr 2022-ci il tarixdə İsmayıllı rayon Məhkəməsinə rəsmi məktub göndərilərək vətəndaşlar arasında yaranan münaqişənin müsbət həll olunması və qanunsuz zəbt olunmuş bələdiyyə torpaqlarının açılıb-buraxılmasından ötürü qanunamüvafiq tədbirlərin görülməsi üçün bu məsələ İsmayıllı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 14 saylı iclasında müzakirə edilmiş və bu haqda qanunamüvafiq tədbirlərin görülməsi barədə İsmayıllı rayon Məhkəməsinə müraciət olunmasından ötürü qərar qəbul olunduğu qeyd edilərək qanunsuz zəbt olunmuş bələdiyyə torpaqlarının açılıb-buraxılmasının təmin olunması üçün qanunamüvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 aprel 2023-cü il tarixli 3-21-3-42/2-1937/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı şəhəri, H.Əliyev pr-ti dalan 4, ev 5 ünvanında (yeni ünvanla İsmayıllı şəhəri, H.Əliyev pr-ti ev 46) yaşayan İsmayıllı şəhər sakini Cavabdeh tərəfindən qurulmuş darvazanın yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Araşdırma zamanı müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli,**********98-10301 reyestr nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən İsmayıllı şəhəri, H.Əliyev pr-ti ev 46 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 133.8 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır.Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa da,1976-cı ildən Cavabdeh istifadəsindədir və Cavabdeh məxsus həyətə gediş-gəliş yolu həmin torpaq sahəsindəndir. Eyni zamanda Cavabdeh məxsus fərdi yaşayış evinin kanalizasiya xətti həmin ərazidən keçir.Cavabdeh həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu olan mübahisəli ərazinin əsas yola çıxan hissəsinə 1976-cı ildən dəmir darvaza yerləşdirmişdir və həmin ildən hazırkı vaxtadək qeyd edilən darvaza Cavabdeh tərəfindən iri buynuzlu mal-qara saxlamaqla istifadə edilir. Qeyd edilən ərazi ilə bağlı Cavabdehla Zeynəb adlı qonşusu arasında mübahisə olduğundan İsmayıllı bələdiyyəsi tərəfindən 02 avqust 2022-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilərək 5 gün müddətində bələdiyyə mülkiyyətindəki mübahisəli ərazidə olan dəmir darvazanın götürülməsi və həmin yolun açılıb buraxılması tələb olunmuşdur.İsmayıllı bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan ərazinin boşaldılması məqsədi ilə İsmayıllı rayon Polis Şöbəsinə ünvanlanmış müraciəti əsasında İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Qoşqar Aslanlı tərəfindən xx.xx.2022-ci il tarixli, MK-1/1222 nömrəli material üzrə araşdırma aparılmış,aparılmış araşdırma nəticəsində MK-1/1222 nömrəli material üzrə Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən qurulmuş darvazanın yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinin elektron baza məlumatlarına əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşdiyi qeyd edilmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş,habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən bu qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir,eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət,istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, mübahisəli ərazi tərəf ifadələrinə əsasən 1976-cı ildən Cavabdeh istifadəsindədir, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu isə 2001-ci ildən qüvvəyə minmişdir və qeyd edilən qanunun müvafiq maddəsi 2001-ci ildən sonrakı dövrə qədər zəbt olunmuş bələdiyyə mülkiyyətində olan torpaqlara şamil edilir. Eyni zamanda İsmayıllı bələdiyyəsi iddia tələbində Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdirilmiş dəmir darvazanın götürülərək ərazinin boşaldılması tələbini qoymalı olduğu halda, həmin tələbi deyil,Cavabdeh tərəfindən İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin özbaşına tutulmuş torpaq sahəsinin geri qaytarılması tələbini qoymuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun mənasına görə geri qaytarılması mümkün olmayan bələdiyyə torpaqlarının onları istifadə edən şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh 1976-cı ildən (bu işin mübahisəsiz halıdır) sözügedən torpaq sahəsindən istifadə edir, həmin sahəyə darvaza inşa etmiş və orada iri buynuzlu mal-qara saxlamaqla öz fərdi təsərrüfat fəaliyyətini həyata keçirmişdir.Göründüyü kimi mübahisəli torpaq sahəsinin orada inşa edilmiş darvazanın sökülmədən qaytarılması mümkün deyildir və iddiaçının bu barədə tələbi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1,9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə bələdiyyəyə məxsus torpaq sahəsinin qaytarılmasımnın mümkünlüyünü sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı sözügedən torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını əsas gətirərək qaytarılmasını tələb etmiş, həmin torpaq sahəsinin qaytarılmasının mümkünlüyü barədə məhkəməyə hər hansı sübut təqdim etməməklə, orada inşa edilmiş darvazanın sökülməsi barədə də tələb irəli sürməmişdir. Bundan başqa məhkəmə öz qənaətini onunla əsaslandırır ki, əşyanın şəxsə mənsub olması, onun iqtisadi mənada mənimsənilməsi, hüquqi mənada isə ona mülkiyyət hüququnun əldə edilməsi ilə təzahür edir. Məhkəmə tərəflərin bərabərliyi və hərtərəflilik prinsipinin tələblərini rəhbər tutaraq hazırkı mübahisənin həll edilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etmək məqsədi ilə Avropa Məhkəməsinin presedentlərinə istinad etməyi də zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların,evdəki daşınar əşyaların və avadanlıqların sahibi olmuş və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus olmuşdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin evi onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir. Göründüyü kimi Avropa Məhkəməsi hətda dövlət orqanlarının uzun müddət yol verdikləri marağı mülkiyyətə bərabər tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə istinad olunan hüquq normalarının və X9 Məhkəməsinin presedentlərinin tələbləri baxımından hesab edir ki, iddiaçıya məxsus və cavabdehin uzun müddətdir istifadəsində olan torpaq sahəsinin geri qaytarılması, «digər şəxslərin hüquqlarının müdafiəsindən» ibarət qanuni məqsədə mütənasib hesab edilə bilməz. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin Cavabdeh qarşı “özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılmasına dair iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar